Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:17

İlham Əliyev Menq Jianzunu qəbul edib


Menq Jianzu və İlham Əliyev, 22.05.2016
Menq Jianzu və İlham Əliyev, 22.05.2016

Mayın 22-də Azərbaycan prezidenti İlham Əliyev Çin Xalq Respublikası sədrinin xüsusi nümayəndəsi, Kommunist Partiyası Siyasi Şurasının üzvü, Təhlükəsizlik Şurasının katibi Menq Jianzunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

President.az xəbər verir ki, İ. Əliyev bu səfərin iki ölkə arasındakı dostluq münasibətlərinin gələcəkdə daha da möhkəmlənməsi işinə töhfə verəcəyini deyib. O, Azərbaycanla Çin arasında siyasi, iqtisadi, nəqliyyat, ticarət və humanitar sahədə əlaqələrin uğurla inkişaf etdiyini vurğulayıb.

Öz növbəsində Menq Jianzu bildirib ki, Çin Azərbaycanla Böyük İpək Yolu boyunca təhlükəsizliyin təmin olunması və digər sahələrdə əməkdaşlığın genişləndirilməsində maraqlıdır.

Görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Vyana görüşünün nəticələri müzakirə olunub.

Menq Jianzu öz ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü təmin etmək istiqamətindəki səylərinə hörmətlə yanaşdığını vurğulayıb.

Mayın 16 da Vyanada Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı Azərbaycan və Ermənistan prezidentlərinin görüşü olub. Görüşdə Minsk qrupu həmsədrlərinin (ABŞ, Fransa, Rusiya) təmsilçiləri də iştirak edib.

Danışıqlardan sonra həmsədrlərin verdiyi bəyanatda deyilirdi ki, prezidentlər İlham Əliyevlə Serzh Sarkisian Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına sadiq olduqlarını bəyan ediblər.

Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda iki ölkə arasında şiddətli döyüşlər baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan) işğal edilib.

1994-cü ildə tərəflər arasında atəşkəs müqaviləsi bağlanıb.

XS
SM
MD
LG