Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:20

Kraliça Azərbaycana təşəkkür etdi və...


Kraliça 2-ci Elizabeth at yarışını izləyir.
Kraliça 2-ci Elizabeth at yarışını izləyir.

-

Merkel-in Avstriya və Türkiyə problemi; Obama sayəsində terror xərçəngi yayılır – 24 may Qərb mediasının icmalı.

İnsan haqlarının durumuna görə tənqid olunan Bəhreyn, Oman və Azərbaycanın Böyük Britaniya kraliçasının ad gününə «dəstəyi» bəzilərinə xoş gəlməyib. Alan White Buzzfeed.com saytında yazır ki, kraliça 2-ci Elizabeth-in 90 illiyi münasibətilə buraxılan kitabçada Bəhreyn kralına, Oman sultanına və Azərbaycan Respublikasına «səxavətli» dəstəyə görə təşəkkür edilir.

Mayın 16-da Vindzor qəsrində təşkil olunmuş konsertdə kraliçanın qarşısında dünyanın müxtəlif yerlərindən, eləcə də Azərbaycandan yüzlərlə çapar çıxış edib.

Şounun sözçüsü Bəhreynin bu tədbirin tərəfdaşı, eləcə də Qran-pri yarışlarının sponsoru olduğunu təsdiqləyib. Ancaq Omanla Azərbaycanın əlavə maliyyə yardımı ayırıb-ayırmaması barədə bir söz deməyib.

«Elə görünür ki, Vindzor qəsrindəki at yarışması avtoritar ölkələrin öz piarları üçün istifadə etdikləri yüksəksəviyyəli tədbirlər siyahısına əlavə olunub», - «Amnesty International» təşkilatından Allan Hogarth deyib. Qurum Bəhreyndə «Ərəb baharı»ndan bəri 100-dən çox insanın həbsə atıldığını, Omanda kütləvi həbslərin keçirildiyini, Azərbaycanda jurnalistlərin təqibə məruz qaldığını, məhbuslara işgəncə verildiyini vurğulayır.

Buzzfeed.com Bukinhem sarayından həmin rejimlərin təntənəli şouya bağlılığını soruşub. Müxbiri tədbirin təşkilatçısı olan «HPower» menecment şirkətinə yönəldiblər. Şirkətdən deyiblər ki, Əlahəzrət Kraliçanın 90 illik yubileyi bir sıra beynəlxalq şirkətlərin, eləcə də bütün dünyadan bir sıra fərdlərin, atçılıq federasiyalarının dəstəyi olmadan düzənlənə bilməzdi. Şirkət bildirir ki, «azərbaycanlı rəqqasların və Qarabağ atlarının və çaparlarının möhtəşəm və cəsur şousu izləyiciləri riqqətə gətirib». Məlumatda Bəhreyn və Oman krallıqlarının, eləcə də Azərbaycan Respublikasının Kraliçanın 90 illik ad günü törəninin uğurlu keçməsində böyük rol oynadığı vurğulanır. Dörd gecə ərzində tədbirə 24 min nəfər qatılıb, final gecəsinin canlı yayımını isə 7.5 milyon nəfər izləyib.

«Bəhreyn, Azərbaycan və Oman Kraliçanın ad günü çal-çağırına sponsorluq etdiyi bir vaxtda bu ölkələrin əhalisi təməl insan haqlarından məhrum edilib», - Allan Hogarth deyir.

«Azərbaycan və Omanda hər həftə jurnalistlər və bloqqerlər həbsə atılır… Bu iki ölkə yüksəksəviyyəli idman tədbirlərindən özlərinin zədəli imiclərini cilalamaqdan ötrü istifadə cəhdləri ilə ad çıxarıblar», - o, sözlərinə əlavə edir.

«Human Rights Watch» insan haqları təşkilatının sözçüsü isə deyir ki, «bu, Azərbaycanın daha bir həyasız PR cəhdidir, bu taktikadan illər boyu istifadə olunub – nüfuzlu lobbi firmalarına ödəniş etməklə qəddar insan haqları pozuntuları təmizə çıxarılıb, beynəlxalq mədəniyyət və idman tədbirlərinə sponsorluq edilib».

«Human Rights Watch» Kraliçanı və tədbir təşkilatçılarını həm də ona görə tənqid edib ki, Kraliçanı düz Bəhreyn kralının yanında oturdublar.

«HPower» şirkətindən «The Independent» qəzetinə deyiblər ki, «kral at şousunu dəstəklədiyindən orda əyləşib», bundan artıq danışmaq istəməyiblər.

Qeyd edək ki, Azərbaycanda hakimiyyət təmsilçiləri ölkədə təməl insan haqları pozuntuları barədə tənqidləri qəbul etmirlər. «Amnesty International», «Human Rights Watch» kimi beynəlxalq qurumların tənqidlərini isə, adətən, ölkəyə «qarayaxma kampaniyası» adlandırırlar.

Norbert Hofer
Norbert Hofer

MERKEL-İN AVSTRİYA VƏ TÜRKİYƏ PROBLEMİ

«Avstriya və Türkiyəni iki şey birləşdirir. Hər ikisində böyük siyasi dəyişikliklər baş verməkdədir. Hər ikisi Kansler Angela Merkel-ə Almaniyaya üz tutan miqrant və qaçqın axınını önləməkdən ötrü gərəkdir. Bu iki ölkədə siyasi dəyişikliklər kanslerə yaxşı bir şey vəd etmir». Bunu Karneqi Fondundan Judy Dempsey yazır.

Müəllif Avstriyada prezident seçkisində sağçı Norbert Hofer-in solçu Alexander Van der Bellen-ə cüzi səs fərqiylə uduzmasından söz açır. Ancaq məğlubiyyətinə baxmayaraq, o, Avstriyanın müharibədən sonrakı rahat konsensusunu silkələdi. Ənənəvi siyasi elita Hofer-in dramatik yüksəlişindən elə sarsıldı ki, kansler, Sosial Demokratlardan Werner Faymann mayın 9-da istefa verməli oldu. Faymann Merkel-lə sıx münasibət qurmuşdu, qaçqın böhranında ona yardım edirdi. Ancaq ölkədə yaranmış qorxu və narahatlıq onu da qaçqınların yolunu bağlamağa məcbur etdi.

Merkel Türkiyənin keçmiş baş naziri Ahmet Davutoğlu ilə də yaxşı anlaşırdı. Amma o da istefaya məcbur edildi. Prezident Recep Tayyip Erdoğan prezidentliyini gücləndirməyə çalışır. Ancaq Erdoğan da Merkel-ə AB ilə qaçqın sazişini yerinə yetirməkdən ötrü lazımdır.

Müəllif yazır ki, bunlardan heç biri Merkel üçün yaxşı xəbər deyil, o, indi xeyli rahatsız durumdadır, şübhəli dəyərləri olanlarla işləməlidir, qaçqın sazişi «havada qalsa», nəticələrə qatlanmalı olacaq.

Barack Obama
Barack Obama

TERROR XƏRÇƏNGİ NİYƏ YAYILIR

«Obama sayəsində terror xərçəngi yayılır». «The Washington Post» qəzetində Marc A.Thiessen yazır ki, Misir təyyarəsinin bu günlərdə Aralıq dənizi üzərində qəzaya düşməsinə görə kimin məsuliyyət daşıdığını bilmirik, ancaq bir şeyi dəqiq bilirik: terror təhlükəsi artır və onu Aralıq dənizində cilovlamaq mümkün olmayacaq.

Müəllif yazır ki, Ağ Ev prezident Obama-nın terrorçuluqla mübarizəsinə dair tənqidlərə cavab verərkən «İslam Dövləti» (İŞİD) qruplaşmasının son aylar geri çəkildiyini yada salır, tutduğunu ərazilərin 45 faizinin onlardan alındığını vurğulayır.

«Bu davranış xərçəng diaqnozunu vaxtında gözardı etmiş bir xəstəni xatırladır. O, ağciyərində şişi kiçiltməsiylə lovğalanır, ancaq onun digər orqanlara yayılması faktının üstündən sükutla keçir. Obama İŞİD-ə daha öncə hücum etsəydi, onun yayılmasını əngəlləyərdi. Əvəzində qruplaşmaya lokal dartışmalar səviyyəsində olan bir qrup kimi baxdı, onun bin Laden-ə çatmaq gücündə olmadığını, «bizə birbaşa təhlükə yaratmadığını» bildirdi. Xərçəng Suriyada böyüyəndə və İraqa keçəndə də, heç nə etmədi. İndi xərçəng bütün dünyaya yayılıb».

Yazıda qeyd olunur ki, İŞİD və «əl-Qaidə» cihadçıların qəlbini qazanmaq və maliyyə əldə etməkdən ötrü bir-birilə didişir. Bu rəqabəti qazanmağın yolu ABŞ-da terror törətməkdir. Keçmiş prezident George W.Bush administrasiyasının şüarı beləydi ki, «onların evimizə girməsini istəmiriksə, onlarla savaşa getməliyik. Obama isə o şüara arxa çevirdi. İndi təhlükə günbəgün evimizə yaxınlaşır».

XS
SM
MD
LG