-
Daxili işlər naziri Ramil Usubov aprelin 20-də polis orqanlarında mülki işçi vəzifələrinə seçilmək istəyənlər üçün növbəti sıra baxışı keçirəcək.
Bu haqda Daxili İşlər Nazirliyi xəbər verir.
Nazir Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızı polis orqanlarında vakant sıravi və kiçik rəis heyəti vəzifələrinə xidmətə qəbul olmaq istəyənlər arasında da seçim edəcək.
Seçimə boyu 175 santimetrdən yuxarı, 20-24 yaşlarında, özü və yaxınları məhkum olunmamış vətəndaşlar buraxılacaq. Tələblərə cavab verən və işə qəbul edilən vətəndaşlar polis orqanlarının vəzifəli şəxslərinin rəhbərliyi altında ictimai asayişin qorunmasına cəlb olunacaqlar. Onlar xüsusi geyim forması, daxili işlər orqanlarında çalışan mülki işçilər üçün müəyyən olunmuş təminatlar əldə edəcəklər. Seçim zamanı 2 il ərzində ictimai asayişin qorunmasında polislə əməkdaşlıq etmiş şəxslərə üstünlük veriləcək.
Nazirliyin xəbərində bu işlərin «İctimai asayişin qorunmasında vətəndaşların iştirakının təmin edilməsi barədə» ölkə başçısının fərmanının icrası çərçivəsində həyata keçirildiyi bildirilir.
Söhbət prezidentin martın 3-də imzaladığı, gəncləri polislə əməkdaşlığa həvəsləndirən fərmanından gedir. Polislə işləyəcək şəxslərin vəzifəsi ictimai asayişi pozanları qanuna riayət etməyə çağırmaq, azyaşlılara qarşı qanunsuz davranışlar barədə məlumatlar toplamaqdır. Sözügedən fərman ictimaiyyət arasında birmənalı qarşılanmır.
Daxili işlər naziri bundan əvvəl - martın 16-da polislə işləmək istəyən 226, aprelin 15-də isə 78 nəfəri namizəd kimi seçmişdi.
Artıq bu prosesə Naxçıvan Muxtar Respublikasında da start verilir. Aprelin 15-də muxtar respublika Ali Məclisinin sədri Vasif Talıbov bununla bağlı fərman imzalayıb.