Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:17

Bakının sökülən tarixi


Gəncə Avtomobil Zavodu
Gəncə Avtomobil Zavodu

-

Ölkədə sənayeləşmə, kredit borcu olanların məhkəmə çəkişməsi, hakimiyyət-vətəndaş münasibətləri və Bakıda tarixi abidələrin sökülməsi bu gün medianın aparıcı mövzusudur.

SƏNAYELƏŞMƏ KURSU

«Azərbaycan» qəzetində «İqtisadi inkişaf sənayeləşmədən keçir» sərlövhəli məqalə dərc edilib. Müəllif yazır ki, bu gün Azərbaycanda sənaye aləminin hədəfi müasir dünya standartlarına cavab verən potensialın yaradılması və dünya bazarına rəqabətədavamlı məhsul çıxarmaqdır.

Yazıda qeyd edilir ki, artıq ölkədə sənayeləşməyə xüsusi maraq göstərilir: «Azərbaycanda sənayeləşmə prosesi son illər yüksək sürətlə gedir. Səbəb prezident İlham Əliyevin ölkənin sənayeləşməsinə xüsusi əhəmiyyət verməsidir. Ötən illər ərzində tikilən sənaye müəssisələrinin statistikasına nəzər saldıqda, bu inkişafın yüksələn xətlə getməsinin şahidi oluruq».
Müəllif təkcə son 12 ildə Azərbaycanda müasir standartlara cavab verən 100-lərlə müəssisə yaradıldığını qeyd edərək, bunu iqtisadiyyatın şaxələnməsində mühüm amil sayır.

Yazıda iddia olunur ki, sənayeləşmə təkcə ölkənin şəhərlərini deyil, rayonları da əhatə edir. Məqalədə ölkədə sənayeləşmənin miqyasını genişləndirməkdən ötrü növbəti özəlləşdirmə proqramı həyata keçiriləcəyi qeyd edilir: «Şübhə yoxdur ki, növbəti özəlləşmədən sonra ölkəmizdə yeni modern sənaye müəssisələri fəaliyyət göstərəcək».

Foto arxiv. Azadlıq
Foto arxiv. Azadlıq

HƏBSLƏR DAHA QORXULU DEYİL

«Azadlıq» qəzetində dərc edilən «Siyasi məhbuslar hakimiyyəti necə zəiflədir?» sərlövhəli məqalədə hakimiyyət-vətəndaş münasibətləri təhlil olunub. Müəllif yazır ki, ölkəni qorxu, xof altında idarə etmək bütün avtoritarlara xas xüsusiyyətdir və bu sırada rəsmi Bakı istisna deyil. Məqalədə hakimiyyətin əldə zor gücünə saxlandığı, hazırda həbsxanalarda 80-dan çox siyasi məhbus olduğu qeyd edilir: «Amma artıq dövr dəyişib, hakimiyyətin əsas silahı olan həbslər öz qüvvəsini itirib. Bu qədər təzyiq, təqib etirazçı təbəqəni sıradan çıxara bilmir, əksinə, hökuməti daha sərt tənqid edənlərin sayı artır».

Məqalədə qeyd edilir ki, siyasi motivlərlə həbslər artıq hakimiyyətə başağrısı yaradır. Müəllifin düşüncəsinə görə, insanların günahsız həbsləri rejimin günahkar obrazını yaradıb: «Faktiki olaraq, siyasi məhbus məsələsi hakimiyyətin bir saylı probleminə dönüb və bütün dünyada ona etimadı sıfıra endirib».

Müəllif yazır ki, bundan sonra həbslərin artması, onların azadlığa buraxılmaması yalnız demokratiyanın lehinə işləyəcək.

Əkrəm Həsənov
Əkrəm Həsənov

GÜZƏŞT OLMAYACAQ

«Yeni Müsavat» qəzeti isə devalvasiyalardan sonra kreditləri ödəməkdə çətinlik çəkən vətəndaşlarla bankların münasibətlərindən bəhs edir. Banklarla məhkəmə çəkişmələrində vətəndaşların hüquqlarını qoruyan «Antikollektor» MMC-nin qurucusu Əkrəm Həsənov kredit borcları ilə bağlı onlara 800 nəfərə yaxın şəxsin müraciət etdiyini bildirir. Hüquqşünas qeyd edir ki, onlardan 90 nəfərinin hüquqlarını məhkəmədə müdafiə edirlər. Ə.Həsənovun deməsinə görə, həmin şəxslər pulları olmadığından borclarını ödəyə bilmirlər. İcra məmurları da onları həbslərlə qorxudur. Ə.Həsənovun bildirməsinə görə, bəzi vətəndaşlar icra məmuruna pul verərək həbsdən qurtulacaqlarını düşünürlər: «Vətəndaşın icra məmuruna verdiyi puldan 7 faizi icra məmurlarının Fonduna ödənilir. İcra məmurunu o pul maraqlandırır və guya vətəndaşa həbsdən möhlət verdiyini deyir».

Ə.Həsənov kreditlərlə bağlı 3 işin bitdiyini, heç birinin də vətəndaşın xeyrinə olmadığını qeyd edir. Amma onun fikrincə, belə işlər illərlə çəkə bilər. Ekspert «Antikollektor»a müraciətlərin kütləvi olmamasına toxunaraq, bunu hələ də əhalinin hökumətin onlara hansısa güzəşt edəcəyinə ümidi bəsləməsi ilə izah edir. Hüquqşünas deyir ki, amma belə güzəşti real deyil.

Əkrəm Həsənov çıxış yolunu yalnız kredit borcu olan bütün vətəndaşların birləşməsində görür. Onun düşüncəsinə görə, vətəndaşlar birləşib, öz hüquqları uğrunda qanun çərçivəsində mübarizə aparsalar, nəyəsə nail ola bilərlər.

«Sovetski»də söküntü
«Sovetski»də söküntü

TARİXİ MƏHV EDİLƏN BAKI

«Məmurların qoltuqları altında bəslənən tikinti şirkətləri Bakının tarixi binalarını bir-birinin ardınca sökür».

«Novoye Vremya» qəzetində Bakının «Sovetski» məhəlləsində tarixi binaların sökülməsi belə dəyərləndirir. Qəzetdə bu mövzuda dərc edilən yazıda oxuyuruq: «Fəaliyyətdə olan qanunların əksinə, arxitektura nümunəsi olan 10-larla bina hər il yoxa çıxır. İndi də qorunan abidələr siyahısında olan M.F.Axundov küçəsi, 45-də olan binanı sökürlər. Sakinlər kompensasiya təklifi ilə razı deyillər. Onlar deyirlər ki, «biz heç bir kompensasiya istəmirik. 1909-ci ildə tikilmiş bu binanın qorunub saxlanmasını istəyirik».

Müəllif yazır ki, vaxtilə Bakıda əksini tapan klassik, ampir, barokko. konstruktivizm kimi ən müxtəlif inşaat üslubları məhv edilir. Məqalədə bu sırada Bakının nadir binalarından olan «Azərbaycan» kinoteatrının sökülməsi də xatırladılır: «Son 150 ildə Bakıda şəhər xeyriyyəçilərinin, görkəmli arxitektor və inşaatçıların səyləri ilə müxtəlif arxitektura nümunələrini özündə əks edən minlərlə binalar tikilib. İndi biz həmin Bakını itiririk, özü də hər gün itiririk. Bakı merinin şəhərin mərkəzində yeni tikintiyə verdiyi sərəncamlarla itiririk. Nə etmək olar, Bakı icra hakimiyyəti tarixi bəyənmir. Onlar «hi-tech», daha doğrusu, bütün münasibətlərdə ticarət-pul pərəstişkarlarıdır».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG