Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 13:47

Məzahir Pənahov şəffaflıqdan danışır


Məzahir Pənahov
Məzahir Pənahov

-

Bu gün Mərkəzi Seçki Komissiyası və Avropa Şurasının birgə təşkilatçılığı ilə «Siyasi partiyaların maliyyələşməsində şəffaflıq: siyasi partiyaların maliyyə hesabatlarının təqdim edilməsi» mövzusunda seminar başlayıb.

AZƏRTAC-ın xəbərinə görə, Bakıda «Hilton» hotelində keçirilən bu seminar «Azərbaycanda korrupsiya ilə mübarizə və onun qarşısının alınması sahəsində bacarıqların artırılması» layihəsi çərçivəsində keçirilir.

Seminarda Avropa Şurasının Bakıdakı ofisinin rəhbəri Dragana Filipovic və Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard-ın da iştirak etdiyi bildirilir.

«Report»un xəbərinə görə, seminarda çıxış edən Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib ki, sivil dünyada hakimiyyət seçki yolu ilə formalaşdırılmalıdır. Buna görə də, siyasi partiyaların rolu çox önəmlidir: «Azərbaycan müstəqillik əldə etdikdən sonra siyasi partiyalar yarandı. Bu, təbiidir. Hazırda 55 siyasi partiya dövlət qeydiyyatına alınıb. Təbii ki, səviyyə baxımından hamısı eyni deyil. Burada qəbahət yoxdur».

M.Pənahov deyib ki, siyasi partiyaların fəaliyyəti şəffaf olmalıdır: «Hakimiyyət uğrunda mübarizədə bu, önəmli məsələdir. Bəzi məsələlərdə xalqın marağından çıxış etmək lazımdır, xalqın prinsipləri əsasında fəaliyyət göstərmək lazımdır. Bu, ona görədir ki, xarici qüvvələr ölkə daxilindəki proseslərə təsir göstərə bilməsin».

M.Pənahov 2000-ci ildən Mərkəzi Seçki Komissiyasına rəhbərlik edir. O, bu quruma hakim Yeni Azərbaycan Partiyasından seçilib. Həmin dövrdən Azərbaycanda 4 parlament və 3 prezident seçkiləri keçirilib. Sonuncu parlament seçkilərini çıxmaqla, onların hamısını ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu müşahidə edib. Qurum bütün bu seçkilərin beynəlxalq standartlara cavab vermədiyini bildirib.

Sonuncu parlament seçkilərində isə ATƏT-in seçki institutu ilə Azərbaycan hökuməti arasında müşahidəçilərin sayı ilə bağlı razılıq əldə edilməmişdi.

XS
SM
MD
LG