Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 08:40

«Formula 1» pul dalınca gedir


Vladimir Putin Formula-1 avtomobilində.
Vladimir Putin Formula-1 avtomobilində.

-

Media Azərbaycanın «Formula 1»ə görə, ildə 40 milyon dollaradək ödəniş etdiyini yazır; «Fırlanan qapılar»: Azərbaycanda hökumət tənqidçilərinin təqibi davam edir – 16 iyun Qərb mediasının icmalı.

«Azərbaycanda bu həftəsonu ilk dəfə «Formula 1» yarışı keçiriləcək. Bu idman növünü Bakıya gətirən ticari məntiqdir, burda yeni bir şey yoxdur». «Reuters» agentliyinin əməkdaşı Alan Baldwin belə yazır.

««Pulun dalınca get». Uzun müddətdir bu, «Formula 1»in şüarına çevrilib. Neftin ucuzlaşmasının iqtisadiyyatına və milli valyutasına mənfi təsirinə baxmayaraq, bu neftlə zəngin ölkə hələ də həmin kriteriyalara cavab verir. «Rolls-Royce»un ən son modelləri al-əlvan işıqlı salonlarda nümayiş olunur, «Ferrari» və «Lamborghini» dillerlərini, dəbdəbəli brendlər satılan mağazaları tapmaq da çətin iş deyil», - müəllif davam edir.

«Autosport» jurnalının hesablamasına görə, 2015-ci ildə «Formula 1»in qazancı 1.9 milyard dollar olub, ancaq gəlirlərini daha da artırmaq istəyir və buna görə də ənənəvi Avropanı geridə buraxıb, yeni ərazilərə çıxır.

«Avropa iqtisadiyyatlarındakı problemlər bu işi çətinləşdirir. Artım olan yerə getməlisən», - WPP reklam nəhənginin rəhbəri və «Formula 1»in idarə heyətinin üzvü Martin Sorrell rəsmi www.formula1.com veb-saytına deyib.

Azərbaycan kimi motorsport ənənəsi olmayan ölkələr barədə suala cavabında o deyib ki, «bir ölkəni idarə edir və onu dünya xəritəsinə salmaq istəyirsənsə, seçimin çox deyil. Olimpiya Oyunları, Dünya kuboku, «Formula 1» yarışları keçirə bilərsən. İlk ikisi dörd ildən bir, üçüncüsü ildə bir dəfə keçirilir».

İLDƏ 40 MİLYON DOLLAR?

Müəllif yazır ki, Azərbaycan «Formula 1» və digər beynəlxalq tədbirlərə özünü qlobal televiziya izləyicilərinə müasir, daha dinamik obrazda təqdim etmək vasitəsi kimi baxır. Bu ölkədə Avropa Oyunları, «Avroviziya» yarışmaları keçirilib, 2020-ci il Avropa futbol çempionatının iki raundu da baş tutacaq.

««Formula 1» rəhbərliyinin ev sahibliyinə nə qədər qiymət qoyduğu bəlli deyil. Bu rəqəm ölkələr üzrə fərqlənir. Ancaq media Azərbaycanın ildə 40 milyon dollaradək ödəniş etdiyini yazır», - məqalədə deyilir. O da vurğulanır ki, cəmi 28 min bilet satışa çıxarılıb.

Bu yarışmanın yeni əraziləri əhatələməsi onun insan haqları məsələsində mövqeyini də diqqət mərkəzinə gətirib. Avropanın bir sıra insan haqları qurumları prezident İlham Əliyevi narazıları susdurmaqda, opponentlərini həbsə atdırmaqda ittiham edir, ancaq Bakı bunları təkzib edir. «Şərh vermək istəmirəm», - «Mercedes» komandasının rəhbəri Toto Wolff «Reuters»in Azərbaycanda insan haqlarının durumuyla bağlı sualını belə cavablandırıb. O deyib ki, Bakıya böyük idman şousuna gəliblər və bir komanda olaraq yalnız yarışacaqlar.

