Keçid linkləri

2026, 23 Oktyabr, cümə, Bakı vaxtı 15:56

Dünya xəbərləri

Niderland parlamentində Ukrayna səsverməsi

Amsterdamda 6 aprel səsverməsi
Amsterdamda 6 aprel səsverməsi

-

Niderland parlamenti ölkənin Avropa Birliyi-Ukrayna sazişindən çıxmasına çağıran qətnaməni rədd edib.

Avroskeptik Sosialist Partiyasının irəli sürdüyü qətnaməyə qarşı 75 deputat səs verib. 150 yerlik parlamentin 71 üzvü isə sənədi dəstəkləyib.

Aprelin 6-da keçirilən referendumda seçicilərin əksəriyyəti AB-Ukrayna sazişini rədd etmişdi. Səsverməyə ölkənin 12.8 milyonluq seçicisinin 32 faizi qatılmış, 61 faiz Kiyevlə pakta “yox” demişdi.

Sazişi AB-nin qalan 27 üzvü ratifikasiya edib. Hətta Niderlandda da qismən icra olunur. Ötən il parlamentin hər iki palatası onu qəbul edib.

Bütün xəbərləri izləyin

Ukrayna gömrüyünü Aİ-yə köçürür – FT

Rumıniya ilə yeni sərhəd-keçid məntəqəsi
Rumıniya ilə yeni sərhəd-keçid məntəqəsi

Ukrayna gömrük yoxlamalarını sərhəddən Polşa və Slovakiyanın ərazilərinə keçirmək üçün bu ölkələrlə danışıqlar aparır. Məqsəd taxıl ixrac edən yük maşınlarını Rusiyanın dron hücumlarından qorumaqdır. Bu barədə oktyabrın 22-də "The Financial Times" (FT) məsələdən məlumatlı mənbələrə istinadən yazıb.

Ukrayna Xarici İşlər Nazirliyi bildirib ki, Kiyev artıq Moldova ilə birgə sərhəd nəzarəti məntəqələri yaradıb və bu təşəbbüsü Polşa da daxil olmaqla digər qonşu ölkələrin ərazisində də reallaşdırmaq istəyir.

Nazirliyin sözçüsü Heorhi Tıxı FT-yə bildirib ki, bu addım "Rusiyanın sərhədlərimizə qəsdən zərbələr endirdiyi yeni təhlükəsizlik şəraiti" ilə bağlıdır Onun sözlərinə görə, Kiyev Polşa ilə razılaşmanı "mümkün qədər tez" yekunlaşdırmaq istəyir.

Avropa Komissiyası bildirib ki, Moldovaya bütün sərhəd gömrük yoxlamalarını öz ərazisində keçirməyə kömək edir.

Avqust ayından bəri Ukrayna Rumıniya, Moldova və Polşa ilə sərhəd-keçid məntəqələrinə çoxsaylı hücumlar qeydə alıb. Nəticədə sərhədlər boyunca yük maşınlarının uzun növbələri yaranıb.

Ukrayna Gömrük Xidməti bu həftə bildirib ki, Volın vilayətindəki sərhəd-keçid məntəqələrindən birində 1200-dən çox yük maşını Ukraynaya daxil olmaq üçün növbə gözləyir.

Rusiyada böyük yoxlama: Təkcə Moskvadan 6 min 500 miqrant qovuldu

Rusiya azərbaycanlılar üçün qaydaları sərtləşdirir: 'Rüşvət istəyəcəklər'
Gözlə

No media source currently available

0:00 0:02:59 0:00

Oktyabrdan etibarən Sankt-Peterburqda miqrantların patent əsasında işləməsinə qoyulan qadağalar daha da genişləndirilib. Şəhərdə reydlər keçirilir, polis miqrantları kütləvi şəkildə saxlayır və onlara hərbi komissarlıqlara çağırış vərəqələri paylanır.

Rusiya Daxili İşlər Nazirliyinin Moskva vilayəti üzrə idarəsinin rəsmi məlumatına görə, oktyabrın 1-dən 10-dək "Qanunsuz miqrant-2026" (Neleqal-2026) əməliyyatının ikinci mərhələsi keçirilib. Yalnız Moskva vilayətində 6 min 500 əcnəbi ölkədən məcburi qaydada çıxarılıb, 18 min 600 miqrantın isə Rusiyaya girişinə qadağa qoyulub. Ümumilikdə miqrasiya qanunvericiliyinin 16 mindən çox pozulması faktı aşkarlanıb.

