Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:37

Türkiyə - Avropaya təhlükə olan Troya atı


R.T.Erdoğan
R.T.Erdoğan

-

Suriyada uşaqlar aclıq çəkir, Amerika tamaşa edir; Rioya gedəkmi? – 7 iyun Qərb mediasının icmalı.

Türkiyə prezidenti Recep Tayyip Erdoğan elə bir tələ qurdu ki, açıq sərhəd siyasətindən qurtula bilməyən Avropa Birliyi bu tələyə düşdü. «The Times» qəzetində Melanie Phillips yazır ki, Türkiyə Yunanıstana miqrant axınının əngəllənməsi əvəzində milyardlarla avronu cibinə qoymağa razılaşanda, Avropa dərindən nəfəs aldı. Ancaq bədəli hələ qabaqdaymış. Erdoğan türklərin AB-yə vizasız gediş-gəlişini tələb etdi. O, Avropanı incə bir şantajla üz-üzə qoydu - Ya 80 milyon türkə AB-yə girişdə viza məhdudiyyətləri qaldırılmalıdır, ya da milyonlarla miqrant Erdoğan-ın açacağı qapılardan keçib Avropaya girəcəkdi.

Müəllif yazır ki, AB islamçı Erdoğan-ın insan haqlarını əzdiyi Türkiyə üzərinə şərtlər qoydu. Şərtlərin sayı ötən ay qəflətən 72-dən 5-ə salındı. Qalanlarıyla bağlı «irəliləyiş» əldə olunduğu söyləndi.

Avropa Komissiyasının bu günlərdə mediaya sızmış hesabatında xəbərdarlıq olunur ki, cinayətkarlar və terrorçular da saxta türk pasportu əldə edərək Avropaya keçə bilərlər. Böyük Britaniyanın MI6 kəşfiyyat idarəsinin keçmiş rəhbəri ser Richard Dearlove deyib ki, viza qaydalarının yüngülləşdirilməsi «söndürmək istədiyimiz yanğının yanına benzin yerləşdirməyə» bənzəyir.

Müəllifin fikrincə, bu böhran Erdoğan-ın Avropanı islamlaşdırmaq strategiyasına kömək edir. Elə ötənilki çıxışında da deyirdi ki, «Fəth Məkkə, Qüds deməkdir, Anadolunun qapılarını Vyanayadək açmaq deməkdir».

«Ritorikasından belə görünür, Erdoğan Osmanlı imperiyasını dirçəltmək, Avropanın böyük hissəsini ələ keçirmək istəyir. Bu niyyəti «Müsəlman Qardaşlığı», «əl-Qaidə», «İslam Dövləti» silahlı qruplaşması və digərləri də bölüşür. Fərq ondadır ki, Erdoğan bunu güllə atmadan həyata keçirə biləcəyinə inanır. Brüssel sadəcə, Avropanın qapılarını islamçı fatehlərin üzünə açacaq», - yazıda vurğulanır.

Suriyada uşaqlar
Suriyada uşaqlar

SURİYADA UŞAQLAR ACLIQ ÇƏKİR, AMERİKA TAMAŞA EDİR

«Altı aydır BMT Təhlükəsizlik Şurası Suriyada dinc sakinlərin yaşadığı ərazilərin bombalanmasını dayandırmağa çağıran qətnamə qəbul edib. Mühasirədə olan ərazilərə humanitar çıxış istənilib. Dörd aydır Dövlət katibi John Kerry bu mühasirələri İkinci Dünya müharibəsindən bəri ən böyük «fəlakət» adlandırıb və deyib ki, «münaqişənin bütün tərəfləri dərin ehtiyac içində olan suriyalılara humanitar çıxışı yüngülləşdirməlidir».

«The Washington Post» qəzeti redaksiya məqaləsində yazır ki, Dəməşq yaxınlığındakı Darayya, Homsun əl-Vaer, digər 19 mühasirədə olan bölgəyə hələ də ərzaq çatdırılmır. Bu bölgələrdə, BMT-nin hesablamalarına görə, 500 mindən çox əhali yaşayır. Heç havadan da ərzaq atılmır, BMT rəsmilərinin sözlərinə görə, bu günlərdə də belə bir plan yoxdur. «Daha bir qırmızı xətt keçilib və mühasirədə qalan uşaqlar hələ də aclıq içindədir», - məqalədə oxuyuruq.

Ötən həftəsonu Rusiya və Suriya təyyarələri üsyançıların nəzarətində olan Hələb və İdlib şəhərlərində dinc əhalinin yaşadığı əraziləri bombalayıb. «Bəs Obama administrasiyası bunlara necə cavab verir? Hələ də səbirlə gözləyir ki, Bashar al-Assad rejimi çəllək bombalarını vertolyotlardan xəstəxanalar üzərinə töksün, yardım konvoylarına çıxış versin. Hələ də Rusiyadan nəzakətlə xahiş edir ki, Qərbin dəstəklədiyi üsyançıların bombalanmasını dayandırsın», - yazıda oxuyuruq.

