Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:02

Ekspert: «Əhali pulunu yastıqda saxlayır»


Bəxtiyar Sadıqov
Bəxtiyar Sadıqov

-

Milli qurtuluş günü, hökumətin anti-böhran tədbirləri, bankların vəziyyəti və problemli kreditlərin artması bu gün medianın aparıcı mövzusudur.

QƏDİRBİLƏNLİK ƏNƏNƏSİ

«Azərbaycan» qəzetinin veb-səhifəsində baş redaktor, deputat Bəxtiyar Sadıqovun keçmiş prezident Heydər Əliyevin siyasi fəaliyyətindən bəhs edən «Qədirbilənlik ənənəsi» başlıqlı yazısı yer alıb.

Yazı Heydər Əliyevin ikinci dəfə Azərbaycanda hakimiyyətə gəlməsinin 23-cü ildönümü qələmə alınıb. Deputat - baş redaktor yazır ki, Heydər Əliyev birinci hakimiyyəti dönəmində sovet Azərbaycanına 13 il rəhbərlik edib. Ancaq bu dövr ərzində o, yalnız xalqa xidmət edib.

Müəllifin düşüncəsinə görə, H.Əliyev sovet Azərbaycanını geridə qalan aqrar ölkədən, qabaqcıl sənaye ölkəsinə çevirib. Yeni mikrorayonlar, qəsəbələr salıb, sənaye sahələri yaradılıb. Gəncləri ali hərbi məktəblərdə təhsil almağa istiqamətləndirib.

Məqalədə H.Əliyevin müstəqil Azərbaycana rəhbərlik dövrü də xarakterizə edilir. Bəxtiyar Sadıqov yazır ki, Heydər Əliyev müstəqillik illərində ölkəni xaos və özbaşınalıqdan xilas edib. Qanunsuz silahlı birləşmələri ləğv edib, müharibəni dayandıraraq ordu quruculuğuna başlanıb.

Müəllif sonra da yazır ki, Heydər Əliyevin vaxtında Konstitusiya qəbul edilib, iqtisadi islahatlar həyata keçirilib: «Ən əsası onun əziz xatirəsi xalqın qəlbində və dövlətçilik ənənəsində yaşayır».

Nemət Əliyev
Nemət Əliyev

HÖKUMƏT «2» ALDI

«Azadlıq» qəzetində «Hökumətin anti-böhran tədbirləri niyə «2» aldı» sərlövhəli məqalə dərc edilib. Yazıda ötən il baş verən devalvasiyalardan sonra hökumətin atdığı addımlar qiymətləndirilib.

İqtisadçı Nemət Əliyev hökumətin gördüyü işləri yetərli saymayıb: «Azərbaycan hökumətinin antiböhran kimi təqdim etdiyi addımlarının nəticə verməməsinin səbəbi onların problemin miqyasını tam dərk etməməsi ilə bağlıdır. Hökumət ya reallıqları dərk etmir, ya da bunu istəmir».

İqtisadçı qeyd edib ki, hökumət indi qeyri-neft sektorunun inkişafını özünə hədəf seçdiyini bəyan edib. Nemət Əliyevin düşüncəsinə görə, əgər qeyri-neft sektorunda real inkişaf yoxdursa, bu, atılan addımların səmərəsiz olduğunun göstəricisidir. İqtisadçı deyib ki, bu sahədə korrupsiya, rüşvət aradan qaldırılmasa, problemlərin öhdəsindən gəlmək mümkün olmayacaq: «Ölkədə ÜDM azalır, qeyri-neft sahələri tənəzzülə uğrayır, maliyyə itkiləri həddən artıq böyüyüb. İri investisiya vəsaitlərindən məhrum olmuşuq».

Nemət Əliyev bildirib ki, artıq ölkədə gerçək iş adamları öz vəsaitlərini xarici ölkələrə yatırmağa üstünlük verirlər: «Bu onunla bağlıdır ki, ölkədə sahibkarlıq üçün olduqca əlverişsiz mühit yaradılıb. Əgər qeyd edilən istiqamətlərdə kök salmış problemlər həllini tapmasa, vəziyyət daha pis, daha dramatik şəkildə ağırlaşacaq».

Əkrəm Həsənov
Əkrəm Həsənov

BANKLARA ETİBAR QALMAYIB

«Exo» qəzetində dərc edilən «Hansı banka etibar etmək olar?» sərlövhəli məqalədə isə ölkədə bütünlükdə bank sektorunun vəziyyəti dəyərləndirilib. Hüquqşünas Əkrəm Həsənov qəzetə deyib ki, bu sektora güvən bir xeyli azalıb: «Ölkədə tam etimad göstəriləsi bir bank belə qalmayıb. Bank sistemi digər maliyyə institutlarından asılıdır. Odur ki, bazarda etibarsız banklar fəaliyyət göstərdikcə, ölkənin bank sistemi təhlükə altında olacaq».

Ekspert deyib ki, indi insanların bir çoxu öz vəsaitini yastıq altında, seyflərdə saxlamağa üstünlük verir. Onun düşüncəsinə görə, ölkədə 10-12 bank var ki, öz maliyyə hesabatlarını gizlətmirlər: «Amma burada da zəmanət yoxdur ki, banklar öz hesabatlarını görəsən «bəzəmirlər» ki?».

Əkrəm Həsənov qeyd edib ki, Mərkəzi Bankın pis nəzarəti üzündən banklar reallığa uyğun olmayan hesabatlar təqdim ediblər. Nəticədə həmin banklar müflisləşəndə, əhali oradan əmanətlərini geri ala bilməyib.

Ekspert ölkə banklarında əmanətlərin azalmasının səbəblərinə də toxunub: «Əsas səbəb Azərbaycanın bank sisteminə etibarın olmamasıdır. İl ərzində iki devalvasiya maliyyə sisteminin qeyri-sağlamlığını göstərdi. Problemli kreditlərin həcmi artır. Bu o deməkdir ki, əmanətləri sahiblərinə qaytarmaq mümkün olmayacaq».

Hüquqşünas deyir ki, banklara etibarın azalması onları daha çox çıxılmaz duruma salır. Onun fikrincə, əhalinin əmanətlərini geri çəkməsi bankların işini bir qədə də çətinləşdirir. O, beynəlxalq reytinq agentliklərinin Azərbaycan banklarının reytinq göstəricilərini aşağı salmasını təsadüf saymır.

Vüqar Bayramov
Vüqar Bayramov

PROBLEMLİ KREDİTLƏRİN HƏCMİ GİZLƏDİLİR?

«Yeni Müsavat» qəzeti ekspert Vüqar Bayramovla problemli kreditlər mövzusunda müsahibə yayıb.

İqtisadçı qeyd edib ki, rəsmi şəkildə problemli kreditlərin 1 milyard 500 milyon manata yaxın olduğu bildirilir. Amma o, gerçəkdə bu rəqəmin daha yüksək olduğunu düşünür. İqtisadçı deyib ki, ikinci devalvasiyadan sonra əhali dollarla götürlən kreditləri ödəməkdə böyük çətinliklər çəkir. Onun düşüncəsinə görə, bank sisteminin faiz güzəştinə getmək istəməməsi vəziyyətin nisbətən düzəlməsinə imkan yaratmır:

«Bu yöndə Mərkəzi Bank hər hansı addım atmayıb, tərəddüd edir, bu tərəddüd isə bank sektoruna ciddi çətinliklər törədir. Uzun müddət yüksək faizlərdən bəhrələnən banklar da faizləri endirmək əvəzinə, daha çox inzibati metodlardan faydalanmağa çalışır».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG