Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:46

Əkrəm Əylislinin ittihamı ağırlaşdırıldı


Əkrəm Əylisli
Əkrəm Əylisli

-

Yazıçı Əkrəm Əylisli hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etməkdə ittiham olunur. İstintaq daha öncə xuliqanlıqda şübhəli bilinən yazıçını bu dəfə Cinayət Məcəlləsinin 315.1-ci maddəsi ilə ittiham edir.

Bunu AzadlıqRadiosuna yazıçının vəkillərindən Elçin Sadıqov deyib.

Vəkilin bildirdiyinə görə, yazıçı ilə birgə aprelin 21-də Hava Nəqliyyatında Polis İdarəsinin istintaq şöbəsində olublar. Şöbədə cinayət işinin hakimiyyət nümayəndəsinə qarşı zorakılıq əməli üzrə davam etdiriləcəyi haqda onlara məlumat verilib.

Hava Nəqliyyatında Polis İdarəsi işi Bakı Şəhər Prokurorluğuna göndərib.

Yazıçıya qarşı ittihamlar təsdiqlənərsə, o, 3 ilədək azadlıqdan məhrum edilə bilər.

Əkrəm Əylisliyə qarşı ittihamda onun bu il martın 30-da hava limanında ictimai qaydanı pozması və söyüş söyməsi iddia olunur. İttihama görə, yazıçı Dövlət Sərhəd Xidmətinin əməkdaşı Nihal Seyidova zərbə endirib.

Ə.Əylisli ittihamları qəbul etmir. Heç kəsə qarşı təhqir və fiziki zor tətbiq etmədiyini söyləyir. Yazıçı deyir ki, belə hərəkətlərə nə fiziki, nə də mənəvi durumu imkan verir.

Ə.Əylisli cinayət işinin onun yaradıcılığı ilə bağlı olduğunu açıqlayıb.

Yazıçı ölkəni tərk edə bilməz, istintaq ondan başqa yerə getməmək barədə iltizam alıb.

Ə.Əylisliyə qarşı əvvəlcə CM-nin 221.1-ci maddəsi üzrə ittiham irəli sürülmüşdü. Həmin ittihamda isə 320 saatdan 400 saatadək ictimai işlər, bir il islah işləri və ya bir ilədək həbs cəzası nəzərdə tutulurdu.

XS
SM
MD
LG