Vergi və sosial sığorta haqlarının ödənilməsindən yayınanlara qanunda nəzərdə tutulan cəzalar ağırlaşdırılır. Parlament bununla əlaqədar Cinayət Məcəlləsinin 213-cü maddəsinə (vergi ödəməkdən yayınma) əlavə və dəyişikliklər layihəsini müzakirəyə çıxaracaq.
APA-nın xəbərinə görə, layihə təklifi prezidentdən gəlib.
Layihədə maddənin 1-ci bəndinə edilən dəyişiklikdə vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınmaya görə, ziyanın 2 mislindən 4 mislinə qədər cərimə nəzərdə tutulur. Habelə 3 ilədək müəyyən vəzifə tutma hüququndan məhrum edilmək və ya 3 il həbs cəzası.
Qüvvədə olan mətndə vergidən yayınmaya görə, 1000 manatdan 2000 manatadək cərimə, iki ilədək islah işləri və ya üç il həbs nəzərdə tutulur.
Maddənin 2-ci bəndinə təklif edilən dəyişiklikdə də cərimə sanksiyası ağırlaşdırılır. Vergidən yayınanların vurulmuş ziyanın 3 mislindən 5 mislinə qədər cərimə ödəməsi nəzərdə tutulur.
Layihə parlamentin plenar iclasında müzakirə ediləcək.
Eyni zamanda gömürük ödəmələrindən yayınmaya görə, də cəzanın ağırlaşdırılacağı gözlənilir.