Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:16

Rəsul Rzanın qızı: Nəsiminin qohumuyla söhbət etdik


İstanbulun Topqapı sarayında Nəsiminin əlyazması
İstanbulun Topqapı sarayında Nəsiminin əlyazması

-

"Məsləhətləşib qərara gəldik ki, oraya səhər gül alıb gedək..."

Fidan Rzayeva

Suriya xatirələri

Artıq iki ay idi ki, Suriyada işləyirdim. Ev üçün, Bakı üçün və xüsusilə atam və anam üçün çox darıxırdım.

Gecələr yuxuda Bakının küçələrini görürdüm: gah Qız Qalasının yanında qəzet köşkündən nə isə alır, gah "Nərgiz" kafesinin yanından ötür, gah Nizami muzeyinin arxasından yolu keçirdim. Günləri sayırdım, bu bir ilin bir zaman axıra çatacağı, yenə də evə qayıdacağım mənə əlçatmaz, gözəl bir xülya kimi görünürdü.

Bir gün yaşadığımız Tabka adlanan yerdən 30-40 km aralı yerləşən Rakka şəhərinə getdik. Axşam idi.

Rəsul Rza
Rəsul Rza

Restorana girib bir az şam etdik, sonra qəhvə içdik. Qəhvəni içib qurtaranda, mən fincanı çevirib nəlbəkiyə qoydum.

Restoranın sahibi, Ohanes adlı Türkiyə ermənisi idi. Stolumuza yanaşıb, bizimlə söhbət etməyə başladı, sonra mənə müraciət edib, "fıncanı niyə çevirmisiniz, qəhvədə fala baxa bilirsiniz?" — dedi.

- Yox, - dedim, - amma çox istərdim.

Ohanes:

- Mənim anam yaxşı fala baxır - dedi - indi çağıraram, gələr. Bir azdan qara paltarlı, qoca, arıq bir qadın gəldi, bizimlə çox mehriban görüşüb, stolumuzun qırağında əyləşdi, sonra bir-bir fincanlarımızı götürüb türkcə danışmağa başladı.

Mənim fincanıma baxıb dedi:

- Bir neçə gündən sonra bir nəfər hündürboylu oğlan sənə heç gözləmədiyin xoş xəbər deyəcək, çox sevinəcəksən.

Bir neçə gün keçdi. İdarədə oturmuşdum. Mənimlə üzbəüz oturan ərəb oğlan qəzet oxuyurdu. Birdən başını qaldırmadan dedi:

"Dəməşqə Azərbaycandan nümayəndə heyəti gəlib. Ona Azərbaycan SSR Nazirlər Sovetinin sədr müavini Süleyman Vəzirov başçılıq edir." Bu sözləri eşitdikdə yerimdən sıçrayıb elə içimi çəkdim ki, oğlan diksindi

- Sənə nə oldu? — deyə təəccüblə soruşdu:

- Necə yəni nə oldu, Süleyman Vəzirov Əbdürraufun atasıdır (ərəblər yoldaşım Raufa Əbdürrauf deyirdilər), mənim qayınatam. Qaçıb Raufa zəng etdim (O, hidromexanizator idarəsində işləyirdi).

Səhərisi gün Dəməşqdən xəbər gəldi ki, Raufu və məni sovet səfiri Dəməşqə çağırır. Tez yığışıb Hələbə, ordan da taksi tutub Dəməşqə getdik. Ramazan ayı idi. Ərəblər oruc tuturdu, səhər gün çıxandan axşam gün batana qədər nə yemək, nə içmək, nə də siqaret çəkmək olardı.

Axşam saat 5-də taksidəki radiodan top atəşinin səsi eşidildi, (bu atəşdən sonra artıq yeyib-içmək olar). Sürücü o dəqiqə maşını saxlayıb, çıxdı, siqaretini yandırıb çəkməyə başladı. Axşam Dəməşqə gəldik, şeylərimizi sovet mütəxəssislərinə məxsus evdə qoyub "Omeyya" otelinə getdik. Bizim nümayəndə heyəti orda qalırdı. Otelə gəlib bizimkiləri soruşduqda dedilər ki, yoxdurlar, Bosraya gediblər.

Bosra Dəməşqin yaxınlığında qədim şəhərdir. Orada romalılar dövründən qalmış amfiteatr var, adətən turistləri oraya ekskursiyaya aparırlar. Mən otelin işçisindən nümayəndə heyətinin siyahısını göstərməyi xahiş etdim.

Güman edirdim ki, atam da gəlib, amma dəqiq bilmirdim. Bir neçə saat gözlədim, axır, avtobus gəldi bayıra çıxıb onu qarşıladıq; atam da burada idi.

Gələnlərin arasında bəstəkar Cövdət Hacıyev, ərəbşünas professor Ələsgər Məmmədov, sənətşünas Mürsəl Nəcəfov, müğənni Zeynəb Xanlarova və başqaları da var idi.

Səhərisi gün biz onlar yaşayan otelə köçdük. Bizə nümayəndə heyətini tərcüməçi sifəti ilə müşayiət etmək tapşırıldı. Gündüzlər müxtəlif rəsmi görüşlərə gedir, axşamlar isə birlikdə şəhəri gəzirdik. Sonra Hələbə getdik.

