Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 10:59

Qarabağda sülh olacaqmı?


Qarabağda erməni rejiminin özünə simvol seçdiyi «Nənə və baba» heykəli. Bu heykəl Xankəndi yaxınlığında 1967-ci ildə ucaldılıb.
Qarabağda erməni rejiminin özünə simvol seçdiyi «Nənə və baba» heykəli. Bu heykəl Xankəndi yaxınlığında 1967-ci ildə ucaldılıb.

-

«Soyqırımı» qətnaməsi nəyi dəyişəcək; Putin-in sağ qalmasının sirri – 2 iyun Qərb mediasının icmalı.

«The Washington Post» qəzetində Nina Caspersen Dağlıq Qarabağda sülhə iki əsas əngəldən söz açır. Britaniyanın York Universitetinin siyasət üzrə mühazirəçisi N.Caspersen «Tanınmamış Dövlətlər» və çapdan çıxacaq «Sülh razılaşmaları» kitablarının müəllifidir.

Yazıda Ermənistan və Azərbaycan liderlərinin iyunda görüşəcəyi, ancaq 20 ildir gedən danışıqların nəticəsiz qaldığı vurğulanır. Cəbhə xəttində son toqquşmalar isə qorxuları və inamsızlıq mühitini dərinləşdirib. Tərəflərin hər ikisi qarşı tərəfin durumdan faydalanmağa, manipulyasiya etməyə çalışacağından ehtiyatlanır.

«Son toqquşmalar cəbhə xəttindəki durumu Azərbaycanın xeyrinə dəyişmiş oldu. Ona görə yox ki, tutulan ərazilər strateji əhəmiyyət daşıyır, yaxud böyükdür. Azərbaycanın uğuru Ermənistanın qüruruna zərbə vurdu və ən vacibi, belə bir mesaj vermiş oldu ki, Dağlıq Qarabağın mövqeyi, rəhbərliyinin düşündüyü kimi, təhlükəsiz deyil», - müəllif yazır.

Dağlıq Qarabağda sülh yolunda duran əngəllərə gəlincə, müəllif birinci ölkədaxili gərginliyi qeyd edir. Onun fikrincə, hətta əgər prezidentlər kompromis sazişinə nail olmağa çalışsalar belə, heç birinə dəstək böyük olmayacaq, nə hökumətləri, nə də ictimaiyyətləri tərəfindən. Hər iki tərəf münaqişədən təbliğat məqsədilə istifadə edib, qarşıdakını «düşmən» kimi qələmə verib ki, bu da kompromisi çətinləşdirir.

Vaxtilə sülh danışıqlarında daha üzüyola davranan Ermənistan liderləri etirazla qarşılanıb. 1998-ci ildə Levon Ter-Petrossian devrilib. Xarici ekspertlər Azərbaycan prezidenti İlham Əliyevi erməni həmkarından daha güclü lider sayırlar. Axı 2003-cü ildə hakimiyyətə gələndən mövqeyini möhkəmlədib, müxalifəti əzib. Ancaq heç onun da manevr imkanı böyük deyil. Ölkəsi iqtisadi böhran içindədir, dördgünlük müharibə isə ölkədə millətçi eyforiyanı gücləndirib.

Sülhə ikinci əngəl tərəflərin birgəyaşayış məsələsinə həvəslə yanaşmamasıdır. 2005-ci ildən danışıqlarda əsas prinsip Dağlıq Qarabağın yekun statusunun ertələnməsini nəzərdə tutur. Ermənistan qüvvələri Qarabağa bitişik ərazilərdən çıxır, qaçqınlar və məcburi köçkünlər geri qayıdır, Dağlıq Qarabağa aralıq status verilir. Yekun status daha sonra müəyyənləşir. Ermənistan buna mübahisəli bölgədə «müstəqillik referendumu» deyir. Azərbaycan isə bu variantı çıxdaş edir, israrla bildirir ki, tam müstəqillik bir variant deyil.

Müəllif qeyd edir ki, Sudan, Papua-Yeni Qvineyada Bugenvil adası, Serbiya və Monteneqro bu yanaşmadan uğurla istifadə edə biliblər, ancaq bir əsas şərt nəzərə alınıb: separatçı ərazilərdə fikir ayrılığına görə müstəqillik referendumunun nəticəsi mütləq kimi qəbul olunmur, yəni ərazi bütövlüyü seçicilərə daha cəlbedici variant sayılır.

«Ancaq bu variant Dağlıq Qarabağda keçərli deyil. Müstəqillik məsələsində bölgədə tam bir həmrəylik var. Siyasi qüvvələrdən heç biri müstəqilliyi sual etmir və rəy sorğuları əksəriyyətin Azərbaycanla gələcəkdə birləşməni rədd etdiyini göstərir. Azərbaycan hökuməti də re-inteqrasiyada israr etməsinə baxmayaraq, Qarabağ ermənilərində inam yaratmağa çalışmır».

Müəllifin fikrincə, buna görə də Dağlıq Qarabağda səsvermənin nəticəsi gözlənilməz olmayacaq, aralıq müddətdə də elə bir dəyişiklik baş verməyəcək.

«Bu çıxılmaz durumdan bir mümkün çıxış yolu elə də dəqiq şərtlər nəzərdə tutmayan razılaşma ola bilər. Məsələn, yekun status ertələnir və müstəqillik referendumu vədi də verilmir. Çeçenistan və İsrail-Fələstin münaqişələrində bu yanaşma əsas götürüldü. Düzdür, həmin razılaşmalar davamlı olmadı, yəni ən yaxşı model sayılmaya bilər. Üstəlik, hər iki razılaşma mərkəzi hakimiyyətin xeyrinə olan güc balansına dayanırdı».

«Dağlıq Qarabağ münaqişəsində bu güc balansı yoxdur və belə bir ikibaşlı razılaşmanı Ermənistan tərəfinin qəbul edəcəyi də real görünmür. Qarabağ liderləri Çeçenistan və Fələstindəkindən daha güclü mövqedədir və de-fakto müstəqilliklərini riskli bir sövdələşməyə qoymazlar. Onlar əmindirlər ki, Azərbaycan aralıq müddətdən yararlanaraq regionu güclə inteqrasiya etməyə çalışacaq. Son toqquşmalar da bu qorxuları dağıda bilmədi», - müəllif yazır.

Almaniya parlamenti
Almaniya parlamenti

«SOYQIRIMI» QƏTNAMƏSİ NƏYİ DƏYİŞƏCƏK

«The New York Times» qəzetində Alison Smale və Melissa Eddy iyunun 2-də alman Bundestaqında qəbulu gözlənilən «soyqırımı» qətnaməsindən yazır. Almaniya ötən əsrin əvvəllərində ermənilərin kütləvi qırğınını «soyqırımı» kimi tanıya bilər.

Bu məsələ artıq Avropayla Türkiyənin münasibətlərini gərginləşdirib. Prezident Recep Tayyip Erdoğan Almaniya kansleri Angela Merkel-lə telefon söhbətində ona xəbərdarlıq etdiyini deyib. Türkiyə «soyqırımı» söhbətinə xeyli həssas yanaşır, ermənilərin məqsədli şəkildə öldürülmədiyini bildirir.

Müəllif yazır ki, Almaniyanın özündə də müzakirələr qızışıb. Hətta türk icmasından olan tanınmış solçu siyasətçilər arasında ziddiyyətlər yaranıb.

Müxalifətin Yaşıllar Partiyasının həmsədri Cem Özdemir qətnaməni təbliğ edənlərdəndir. Sənədə sponsorluq edənlər deyirlər ki, Almaniyanın türklərə mühazirə oxumaq niyyəti yoxdur, türklərlə erməniləri barışdırmaq, onları tarixlərini nəzərdən keçirməyə həvəsləndirmək istəyir.

Hökumətin inteqrasiya üzrə sözçüsü Aydan Özoğuz qətnaməyə səs verəcəyini söyləyir, ancaq bunun yanlış yol olduğunu düşünür. Çünki Erdoğan və ultramillətçi türklərə bəhanə vermiş olacaq: «Qətnamədən istifadə edərək Qərbin Türkiyəyə hücum etdiyini deyəcəklər. Məntiqi səslər təcrid olunacaq və uzun müddət eşidilməyəcək».

Tələbələr V.Putin-in mətbuat konfransını izləyirlər.
Tələbələr V.Putin-in mətbuat konfransını izləyirlər.

PUTIN-İN SAĞ QALMASININ SİRRİ

«Project Syndicate» saytında Karneqi Fondundan Andrei Kolesnikov yazır ki, bütün dünya Rusiyanın Ukraynanın Krım vilayətini ilhaq etməsini pisləsə də, rusiyalılar bunu alqışladılar. Səbəbi də aydındır. Çoxlarından ötrü Krım tarixi «imperiya»nın bir hissəsidir. İndi Rusiya imperiyasını dirçəldə bilmir. Ancaq Krıma fokuslanmaqla rejim tarixi ədalətin bərpası görüntüsünü yaratdı, «böyük dövlət» statusunun qaytarılacağına ümidləri də canlandırdı.

Müəllif yazır ki, Rusiyada heç də hamı anneksiyanı dəstəkləmir, Krımı işğal olunmuş ərazi kimi təqdim edir. Ancaq belələri azlıq təşkil edir və real nüfuzları yoxdur.

«Hökumətin siyasətinə qarşı bəzi nümayişlər də heç də bütünlükdə rejimə qarşı çevrilə bilmir. Siyasi sistemdə fundamental dəyişiklik olmadan bu cür nümayişlər açıq-aşkar müxalifət etirazlarına dönməyəcək. Müxalifət etirazı olmadan da sistemdə dəyişiklik mümkün deyil», - müəllif yazır.

Yazıda qeyd olunur ki, siyasi rəqabətin olmadığı bir mühitdə Putin elita daxilində nəzarət sistemi yaradıb, loyal liberalları mühüm maliyyə və iqtisadi postlara qoyub. Onları ordu və xüsusi xidmət orqanlarında «qırğılar» tarazlaşdırır. Və bu sistem də Rusiya elitasının dəyişiklik ardınca getməsini əngəlləyir.

«Rejim də, azından indilik, nisbətən sabit görünür. 2012-ci ildən güclənən rejimə Krıma görə dəstək vaxt qazandırmış olub və rejim ölkənin üzləşdiyi iqtisadi, siyasi və sosial problemlərə adaptasiya etməyə çalışır», - yazan müəllif vaxtın da məhdud olduğunu qeyd edir. Bu səbəbdən sentyabrdakı parlament seçkiləri öncəsi rejim vətəndaşların diqqətini daxili «hədə»lərə – siyasi opponentlərinə və «satqınlar»a yönəltməyə çalışır.

XS
SM
MD
LG