Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 07:11

Orxan Adıgözəl. "Biz pis xalqıq" deyənlərə


Orxan Adıgözəl
Orxan Adıgözəl

-

"Əgər ölkəmiz müstəqilliyini bərqərar etdikdən ta bu günə kimi düzgün, ədalətli idarəçilik olsaydı, indi bəlkə də Çexiya kimi bir dövlətə çevirilmişdik."

"Onlar “bizim xalq mədəniyyətdən uzaqdır”, “heç nə düzələn deyil” kimi absurd və aşağılayıcı söhbətləri cəmiyyət arasında dövriyyəyə buraxıblar. Guya biz demokratiyaya hazır deyilik. Elə bil həbsdə olan demokratiya mübarizləri bizimkilər deyil."

Orxan Adıgözəl

BİZ PİS XALQ DEYİLİK

Bu yaxınlarda Qərb ölkələrinin birində çəkilmiş maraqlı bir pranka (gizli videoçəkiliş) baxdım.

Adrian Gee prank
Adrian Gee prank

Amerikanın prank çəkən ustası kimi ad qazanmış Adrian Gee sosial eksperiment aparmaq niyyəti ilə özünü görmə məhdudiyyətli şəxs kimi təqdim edərək, cibindən çıxardığı 50 dolları qarşısına çıxanlara uzadıb, “5 dollarımı xırdalayın” deyə xahiş edib.

Bu prank insanların dürüstlüyünü yoxlamağa hesablanıb. Adrian'ın qarşısına çıxan adamların əksəriyyəti onu aldatmağa çalışıblar. Bir çoxu hətta onun elə vəziyyətindən istifadə edərək, pulu əlindən alandan sonra qaçmağa cəhd edib.

Dostumuz Qurban Məmmədli eyni prankı Azərbaycanda da çəkib, ictimailəşdirdi. O, bu eksperimenti şəhərin mərkəzindən kənarda, aztəminatlı təbəqənin yolunun üstü sayılan ərazidə reallaşdırdı.

Videonu izləyəndə çox təsirləndim. Çəkilişə tuş gələnlərdən heç biri onu aldatmağa cəhd etmədi. İnsanlarımızın necə mərhəmətli olduğuna bir daha əmin oldum.

Bəli, bizim insanlarımız mərhəmətlidir! Mərhəmətli insanın əsas özəllikləri - əzə bildiyi halda əzmir, öldürə bildiyi halda öldürmür, istismar edə bildiyi halda istismar etmir. Öz həyatını rahat yaşamaq istəyir. Xoşbəxtliyini başqalarının bədbəxtliyi, iztirabları, göz yaşları üzərində qurmur.

Səfər etdiyim digər cəmiyyətlərdən heç birində azərbaycanlılar qədər mərhəmətlilərinə rast gəlməmişəm. İnanın, mübaliğə etmirəm. Rusiya, Ukrayna və Avropanın böyük şəhərlərində insanların soyuq münasibətlərini görəndən sonra bu nəticəyə gəldim.

Deyə bilərsiniz ki, böyük şəhərlərə soyuq münasibətlər xasdır. Amma Qurbanın çəkiliş etdiyi Bakı da kiçik şəhər deyil.

Əlbəttə, bir çəkilişlə müqayisə aparıb, kimin daha mərhəmətli olduğu iddiasına varmaq məntiqə uyğun sayılmaz. Mən bu nəticəyə illər boyu etdiyim müşahidələr və düşdüyüm situasiyalara uyğun təhlil apararaq gəlmişəm. Hər şeyi subyektiv götürmürəm və bu, ümumiləşdirmə deyil. Belə hallarla qarşılaşan dost-tanışlarımın da rəyi eynidir ki, bu da obyektiv yanaşma deməkdir.

Bir dəfə Azərbaycana qonaq gələn bir şəxslə söhbət edirdim, onunla Bakı sakinlərinin xarici qonaqlara münasibətini də müzakirə elədik. Qonaq şəhər sakinlərimizin istiqanlı və yardımsevər olduğunu, bunun mənəvi dəyər olduğunu dedi.

Hamıdan şəxsi əxlaq gözləmək sadəlövhlükdür. Hər şey sistemin diktəsi ilə olur.

Söhbət ümumən bizim sadə xalqın nümayəndələrindən gedir.

Rüşvətlə vəzifə başına gəlib, vicdansız həyat tərzini özünə rəva bilənləri bu sıraya daxil etmirəm. Onsuz da o sıraya daxil olanlar özlərini bu xalqdan saymırlar. Onlar ümumiyyətlə başqa planetdəndirlər. Planetlərinin adı isə ŞƏR planetidir.

Təəssüf ki, həmin planetin xalqımıza təsiri qaçılmazdır. Məhz o planetin məxluqları xalqımıza yalançı yarlıqlar yapışdıranlardır, onlar “bizim xalq mədəniyyətdən uzaqdır”, “heç nə düzələn deyil” kimi absurd və aşağılayıcı söhbətləri cəmiyyət arasında dövriyyəyə buraxıblar. Həmin bədbin və idbar ifadələrə hər yerdə rast gəlirik. Bu cür ifadələr insanların yaşam, mübarizə eşqini və ümidini sarsıtmağa hesablanıb.

Bizdə sadəcə ağır iqtisadi-sosial durumun mənfi nəticələri insanlarımızın qayğılarını çoxaldıb, ona görə də son vaxtlar aqressivlik artıb.

Xalq mücərrəd anlayışdır. Xalqın mənfi və ya müsbət tərəfə formalaşmasında əsas rol oynayan - idarəçilərdir. Cəmiyyətdəki problemlərə əsas cavabdehlik daşıyanlar idarəçilərdir. Xalqı orkestrə bənzətsək, idarəçilər dirijor kimidir, çubuq onların əlindədir.

Bir çox sakinlər(onlara vətəndaş demirəm, vətəndaş özünü öz ölkəsində kirayə qalan kimi aparmaz) məsuliyyətdən yaxa qurtarmaq üçün hər şeyi xalqın üstünə atırlar. Ən çox işlətdikləri cümlə də “bu xalq düzələn deyil” ifadəsidir. Siyasi savadı aşağı olan həmin kəsim təhlil edə bilmir ki, idarəçilik necə güclü qüvvədir.

Azad düşüncədən vampirlər günəş işığından qorxan kimi qorxurlar. Ümid dolu mübarizə aparan birini görmək onları qıcıqlandırır. Şüarları belədir: “Hamı bizim kimi itaətkar olub, durğunluq dənizində üzsün”!

Hələ ortalığa başqa söhbət də atıblar. Guya biz demokratiyaya hazır deyilik. Elə bil 1918-ci ildə ilk dəfə Müsəlman Şərqində demokratik respublika bu məmləkətdə qurulmamışdı. Elə bil illərdir ölkənin demokratikləşməsi və bərabər hüququn bərpası uğrunda mücadiləsinə görə siyasi motivlə həbs olunan və illərdir həbsdə qalan onlarla adam bizimkilər deyil.

Əgər ölkəmizin müstəqilliyini bərqərar etdikdən ta bu günə kimi düzgün, ədalətli idarəçilik olsaydı, indi bəlkə də Çexiya kimi bir dövlətə çevirilmişdik.

Xalqımız tez ipə-sapa yatan xalqdır. İdarəçilik düzəlsə, təhsilə keyfiyyət gəlsə, xalqın mədəni səviyyəsi və rifahı yüksələcək. Buna əmin olun.

Xəstələri sağaltmaq əvəzinə, onları daha da xəstələndirən həkimlər, təhsil və tədris vermək yerinə şagirdləri daha da bilgisiz edən müəllimlər, hüquqlarımızı qorumaq əvəzinə, onları tapdayan polislər - bəli, bunlar hamısı bizim içimizdən çıxıb.

Michel de Montaigne
Michel de Montaigne

Ədalətli sistem milliyətindən və mənşəyindən asılı olmayaraq, insanların içindəki mənfi istəkləri məhdudlaşdırır. Bizdə isə təəssüf ki, ədalətli sistem gözə dəymir.

Hamıdan şəxsi əxlaq gözləmək sadəlövhlükdür. Hər şey sistemin diktəsi ilə olur. Fransız filosofu Michel de Montaigne'in təbirincə desək, ədalət olmayan yerdə əxlaq da yoxdur.

Bu qədər zülmün və məhrumiyyətlərin qarşısında mətanətlə duruş gətirən Azərbaycan xalqı mərhəmət hissini və mənəvi dəyərlərini itirməyibsə, deməli, əllərində dirijor çubuğu tutanlar istəklərinə nail ola bilməyiblər.

Dünyada avtoritar rejimlərin dayaqları və nüfuzu günü-gündən sarsılır. Əmin olun ki, ölkəmizə zəli kimi yapışmış ŞƏR planeti də dağılacaq.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG