Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 04:51

Pürrəngi çayın yeni adı: Korrupsiya bulantısı


Çay
Çay

-

Dost-tanışla görüşənin ilk ağlına gələn «gedək bir çay içək» demək olur. Qonaq qarşısına da,- içdi-içmədi,- soruşmadan pürrəngi çay qoyulur.

SƏN DEMƏ, ÇAY YERİNƏ...

Azərbaycanda yaşayanlar nə qədər çay içir, görəsən? Şuşalı çayçı Süleyman deyərdi ki, ingilislər qədər!.. Əslində, bəlkə də elədir. Di gəl, rəsmi məlumatlar çək-çevir edilsə, tam tərsi çıxır: Sən demə, ingilislərə baxanda, azərbaycanlılar heç çay içmirmiş... Sən demə, içilən çayın hər qurtumunda kökü çox dərinə işləmiş korrupsiyanın dadı var. Sən demə, azərbaycanlılar çay yerinə korrupsiya bulantısı içirmiş!..

Rəqəmlərin dili çox amansızdır. İstər Dövlət Gömrük Komitəsinin (DGK) idxal-ixrac əməliyyatlarına dair hesabatlarında, istərsə Dövlət Statistika Komitəsinin (DSK) hazırladığı ölkənin ərzaq balansında yetərincə ziddiyyətli məlumatlar yer alır. Onları bir az baxıb-incələyəndə görürsən ki, əslində, ikinci qurum birincinin hesabatını «malalamağa» xidmət edirmiş...

BƏYƏM ÖLKƏDƏ 8 MİN TON ÇAY YETİŞDİRİLİR?

Faktlara üz tutmaq vaxtıdır. İlk rəsmi sənəd - çayın ehtiyat və istifadəsinə dair DSK-nın hazırladığı illik balansdır. Ən son belə sənəd 2014-cü ilə aiddir. Balansa əsasən, həmin il Azərbaycanda qablaşdırılmış çayın dövriyyəsi təqribən 600 ton azalaraq, 23 min tona yaxın olub. Burayadaha bir il öncədən (2013-cü ildən) 1780 qalıq, 8 min 40 ton istehsal və 13 min 244 ton idxal daxildir.

Balans göstəricilərini incələyəndə, öz-özünə sual doğur: Bəyəm, ölkədə 8 min ton çay istehsal edilir? Axı çay istehsalı və emalı fərqli anlayışlardır. Elə hökumətin məlumatına görə, son illər yerli plantasiyalardan 500 tondan çox çay yığılmır. Hərçənd, «2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı»na əsasən, bu dövrdə çay istehsalını 3 min tona çatdırmaq nəzərdə tutulmuşdu. Bəzi şirkətlər (Gilan Holding, Azersun Holding) səy göstərsə də, o rəqəmə çatmaq mümkün olmayıb. Olsa-olsa, bu dövrdə ölkədəki çay plantasiyalarının ümumi sahəsi 100 hektar genişləndirilib.

Çay yetişdirmə göstəricisini emal prosesinin nəticələrinə də bağlamaq çətindir. Yerli çay emalı, çaybükücü fabriklərin qablaşdırdığı çay həcmi nəzərdə tutulursa, bu da doğru cavab sayıla bilməz. Məsələ burasındadır ki, Bakı, Lənkəran, Astara, Zaqatala və Naxçıvandakı fabriklərin DSK-ya təqdim etdikləri məlumatlarda iki il öncə 6 min 382 ton çay qablaşdırıldığı bildirilir.

İSTEHSAL GERÇƏKDƏN 8 MİN TONDURSA...

İstehsal, həqiqətən, 8 min tondursa, deməli, çay fabrikləri gerçək istehsal həcmlərini gizlədir və vergidən yayınırlar. Üstəlik, DSK çaydan istifadəyə dair 2014-cü ilin balans göstəricilərinə emal edilən 4 min 314 ton çayı da qatır. İndi gəl, baş çıxar: DSK çay yetişdirmə deyəndə nəyi nəzərdə tutur, emal deyəndə nəyi...

DGK bəyan edir ki, elə həmin 2014-cü ildə 5 min 440.6 ton çay xaricə satılıb. İstehsal (6 min 382 ton) və ixrac (5 min 440.6 ton) göstəriciləri əsasında o il ölkədə, vur-tut, 941.6 ton çay istehlak edildiyi üzə çıxır. Qəribə səslənmir?

Amma məsələ heç də bu toplama-çıxma əməliyyatı qədər sadə deyil. Yuxarıda da göstərildiyi kimi, ərzaq balansına görə, 2014-cü ildə ölkəyə 13 min244 ton çay gətirilib. DGK-nın rəqəmləri belə demir. Gömrük Komitəsi həmin il ölkəyə bundan 5 min 61 ton az, yəni 8 min 183 ton çay gətirildiyini qeydə alıb. Beynəlxalq təşkilatlara da hesabat verilərkən, bu göstəriciyə istinad edilir.

İLBOYU DÖVLƏT SƏRHƏDİNİ 5 MİLYON NƏFƏR KEÇSƏ VƏ...

Statistika Komitəsi rəqəmlərin haçalanmasını belə əsaslandırır ki, əskik qalan həcmi vətəndaşlar şəxsi istehlakından ötrü gətirib və məhz bu səbəbdən həmin miqdarda çay gömrükdə bəyan edilməyib. Bunun nə demək olduğu barədə təsəvvür yaransın deyə, açıqlamağa ehtiyac var: İlboyu dövlət sərhədini 5 milyon nəfər keçməli və onların hər biri özüylə bir kiloqram çay gətirməliydi. «Mala»nın qalınlığı gözünüzdə canlandı?

Ərzaq balansında əksini tapan başqa bir önəmli məqam ilboyu çay istehlakının 11 min 526 ton olmasıdır. DGK-nın idxal-ixrac göstəriciləri tutuşdurulsa, eləcə də vətəndaşların 5 min 61 ton çay gətirdiyi gerçək sayılsa, yenə də istehlak olunası 5 min 525 ton çay çatmır ki, çatmır...

Rəqəmlərdəki uyğunsuzluqların cavabı ölkədən kənarda «gizlənir». Bu səbəbdən Azərbaycana çay ixrac edən ölkələrin məlumatlarına üz tutmaq lazım gəlir.

XARİCİ ÖLKƏLƏRİN RƏSMİ HESABATLARINA GÖRƏ...

Ayrı-ayrı ölkələrin beynəlxalq qurumlara təqdim etdiyi rəsmi hesabatlara görə, 2014-cü ildə Azərbaycana 17 ölkədən toplam 11 min 510.8 ton - əvvəlki ildən 5 min 721 ton az çay göndərilib. Bunun 11 min 154.5 tonu və ya 97 faizi Şri-Lanka çayçılarının payına düşür. Beynəlxalq hesabatlarda əksini tapmasa da, Azərbaycan gömrüyü həmin il İran və Vyetnamdan da toplam 976.3 ton çay gətirildiyini bəyan edir.

Beləliklə, sadalanan idxal və rəsmi ixrac göstəricilərinə əsasən, ölkə daxilində istehlak edilən çayın 7 min ton civarında olduğunu söyləmək mümkündür.

2015-ci ilin ərzaq balansı hələ açıqlanmasa da, istər DGK-nın hazırladığı xarici ticarətin gömrük statistikası, istərsə xaricdən Azərbaycana göndərilən çayın həcmi məlumdur.

İxracatçı ölkələr ötən il Azərbaycana 11 min 654.9 ton yaşıl və qara çay göndərdiklərinə dair hesabat veriblər. Şri-Lanka fermerlərinin payı yenə yüksəkdir – 11 min 245.2 ton (96.5 faiz). Bunun 10 min 780 tonunun fermentasiyadan keçmədiyi və emal məqsədilə gətirildiyi bildirilir. Azərbaycanın gömrük statistikasında İran və Vyetnamdan da gətirilən 674.4 ton çay haqqında məlumatyer alır.

İdxal göstəricilərindən fərqli olaraq, Azərbaycandan çay ixracına dair məlumatlar (məsələn, Rusiya və Gürcüstana) həm çəki, həm də dəyər ifadəsi baxımından idxalçı ölkələrin gömrük məlumatları ilə üst-üstə düşür.

AZƏRBAYCAN GÖMRÜYÜNÜN «UCUZLAŞDIRMA» TİLSİMİ...

Azərbaycan gömrüyünə gəlincə, təkcə idxal həcmlərində deyil, elə malın rəsmiləşdirmə qiymətlərində də ziddiyyətli məlumatlar gözə çarpır. İran və Vyetnam istisna olmaqla, digər ixracatçı ölkələrin ötən il Azərbaycana yola saldıqları çay (11 min 654.9 ton) ölkə xaricində 47 milyon 372.5 min ABŞ dolları dəyərində qiymətləndirilib. Azərbaycan gömrüyündə isə ötən il idxalçılar 7 min 460.7 ton çay gətirdiklərini bildirib və həmin malın toplam qiyməti 16 milyon 320 min dollar göstərilib. Oxşar mənzərə əvvəlki ildə də qeydə alınıb: 8 min 183 ton idxal çayı təxminən 19 milyon dollara rəsmiləşdirilib. Vergi və rüsumlar da bu məbləğdən hesablanıb.

Göründüyü kimi, ixracatçılarının Azərbaycana kilosu 4 dollar 6 sentə yola saldıqları çay Azərbaycanın gömrük sərhədində 2 dollar 18 sentə düşüb. Bir il öncə isə ixracatçı ölkələrin, ortalama, 4 dollar 79 sentə göndərdikləri çay Azərbaycan gömrüyündə 2 dollar 47 sent «ucuzlaşıb».

YAYINDIRILAN VERGİ VƏ RÜSUM – 25 MİLYON DOLLAR?

Mütəxəssislərin təxminlərinə görə, təkcə 2014-2015-ci illərdə çay qiymətinin düzgün bəyan edilməməsi nəticəsində dövlət büdcəsinə 25 milyon dollar civarında az vergi və rüsum ödənilib.

Azərbaycanda çay bazarının 40-50 faizinə Türkiyə sərmayəli «ASSAM» şirkəti nəzarət edir.Bu şirkət«Beta Qida Sənaye və Ticarət A.Ş.» şirkətini təmsil etməklə yanaşı, həm də Lənkəranda çaypaketləmə fabrikini yönəldir. AzadlıqRadiosu şirkətin Bakı ofisinə üz tutaraq, çay bazarında baş verənlərə münasibət bildirməyi xahiş etsə də, şirkətin baş icraçı direktoru Mehmet Ali Uğur heç yazılı sorğuya da cavab verməyib. Səbəbi bilinmir. «Beta» çayları Azərbaycan təmsilçisinin mediadan qaçmasının gərəkçəsini, güman ki, şirkətin özündə daha yaxşı bilirlər. Axı həmin şirkət rəqəmlərin «baş-ayaq» olduğu bazarın yarısına nəzarət edir...

YERLİ FERMERLƏRİ DƏSTƏKLƏMƏKDƏNSƏ...

İndi Azərbaycan çayçıları yeni mövsümün ilk məhsulunu yığmaqdadır. Hələlik, yerli fermerlər Şri-Lanka çayçılarından çox geri qalırlar. Bunun məsuliyyəti isə təkcə onların çiynində deyil. Görünür, çay emalçıları yerli fermerləri dəstəkləməkdənsə, gömrükçülərlə dil tapıb əcnəbi fermerlərin yetişdirdiyi məhsulu almağa daha çox üstünlük verirlər. Beləcə, xoruzquyruğu və pürrəngi çay korrupsiya bulantısına çevrilir...

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG