Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:15

V.Shenderovich. Poeziyaya yadsansa, qan qrupun başqadır


Viktor Shenderovich
Viktor Shenderovich

Tanınmış rus satirik yazıçısı oxuduğu kitablar və rus ədəbiyyatı haqqında

-

(I və II hissə)

"O əsərlərin aldadıcı sadəliyi bəzi ehtiyatsız insanlara onları "hər kəsin yaza biləcəyi yazılar", "qeyri-ədəbiyyat" adlandırmağa imkan verir. Hanı, hamı yaza bilərsə, yazsınlar, amma nəsə görmürük."

"Dramaturgiya ümumiyyətlə peşəkar baxımdan ən çətin janrdır. Orada ilham bəs eləmir."

"İstedadlı yazının xüsusiyyəti budur: müəllif öz istədiyindən artığını yazmış olur."

"Təsəvvür də etmirik ki, nə qədərimiz o əsərlərdən yoğrulub..."

Viktor Şenderoviç

Oxuduğum kitablar haqqında

10 yaşım olanda “Molla Nəsrəddin haqda povest”i (Leonid Solovyov) oxudum. Əlbəttə, ona qədər də Puşkin və başqalarının kitablarından nəsə oxumuşdum, amma məzmununu ilk xatırladığım, yadımda qalan o idi.

Yadıma gəlir, onu oxuyanda uydurulmuş, təxəyyül məhsulu olan bir şey real mövcud olan bütün hər şeydən daha vacib oldu, ilk dəfə bu başıma gəldi və mən kitabın içində yaşamağa başladım.

Həyatımın ən böyük faciəsi – Anna Kareninanın ölümüdür.

İndiyə qədər mənim üçün yaxşı ədəbiyyatın meyarı bu olaraq qalır. S.Dovlatov bu haqda yaxşı deyib: “Həyatımın ən böyük faciəsi – Anna Kareninanın ölümüdür.”

Kitab oxuyan adamların hamısının başına gəlib belə hadisələr. “Master və Marqarita”nı, “Faust”u, Markesin əsərlərini oxuyanda da yaşamışam bunu... Xoşbəxt narkotik oxucu vəziyyəti.

Bəzən bütün rusiyalıları birləşdirən ideya axtarırlar, bu mənə qəribə gəlir, üzdə olan şeyi niyə axtarasan, Puşkin birləşdirir bizi! Onun mətnlərini bilmək rus mədəniyyətinə aid olmağın əlamətidir. Rus insanı əlində Rusiya pasportu olan adam deyil, o pasportdan Gérard Depardieu'də də var, Ramzan Kadırovda da var, mədəniyyət etibarilə isə onların heç biri rus insanı deyil.

Rus insanı olub-olmadığını yoxlamaq üçün bəzi suallar verilməlidir. Əgər sən “Şaxta və günəş” paroluna “Gözəl gün” cavabı verdinsə, birinci imtahandan keçdin... Larina bacılarının adlarını soruşanda düşünmədən sadalamaq ikinci mərhələdir... Puşkin haqda sual da belə bir mərhələdir.

Chekhov və Lev Tolstoy
Chekhov və Lev Tolstoy

Sonralar mən Tolstoya baş vurdum. Amma daha çox Çexova. Lakoniklik, gizli gərginlik... Onun nəsrini mən kişi nəsri adlandırardım. O mənada ki, dramatizm var, emosiya yoxdur.

Əlbəttə, “kişi nəsri” şərti bölgüdür. Mükəmməl qadın nasirlərimiz var. Onlarınn nəsri gözəldr, aydındır: Tolstaya, Ulitskaya, Rubina, Teffi.

Amma Çexov kişi nəsri nümunəsidir. Onun nəsrində "şəhadət barmaq" yoxdur, bu yoxluğu onun müasirləri yanlış olaraq, biganəlik sayıblar. Sadəcə Çexov oxucuya güvənən, ona çox inanan birinci yazıçılardan olub. O inanıb ki, oxucu özü oxuyacaq, özü münasibəti görəcək, özü nə baş verdiyini ayırd edə biləcək, müəllifin nida işarələri olmadan.

***

Ölü canlar. İllüstrasiya
Ölü canlar. İllüstrasiya

Az qala Qoqol yadımdan çıxmışdı. Biz zəngin insanlarıq, rus nəsrini nəzərdən keçirəndə Qoqol yadımıza dərhal düşməyə bilər.

O, rus nəsrinin dahisidir. Əgər mən inanclı insan olsaydım, “Ölü canlar”ın son səhifələrinin yuxarıdan diktə olunduğunu düşünərdim. Musiqidir, əsl poemadır! Qoqol dilin plastik imkanlarını açıb.

Puşkinin dili sadə, proza dilidir. Lermontovun dili sıxılmış, simic, hədsiz lakonik. Qoqol isə hava kimidir.

Mənim üçün Qoqol Peterburq dövründə başlanır. “Şinel”, “Peterburq povesti” və “Ölü canlar”.

***

Dostoyevski mənə bir qədər az yaxındır. Onda da möhtəşəm hissələr var, amma o, intonasiyasına görə mənim yazıçım deyil. Ümumiyyətlə, psixi cəhətdən sağlam insan üçün Dostoyevskinin xeyli çətin olduğunu düşünürəm. O, elə dərinlikləri mövzu edib ki, bu səbəbdən insanlıq üçün “nömrə bir” olub.

Qərbdə rus ədəbiyyatından söz açsaq, Dostoyevski, Tolstoy, Çexov əlbəttə ki, Qoqol, Puşkin, Saltıkov-Şedrindən daha məşhurdurlar.

"Hərb və Sülh". Tamaşadan görüntü
"Hərb və Sülh". Tamaşadan görüntü

Dostoyevskini psixiatrların oxuması vacibdir. Sərhəd vəziyyətlər, nevrozlar, sirlər – onda bunların hamısının təsviri var.

Tolstoyun qəhrəmanları hamısı norma çərçivəsindədirlər, normal adamlardır.

Tolstoyun qəhrəmanları Doloxov və Pyer arasındakı psixoloji fərqə gəlincə, bunlar psixiatrik hadisələr deyil, sosial hadisələrdir. Dostoyevskinin kitabını oxuyanda görürsən ki, anomal psixika hər yerdədir: epilepsiya, isterika.

“Anna Karenina” və ya “”Hərb və Sülh”ü oxuyanda Tolstoyu unudursan. O, yoxdur. Nataşa, Andrey, Pyer var... O, qəhrəmanlarında yaşayır.

***

Böyük rus ədəbiyyatına görə bəxtimiz gətirib. Bununla böyümüşük. Təsəvvür də etmirik ki, nə qədərimiz o əsərlərdən yoğrulub, həyatımızda Puşkin, Lermontov, Qoqol, Tolstoy olmasaydı, nə olardı. İnsan öyrəşdiyi şeyə fikir vermir. Rus ədəbiyyatı da hava kimidir, əlimiz, ayağımız kimidir.

Böyük rus ədəbiyyatından başqa, Balzac'ı və Dickens'i xatırlayıram. Onları vaxtında, gənclik illərində oxumaq lazımdır, insan qəlbi formalaşanda.

Dickens sentimentaldır. Onda insan xeyirxahlığına inam var. Dünya qəddardır, amma insan öz təbiəti etibarilə, yaxşıdır. Bu, heyrətamiz yanaşmadır. Xeyir və Şəri aydın, dəqiq fərqləndirmək məsələsində Dickens yaxşıdır.

Balzac bugünkü həyat ritmi üçün biraz uzunçudur. Amma onda əla məsələlər var. Əlbəttə, hər şeydən əvvəl “Şaqren dərisi” (La Peau de Chagrin).

***

Robert Penn Warren
Robert Penn Warren

Mənim üçün ХХ yüzilin ən yaxşı romanlarından biri - Penn Warren’in “Kralın bütün əsabələri” (All the King’s Men) romanıdır. Rus dilinə möhtəşəm tərcümə olunub. Brodskinin dostu Viktor Qolışev onu əla çevirib.

Ümumiyyətlə, tərcümə məsələsində bəxtimiz gətirib. Rayt-Kovalyova Salinger'i gör necə tərcümə edib! Böyük məktəb var, həm nəsr, həm də poeziya tərcüməsində. Ədəbi əsərlərilə pul qazana bilməyən şairlərimiz tərcüməylə məşğul olublar: Pasternak, Axmatova, Lipkin, Tarkovskiy, Samoylov. Bəzilərinin tərcümələri orijinalından da üstündür.

Gürcülər özləri də bilirlər ki, Nikolaz Baratashvili'nin “Səmavi rəng” (Цвет небесный) əsəri Pasternakın tərcüməsində daha güclü alınıb.

Onu oxuyanda mətndən kənar dünya dayanır, mövcud olmur.

“Kralın bütün əsabələri” kitabına qayıdaq. Bu kitab mənim həyatımın başlıca romanlarından biridir. Onu oxuyanda mətndən kənar dünya dayanır, mövcud olmur. Bir romanda olması gərək olan hər şeyi var. Siyasi satira da, sevgi xətti və xarakterlər də, qeyri-adi mənəvi dərs də.

Biraz mənəviyyatçıdır, amma belə də olmalıdır. Məsələ mənəvi dərsin necə verilməsindədir. Birbaşa verilsə, sən qaçarsan, zorakılıq hiss edərsən. Warren isə mənəvi dərsi incə-incə hörüb.

ХХ əsr – Amerika ədəbiyyatının xaqanlığı dövrüdür. Müxtəlif yazıçılar var. Hemingway, Folkner, Warren, hələ bir əsr də qabaqdan Mark Twain... Yaxşı tərcümələr sayəsində bu ədəbiyyat bizimki olub.

Mənim Hemingway dövrüm də olub. Bu yaxınlarda oturdum oxudum. Qorxurdum ki, xoşuma gəlməz. Axı gəncliyimin kitablarıdır.

Uşaq vaxtı oxuduğum Mayn Rid bugünlərdə kitab şkafı olan bir kafedə əlimə düşdü. “Okeanda itmişlər”. Üç oğlan və qız okeanda üzürlər, sevgi, məhəbbət... Kitabı əlimə elə həyəcanla götürüb açdım ki... Kaş açmazdım! Elə “ucuz” yazılıb ki! Balaca olanda onu bəyənmişəm. Gərək keçmiş sevgiliyə qayıtmayasan.

Hemingway'ə gəlincə, məyus olmadım. Güclü hekayətlərdir və ürəyə əvvəlki kimi təsir edir.

***

Isaac Babel (1894-1940)
Isaac Babel (1894-1940)

Babel haqda ayrıca danışacağam. Onu adətən “Odessa hekayələri” ilə tanıyırlar. Şən, parlaq – mənim nəslim ondan tez-tez sitat gətirirdi. Onun yaradıcılığı rus ədəbiyyatının yumor məktəbidir. “Atlılar ordusu” necə də güclü kitabdır! Orada möhtəşəm novellalar var.

Bugünlərdə bir dostum dedi ki, Babeldə ibrətamiz heç nə yoxdur, mənəvi dayaq yoxdur, sadəcə təsvirlərdir. Amma məsələn, “Mənim ilk ördəyim”də qəhrəman ördəyi yemək üçün öldürür. Orada belə bir yer var:

"Biz altımız da sarmaş-dolaş yan-yana uzanmışdıq, başımızın üstündəki tavanın deşiklərindən ulduzlar görünürdü. Mən yuxu, yuxuda qadınlar görürdüm, ürəyimsə qətlin yanındaydı, sızıldayıb axırdı.”

Musiqili olması ilə Qoqola bənzəyir. Yalnız musiqisi ilə, süjetləri ilə yox. “Atlılar ordusu” kitabındakı başqa bir hekayədə də qətl var, qətlə münasibət var. Sonra da deyirlər ki, onda mənəvi dərs yoxdur! Bunları o, hələ 20-ci illərdə yazırdı.

***

"12 stul" tamaşasından görüntü
"12 stul" tamaşasından görüntü

İlf və Petrov – yumor məktəbidir. Çox hörmət etdiyim Saraskin yazır ki, İlf və Petrov sadəcə gülürlər. Onlar kimlərə gülürlər? Müqəddəslərə, dvoryanlara. Sovet yazıçılarıdır.

Bir tərəfdən, düzdür. Amma niyə uzun müddət bu sovet ədəbiyyatını təkrar nəşr etmədilər? Elə bil nədənsə ehtiyat etdilər.

İlf və Petrovun nə yazmaq istədiklərini blmirəm, amma bir romanları çox kədərli alınıb: “Qızıl buzov” (Золотой теленок).

“12 stul”un yazıldığı 1928-ci illə “Qızıl buzov”un yazıldığı 1932-ci il arasında ölkədə çox şey dəyişilmişdi. Bəlkə də hər şey.

“12 stul”dakı yumor insanın özünün haqlı olmasını hiss etməsidir. Bürokratlar, dəyyuslar, rüşvətxorlar keçmişin qalığı kimi görünürlər. “12 stul”da şən intonasiya da var.

1932-ci il ildə ilk repressiyalar başlandı, ölkə tragik dövrün başlanğıcında idi. Hiss edənlər üçün 30-cu illərdə çox vacib dövrü başlanmışdı. İlf və Petrov da bunu hiss edirdilər.

Diqqət edin, Ostap Bender necə də lirik rəhmandır. O deyir: “Mən sosializm qurmaq istəmirəm”. Bunu mənfi qəhrəman deyir, amma biz ona açıq simpatiya duyuruq. Canlı, şən insana yer vermədiyi üçün o, sosializm qurmaq istəmir. Bu, fərdiyyətçiliyin üsyanıdır.

İstedadlı yazının xüsusiyyəti budur: müəllif öz istədiyindən artığını yazmış olur...

Bilmirəm onlar öz aralarında bunu nə dərəcədə hiss ediblər və məqsədləmi yazıblar. Amma istedadlı yazının xüsusiyyəti budur: müəllif öz istədiyindən artığını yazmış olur.

İstedadın əlaməti poeziyada daha qabarıq görünür. Bununla da şair darıxdırıcı əkinçidən fərqlənir. Günəmuzdçu mirzə nə düşünrsə onu da yazır. Şairinsə “sözü uzağa gedir”.

İlf və Petrova da aiddir bu. Onlar bir otağa gedib ayrı otağa düşüblər. “Qızıl buzov” gözəl, kədərli romandır, onda nə qədər etibarsızlıq və zamanın səsi var.

Ilya Ilif və Yevgeniy Petrov 1932-ci ildə
Ilya Ilif və Yevgeniy Petrov 1932-ci ildə

İndi analiz edirəm, gənc vaxtlarımda isə İlf və Petrovu oxuyanda onlar bizim üçün sadəcə yumor məktəbi idi, gülməli yaza bilmək demək idi.

***

Bulqakovun “Master və Marqarita”sı da yaxşı əsərdir, sehirlidir, yenidən və yenidən oxunmağa qadirdir. Olduqca gözəl yazılıb.

***

Nikolay Leskov (1831-1895). Portret
Nikolay Leskov (1831-1895). Portret

Leskov əladır. Onun əla publisistik formulirovkaları var. Mənim üçün Leskovun bütün yaradıcılığını onun bu cümləsi ifadə edir:

“Biz ruslar bir-birimizi yeyirik və bununla belə, toxuq”. O, bundan başqa heç nə yazmasaydı da, klassik olardı. Amma o, mənim ədəbi zövqümdən bir qədər kənardadır. Hamını sevmək olmaz ki.

Qriboyedov əladır. O, öz içində yaşayır. Bu səbəbdən onu dərhal xatırlamadım. İçində "Ağıldan bəla" (Горе от ума) var.

***

Suxov-Kobılin'in “İş” və “Tarelkinin ölümü” əsərlərini də xatırlamaq istərdim. Bəzən Tolstoyun, bəzən Çexoun zamanı olur. İndi isə Suxovo-Kobılin zamanıdır.

(2-ci hissə)

Yuri Trifonov
Yuri Trifonov

XX əsr rus ədəbiyyatından isə mənə ən çox təsir edəni Yuri Trifonovun Moskva povestləri, ondan sonra romanlarıdır. “Qoca”, “Zaman və məkan” əsərlərini yadımıza salaq. Böyük yazıçıdır. Ölümündən keçən 30 il ədəbiyyatda qaldığını göstərdi.

O, dəb deyildi, Trifonovun povestləri və romanları həmişə rus ədəbiyyatında qalacaq.

Vasili Shukshin
Vasili Shukshin

Vasiliy Şukşinin yeri tamam ayrıdır. Onun "Kəsdi", “İnciklik” povestləri rus ədəbiyyatının ən yaxşı nümunələridir. Mən onları “qaynar yazılar” adlandırardım. Yəni yazıçı özü ağlayır, gülür. Quraşdırmağa çalışmır. Yazıçı son zamanlar dəbdə olduğu kimi, qəti görünməməyə çalışanda temperatur sıfır dərəcəyə düşür, soyuq olur. Trifonov və Şukşin soyuq deyillər.

“İnciklik”də Şukşin incikliyi, onun göz yaşları, əsəbi, gülüşü necə də görünür... Emosional baxımdan özündən keçirdiyin nəsrin qiyməti yoxdur. Soyuq burunla yazılan əsərdə yazıçı ustalığını, süjet döngələrini, kompozisiyanı qiymətləndirə bilərəm... Amma dediyim kimi, özün ağlamasan və gülməsən, oxucu da biganə olacaq. Əgər mən yaza-yaza özüm gülürəmsə, deməli, oxucu da güləcək. Ürəyim döyünürsə, oxucunun da ürəyi döyünəcək. Bu mənada Flobersayağı “Madam Bovari – mənəm” ən dəqiq yazıçı reseptidir. Şukşin, Trifonov özlərindən keçirərək yazıblar, Brodskinin ən yaxşı şeirləri də bu cür yazılıb.

***

Məni dəyişdirən insanlardan biri, bəlkə də sonuncusu Brodskidir. Mən onu oxuyanda artıq oturuşmuş insan idim, 30-u haqlamışdım. Ona Nobel mükafatı hələ verilməmişdi. Oxumağa başlayanda sarsıldım, heç ağlıma da gəlməzdi ki, məni, 30 yaşlı adamı nə isə belə dəyişdirə bilər. O, məni dəyişdirdi.

Təkcə poetik düşüncəmi deyil, davranışımı da dəyişdirdi. Sosial davranışa nümunə oldu. Onda formulaya bənzər fikirlər var və mən onları yadımda saxladım. Bəlkə də onlara uyğun yaşamıram, amma içimdə onlar öz yerini tapıb. Onun etikası, individualizmi, prozası, ləyaqəti, insan anlayışı, tarix anlayışı – mənə güclü təsir göstərdi.

İosif Brodskinin yetkin yaşı
İosif Brodskinin yetkin yaşı

Yetkin Brodski daha mürəkkəbdir. Mənə görə, Brodskinin ən yaxşı vaxtı - «Зимним вечером в Ялте» şeiridir, 1960-cı illərin sonu, 70-ci illərdə yazılıb, o zaman o, mənim fikrimcə, kamilliyə çatmışdı. Mürəkkəb şeirlər idi, amma hələ insan idrakı onları qəbul edə bilirdi.

Sonra o, eksperimentlərə başladı. Brodskinin ölümündən sonra Viktor Qolışev “Novaya gazeta”da onun bir məktubundan şeirini çap etmək qərarına gəldi. Şeir puşkinsayağı vəzndə yazılıb. Asan, gözəl, əla bir şeirdir. 1990-cı illərdə, ölümündən bir qədər əvvəl, mürəkkəb şeirlər yazdığı vaxtda yazıb onu da. O puşkinsayağı qafiyələrisə o şeir saymırdı. Hərçənd, möhtəşəm yazıb!

Çoxları deyirdi ki, Brodski dəbdir. Amma 20 il keçib ölümündən, dəb qalmazdı indiyə.

Məni formalaşdıranlardan biri də Volodindir. O, pyeslər də yazıb. Volodin şeirləri, onun intonasiyası, sanki heç şeir deyil, danışıq intonasiyası idi, xalis insani danışıq. Sanki danışıq təsadüfən misralara bölünmüşdü. Xoşbəxtəm ki, onunla şəxsən ünsyyətim olub. Şeirlərinin onun özünə çox oxşaması məni heyran etmişdi.

***

ХХ və XIX əsr rus poeziyası – havadır.

Pasternak ilə nəfəs alırdıq. Sonra Mandelştam gəldi, o da hava oldu. Gündəlk, daxilən, əzbərdən oxumaq üçün. Poeziyanı heç nəylə əvəz etmək olmaz. Mandelştam, Samoylov, Levitanski, Tarkovski olmasaydı, mən bu mən olmazdım. Biz (öz çevrəmin adından danışıram) poeziya oxuyurduq, yoxsa yaşamaq mümkün olmazdı. Burada paytaxtlıq, yaxud başqa bir şəkildə snobizm yoxdur. Əgər sən poeziyaya yadsansa, qan qrupun başqadır.

***

Grigory Gorin
Grigory Gorin

Qriqori Qorin haqda danışmaq çətindir. İnsani qavrayışım oxucu qavrayışımı dumanlandırır. Mənə demişdi: "Sənin ravvinin olacam.” O, məni həyatım boyu izlədi, kömək etdi, məsləhət verdi, qorudu.

Onun mənim həyatımda insani rolu elə böyüykdür ki, mənə onun haqqında bir oxucunun dramaturq haqda danışdığı kimi danışmaq çətin gəlir. Nəfəsim kəsilir. Hərçənd, yazıçı kimi də o, böyük yazıçıdır.

“Həmin o Menhauzen”i yazanda 32 yaşı var idi. Dramaturgiya ümumiyyətlə peşəkar baxımdan ən çətin janrdır. Orada ilham bəs eləmir. 16 yaşda «Белеет парус одинокий» yazmaq olar. Amma pyes yazmaq olmaz, ona kompozisiya ustalığı və başqa peşəkar keyfiyyətlər lazımdır. Dramaturq – yaş peşəsidir.

Artur Rembo (Arthur Rimbaud) 18 yaşda ola bilərsən. Dramaturgiya isə xeyli yaş istəyir.

24 yaşında “Mandat”, 28 yaşında “İntiharçı” pyesini yazan Nikolay Erdman isisnadır. Adtətən dramaturgiya belə tez yetişmir. Qorin 32 yaşınnda “Həmin o Menhauzen”i yazmışdı. O, zarafat etməyi öyrənməzdən əvvəl çatdırıb düşünməyi öyrənmişdi. İndiki dövrdə nadir bacarıqdır. Onun dramaturgiyasının alt qatında əsl ağıl və etika dayanır. O, xeyir və şəri dəqiq ayıra bilirdi. İronik idi. Amma bu bayağı deyildi, intellektin ali ironiyası idi...

***

Sergey Dovlatov
Sergey Dovlatov

Brodskidən danışarkən Dovlatov haqda susmaq olmaz. Biz o yazıçıların müasiri olmuşuq. Ədəbiyyat kimi əladır.

Onların aldadıcı sadəliyi bəzi ehtiyatsız insanlara o əsərləri hər kəsin yaza biləcəyi yazılar, qeyri-ədəbiyyat adlandırmağa imkan verir. Hanı, hamı yaza bilərsə, yazsınlar, amma nəsə görmürük.

O əsərlərin aldadıcı sadəliyi bəzi ehtiyatsız insanlara imkan verir ki, onları hər kəsin yaza biləcəyi yazılar, qeyri-ədəbiyyat adlandırsınlar.

Dovlatovdan danışanda “Mənəvi dərs” demək təəccüblü səslənir.

O özü bu sözləri heç vaxt dilə gətirməyib, zövqü buna imkan verməyib. Amma onda ibrətamizlik var. Sakit insani ləyaqət dərsi var və bu dərs ondadır ki, insan özündən son dərəcə narazıdır. Dovlatov özündən son dərəcə narazı idi. O, özü haqda çox pis fikirdədir, özünün xoşuna gəlmir. Mələk olmadığını bilir. Özündən başqa heç kəsdən xoşu gəlməyən adamların fonunda özündən xoşu gəlməmək onu çox cəlbedici edir. O, öz qeyri-mükəmməlliyindən səmimi qüssə duyur. “Kompromis” povesti bu haqdadır.

Kağız təmiz söhbət yeridir, onu aldatmaq olmaz. Dovlatovu oxuyanda onun bütün həyatı boyu iztirab çəkdiyini görürsən. İflas, kompromislər, yanılmalar. Bütün problemlər bundan doğur. O, özünə qədər də edilmiş hiyləgərliyi edir. Saşa Çornı deyir: “Я истину тебе по-дружески открою: Поэт — мужчина. Даже с бородою”. Əlbəttə, biz başa düşməliyik ki, “mən” – bədii əsərin bir parçasıdır.

Dovlatov dəhşətli bir iş görüb – qəhrəmana öz adını verib. Ehtiyatsız insanlar bu quyuya düşüblər. Amma bu, müəllifin özü deyil, hərçənd onun bioqrafiyasından, refleksiyasından əlamətlər var. Bu refleksiyalar faktnın özü müəlliflə qəhrəman arasında məsafə qoyur. Maraqlı effektdir. Dovlatov bunu edib və qələbə çalıb...

O, öz familiyasına qarşı qorxmadan, amansız davranır. Bir sözlə, onu oxumaq zövq verir. Bu, həm də dil və üslub zövqüdür. Amerikada o, əvvəlki hekayələrinin bir çoxunu yenidən yazdı, onları səslənmək baxımından mükəmməl səviyyəyə çatdırdı.

Onda Babel səviyyəli ifadələr var. "Kompromis"dən bir cümlə:

"Покойный, разминувшись с именем, казался вещью".

"Filial"da üzür, bilir ki, qız ona baxır. Sonra qalxır... Orda bir cümlə var:

"Признаться, я готов был дисквалифицировать весь Финский залив". Gözəl yazılıb, ona görə təkrar-təkrar oxumaq olur. Dilindən də zövq alırsan.

Bu da zamanın sınağından çıxmış nəsrdir. Dəb gedib, Dovlatov qalıb.

Son vaxtlar isə bədii ədəbiyyat oxumuram, etiraf edim. Bu o demək deyil ki, bugün yaranan bədii ədəbiyyat pisdir. Sonunculardan Meir Şalevanın adını çəkə bilərəm, İsrail yazıçısıdır. Onun "Rus romanı", "Göyərçin və oğlan"ı çox gözəl əsərlərdir. John Faulz, Umberto Eco... Amma mənim daxilimdə doymuş məhlul var, sərbəst valentlik yoxdur.

Son vaxtlar əsasən qeyri-bədii ədəbiyyat oxuyuram....

Bir də ki, əgər bir kitabı, məsələn, sən Meir Şalevanıı oxuyursansa həmin vaxt heç nə yazmamalısan. Sanki maqnit zonasına düşürsən və bu maqnit sənə çox güclü təsir edir.

***

ХХ əsrin əvvəlində şair Brus çox dəbdə idi. Nə oldu, onun bir misrası da qalmadı. O zaman Setayeva, Blok, Axmatova, Xodaseviç, Mayakovski, Qumilyov, Paternak, Mandelştam yazırdı, amma əsas rus şairi Bryus hesab olunurdu. Kimin birinci, kimin ikinci, kimin yeddinci olması bizim işimiz deyil. Mayakovskiyə deyəndə ki, sənin əsərlərin yaşamayacaq, gündəmə aiddir, o demişdi: "İki yüz il sonra gələrsiz, danışarıq". Haqlı çıxdı. Mayakovskinin yaxşı şeirləri qalır, qalacaq.

Həll etmək bizim işimiz deyil. Bizim işimiz Boris Leonidoviç demişkən, "sağ qalmaq, yaşamaq və yaşamaq"dır.

"Tomskiy Obzor"

XS
SM
MD
LG