Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:21

Ermənistanda Qarabağın müstəqilliyi müzakirəyə çıxarılır


İlham Əliyev
İlham Əliyev

-

Dağlıq Qarabağ münaqişəsi, hakimiyyət-müxalifət münasibətləri və inhisarçılıq bu gün medianın aparıcı mövzusudur.

QÜDRƏTLİ ORDUNUN MƏĞRUR SƏRKƏRDƏSİ

«Azərbaycan» qəzetində «Qüdrətli ordunun məğrur sərkərdəsi» başlıqlı yazı dərc edilib. Yazının müəllifi, qəzetin baş redaktoru, deputat Bəxtiyar Sadıqovdur.

Youtube Kanalımıza abunə olun - Ölkədəki xəbərlərin videosunu izləyin

Məqalədə prezidentin cəbhə bölgəsinə səfəri kontekstində Qarabağ münaqişəsi ətrafında son günlər baş verən hadisələr dəyərləndirilir: «Ordumuz tərəfindən ağır məğlubiyyətə düçar edilən Ermənistan silahlı qüvvələri təmas xəttindəki və döyüş bölgəsinə yaxınlıqdakı kəndləri top, tank, «Qrad» atəşinə tutaraq böyük dağıntılar törətmişdi. Nəticədə 500-dən çox evə ziyan dəymiş, 100-dən artıq ev isə tamamilə dağıdılmışdı. Mülki əhali arasında ölənlər və çoxsaylı yaralı vardır. Ali Baş Komandan vəziyyətlə yerində tanış olmaq istəyirdi».

Məqalədə prezidentin münaqişənin həlli istiqamətində səyləri çox yüksək qiymətləndirilir. Deputat, baş redaktor yazır: «Qaçqın rayonunun təmsilçisi olaraq səmimi və mübaliğəsiz söyləyirəm: Azərbaycanda Dağlıq Qarabağ münaqişəsinin ən tez zamanda həllini cənab İlham Əliyev qədər istəyən ikinci adam tanımıram! Dağlıq Qarabağ probleminin həlli yolunda ölkə prezidenti qədər də çalışan, səy göstərən, iş görən ikinci insan yoxdur!».

Serzh Sarkisian Xankəndində.
Serzh Sarkisian Xankəndində.

BEYNƏLXALQ QURUMLARA ŞANTAJ?

«Görünür, təcavüzkarın faktiki çöküş isterikası özünü yeni çalarlarla göstərir».

«Novoye Vremya» qəzetində dərc edilən «Təcavüzkarın diplomatik şantajı» sərlövhəli məqalədə «Dağlıq Qarabağın tanınması» məsələsinin mayın 5-də Ermənistanda hökumətin müzakirəsinə çıxarılacağı ilə bağlı deyilənlər belə dəyərləndirir: «Bu, təkcə təxribat deyil. Bu, beynəlxalq birliyi, o cümlədən ATƏT-in Minsk Qrupu və BMT-ni şantajdır. Amma bu qurumlar niyə susurlar? ...Elə ki, ermənilər burunlarının üstünə zərbə alırlar, bu avantüra dərhal masa üstünə yatırılır. Amma erməni tərəf layihəni qanuna çevirə bilməyəcək».

Müəllif son fikirlərini belə əsaslandırır: «İndiki Ermənistan rəhbərliyi aztəhsilli olsa da, başa düşür ki, bu «tanıma» təkcə ATƏT-in Minsk Qrupunun sonu deyil, həm də mümkün müharibənin başlanğıcıdır».

Məqalədə beynəlxalq qurumların bu məsələyə susqun yanaşmaları ciddi tənqid edilir.

Levon Ter-Petrossian
Levon Ter-Petrossian

MÜXALİFƏTLƏRƏ FƏRQLİ MÜNASİBƏT

«Azadlıq» qəzetində isə «Müxalifət liderləri Qarabağa getsəydi...» adlı yazı dərc edilib. Məqalədə Ermənistan və Azərbaycan hakimiyyətlərinin müxalifətlərə münasibətləri təhlil edilib. Müəllif qeyd edir ki, Ermənistan hakimiyyəti keçmiş prezident, hazırkı müxalifət Levon Ter-Petrossian-ın Dağlıq Qarabağa getməsinin qarşısını almır.

Ancaq Azərbaycanda müxalifət partiyasının liderinin evinin qarşısında hər gün təşkil olunmuş aksiyalar keçirilir: «Azərbaycanda mənzərə tamam fərqlidir və bu «qara» mənzərəni hakimiyyət yaradıb. Azərbaycanda Rusiya səfirliyi qarşısında hansısa təşkilat aksiya keçirsəydi, indi AzTv-lər bu təşkilatı ölkənin bir nömrəli düşməni kimi təqdim etmişdi. Həbslər, təzyiqlər baş vermişdi.

Fakt budur ki, orduya birmənalı dəstək verən, müharibə davam etdiyi müddətdə hakimiyyəti təftişdən imtina edən AXCP sədrinə qarşı iyrənc bir kampaniya başladı. Bəli, Ermənistan prezidenti müxalifətlə müharibə müzakirəsi apardığı vaxtda, Azərbaycan hökuməti müxalifət liderinə qarşı müharibə elan edir».

Müəllif yazır ki, alternativləri sıradan çıxarmaqla yalnız müəyyən müddətə hakimiyyət kürsüsünü qorumaq olar, ərazi bütövlüyünü yox.

Oqtay Haqverdiyev
Oqtay Haqverdiyev

AZƏRBAYCANDA İNHİSARÇILIQ QƏDİMDƏN QALIB

«İnhisarçılıq fəaliyyəti və rəqabətin məhdudlaşdırılması əleyhinə maddələrin sərtləşdirilməsi yaxşıdır. Amma problem ondan ibarətdir ki, bu məsələyə nəzarət mexanizmi yoxdur».

İqtisadçı Oqtay Haqverdiyev bunu «Exo» qəzetinə deyib.

Onun fikrincə, Azərbaycanda inhisarçılığa qarşı mübarizə sözdən işə keçməyəcək: «Azərbaycanda iri həcimdə inhisarçılar var və bu problem birinci il deyil ki, mövcuddur. Sahibkarlar bu səbəbdən Azərbaycan bazarına tam həcmdə təsir edə bilmirlər. Bundan əlavə, ölkədə inhisarçılar malların qiymətlərini qaldırırlar».

Ekspert hətta devalvasiyadan sonrakı qiymət artımında da inhisarçıların müəyyən qədər rolları olduğunu düşünür: «İnhisar olmasaydı, devalvasiyadan sonra belə sərt və kəskin qiymət artımı ola bilməzdi. İnhisar və ölkədə rəqabətin olmaması müasir iqtisadiyyatın ən aktual mövzusudur. Bazarı inhisarçı yox, tələb-təklif sistemi tənzimləməlidir».

İqtisadçı son vaxtlar korrupsiyaya qarşı mübarizə aparılmasını hökumətin istəyi yox, xarici ölkələrin bunu Azərbaycandan tələb etmələri ilə izah edir O.Haqverdiyev düşünür ki, bu mübarizədə bəzi şəxslər həbs ediləcək, amma korrupsiyanın kökü kəsilməyəcək.

İqtisadçı düşünür ki, əsas məsələ siyasi iradənin olmasıdır.

Həmçinin bax - AzadlıqRadiosu Youtube Kanalında izləyin:

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG