Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:58

«Regional durum Azərbaycanı müharibəyə sövq edə bilər»


Azərbaycan ordusu
Azərbaycan ordusu

-

ABŞ və Türkiyə bir-birinə lazımdır; Putin-in Assad sövdələşməsi rədd olunmalıdır – 30 may Qərb mediasının icmalı.

«Azərbaycan hakimiyyəti Dağlıq Qarabağ münaqişəsi hesabına ölkədəki durumu, eləcə də beynəlxalq miqyasda mövqeyini yaxşılaşdırmağa çalışa bilər». Globalriskinsights.com saytında Elisey Boguslavskiy «Dağlıq Qarabağ: Yeni təhlükələr, köhnə həll yolları» adlı məqalədə belə yazır.

Müəllif aprelin əvvəlində cəbhə xəttindəki toqquşmaları yada salır, həmin əməliyyatları prezident İlham Əliyevin müxtəlif risklərlə üz-üzə qalmasıyla izah edir. «Təəssüf ki, 2014-cü ildən sonra Azərbaycana iqtisadi, siyasi və hərbi təhlükələr Dağlıq Qarabağda daha böyük münaqişəni Əliyev rejiminin özünü saxlaması baxımından cəlbedici varianta çevirir», - müəllif yazır.

Yazıda qeyd olunur ki, elitanın neftdən gəlirləri azaldığından, həm də hökumət «Ərəb baharı» və Avromaydan etirazlarından narahat olduğundan islamçı qruplara təzyiq artıb, siyasi mühit hərbiləşib. Müəllifin fikrincə, prezident Əliyev radikal etirazla üz-üzə qalarsa, tammiqyaslı müharibə milli vəhdətin əldə olunması üçün bir tədbir sayıla bilər.

Qarabağ münaqişəsi üzrə tanınmış təhlilçilərdən Thomas De Waal deyir ki, ölkə elitası neftin satışından on illər boyu birbaşa gəlir əldə edib və ölkədə sosial təbəqələşmə güclənib. Bu proses 2014-cü ildə neft gəlirlərinin azalmasıyla bitib.

«Əsas problem ondadır ki, siyasi və iqtisadi risklər bir-birilə çuğlaşıb. BVF-nin Azərbaycana kredit ayırması bu riski nisbətən azalda bilər. Belə bir kredit təkcə ölkə üzərindəki maliyyə və sosial yükü yüngülləşdirməz, həm də Azərbaycanı qlobal iqtisadiyyata və beynəlxalq qurumlara daha çox inteqrasiya edər, zorakılığın bədəlini də qaldırar. Ancaq belə bir qərar prezident Əliyevdən daha geniş institusional islahatlar tələb edir. Buraya maliyyə mexanizmlərinin mərkəzsizləşdirilməsi də daxildir ki, bu da hal-hazırda mərkəzdən güclü mühafizə olunan mühitdə real görünmür».

Müəllifin fikrincə, regional durum da Azərbaycanı müharibəyə sövq edə bilər. Ukrayna böhranı bir presedent yaratdı, beynəlxalq ictimaiyyət Kiyevə Rusiyanın dəstəklədiyi separatçılıqla savaşmaqdan ötrü məhdudiyyətsiz səlahiyyət verdi. Bu presedent Azərbaycanı da Dağlıq Qarabağdakı separatçılarla hərbi yolla mübarizəyə həvəsləndirə bilər.

«Bu halda, Ermənistanın mövqeyi zəifləyəcək. Ermənistan Qarabağın Krımdakı kimi referendum vasitəsilə tanınmasını istəyir. Yerevan Dövlət Universitetinin tədqiqatçısı Edgar Elbakyan deyir ki, Ermənistanın mövqeyi Qərbdə güclü anti-Rusiya konsensusu və Türkiyənin geosiyasi ekspansiyası ilə bağlıdır. Bu arada Azərbaycan münaqişəyə başlayıb üstünlük qazanmağa hazır durumdadır».

Türkiyə qoşunu Suriya ilə sərhəddə.
Türkiyə qoşunu Suriya ilə sərhəddə.

ABŞ VƏ TÜRKİYƏ BİR-BİRİNƏ LAZIMDIR

«The Washington Post» qəzetində David Ignatius Suriyada «İslam Dövləti» (İŞİD) silahlı qruplaşmasına qarşı mübarizədə ABŞ-Türkiyə əməkdaşlığından yazır. Türkiyə İncirlik hava bazasını ABŞ təyyarələrinin üzünə açıb. Ancaq Ankaranın etirazlarına baxmayaraq, ABŞ-ın İD-ə qarşı hərbi strategiyası YPG kürd döyüşçülərinə əsaslanır. ABŞ sünni ərəb qüvvələri və kürdləri Suriya Demokratik Qüvvələri adı altında birləşdirib. Amerikalı generallar türk rəsmilərini «əla tərəfdaş» adlandırır, eyni zamanda, YPG-yə də «quruda çox yaxşı tərəfdaş» deyir.

Amma Türkiyə ordusunun rəhbər müavini general Yaşar Güler amerikalı generala deyib ki, «İŞİD-lə müharibə sərtləşəndə, YPG sizi bada versə, təəccüblənməyin». Xəbəri «Huriyyet» qəzeti yayıb. Güler Birləşmiş Ştatları Suriyanın şimalında İŞİD-ə qarşı savaşan mötədil ərəb qüvvələri dəstəkləməyə çağırıb, nəinki suriyalı kürdlərə bel bağlamağa.

«Bu söz atışması ABŞ kampaniyasının Türkiyə ordusunu necə gücləndirdiyini göstərir, hərbi təmasların da əhəmiyyətini artırıb», - Türkiyə üzrə təhlilçi Bülent Alirıza deyir. «Erdoğan-nın hakimiyyətini gücləndirməsinə baxmayaraq, o, generallara ABŞ-la əməkdaşlığın bərpası səlahiyyəti verib».

Müəllif gələcəkdə ABŞ-Türkiyə toqquşmasının əngəllənməsindən ötrü təklif edir ki, Türkiyə YPG və PKK siyasi rəhbərliyi ilə dinc dialoq yollarını axtarsın; Birləşmiş Ştatlar Suriyada dəstəklədiyi qüvvələri «Rojava peşmərgələri» adlı digər kürd qüvvələri hesabına böyütsün ki, bu da Türkiyə və Suriya müxalifətindən ötrü qəbulediləndir. «Roj peş» adlı bu qüvvələri Kürdüstan Regional Hökuməti və onun prezidenti Masoud Barzani dəstəkləyir və onlara təlim keçir.

«Bu kürd qüvvələri nəyə nail olacaq? Onlar hazırda ABŞ strategiyasında böyük bir boşluğu doldurmuş olarlar. «Roj peş»in briqada generalı Rejeb Dehdo deyir ki, hazırda İraqda 3 min təlim görmüş döyüşçüsü var, onlar ABŞ komandanlığı altında YPG ilə əməkdaşlığa hazırdırlar».

Vladimir Putin Moskvada Bashar al-Assad-ı qəbul edir.
Vladimir Putin Moskvada Bashar al-Assad-ı qəbul edir.

PUTIN-İN ASSAD SÖVDƏLƏŞMƏSİ RƏDD OLUNMALIDIR

Mayın 20-də Rusiyanın müdafiə naziri Sergei Shoigu təklif edib ki, Birləşmiş Ştatlar və Rusiya Suriyanın şimal-qərbində «əl-Nusra» Cəbhəsinə qarşı hava zərbələrini koordinasiya etsin. Shoigu bu təklifin Dəməşqdə Assad rejimi ilə koordinasiya olunduğunu söyləyib. «Newsweek» dərgisində Frederic C.Hof yazır ki, bu təşəbbüs Rusiyanın Vaşinqtonla hərbi tərəfdaşlıq qurmağı hədəfləyən bir zərbəsidir və bunu rədd eləmək lazımdır.

İŞİD və «əl-Nusra» Cəbhəsi Suriyada atəşkəsə əməl etmir və sülh cəhdlərinə ciddi maneə sayılırlar. Assad rejimi və Rusiya «əl-Nusra» Cəbhəsinə «terrorçu» deyir və ABŞ hava qüvvələrini bu qruplaşmaya qarşı zərbələrə cəlb etmək Moskvadan ötrü əhəmiyyət daşıyır.

«Rusiyanın hədəfi terrorçuluğa qarşı mübarizədə Vaşinqtonun Assad-la əlaqəsini qurmaqdır. Moskva bu ölkəni nəinki terrorçuluqdan xilas etməyi, həmçinin ABŞ-ın rejim dəyişikliyi gündəmindən çıxarmaq istəyir».

Müəllifin fikrincə, Rusiyanın birgə əməliyyatlar təklifinin qəbulu Amerikanın nəinki Suriyada, eləcə də regionda, Avropada və beynəlxalq miqyasda etibarlılığına zərbə vurar və bu təklif qətiyyətlə rədd olunmalıdır.

XS
SM
MD
LG