Məqalədə daha sonra qeyd olunur ki, yardım çatdırılması barədə deyilənlər, sən demə, büsbütün ritorika imiş. Mayın 26-da BMT-nin iki yüksəkrütbəli rəsmisi xəbərdarlıq edib ki, Assad rejiminin icazəsi olmadan BMT hava körpüsü qurula bilməz. BMT Birləşmiş Ştatlar və ABŞ-dan əməliyyatın başlanması üçün bir yol tapmağı xahiş edib. Britaniya, Fransa xəbərdarlıq edirlər ki, Assad rejimi yardımın çatdırılmasını əngəlləməkdə davam etsə, hökumət başqa tədbirlər görəcək. Fransa bu davranışa «hərbi cinayət» deyir.

«Güclü ifadələrdir. Bu da bir Kerry özəlliyidir. «Adamlar mühasirədə yarpaq, ot yeyirlər, yaxud tuta bildikləri heyvanlarla dolanırlar», cənab Kerry deyirdi. «Humanitar çıxış bundan bir həftə sonra deyil, dərhal başlamalıdır», - Kerry belə söyləyirdi. Onda fevralın 2-si idi», - «The Washington Post» yazır.

Rio-de-Janeyro
Rio-de-Janeyro

RİOYA GEDƏKMİ?

«Project Syndicate» saytı amerikalı professor Peter Singer-in məqaləsini dərc edib. Müəllif «Zika» virusunun Braziliyada yayılmasından, Rio-de-Janeyro ştatının «Zika» virusu yoluxmalarına görə ikinci yeri tutmasından söz açır. Yay Olimpiya Oyunlarına milyardlarla dollar xərclənib. Bu Oyunlar ertələnməli, yaxud başqa yerə keçirilməlidirmi?

«Çox çətin bir qərardır və faktlar da yetərincə aydın deyil. Bu səbəbdən ötən ay 223 alim, tibb eksperti ilə birlikdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Margaret Chan-a açıq məktub yazdıq. Ondan xahiş etdik ki, müstəqil bir qrup toplansın, ÜST və Beynəlxalq Olimpiya Komitəsinə şəffaf bir proses çərçivəsində məsləhət versin, bu məsələdə böyük idman tədbiri ilə ictimai səhiyyə arasında tarazlığın necə yaradıldığını əsaslandırsın».

Müəllif qeyd edir ki, «Zika» virusu təzə söhbət deyil, ancaq 2013-cü ildə bu virusun Braziliyaya gətirdiyi gərginlik daha təhlükəlidir. Hamilə qadın bu virusa yoluxarsa, dölün inkişafı əngəllənir, mikrosefaliya xəstəliyi yaranır. Böyüklərdə isə «Zika» virusunun Qiyyena-Barre sindromuyla əlaqəsi olduğu bildirilir. Bu sindrom aylar, hətta illər çəkən iflic yaradır. Ancaq «Zika»ya yoluxmuş şəxsdə Qiyyena-Barre sindromunun yaranması riski hələ tam sübut olunmayıb.

Yazıda o da vurğulanır ki, Olimpiya Oyunlarının ertələnməsinə qarşı arqumentlər səslənəcək. Məsələn, biri odur ki, Rioya milyonlarla turist gedir, yəni virus oyunlarsız da yayıla bilər. «Amma Braziliyada yayılandan sonra «Zika»yla bağlı tədqiqat gücləndi və hansısa vaksin, infeksiyanın yoluxmasının qarşısını alacaq digər vasitə tapıla bilər. İnfeksiyanın yayılma vaxtı önəmlidir. Olimpiya Oyunları keçirilsə, müxtəlif ölkələrdən Braziliyaya gələcəklər. Onlar virusu yayan «Aedes aegypti» ağcaqanadının olduğu, eyni zamanda səhiyyə sistemləri güclü olmayan Qərbi Afrika, yaxud Cənubi Asiyaya «Zika»nı gətirsələr, hələ effektiv müalicə üsulu tapılmamış, milyonlar bu virusa yoluxa bilər», - müəllif yazır.

ÜST bildirib ki, Olimpiya Oyunlarının təxirə salınması atletlərin və digərlərinin hazırlığa sərf etdiyi nəhəng investisiyaya risk yaradar. Amma müəllifin fikrincə, təhlükəli virusun yayılma riski də nəzərə alınmalıdır. Olimpiya Xartiyasına sosial məsuliyyət, universal fundamental etik prinsiplərə sayqı da daxildir.

XS
SM
MD
LG