Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:05

Elşən Böyükvənd. Söz haqqında söz


Elşən Böyükvənd
Elşən Böyükvənd

-

G.Flaubert demişkən, “həyatım sadə və səssiz olduğu üçün orada cümlələr hadisələrdir”

Elşən Böyükvənd

Gərginlik Titrəyişi

“Mənim heç zaman yazmaq adətim olmayıb. Çünki yazmıram. Söz, içimdə qalır və hər an yeni bir sima məndə peyda olur”. Şəms-i Təbrizi

“Yazıçı, öz kitabı ilə intim münasibətdə olandır”. Rza Bərahəni ("Ayazın duzəxli günləri" romanı)

Şair və yazıçı sayxınlıq (sakitlik, səssizlik mənasında. Arazın o tayında işlənən yerli söz) mağarasından dilin alatoranlığına doğru yolçuluğa çıxır.

Yazmaq içini sözün sonsuz şəhvətinə tapşırmaqdır. Söz səsli və səssizlərin əbədi toqquşması oylağında yaranır, doğulur və boy atmağa başlayır.

Yazıçı Ana-Ata rolunu oynayır. O, özünü boylu edən və boylu olan bir varlıqdır. Əbədi bir orqazm içindədir. Utanqac, sırtıq və yəhərsiz sözlər alayının qızması-qızarması ilə döyüş səfərbərliyi marşı çalınır.

Yazıçılıq söz odu dilimlərinin ruhun göysünə qırmanc vurmasına dözüm gətirməkdir. Şair isə xəyal ölkəsinin sürgün işçisidir. Səsini, iniltilərini və səssizliyinin köksünü iti dırnaqları ilə didən qələmin ucuna könlünü bağışlamq kimi bir dəliqanlılıqdır, yazmaq. Yazıçı və şair xəyalı, içini, gözəlliyi bölüşüb, paylaşandır.

Əbədi bir gərginlik titrəyişi içindədir yazıçı. İçində baş verən güclü yeraltı təkandan sonra dağılan yox, qurulan söz saraylarının yaradıcısıdır, o. Düşü, düşüncəsi və baxış coğrafiyasını çulğalayan tarixin kabusları qasırğasının belinə minən bir elçi, bir sehirbazdır.

Füzuli (1494 – 1556). Xəyali portret
Füzuli (1494 – 1556). Xəyali portret

Şəhvani sözün çağırışından boyun qaçırmaq olmaz. Kağız üstə sərilməsi və qıvrılması beynində canlanlanmağa başlayar. Uzaqdan gözlərini qamaşdıran görüntülər və işıq naxışlarına tapşırırsan gözünü. Baxımaq boyalar düzənliyi qoynunda gözünlə nəsnələrin toyunu keçirməkdir.

Sözün çağırışı sırğalanıb qulağıma. Lay-lay sözüm lay-lay, lay-lay gözüm lay- lay. Gövdəsinin isindiriciliyində ürəyimin əllərini qızışdırmağım gəlir. Uzanması, qıçını qıçının üstə atması, döşləri, ah o döşlər, o şirin-qaraşın döşləri, könül yarası-ruhumun yarısıdır. Sözün döşündən əmdiyim burnumdan gələsidir bir gün. Ölüm günü, əmdiyim söz südünün quruyacağı gündür.

Kağızlar və kitablardakı sözün hənirtisi idi mi? Yoxsa qulağımdaki sırğanın vəcdə gəlməsi? Bilmirəm.

Nəsə qoynuna almış məni, içini içimə sarmış bir yuxunun içindəcə gözümü açıb gördüyüm ilk görüntüləri, ilk sözü ovlamağım gəlir. Sözü və görüntüləri gözüm və dilimlə talan etməyim gəlir. Söz yağmaçılığı, söz talançılığı istəyi var yuxularımda. Şair, yazıçı amansızcasına söz xəzinəsi soyğunu ilə uğraşan bir dəliqanlıdır

Söz kağıza anlam bağışlayan, kağıza can verəndir. Yazıçının boşalması ilə söz kağız kürəsi üstə dünyaya göz açır. O, sözün dilçəyini dili ilə oynadan və dodağı ilə somuran əbədi bir aşiqdir.

Şair, dil ilə dilləşməkdən sonra dilin sərhədləri içinə ayaq qoyur. O, varlığı və gözəlliyi misralaşdırandır. Dilin sonsuzluq sərhədləri içində çapan, qoşan və dilin vətəndaşlığını qazanandır. Dilin vətəndaşlığını qazanmaq şair və yazıçı üçün qutludur, mübarəkdir. Sözün vətəndaşlığını qazanana siyasi vətəndaşlıq gərək deyil.

Necə də çəkicidir, ah, qaraşın gözəl. Günəşin dilindən qaça, yayına, qoruna bilməz gövdənin gözəlliyi, susuzluğu. Ayaq barmaqlarından deyil, saçından yağar sənə, yuyundurar səni. Sözün qızmarlığı odunundan alovlanmış günəş göydən axır sənə, içinə.

Yazıçının öyünəsi bir nəsnəsi yox, dildən başqa. Dildə yaratdığı cümlələr, gözəlliklər, cəhənnəmlər və hadisələrdən savayı. G.Flaubert demişkən, “həyatım sadə və səssiz olduğu üçün orada cümlələr hadisələrdir.”

Mövlana, Hafiz, Füzuli, Nəsimi və Nizaminin vətənsizliyinin sirrini onların siyasi coğrafiya içində deyil, dilin coğrafiyası çərçivəsində yaşamağında görmək lazımdır.

Arif, sufi öz içində və şair, yazıçı isə dilin içinin içində yaşayır.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG