Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:25

Fosforlu mərmiyə görə cinayət işi


Minaaxtaran
Minaaxtaran

-

Ermənistan silahlı bölmələrinin mülki əhaliyə qarşı qadağan olunmuş silahdan istifadə etməsi iddiası ilə cinayət işinin başlandığı bildirilir.

Bu barədə Hərbi Prokurorluğunun Mətbuat Xidmətindən APA-ya məlumat verilib.

Məlumatda qeyd edilir ki, Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Tərtər rayonunun cəbhəyanı Əskipara kəndi ərazisində qadağan olunmuş top mərmisi aşkarlayıb.

Həmin mərmini Ermənistan ordusunun atdığı deyilir.

Məlumatda qeyd edilir ki, mərmi kimyəvi tərkiblidir.

Hərbi Prokurorluğunun xüsusi istintaq şöbəsinin əməkdaşları top mərmisi düşən əraziyə baxış da keçiriblər:

«Bu, hərbi sursat növünə aid olan, daxilində 3.6 kiloqram P-4 (ağ fosforun kimyəvi kodu) kimyəvi tərkibli olan D-4 (tüstülü mərmi) tipli 122 millimetrlik top mərmisidir. Bu tip kimyəvi tərkibli mərmilərdən istifadə etməklə Ermənistan silahlı qüvvələri 1949-cu il müharibə qurbanlarının qorunması haqqında Cenevrə Konvensiyasını və həmin Konvensiyaya 1977-ci ildə qəbul edilmiş əlavə protokolları pozublar».

Məlumatda habelə, «Adi silahların konkret növləri haqqında Konvensiya»nın III (1980), eləcə də kimyəvi silahların istehsalı və tətbiqinin qadağan olunmasına dair BMT Konvensiyasının müddəalarının kobud şəkildə pozulduğu bildirilir.

Hərbi Prokurorluq qeyd edir ki, faktla bağlı cinayət işi açılıb:

«Ermənistan hərbi birləşmələrinin qadağan olunmuş mərmilərdən istifadə etməsi faktına görə CM-nin 29.120.2.7 (iki və daha çox şəxsi öldürməyə cəhd etmə), 29.120.2.12 (milli, irqi, dini ədavət və düşmənçilik niyyəti ilə adam öldürməyə cəhd etmə) və 116.0.16-cı (Azərbaycanın tərəfdar çıxdığı dövlətlərarası müqavilələrlə qadağan edilmiş silahları münaqişələrdə tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda Respublika Hərbi Prokurorluğunda iş üzrə ibtidai araşdırma davam etdirilir»

ANAMA həmin mərmini aprelin 10-da Tərtər rayonunun cəbhəyanı Əskipara kəndi ərazisində aşkarladığını bildirirdi. Mayın 11-i isə bu 122 millimetrlik ağ fosfor mərmi zərərsizləşdirilib.

Azərbaycan Müdafiə Nazirliyi də həmin mərminin qadağan olunduğunu açıqlamışdı. Müdafiə Nazirliyinin kimya xidmətinin zabiti Müstəcab Niyarov mərmini belə tanıdırdı:

«Bu tip mərmilər partlayan zaman 15-20 metr radiusda ətrafa səpələnir və zəhərli ağ tüstü buludu yaradır. Həmin tüstü buludu bütün canlı orqanizmlər üçün ciddi təhlükə mənbəyidir. Küləyin sürəti və istiqamətindən asılı olaraq, bu radius daha da arta bilər».

Azərbaycan Xarici İşlər Nazirliyi isə mayın 11-də xarici ölkələrin hərbi attaşelərinin bölgəyə səfərini təşkil edərək həmin mərmini onlara göstərmişdi.
Ermənistan Müdafiə Nazirliyindən isə mülkü əhalinin yaşadığı əraziyə qadağan olunmuş ağ fosforlu top mərmisi atmaları ilə bağlı Azərbaycan tərəfinin iddialarını təkzib etmişdilər.

XS
SM
MD
LG