Ümumiyyətlə, rəsmi görüşlər zamanı bizimkilər ərəblərə müxtəlif suallar, verirdi. Suriyada neft istehsalı, tədris məsələləri, tibbi xidmətin vəziyyəti və s. Hələbdə də bələdiyyə rəisinin qəbulunda bu qəbildən çox sual verildi.

Axırda atam da bir sual vermək arzusunu bildirdi. Camaat sual-cavablardan yoruluduğu üçün bir az narazılıq etdi. Atam bir qədər pərt oldu. "Yaxşı, onda mənim sualım qalsın" — dedi. Lakin hamı ondan xahiş etdi ki, istədiyini soruşsun.

Atam bir an ara verib:

- Burada, Hələbdə bizim Nəsimi adlı bir şair basdırılıb. Mən onun qəbrinin yerini öyrənmək istərdim — dedi. Bələdiyyə rəisi işçilərindən birini çağırıb, ona yavaşca nə isə dedi.

Biz orada bir qədər də ləngidik. Gedənə yaxın həmin işçi qayıtdı. Bələdiyyə rəisi onun söylədiklərinə qulaq asıb, bizə müraciət etdi:

- Sizin maraqlandığınız şair Hələb qalasının yanında basdırılıb, istəsəniz indi oraya getmək olar.

Məsləhətləşib qərara gəldik ki, oraya səhər gül alıb gedək. Sabahısı gün dalımızca maşınlar gəlib bizi həmin məhəlləyə apardılar.

O, Hələbin qədim hissəsində qalanın yanında yerləşmişdi. Dar, tozlu küçə ilə gedib, balaca bir həyətə girdik. Həyətdə yan-yana qəbirlər vardı.

Qarşımıza bir oğlan uşağı çıxıb dedi ki, atam evdə yoxdur, gözləyin, indi gedib çağıraram. Bir azdan başında fos papaq, əynində uzun əba, hündürboylu, dolu bir kişi gəldi. Bu, evin sahibi Hikmət Nəsimi idi. O bizi salamlayıb içəri dəvət etdi.

Kiçik birmərtəbəli evin otaqları çox kasıb və köhnə idi. Divarlardan asılan kağız və parça üzərində Nəsiminin şerlərindən beytlər yazılmışdı, otağın bir tərəfində köhnə, süzülmüş bir əsgi ilə örtülü hündürlük var idi, altında sanki meyit yatırdı. Parçanın üzərində ipək sapla tikilmiş müxtəlif yazılar var idi. Mən otaqda olan bütün yazıları vərəqə köçürüb atama verdim.

Sonra Hikmət Nəsimi ilə söhbət etdik. O söylədi ki, öz dükanı var. Orada çadır satmaqla məşğuldur. Böyük ailəsi, çoxlu uşağı var. Məşhur əcdadı haqqında o qədər də məlumata malik deyildi, lakin həyətində Nəsimi nəslindən bir çox adamın qəbri var idi.

Əsl şamaxılı kişilərə oxşayır, fikir verin üzünün cizgilərinə...

Hikmət Nəsimi ilə söhbət etdikdə, atam üzünü bizə tutub dedi: "Əsl şamaxılı kişilərə oxşayır, fikir verin üzünün cizgilərinə".

Doğrudan da Hikmət Nəsimi ərəbdən çox azərbaycanlıya bənzəyirdi, ya bəlkə bizə belə gəlirdi. Amma onun, göründüyü kimi, nəinki əcdadından çox az xəbərdar olması, ümumiyyətlə, sənət və poeziyadan uzaq adam olduğu aşkar idi.

Bir neçə gündən sonra nümayəndə heyətindən bir neçə nəfər İraqa yola düşür, qalanlar isə vətənə qayıdırdı. Atamı ötürəndə ikimiz də çox kövrəldik, gecə-gündüz bir yerdə keçirdiyimiz bu neçə gündən sonra, yenə də uzun müddətə ayrılmaq çətin idi. Qayınatam Süleyman Vəzirov həmişə zarafatcıl, gümrah, hisslərini büruzə verməyən adam, bizi sakit edir, araya başqa söhbətlər qatırdı.

Atam mənə tapşırdı ki, Nəsimi haqqında bacardıqca məlumat toplayım. Bu müəyyən cəhətdən mənim üçün çətin idi: işlədiyimiz Fərat çayı üzərində su-elektrik stansiyasının tikintisi Hələbdən 150 km uzaqlıqda yerləşirdi. Hələbə tez-tez getmək imkanı yox idi.

Lakin, bununla belə, mən bir dəfə imkan tapıb Hələb kitabxanasına getdim. Oranın qoca arxivariusundan Nəsimi haqqında məlumat olan kitabları tapmasını xahiş etdim. O, gedib bir neçə qədim kitab gətirdi, bunlar tarixə aid müxtəlif ərəb müəlliflərinin əsərləri idi. Mən oradan Nəsimiyə aid parçaları seçib, dəftərimə köçürürdüm. Sonra Bakıya qayıtdıqda bunları atama verdim.

Xatirələr

XS
SM
MD
LG