Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:38

Xaricdə təhsilə 1 illik fasilə verilib


Təhsil
Təhsil

-

Azərbaycan gənclərinin xaricdə təhsili üzrə dövlət proqramının icrası ilə bağlı 1 illik fasilə verilib.

Bunu Təhsil Nazirliyinin beynəlxalq əməkdaşlıq şöbəsindən Nicat Musayev deyib.

APA-nın xəbərinə görə, nazirliyin rəsmisi 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə dövlət proqramının icrasının başa çatdığını bildirib: «Yeni proqram layihəsi ilə bağlı müəyyən məsləhətləşmələr aparılır. Hökumət mövcud proqramın nəticələrini təhlil edir. Yeni proqramda əlavə prioritetləri əhatə etmək üçün 1 illik fasilə verilib. Yeni proqramda iki istiqamət nəzərdə tutulub. Bunlardan biri xaricdə təhsil - magistr və doktorantura prioritet götürüləcək. Digəri isə əcnəbi professorların yerli ali təhsil müəssisələrinə cəlb edilməsidir».

N. Musayev hazırda Azərbaycanın ali təhsil müəssisələrində 4 min 323 əcnəbi tələbənin təhsil aldığını bildirib: «Təhsil Nazirliyi ali məktəblərə təkliflər verib ki, daha aktiv dünya təhsil sərgilərində iştirak etsinlər. Yataqxana problemləri həll edilsin və sosial şəbəkələrdə daha aktiv fəaliyyət göstərsinlər».

Təhsil naziri Mikayıl Cabbarov bir gün əvvəl Azərbaycanda həyata keçirilən xaricdə təhsil proqramının dayandırıldığını açıqlamışdı. Nazir yeni hazırlanacaq proqrama uyğun olaraq xaricə, əsasən, PHD və magistr səviyyəsində təhsillərini davam etdirmək istəyənlərin xaricə göndərilə biləcəyini demişdi.

Təhsil nazirinin bu açıqlaması ictimaiyyətdə, xüsusilə də sosial şəbəkələrdə narahatlıqla qarşılanıb. Hətta bunu neftin qiymətinin düşməsi və Azərbaycanda xaricdə təhsilin ikinci plana keçməsi kimi izah edənlər var.

Ancaq neftin qiymətinin yüksək olduğu illərdə də hökumətin bu sahədə gördüyü işlər o qədər də yüksək qiymətləndirilməyib. Təhsil üzrə ekspertlər bildirirdilər ki, Qazaxıstanda Azərbaycanla müqayisədə xaricdə təhsilə daha çox pul ayrılır.

XS
SM
MD
LG