-
Aprelin 17-də Qətərin paytaxtı Dohada keçiriləcək neft hasilatçılarının görüşündə Azərbaycanı energetika naziri Natiq Əliyev təmsil edəcək.
APA-nın xəbərinə görə, Qətərin energetika və sənaye naziri Mohammed Saleh Al Sada-nın dəvət məktubunda OPEC üzv olan və olmayan ölkələrin iştirakının vacibliyi qeyd edilib.
Bu, fevralın 16-da Doha şəhərində Qətər, Səudiyyə Ərəbistanı, Rusiya və Venesuela arasında baş tutmuş görüşün davamı olaraq keçirilir. Həmin görüş zamanı ölkələr neft hasilatının bu ilin yanvar ayındakı səviyyədə dondurulması ilə bağlı təklif irəli sürmüş və digər neft ölkələrini də buna qoşulmağa çağırmışdılar.
Azərbaycanda isə, əslində, neft hasilatı ildən-ilə azalır. Ən yüksək göstərici 2010-cu ildə 50.8 mln. ton olub. Hazırda Azərbaycanda sutkada 115 min ton neft hasil edilir.