Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:37

“ABŞ-la bağlı layihənin qəbulu gündəmdə deyil”


Zahid Oruc
Zahid Oruc

►“Rövşən Rzayevin hazırladığı layihə cavab reaksiyası kimi nəzərdə tutulmuşdu”

Ötən ilin dekabrında ABŞ Konqresinin üzvü Chris Smith “Azərbaycan Demokratiya Aktı” adlı qanun layihəsi hazırlamışdı. Layihə müəllifi Azərbaycanın bəzi yüksək rütbəli məmurlarına sanksiyalar qoyulmasını təklif edirdi. Onun söylədiyinə görə, məqsəd bu yolla Azərbaycan siyasi hakimiyyətinin jurnalistləri, müxalifəti və vətəndaş qruplarını susdurmağa yönəlik cəhdlərinə diqqət çəkmək idi.

Bu təklif cavabsız qalmadı. Milli Məclisin üzvü Rövşən Rzayev “ABŞ-da insan haqlarının vəziyyəti haqqında” qanun layihəsi hazırlayaraq təmsil olunduğu komitəyə təqdim etdi. O, ABŞ-la ticarət, energetika, hərbi və təhlükəsizlik sahəsində əməkdaşlığa son qoyulmasını təklif edirdi.

Üç ay öncə deputat AzadlıqRadiosuna bu sənədin onun üzvü olduğu Hüquq siyasəti və dövlət quruculuğu komitəsində müzakirə edildiyini bildirmişdi. Amma aradan aylar keçsə də, layihə müzakirəyə çıxarılmır. Baxmayaraq ki, zaman-zaman okeanın o tayında və ya beynəlxalq qurumlarda Smith-in hazırladığı layihə yada salınır və onun qəbul edilməsinə çağırışlar edilir.

Milli Məclisin üzvü Zahid Oruc AzadlıqRadiosuna deyir ki, buna səbəb ABŞ-Azərbaycan münasibətlərinin normallaşmasıdır.

Yada salaq ki, ötən il həm də iki ölkə arasında münasibətlərin soyuması, qarşılıqlı tənqid və ittihamlarla yadda qalıb. Azərbaycanın rəsmi mediası zaman-zaman Birləşmiş Ştatları Azərbaycanın işlərinə qarışmaqda suçlayır, hətta ötən ilin yayında Bakıda keçirilən Avropa Oyunları ərəfəsində Vaşinqtondakı bəzi dairələrin Azərbaycanda təxribat hazırlaması planlarını “ifşa etdiyini” bildirirdi. Amma Zahid Oruc bütün bunların geridə qaldığını düşünür:

– Amerika-Azərbaycan münasibətlərinin xarakteri kifayət qədər müsbət istiqamətdə dəyişib. Həm ölkə başçısının ABŞ-Azərbaycan Ticarət Palatasına daxil olan şəxsləri, biznes adamlarını qəbul etməsi, həm Birləşmiş Ştatlara məlum səfər, eyni zamanda orda Joe Biden (ABŞ-ın vitse-prezident) və John Kerry (ABŞ-ın Dövlət katibi) ilə görüş, həm də Amerika administrasiyasının verdiyi bəyanatlar fonunda düşünmürəm ki, parlamentdə bu sənədin qəbulu və ya müzakirəsi aktual olsun. Xüsusən də səfirlik və adıçəkilən ölkənin siyasi elitası Azərbaycanın ərazi bütövlüyünə vurğunu daha kəskin şəkildə edir. Milli Məclis də dövlətin yürütdüyü siyasət xəttini dəstəkləyir, təbii ki. Əlbəttə, hər bir həmkarımıza hörmətlə yanaşıram. Rövşən Rzayev dəyərli parlament üzvlərindən biridir. Amma onun bu mövqeyə gəlməsi subyektiv yanaşmalarının, təhlillərinin nəticəsi idi.

____________________________________________________________

Bunlara da bax:
Gənc fəallara 4 aylıq həbs- [Video]
Prezident vəzifəsindən kənarlaşdırıldı

____________________________________________________________

– O zaman sözügedən layihə arxivə gedir?

– Hazırkı dövrdə, Amerika-Azərbaycan əlaqələrinin sanksiyalar üzərindən qurulması tərəfdarlarının sayı, ən azı, bizim tərəfdən qat-qat azalıb. Belə olan halda, dediyim kimi, həmin layihənin müzakirəyə çıxarılması, qəbulu gündəmdə deyil. Amerikanın bizə münasibətində xeyli dəyişiklik var və Azərbaycan da buna qarşılıq verir. Rövşən Rzayevin hazırladığı layihə cavab reaksiyası kimi nəzərdə tutulmuşdu. Amerika Konqresində sanksiyalar planı müzakirəyə çıxarılmışdı. Konqresmenlər, hüquq mərkəzləri, Azərbaycan hakimiyyətindən narazı olan soydaşlarımız da bu işə cəlb edilmişdi. Amma bu mübarizənin kəskinlik dərəcəsi artıq aşağı düşüb. Bu əsnada Azərbaycanın israrla bu layihə üzərində dayanması real deyil.

– Belə başa düşmək olar ki, həmin sənəd layihəsi Konqresdə müzakirəyə çıxarılarsa, Milli Məclis də layihəni masanın üzərinə qoyacaq?

– Hər halda, biz Amerika ilə əlaqələrin pozulmasını deyil, qarşılıqlı səfərlər, üstün səviyyədə danışıqlar, hətta bu sənədin müəlliflərinin Azərbaycana dəvətinə tərəfdarıq. Bəllidir ki, Amerika ilə Azərbaycan dünya siyasətində eyni yeri tutmurlar. Amma Azərbaycana da aşağılayıcı nəzərlə baxılması düz deyil. Hər halda, Azərbaycanın regionda özünəməxsus çəkisi var. Bu üzdən ola bilər ki, qarşılıqlı sanksiyaların tətbiqi başqa – üçüncü dövlətlərin maraqlarına xidmət etsin. Ancaq bu iddiaya düşənlərin heç də hamısı antiazərbaycan, iranpərəst və ya məhəlli maraqlar üzərində qərarlaşan insanlar deyil. Əksinə, açıq deyim, Rövşən Rzayev parlamentdə ən qərbpərəst, antirusiyaçı deputatlardan biridir. Qarabağ icması səviyyəsində ona böyük hörmət var. Bu insanın belə bir mövqe sərgiləməsində məqsəd təkcə Amerikada bu layihəni hazırlayanları geri durmağa səsləmək deyildi. Məncə, bu ölkənin siyasi rəhbərliyinə “Sözügedən məsələlər ətrafında danışıqlara, müzakirələrə ehtiyac var” mesajı idi. Bu da qəbul edildi, diplomatik kanallar işə düşdü, ən azı, qapılar bağlanmadı, media üzərindən danışmaq mərhələsi arxada qaldı. İndi görünən budur ki, ABŞ tərəfindən də bu istəklər artıb. Xüsusən də Dağlıq Qarabağ münaqişəsinin belə bir həssas dönəmində Azərbaycanda Amerika ilə münasibətləri qırmaq istəyənlərin sayının çox olduğunu düşünmürəm, əksinə, belələrinin sayı qat-qat azdı.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG