Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:19

«Xalq işsiz dayanmır, yoxsullaşmaqda davam edir»


Heydər Əliyev
Heydər Əliyev

-

Qarabağ münaqişəsi, keçmiş prezident Heydər Əliyevin siyasi fəaliyyəti, ölkədəki iqtisadi vəziyyət və yoxsulluq bu gün medianın aparıcı mövzusudur.

HÜQUQLARIN TƏMİNATÇISI

«Azərbaycan» qəzeti keçmiş prezident Heydər Əliyevin anadan olmasının 93-cu ildönümü ərəfəsində onun siyasi fəaliyyəti ilə bağlı silsilə yazıların çapını davam etdirir.

«Heydər Əliyevin müəllifi olduğu Konstitusiya insan hüquq və azadlıqlarının etibarlı təminatçısıdır» sərlövhəli məqalənin müəllifi parlamentin vitse-spikeri Ziyafət Əsgərovdur.

Məqalədə 1995-ci il noyabrın 12-də qəbul edilən konstitusiya həm fərdi azadlıqların, həm də azsaylı xalqların Azərbaycanda hüquqlarının qorunmasında mühüm hadisə kimi dəyərləndirilir. Vitse-spiker yazır:

«Ulu öndər Heydər Əliyev yüzillər boyu Azərbaycanda formalaşmış bu milli keyfiyyətin və cəmiyyətimizdəki etnik-mədəni müxtəlifliyin qorunub saxlanmasına, təşviqinə xüsusi həssaslıqla yanaşırdı. Azərbaycanın bütün xalqların ümumi vətəni olduğunu dönə-dönə vurğulayırdı».

Daha sonra müəllif H.Əliyevin azsaylı xalqlara münasibətindən bəhs edir: «Ümummilli lider milli azlıqlarla keçirilən görüşdə deyib: «Mən görüşlərimi milli azlıqların nümayəndələri ilə görüş adlandırmaq istəməzdim. Bu Azərbaycanın, Azərbaycan xalqının nümayəndələri ilə görüşdür».

Əli Kərimli
Əli Kərimli

ƏLİ KƏRİMLİDƏN «İFLAS» XƏBƏRDARLIĞI

«Manatın 2 dəfə dəyərdən düşməsi, işsizlik, bahalaşma xalqımızın real yaşayış səviyyəsini çox ciddi şəkildə pisləşdirib».

Bu, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin «Azadlıq» qəzetinin bugünkü sayında yer alan fikirdir.

AXCP sədri bildirir ki, ölkə iqtisadiyyatı uçurumun dibinə getməkdədir: «Neftin qiyməti bir tərəfə, onun istehsalı belə bu ilin 3 ayı ərzində ötən il ilin eyni dövrü ilə müqayisədə 15 faiz azalıb».

Ancaq Əli Kərimlinin düşüncəsinə görə, əsl problem ölkənin real vəziyyəti ilə bağlı xalqa yalan məlumatlar verilməsindədir: «Xalqa yalandan ümid verirlər ki, qeyri-neft sektorunu inkişaf etdirəcəklər. Yalandır. İlin ilk 3 ayında qeyri-neft sektoru üzrə ixracdan gəlirlər 38 faiz azalıb və bu azalma davamlı olacaq. Çünki qeyri-neft sektoruna 3 aylıq kapital qoyuluşu yenə də ötən il ilə müqayisədə 80 faiz azalıb».

Əli Kərimli hakimiyyətin ölkəyə xarici sərmayə cəlb edəcəyinə inanmır. Onun bildirməsinə görə, bu ilin ilk 3 ayı ərzində ötən ilin analoji dövrü ilə müqayisədə ölkəyə təqribən 24 faiz az sərmayə cəlb edilib. Ə.Kərimli bunun səbəblərini belə izah edir: «Elə vəziyyət yaradıblar ki, hətta burada olan xarici şirkətlər də ölkədən gedir. Təkcə 2015-ci il ərzində 71 xarici şirkət və nümayəndəlik bağlanıb».

AXCP sədri hökumətə səslənərək sosial-iqtisadi böhranı durdurmaq məqsədi ilə onları təcili tədbirlər görməyə çağırır. O, əks halda böhranın iflas mərhələsinə keçəcəyini deyir.

Bazar
Bazar

YOXSULLUĞU PƏRDƏLƏMƏK

«Novoye Vremya» qəzetində isə «Yoxsulluq bataqlığından necə çıxaq?» sərlövhəli məqalə dərc edilib. Müəllif vəziyyəti satirik üslubda dəyərləndirməyə çalışıb: «Xülasə, hakimiyyət əvvəlki illərdə edə bilmədiklərinin yerini doldurmaq istəyir. Xalq da işsiz dayanmır, yoxsullaşmaqda davam edir».

Məqalədə mağazaların, marketlərin sürətlə bağlanmasına diqqət çəkilir. Əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsindən bəhs edilir: «Birinci rübdə əhalinin gəlirləri 10 faiz artıb. Amma məlum olur ki, inflyasiya həmin artımı «yeyib». Üstəgəl, mart ayında qiymətlər 10 faiz, ərzaq isə 13 faiz bahalaşıb».

Müəllif yazır ki, bu ilin birinci rübündə əhalinin gəlirlərinin 81 faizi sırf qida məhsullarına gedib: «Düzdür, hakimiyyət bütün sosial öhdəliklərin yerinə yetirilməsi haqda bəyanatlar verməklə əhalinin həyat səviyyəsinin sürətlə pisləşməsini etiraf etməkdən yayınır. Amma bu, ölkədə yoxsulluğu pərdələmək məqsədi ilə edilir».

Müəllifin düşüncəsinə görə, hakimiyyət mövcud vəziyyəti etiraf etməməklə insanları yoxsulluq girdabına sürükləyir.

Azərbaycan ordusu
Azərbaycan ordusu

AZƏRBAYCANIN MÖVQE ÜSTÜNLÜKLƏRİ

«Yeni Müsavat» qəzeti Müdafiə Nazirliyi mətbuat xidmətinin bəyanatındakı «nə qədər ki, torpaqlarımızı tərk etməyiblər, hər an hücum ola bilər» fikirlərini müharibə anonsu kimi dəyərləndirir.

Daha sonra yazıda aprel ayının əvvəlində cəbhə bölgəsində baş verən hərbi əməliyyatlara toxunulur və bu, Azərbaycanın mövqe üstünlükləri əldə etməsi kimi qiymətləndirilir.

Məqalədə Ermənistanın «Dağlıq Qarabağ Respublikası»nı tanımaq istəməsi və ABŞ-ın bu məsələdə əks mövqe sərgiləməsi dəyərləndirilir: «Ermənistan tezliklə konstruktiv mövqe tutmadığı halda Amerikanın bu mövqeyi Azərbaycanın, ən azı, bir neçə rayonu azad etmək üçün əl-qolunu aça bilər».

Məqalədə qeyd edilir ki, 4 günlük aprel savaşı zamanı erməni lobbisinin hay-küyünə baxmayaraq, Ağ Ev Azərbaycanın işğalçıya qarşı cəza əməliyyatı aparmasına kifayət qədər təmkinli yanaşıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG