Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:22

«Dağlıq Qarabağ daim vamla qaynaya bilməz»


"Ola bilsin, Putin Qarabağla bağlı ABŞ-ı nüfuzdan salmaq istəyir"
Gözlə

No media source currently available

0:00 0:16:06 0:00

"Ola bilsin, Putin Qarabağla bağlı ABŞ-ı nüfuzdan salmaq istəyir"

-

Bono Türkiyədəki qaçqın düşərgəsindən yazır; Britaniya müsəlmanları nadir hallarda digər millətlərlə nikaha girirlər – 13 aprel Qərb mediasının icmalı.

«Foreign Affairs» dərgisi Audrey L.Altstadt və Rajan Menon-un «Dağlıq Qarabağda dondurulmamış münaqişə» başlıqlı məqaləsini dərc edib. Müəlliflər münaqişənin tarixinə nəzər salır. Joseph Stalin-in Ermənistanla Azərbaycan arasında 1918-20-ci illər ərazi mübahisələrini bu yolla həll etdiyi vurğulanır – Naxçıvan Azərbaycana, Zəngəzur Ermənistana, Dağlıq Qarabağ isə muxtar region olaraq Azərbaycana verilir.

«Oxşar zonalar Gürcüstanda, digər yerlərdə də yaradılmışdı ki, bu da etnik qruplar arasında narazılığa zəmin yaradırdı. Təəccüblü deyil ki, Stalin-in qərarı da münaqişə toxumu səpdi. Sovet hökuməti vaxtı narazılığı boğmaq mümkün idi, ancaq Mikhail Gorbachev-in hakimiyyəti dövründə Qarabağın Ermənistana verilməsini tələb edən millətçi ritorika gücləndi».

«Siyasət biliciləri Qarabağ mübahisəsini «dondurulmuş münaqişə» adlandırsa da, bu köhnəlmiş ifadə durumu yanlış təsvir edir. Faktiki olaraq, 1994-cü ildə formalaşmış təmas xəttindəki vəziyyət sabit, dinc deyil. Tərəflər atəşkəsi mütəmadi pozurlar. Onlarla əsgər və dinc sakin həlak olub. 2014-2015-ci illərdə zorakılıqlar lap güclənib, tanklar, minaatanlar, ağır silahlar işə düşüb. Azərbaycanlılar ilk dəfə olaraq Ermənistanın hərbi vertolyotunu vurub».

«Atəşkəsin budəfəki pozuntusu tammiqyaslı müharibəyə keçə bilərdi, qarşısı alındı. Ermənistan-Azərbaycan münaqişəsinin kökündə duran məsələlər həll olunmamış qalır. Azərbaycanın son əməliyyatlarda qazandıqlarını nəzərə alsaq, atəşkəsin kövrək olacağını düşünmək olar», - yazan müəlliflər sülhə əngəl kimi tərəflərin təklif olunan sülh planına fərqli yanaşmasından, hər iki ölkədə bir-birinə aşılanan nifrətdən söz açırlar.

«Hər iki ölkə hərbi baxımdan güclənib. Bu səbəbdən budəfəki müharibə 1992-94-cü illərdəkindən daha çox itkiylə sonuclana bilər. Azərbaycan diplomatik həllin dalana dirənməsi qənaətinə gələrsə, yaxud ölkəiçi narazılıqdan diqqət yayındırmaq istərsə, bu riskə gedə bilər. Milli valyutanın devalvasiyasından sonra ölkədə itaətsizlik artıb. Siyasi repressiyalar məhdud da olsa, qəzəb doğurur. Ancaq «Panama sənədləri»nin prezident Əliyev ailəsinin də gizli sərvəti barədə məlumatı açıb tökməsi ictimaiyyətin hakimiyyətə inamsızlığını gücləndirə bilər», - yazıda qeyd olunur. Müəlliflər yeni müharibənin hakim ailənin də güclü payı olan biznes maraqlarına ziyan vuracağını vurğulayırlar.

«Atışmalar bərpa olunarsa, eskalasiya təhlükəsi böyükdür. Aprel toqquşmalarında ilk güllələr atılan kimi erməni könüllülər savaşa getməkdən ötrü sıraya düzüldülər. Erməni diasporu da Yerevanın köməyinə gələcək. Türkiyə isə Azərbaycana yardım göstərəcək. Türkiyənin müdaxiləsi Rusiyanı müttəfiqi Ermənistanı dəstəkləməyə sövq edəcək. Azərbaycanı rəqib kimi görən İran isə, əvvəlki müharibədə olduğu kimi, Ermənistana yardım edəcək».

«Aprel toqquşmaları bir daha yada saldı ki, Ermənistan-Azərbaycan münaqişəsi daim vamla qaynaya bilməz. Tərəflərdən heç biri müharibə istəməsə də, birinin məhdud miqyasda güc nümayişi hər şeyi nəzarətdən çıxara bilər».

Türkiyədə qaçqınlar.
Türkiyədə qaçqınlar.

İŞİD-İN KÖLGƏSİNDƏKİ QAÇQINLAR

U2 rok qrupunun aparıcı üzvü Bono bu günlərdə Türkiyədə Nizip qaçqın düşərgəsində olub. Bono ONE təbliğat qrupunun və RED adlı AIDS təşkilatının təsisçisidir.

Müğənni «The New York Times» qəzetində dərc olunmuş məqaləsində «İslam Dövləti» (İŞİD) silahlı qruplaşması ilə cəbhə xəttindən cəmi 30 mil uzaqda yerləşən düşərgədə gördüklərini qələmə alıb.

«Bu düşərgədə çalışan, eləcə də ondan kənardakı türklər qaçqınlara inanılmaz dərəcədə qucaq açıblar. Ancaq nəyinsə yolunda olmadığı da görünürdü. Məktəblər qaçqın uşaqları ilə qaynaşır. Amma onların valideynləri iş icazəsi olmadan işləyə bilməzlər. Millətin resursları, səbri tarıma çəkilib. Bura miqrant böhranının ön cəbhəsidir. Burada belə bir sual dolaşır: Avropa bu böhrana daha insanpərvər yanaşa bilərmi?».

Bono Türkiyə ilə Avropa Birliyinin yeni razılaşmasının narahatlıq doğurduğunu vurğulayır. Çünki bu razılaşma çıxış yolu deyil. Türkiyənin cənubundakı düşərgədə hər şey yaxşı təşkil olunub. Bir rəsmi yerli sakinlərlə gərginlik yaşanmadığını söyləyib. Lakin onu da etiraf edib ki, durum daha beş il davam etsə, ölkə resurslarına təzyiq artmış olacaq.

«Mən ABŞ-ın respublikaçı senatorlarından bəziləri ilə birlikdə idim. Onlar da açıq-aşkar narahatdırlar ki, qaçqın böhranı Avropa Birliyinin, hətta NATO-nun əsaslarını sarsıda bilər. Suriya kimi başqa bir Yaxın Şərq, yaxud Afrika ölkəsi çöksə, Avropaya qaçqınların yeni dalğası başlaya bilər. Almaniya kansleri Angela Merkel kimi bu senatorlar da Avropaya təhlükəni görür, Yaxın Şərq və Şimali Afrikada sabitlik yaratmaq üçün «Marşal planı»na bənzər danışıqlar aparılmasını istəyirlər».

«Senatorlarla naharda Türkiyənin xeyli peşəkar və mülayim danışan baş naziri Ahmet Davutoğlu soruşdu ki, U2 İstanbulda mayda keçiriləcək qlobal humanitar sammitdə oxuyarmı? Komedik səslənməyə çalışdım, izah elədim ki, U2 bir demokratiyadır, özü ilə hər cür problem də gətirir. Heç kəs gülmədi».

Britaniyada müsəlmanlar.
Britaniyada müsəlmanlar.

BRİTANİYANIN MÜSƏLMAN PROBLEMİ

«The Wall Street Journal»ın Avropa nəşri yazır ki, azı, 800 britaniyalı müsəlman «İslam Dövləti» (İŞİD) silahlı qruplaşmasına qoşulmaq məqsədilə ölkəni tərk edib. 600 nəfərin qarşısı alınıb. Bu da Britaniyada 3 milyon müsəlmanın assimilyasiya problemini göstərmirsə, onda yeni bir sorğunun nəticələrinə baxaq.

Sorğunu ICM tədqiqat firması 1081 müsəlman arasında aparıb. Respondentlərin 31 faizi inanır ki, Britaniya müsəlmanına birdən artıq qadınla evlənməyə icazə verilməlidir. 52 faizin fikrincə, homoseksuallıq qadağan olunmalıdır. 23 faiz Britaniyanın bəzi yerlərində ölkə qanunlarının şəriət üsul-idarəsi ilə əvəzlənməsinə tərəfdardır.

Müsəlmanların 2/3-sindən çoxu düşünür ki, yəhudilərin Britaniyada gücü böyükdür. Ölkənin ümumi əhalisinin 9 %-i bu cür fikirləşir. Respondentlərin 7%-i İslam dövlətinin qurulmasını istəyir. 4% siyasi etiraz forması kimi terrorçuluq törətməyin tərəfdarıdır. Bu son iki rəqəm kiçik görünə bilər, ancaq nəzərə alın ki, Britaniya müsəlmanlarının 100-200 mininə bərabərdir.

Bəzi müsəlman təşkilatları bu nəticələri mübahisələndirir. Sorğu əhalisinin 20%-i müsəlman olan yerlərdə keçirilib. Tənqidçilər deyirlər ki, bunlar ölkənin ən yoxsul məhəllələridir və təşkilatçılar ölkənin ən az inteqrasiya olunmuş müsəlmanlarının fikrini soruşmaqla nəticələri təhrif ediblər.

«The Wall Street Journal» yazır ki, bu, Britaniya müsəlmanlarının cəmiyyətdən fiziki və ideoloji baxımdan ayrı yaşaması və bu cür davam etmək istəyini dəyişmir. Onlar nadir hallarda digər millətdən olanlarla nikaha girirlər. Sorğuda iştirak edən respondentlərin hər beş nəfərindən biri deyib ki, heç vaxt qeyri-müsəlmanın evinə getmir.

Youtube Kanalımıza Abunə olun - Azərbaycanda baş verənlərdən xəbəriniz olsun

XS
SM
MD
LG