Cəza tədbirlərinin təkcə miqrantlara deyil, həm də işəgötürənlərə tətbiq olunduğu bildirilir. Əcnəbilərin əməyindən qanunsuz istifadə edən işəgötürənlər barəsində təxminən 2 min 400 inzibati protokol tərtib edilib.

Pravda.ru yazır ki, ötən həftə Sankt-Peterburqda polis cümə namazı vaxtı məscidlərin ətrafındakı əraziləri mühasirəyə alaraq insanların sənədlərini yoxlayıb. Şahidlərin bildirdiyinə görə, bəzi şəxslərə hərbi komissarlıqlara çağırış vərəqələri də təqdim edilib.

Saxarov mükafatının qalibləri açıqlanıb

Beynəlxalq Cinayət Məhkəməsi
Beynəlxalq Cinayət Məhkəməsi

Avropa Parlamenti akademik Andrey Saxarov adına "Fikir azadlığı" mükafatını Beynəlxalq Cinayət Məhkəməsinə (BCM), həmçinin İran və Tanzaniyadan olan müxalifətçilərə verib. Bu barədə Avropa Parlamentinin sədri Roberta Metsola məlumat yayıb.

Ağ ev hələ iki həftə əvvəl BCM-yə qarşı sanksiyalar tətbiq etmişdi. Bundan əvvəl isə Vaşinqton məhkəmənin ayrı-ayrı hakimlərini və prokurorlarını sanksiya siyahısına salmışdı.

Mükafatın digər qalibləri Tanzaniyadan olan siyasətçi və antikorrupsiya fəalı Tundu Lissu, eləcə də İran rejiminə qarşı etirazlarda iştirak etdikləri üçün təqib olunan 21 yaşlı əkiz bacılar — Təranə və Rominə Rəhimidir.

Tanzaniya parlamentinin keçmiş deputatı olan Lissu 2017-ci ildə sui-qəsddən sağ çıxıb. Həmin vaxt 16 güllə yarası alan siyasətçi ölkəni tərk etmək məcburiyyətində qalıb. 2023-cü ildə geri qayıdanda isə dövlətə xəyanətdə ittiham olunub. Onu bu ittihamla ölüm cəzası gözləyir. Hazırda həbsdə olan Lissu Tanzaniya müxalifətinin əsas simalarından biri hesab edilir.

Rəhimi bacıları 2026-cı ilin yanvarında həbs olunublar. Təranə "Allaha qarşı müharibə aparmaq" ittihamı ilə ölüm cəzasına məhkum edilib, Rominəyə isə 25 il həbs cəzası verilib. Fəallar hazırda İsfahandakı Dövlətabad həbsxanasında saxlanılırlar.

Polşada aborta görə cəzalar qismən ləğv edilir

Sosioloq: 'Cəmiyyət pessimizmdədir' – abortlar doğum sayını keçmək üzrədir
Gözlə

No media source currently available

0:00 0:02:43 0:00

Polşa Seymi abortla bağlı qanunvericiliyi yumşaldan iki qanun layihəsini təsdiqləyib. "Onet" nəşrinin məlumatına görə, deputatlar abortun qismən dekriminallaşdırılmasını və döldə ağır inkişaf qüsurları aşkarlandığı hallarda hamiləliyin dayandırılması hüququnun bərpasını dəstəkləyiblər. Hazırda Avropada bu sahədə ən sərt qanunvericiliklərdən biri məhz Polşadadır.

Birinci qanun layihəsi abort etdirmək istəyən hamilə qadına kömək göstərilməsinə görə cinayət məsuliyyətinin ləğvini nəzərdə tutur. Hazırda buna görə 3 ilədək həbs cəzası düşür.

Hamiləlik qadının sağlamlığına ziyan vurduqda, yaxud uşağın ağır qüsurlu doğulma riski olduqda, həkimlər aborta görə cinayət məsuliyyəti daşımayacaqlar.

Cinayət Məcəlləsinə dəyişikliyin lehinə 217, əleyhinə 213 deputat səs verib, 3 nəfər isə bitərəf qalıb.

İkinci qanun layihəsi döldə ağır patologiyalar aşkarlandığı hallarda hamiləliyin dayandırılmasına icazə verir. Bu layihəni 233 deputat dəstəkləyib, 203 deputat əleyhinə səs verib, bir nəfər isə bitərəf qalıb.

Bu təşəbbüs Polşa Konstitusiya Tribunalının 2020-ci il oktyabrın 22-də çıxardığı qərarın fəsadlarını aradan qaldıracaq. Həmin qərarla döldə ağır inkişaf qüsurları səbəbindən abort edilməsi konstitusiyaya zidd sayılmışdı.

Bu qərar 2021-ci ildə qüvvəyə mindikdən sonra aborta yalnız iki halda icazə verilirdi: qadının sağlamlığı təhlükə altında olduqda və hamiləlik təcavüz nəticəsində baş verdikdə.

2023-cü ilin sonunda hakimiyyətə gələn baş nazir Donald Tuskun liberal "Vətəndaş Koalisiyası" abortla bağlı qanunvericiliyi yumşaltmağı vəd etmişdi. Amma bu islahatlar mühafizəkar siyasi qüvvələrin müqaviməti və hakim koalisiya daxilindəki fikir ayrılıqları ilə üzləşib.

Seymin qəbul etdiyi layihələr hələ növbəti mərhələlərdən də keçməlidir. Aşağı palatadakı səsvermə yeni qaydaların dərhal qüvvəyə minməsi demək deyil.

Tramp administrasiyası 300 mindən çox vizanı ləğv etdiyini bildirib

"U.S. H-1B" viza ərizəsi
"U.S. H-1B" viza ərizəsi

ABŞ Dövlət Departamentinin oktyabrın 20-də yaydığı məlumata əsasən, prezident Donald Trampın ikinci prezidentlik dövründə 300 mindən çox ABŞ vizası ləğv edilib.

Dövlət Departamenti avqustun 10-da 2025-ci ilin yanvarından, yəni Trampın ikinci dəfə prezident postuna keçməsindən bəri 175 mindən çox vizanın ləğv olunduğunu bildirmişdi. Dünən açıqlanan rəqəm isə son həftələrdə vizaların ləğvi prosesinin sürətləndiyini göstərir.

Tramp immiqrasiyaya qarşı sərt tədbirlərin və deportasiya kampaniyasının ölkənin daxili təhlükəsizliyini gücləndirmək məqsədi daşıdığını deyir. Hüquq müdafiəçiləri isə bu tədbirlərin söz azadlığı hüquqlarını pozduğunu bildirirlər.

Dövlət Departamentinin sözçüsü Tommi Piqott "X" sosial şəbəkəsindəki paylaşımında Tramp administrasiyasının tarixdəki bütün administrasiyalardan "daha sürətlə və daha çox" vizanı ləğv etdiyini yazıb.

Hüquq müdafiəçiləri bəzi şəxslərin vizalarının ləğv olunmasını tənqid edirlər. Bu sırada ABŞ-nin müttəfiqi İsrailin Qəzzaya hücumlarına qarşı etiraz aksiyalarında iştirak edən fələstinyönlü əcnəbilər var. Mühafizəkar şərhçi Çarli Kirkin qətli ilə bağlı sosial şəbəkələrdəki şərhlərinə görə bəzi xarici vətəndaşların vizalarının ləğvi də birmənalı qarşılanmayıb.

Tramp administrasiyası immiqrantların və viza üçün müraciət edən şəxslərin sosial şəbəkədəki fəaliyyətini indi daha sərt şəkildə yoxlayır.

Paşinyan protokol xidmətinin rəhbərini işdən çıxarıb: Japarovu 'Qazaxıstan prezidenti' adlandırmışdı

Qırğızıstan və Ermənistan liderləri mətbuat üçün bəyanatla çıxış edirlər.
Qırğızıstan və Ermənistan liderləri mətbuat üçün bəyanatla çıxış edirlər.

Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrın 19-da protokol xidmətinin rəhbərini vəzifəsindən azad edib. Paşinyan iki gün əvvəl Yerevanda Qırğızıstan prezidenti Sadır Japarovla görüşərkən onun ölkəsinin adını səhv salmışdı.

Danışıqlardan sonra mətbuat üçün bəyanat oxuyan Paşinyan: "İlk növbədə, Qazaxıstan prezidenti Sadır Japarovu Ermənistanda bir daha salamlamaq istərdim", – deyə bildirib.

Hökumət protokol xidmətinin rəhbəri Qagik Vanoyanın işdən çıxarılma səbəbini açıqlamayıb. Buna görə də bu addımın Paşinyanın diplomatik səhvi ilə bağlı olub-olmadığı hələlik məlum deyil.

Vanoyan dörd il idi ki, bu xidmətə rəhbərlik edirdi.

Japarov ötən həftə Ermənistanda keçirilən Bioloji Müxtəliflik üzrə COP17 Konfransında iştirak edib. BMT-nin təşkil etdiyi bu forumun açılışına Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev də daxil olmaqla, daha üç xarici dövlət və hökumət başçısı qatılıb.

Separatçı Puçdemona İspaniyaya qayıtmağa icazə verilib

2024-cü ildə Karles Puçdemon gözlənilmədən İspaniyaya gələrək tərəfdarları qarşısında çıxış edib.
2024-cü ildə Karles Puçdemon gözlənilmədən İspaniyaya gələrək tərəfdarları qarşısında çıxış edib.

İspaniya Ali Məhkəməsi oktyabrın 19-da Kataloniya vilayətinin keçmiş hökumət başçısı Karles Puçdemonun həbsinə dair orderi ləğv edib. Vaxtilə Kataloniyanın İspaniyadan ayrılmasını müdafiə edən Puçdemon doqquz illik mühacirətdən sonra vətəninə qayıda biləcək.

İspaniya hakimiyyəti 2017-ci ildə, Puçdemon Kataloniyanın müstəqilliyi ilə bağlı referendum keçirəndən sonra onun həbsi barədə order çıxarmışdı. Referendum iştirakçılarının 90 faizindən çoxu müstəqilliyə səs versə də, Madrid bu səsverməni qanunsuz elan etmiş, Puçdemon və bir sıra kataloniyalı siyasətçilər isə qiyamda ittiham olunmuşdular.

Həmin vaxt İspaniyadan qaçan Puçdemon doqquz ildən çox Avropanın digər ölkələrində, əsasən də Belçikada yaşayıb. 2024-cü ildə o, gözlənilmədən İspaniyaya gələrək çoxsaylı tərəfdarları qarşısında çıxış edib. Lakin polis onun ölkəyə necə daxil olduğunu və sonradan oradan necə uzaqlaşdığını müəyyənləşdirə bilməyib.

Həmin il İspaniyada hökumət dəyişikliyindən sonra Kataloniyanın ayrılmasını dəstəkləyən bir çox siyasətçi və fəal üçün amnistiya elan olunsa da, bu qərar Puçdemona və onun hökumətinin iki nazirinə – Luis Puç və Toni Kominə şamil edilməmişdi. Ali Məhkəmənin son qərarı isə onların hər üçünü cinayət təqibindən azad edir.

Puçdemon dəfələrlə bəyan edib ki, barəsindəki cinayət təqibinə xitam verilərsə, İspaniyaya qayıdacaq. O, Kataloniyada yenidən aktiv siyasətə qoşulmaq ehtimalını da istisna etməyib.

Albaniyada etirazlar: Baş nazir Rusiya və İranın əli olduğunu bildirdi

Tiranada hökumət əleyhinə tələbə etirazları
Tiranada hökumət əleyhinə tələbə etirazları

Albaniyada kütləvi etiraz aksiyaları artıq altıncı gündür ki, davam edir. Etirazlar zamanı polislə toqquşmalar, zorakılıq halları və yanğınlar baş verir. Ölkənin baş naziri Edi Rama bildirib ki, ölkə rəhbərliyi etirazların qızışdırılmasında Rusiya və İranın əli olduğunu düşünür.

"Özlərini təbiəti qorumağa çalışan albanlar kimi təqdim etmək üçün on minlərlə saxta profil yaradılıb və bu profillərdən fəal istifadə olunub. Terrorçu İran Respublikası da minlərlə belə profildən istifadə edib", – deyə Rama bunun təsadüf olmadığını vurğulayıb.

Albaniyanın baş naziri bundan əvvəl Rusiyanın da etirazlarda mümkün iştirakından danışmışdı. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə onu öz məsuliyyətini başqalarının üzərinə atmamağa çağırıb.

Mayda Albaniyada, Zvernets sahil mühafizə zonasında lüks turizm kompleksinin tikintisi planlarına qarşı "Flaminqo inqilabı" şüarı ilə etirazlar başlayıb. Sonradan etirazçılar korrupsiyaya, iqtisadi bərabərsizliyə və ölkənin sol-mərkəzçi hökumətinin yürütdüyü siyasətə qarşı çıxmağa başlayıblar.

Oktyabrda tələbələrin də aksiyalara qoşulmasından sonra etirazlar yenidən güclənib. Təşkilatçılar buna səbəb kimi təhsil haqlarının yüksək olmasını, universitetlərdəki pis şəraiti, korrupsiyanı və iş tapmaq perspektivlərinin olmamasını göstəriblər.

Oktyabrın 13-də polislə baş verən ilk toqquşmalardan sonra təşkilatçılar hərəkatın əsas məqsədinin Edi Rama hökumətinin istefası olduğunu bəyan ediblər.

Bişkek avropalıların miqrantlarla bağlı təklifini rədd edib

İspaniya sahillərində miqrantlar
İspaniya sahillərində miqrantlar

Avropanın bəzi ölkələri Qırğızıstana ixtisaslı qırğızıstanlıların Avropada işə düzəldilməsi qarşılığında Əfqanıstandan və Afrika ölkələrindən miqrantları qəbul etməyi təklif edib. 24.kg Bişkekin bu şərtləri rədd etdiyini xəbər verir. Bunu Qırğızıstanın xarici işlər naziri Jeenbek Kulubayev oktyabrın 13-də parlamentin beynəlxalq məsələlər, müdafiə, təhlükəsizlik və miqrasiya komitəsinin iclasında bildirib.

“Belə bir imkan varsa, qoy vətəndaşlarımız gedib işləsinlər. Amma bu şərtlərlə məqsədyönlü danışıqlar aparmayacağıq”, – Kulubayev deyib.

Nazir bu şərtləri irəli sürən Avropa ölkələrinin adlarını açıqlamayıb.

“Azattyq Asia” yazır ki, bundan əvvəl Qazaxıstan və Özbəkistanla bağlı oxşar təşəbbüslər haqda xəbərlər yayılmışdı. “Politico” diplomatik mənbələrə istinadla yazmışdı ki, Avropa İttifaqı (Aİ) bu iki ölkədə Avropada sığınacaq verilməyən miqrantlar üçün saxlama mərkəzlərinin qurulmasını nəzərdən keçirir. Miqrantları qəbul edən ölkələrə bunun qarşılığında maliyyə yardımı və ya viza güzəştləri təklif oluna bilərdi.

Qazaxıstan belə mərkəzlərlə bağlı danışıqlar apardığını rəsmən təkzib edib. Xarici İşlər Nazirliyinin təmsilçisi Astananın Aİ ilə readmissiya sazişi çərçivəsində viza rejiminin sadələşdirilməsini müzakirə etdiyini söyləyib. Rəsmiyə görə, söhbət Qazaxıstanın ölkədən qanunsuz çıxmış vətəndaşlarını geri qəbul etmək öhdəliyindən gedirdi.

Özbəkistanla bağlı ictimai açıqlamalarda isə qanuni əmək miqrasiyası, Almaniyada qalmaq hüququ olmayanların geri qaytarılmasından bəhs olunurdu. 2024-cü ilin sentyabrında miqrasiya sazişi imzalanandan sonra Almaniyanın ovaxtkı kansleri Olaf Şolts ixtisaslı işçilərin cəlbindən, geri qaytarılma prosedurlarının sadələşdirilməsindən danışmışdı.

Əfqanıstan vətəndaşlarının deportasiyası ilə bağlı danışıqlar barədə Şolts demişdi ki, tərəflər əməkdaşlıq məsələlərini məxfi müzakirə edir. Daşkəndin özbəkistanlıların işə düzəldilməsi qarşılığında üçüncü ölkə vətəndaşlarını qəbul etməyə razılaşması iddiaları təsdiqlənməmişdi.

Kiyev meri sakinlərə paytaxtı müvəqqəti tərk etməyi məsləhət gördü

Kiyevə hücum
Kiyevə hücum

Kiyevin meri Vitali Kliçko şəhər sakinlərinə Rusiyanın hücumları səbəbindən imkan daxilində paytaxtdan müvəqqəti uzaqlaşmağı tövsiyə edib.

Kliçko oktyabrın 8-də "France-Presse" agentliyinə müsahibəsində şəhərin "sağ qalma uğrunda mübarizə rejiminə" keçdiyini bildirib. O, Rusiyanın kritik infrastruktura zərbələrinin ciddi böhran təhlükəsi yaratdığını əsas gətirərək imkanı olan sakinlərə paytaxtı müvəqqəti tərk etməyi məsləhət görüb.

Oktyabrın 8-də gündüz və axşam saatlarında Rusiya ordusu Kiyevdəki iri enerji obyektlərindən birinə zərbələr endirib. Ukraynanın energetika naziri Denis Şmıqal hücumla bağlı məlumat verib, amma detalları açıqlamayıb.

Şəhərin elektrik təchizatında böyük fasilələr yaranıb, metroda qatarların hərəkəti müvəqqəti dayandırılıb. Borşaqovka kənd şurasının katibi Aleksandr Medved axşam Telegram-da yazıb ki, "Kiyevvodokanal"ın obyektləri elektriksiz qaldığından paytaxtın kanalizasiya sistemi müvəqqəti olaraq çirkab sularını qəbul edə bilmir.

"Nə qədər yaxşı hazırlaşsaq da, hava hücumundan müdafiə sistemi işləməsə, acınacaqlı vəziyyətə düşə bilərik", – Kliçko "France-Presse"ə deyib.

Ancaq mer Kiyevin tamamilə boşaldılmasından söhbət getmədiyini vurğulayıb. Onun sözlərinə görə, bu, "Putindən ötrü ən yaxşı ssenari olardı - boşalmış şəhərlərimizi ələ keçirmək".

Bir gündə üç dron Moldovanın hava məkanını pozub

Dronun Aneniy-Noy rayonunun Harbovat kəndində partladığı an
Dronun Aneniy-Noy rayonunun Harbovat kəndində partladığı an

Sentyabrın 30-da Moldovanın hava məkanını üç dron pozub.

Səhər Moldova polisi ölkə ərazisinə daxil olmuş dron barədə məlumat yayıb. Qurumun məlumatına görə, dron saat 5:40 radələrində müşahidə edilib, daha sonra Aneniy-Noy rayonunda yerə düşüb.

Gün ərzində Moldovanın Müdafiə Nazirliyi reaktiv mühərrikli daha bir dronun aşkarlandığını açıqlayıb. Dron ölkənin hava məkanına şərq tərəfdən - tanınmamış Dnestryanı bölgənin ərazisindən keçərək daxil olub.

Müdafiə naziri Anatoli Nosatı bildirib ki, bu, artıq 84-cü belə haldır. "Rusiya Federasiyası vətəndaşlarımızın həyatını təhlükəyə atır. Onların Dnestrin hansı sahilində yaşamasının və ya hansı dildə danışmasının heç bir fərqi yoxdur", – Nosatı vurğulayıb.

Axşam isə hakimiyyət orqanları gün ərzində hava məkanının artıq üçüncü dəfə pozulduğunu bəyan ediblər. Müdafiə Nazirliyinin məlumatına görə, Rusiyanın Ukraynaya kütləvi hücumları fonunda, saat 20:45 radələrində növbəti dron Moldova sərhədini keçib. Dron aşkarlandıqdan sonra ölkə rəhbərliyi hava məkanının mərkəzi hissəsini müvəqqəti olaraq uçuşlara bağlayıb.

Putin Rusiyanın neft və yanacaq məlumatlarını məxfiləşdirdi

Rusiyadakı qıtlıq azərbaycanlıları da vurdu: 'Hamı nigarandır'
Gözlə

No media source currently available

0:00 0:02:25 0:00

Rusiya prezidenti Vladimir Putin sentyabrın 28-də ölkənin yanacaq-energetika sahəsinə aid məlumatlara çıxışı məhdudlaşdıran fərman imzalayıb. Sənədə əsasən, neft emalı zavodlarında emal olunan xammalın və istehsal edilən yanacağın həcmi, benzin və dizelin satışı, onların daşınma marşrutları barədə məlumatlar məxfiləşdiriləcək.

Bu məlumatların mediada və internetdə açıq şəkildə yayılması qadağan edilir.

Məhdudiyyət şirkətlərin özlərinin yayımladığı hesabatlara şamil olunmur.

Fərmana görə, yanacaq sektoru ilə bağlı məlumatlara çıxış "ABŞ və ona qoşulmuş xarici dövlətlərin, habelə beynəlxalq təşkilatların qeyri-dost və beynəlxalq hüquqazidd hərəkətlərinə cavab olaraq" məhdudlaşdırılır. Xarici dövlətlərin konkret hansı addımlarının bu qərara səbəb olduğu açıqlanmır.

Ukrayna 2026-cı ildə Rusiyanın neft emalı infrastrukturuna dronlar ilə hücumlarını xeyli intensivləşdirib. "Reuters" Beynəlxalq Enerji Agentliyinə istinadən bildirir ki, ilin ilk səkkiz ayında Rusiyanın neft emalı zavodlarına orta hesabla hər üç gündən bir uğurlu zərbə endirilib. Nəticədə iyulda Rusiyada neft emalının həcmi 2025-ci ilin eyni dövrü ilə müqayisədə 30 faiz azalaraq 2004-cü ildən bəri ən aşağı səviyyəyə düşüb. Benzin istehsalı isə 20 faiz azalıb.

Vuçiç istefa verib

Aleksandr Vuçiç
Aleksandr Vuçiç

Serbiya Prezidenti Aleksandr Vuçiç sentyabrın 27-də istefa verdiyini açıqlayıb. O, oktyabrda keçiriləcək seçkilərdə ölkə parlamentinə namizəd olacaq.

Vuçiç 2027-ci ildə prezidentlik müddətinin başa çatmasını gözləmədən vəzifəsindən ayrılacağını iyunun sonunda bildirmişdi. O, hakim Serbiya Tərəqqi Partiyasının seçki siyahısına başçılıq edəcək, baş nazir postuna namizəd olacaq. Bosniya əsilli avstriyalı politoloq Vedran Cihiç 2026-cı ilin iyununda “Die Presse” qəzetinə müsahibəsində Vuçiçin istefa haqda açıqlamalarını baş nazir vəzifəsini tutmaq üçün bir gediş kimi qiymətləndirmişdi.

Aleksandr Vuçiç İyulda “Die Presse”yə müsahibəsində partiyasının oktyabr seçkilərində qələbə şansını yüksək qiymətləndirib. “Üç aydan sonra bir çox ölkədəkindən xeyli demokratik keçəcək seçkilərdə qalib gələcəyik. Serbiyanı iqtisadi baxımdan daha güclü edəcəyik”, – o deyib.

Sentyabrın 7-də Serbiya hökuməti Vuçiçdən ölkənin birpalatalı parlamenti Xalq Skupşinasını buraxmağı, növbədənkənar seçki təyin etməyi xahiş edib. Vuçiç də belə edib. Seçki oktyabrın 25-də keçiriləcək. Serbiya Konstitusiyasına əsasən, seçki kampaniyasına 45 gündən 60 günədək vaxt ayrılmalıdır.

Vuçiç 12 il prezident postunda olub. Onun ikinci prezidentlik müddəti 2027-ci ildə başa çatmalı idi. Konstitusiyaya görə, eyni şəxs iki müddətdən artıq prezident ola bilməz.

Serbiya parlament respublikasıdır. İcra hakimiyyəti bütünlüklə baş nazirin rəhbərlik etdiyi hökumətə məxsusdur. Ancaq prezidentin də, xüsusilə xarici siyasət və təhlükəsizlik sahələrində bir sıra səlahiyyətləri var.

Moskvada politoloq narkotik ittihamı ilə həbs edilib

Aleksandr Kınev
Aleksandr Kınev

Rusiyada politoloq Aleksandr Kınev cinayət işi çərçivəsində həbs edilib və Moskvanın Perovo rayon Məhkəməsinin qərarı ilə sentyabrın 25-də istintaq təcridxanasına göndərilib.

"Mediazona"nın məhkəmə sənədlərinə istinadən yaydığı məlumata görə, Kınev narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunur və bu maddə üzrə onu 10 ildən 20 ilədək həbs cəzası gözləyir.

Politoloqun saxlanılması faktını vəkil Mixail Biryukov da "Mediazona"ya təsdiqləsə də, onun məhz nə vaxt saxlanıldığı hələlik məlum deyil. İki gün əvvəl Kınev Dövlət Dumasına keçirilən seçkiləri "Facebook" hesabında şərh edib, həmçinin yaxın vaxtlara qədər onun Telegram-kanalında da seçki nəticələri ilə bağlı paylaşımlar dərc olunub.

Jurnalist Aleksey Venediktovun yazdığına görə, Kınev özünü təqsirli bilmir.

Kınev Rusiyanın regionlarında hakimiyyət strukturunu təhlil edir, seçkilərlə bağlı araşdırmalar aparır. Onun 2025-ci ildə işıq üzü görən "Rusiya regionlarını kim və necə idarə edir" kitabında SSRİ-nin dağılmasından sonra regional administrasiyaların formalaşması mərhələləri tədqiq olunur.

Politoloq Ukraynadakı müharibəyə qarşı çıxıb. Rusiya hakimiyyəti bu ilin fevralında onu "xarici agent" elan edib.

Qazaxıstanda təlimdə həlak olan hərbçilərin sayı 12-yə çatıb

Qazaxıstan ordusunun Xəzər dənizində təlimi
Qazaxıstan ordusunun Xəzər dənizində təlimi

Qazaxıstanda Xəzər dənizində hərbi təlimlər zamanı həlak olan hərbçilərin sayı 12-yə çatıb. Manğıstau vilayətinin regional hakimiyyət orqanlarının yaydığı məlumata görə, daha iki hərbçinin axtarışları davam edir və onlar hələ də itkin düşmüş hesab olunurlar.

Hadisə ötən gün baş verib, güclü dalğa 17 nəfəri dənizə aparıb. Onlardan 12-si ölüb, üçünü isə xilas etmək mümkün olub.

Prezident Kasım-Jomart Tokayev sentyabrın 25-də ölkədə ümummilli matəm günü elan edib.

"Azattyq Asia" yazır ki, bu, Xəzər dənizində təlim zamanı ilk ölüm halı deyil. 2015-ci ildə Aktau yaxınlığında keçirilən "Mərkəz – 2015" təlimlərində də dörd hərbçi həlak olmuşdu. Həmin vaxt göyərtəsində 52 hərbçi olan altı BTR-80 zirehli transportyoru dənizə çıxmış, güclü külək nəticəsində batmışdı. Faciənin səbəbləri kimi təhlükəsizlik qaydalarına riayət olunmaması, şəxsi heyətin hazırlığının yetərsizliyi və nəzarətin zəifliyi göstərilmişdi. Altı nəfər təqsirli bilinərək məsuliyyətə cəlb edilmişdi.

+++

Qazaxıstan Müdafiə Nazirliyi təlim zamanı 9 hərbçinin həlak olduğunu, qalanlarının isə axtarıldığını bildirib.

Məlumata görə, sentyabrın 24-də Manğıstau vilayətində Qazaxıstan Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələri təlim keçirərkən hava şəraiti qəfil pisləşib və külək güclənib. Xəzər dənizinin sahilində təlim-döyüş tapşırığını yerinə yetirən hərbçilər güclü dalğanın təsirindən dənizdə batıb.

19 hərbçidən doqquzunun öldüyü təsdiqlənib, üç hərbçi xilas edilib. Onlardan biri xəstəxanaya yerləşdirilib. Qalan hərbçilərin axtarışı davam edir.

Faktla bağlı Qazaxıstan Baş Prokurorluğunda cinayət işi başlanıb.

Davamı

XS
SM
MD
LG