Mayın 12-də Xətai rayon Məhkəməsi Bayram Məmmədovla Qiyas İbrahimov haqqında 4 aylıq həbs-qətimkan tədbiri seçib
Mayın 12-də Xətai rayon Məhkəməsi Bayram Məmmədovla Qiyas İbrahimov haqqında 4 aylıq həbs-qətimkan tədbiri seçib
«FIRLANAN QAPILAR»

İyunun 16-da «Amnesty International» hüquq müdafiə təşkilatı «Fırlanan qapılar: Azərbaycanda hökumət tənqidçilərinin təqibi davam edir» başlıqlı hesabat yayıb.

«Son illər Azərbaycan hökuməti imicini cilalamaqdan ötrü nüfuzlu beynəlxalq tədbirlərə böyük yatırım qoyub. Ancaq eyni zamanda ölkədə insan haqları durumunun öyrənilməsi imkanları qapadılıb. «Amnesty International» daxil olmaqla, beynəlxalq insan haqları qurumlarının ölkəyə çıxışına imkan verilmir, ya da onlar ölkədən deportasiya olunur. Hökumət tənqidçilərinin saxta ittihamlarla həbs təhlükəsi qalır, qohumları təqib olunur», - hesabatda belə deyilir.

«Amnesty International» beynəlxalq ictimaiyyəti belə səthi imic-cilalama səylərinə aldanmamağa çağırır. «Dünyanın bir nömrəli avtomobil yarışı hökumətin dinc cəmiyyətə təzyiqlərindən diqqəti yayındırmamalıdır», - qurumun Avropa və Orta Asiya üzrə direktor müavini Denis Krivosheev deyib. «Gözqamaşdırıcı parıltı arxasında gündəlik reallıq durur, hökumət QHT-ləri bağlayır, onların liderlərini həbsə atdırır, yaxud qorxudur».

Hesabatda qeyd olunur ki, ilin əvvəlindən onlarla məhbusun, eləcə də vicdan məhbuslarının azadlığa buraxılmasına baxmayaraq, Azərbaycanda insan haqları problemi kökündən həll olunmur.

BOŞALMIŞ KAMERALAR VƏ YENİ QURBANLAR

«QHT rəhbərlərinin buraxılması Bakının başqa səmtə yönəlməsi kimi yanlış düşüncə yaratmamalıdır. Buraxılanlar heç də həbsdəkindən daha azad şəkildə danışa bilmirlər. Boşalmış həbsxana kameraları yeni qurbanlarla doldurulur», - Denis Krivosheev deyir.

«Amnesty International» bu gün Azərbaycanda 14 vicdan məhbusunun olduğunu, bu sayın getdikcə artdığını vurğulayır. Belə ki, hökumətin daxildə və xaricdəki tənqidçilərinin qohumlarının saxta ittihamlarla həbsi davam edir. Hesabatda buna misal kimi narkotik maddə ittihamıyla saxlanmış gənc fəallar Bayram Məmmədov və Qiyas İbrahimovun adları çəkilir.

«Amnesty International» Azərbaycan hökumətinə bir sıra tövsiyələr irəli sürür: beynəlxalq insan haqları öhdəliklərinə sayqı göstərilsin; fəalların, insan haqları müdafiəçilərinin, fərdlərin fundamental haqlardan istifadəsi təmin olunsun; vicdan məhbusları dərhal və qeyd-şərtsiz azadlığa buraxılsın; səyahət və peşə qadağaları qaldırılsın; mülki cəmiyyət, QHT-lərə təhlükəsiz mühit yaradılsın və sairə.

Azərbaycanın beynəlxalq tərəfdaşlarına – xarici hökumətlərə və hökumətlərarası qurumlara tövsiyə olunur ki, ölkədə insan haqlarının durumunu monitorinq etsinlər və tapıntılarını sənədləşdirsinlər; hökuməti vicdan məhbuslarını buraxmağa çağırsınlar; hər fürsətdə hakimiyyət qarşısında insan haqları pozuntuları sarıdan narahatlıqlarını bildirsinlər.

Hələlik, hakimiyyət mənsubları bu hesabata münasibət açıqlamayıblar. Ancaq iqtidar təmsilçiləri, adətən, insan haqları pozuntularıyla bağlı beynəlxalq tənqidləri qəbul etmir, ölkədə bütün fundamental hüquq və azadlıqların tam təmin olunduğunu bildirir.

XS
SM
MD
LG