Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:20

"Fransız dili öyrənməzdən əvvəl bir düşün"


Əfqanıstanda fransız dili dərsi
Əfqanıstanda fransız dili dərsi

-

Son vaxtlar fransız dilini öyrənməyə mararq göstərənlərin sayı artıb. Bu həftə "Financial Times" qəzetində çıxmış “Voilà (fransızca: budur), ingilis dili dünya dilləri savaşını qazanıb” adlı yazısında jurnalist Jeremy Paxman fransızca öyrənənlərə üz tutub deyir: Fransız dilini öyrənməyin nə mənası var?!

İngilis dili dərslikləri
İngilis dili dərslikləri

O, məsələyə həm fransızca öyrənən ingilislərin, həm də bizlərin gözülə baxır.

"İngilislər kimi təkdilli xalqlardan fransız dilini niyə öyrəndiklərini soruşanda onların verdiyi cavab lap uşağın boğazına hər gün bir qaşıq balıq yağı tökənlərin köhnə izahına oxşayır: Lazımdı." Daha dərindən baxanda isə...

Fransız dilini öyrənmək mümkündür, necə ki, Şimali Afrika ölkələrində bu dildə gözəl danışırlar, amma "fransız dilinin əsas problemi odur ki, o, faydasız dildir." Bu dili öyrənməyin praktik əhəmiyyəti olmayacaq.

Fransız dili dərsi
Fransız dili dərsi

"Heç kəs inkar etmir ki, fransızların tarixən böyük sivilizasiyası olub. Avropa mədəniyyəti Montaigne, Descartes, Debussy, Cézanne olmadan yarımçıq görünərdi. Amma bütün bunlar keçmişdə qalıb və yeni dünya anqlofondur. İngilis və fransız dillərinin çoxəsrlik savaşında bir qalib var, o da ingilis dili."

Məqalə müəllifi ingilis dilinin bu qalibiyyətini həm Britaniya İmperiyasının keçmiş nəsillərə məxsus nailiyyətlərilə, həm də ABŞ-ın müasir dünyadakı üstünlüyü ilə izah edir.

İngilis dili bu gün elmin, texnologiyanın, səyahətlərin, əyləncə və idmanın dilidir. Dünya vətəndaşı olmaqdan ötrü bir dili bilməyə ehtiyac var, o da ingilis dili.

Müəllif daha sonra yazır ki, fransız dilini təbliğ etmək fransız imperializminin yeni forması halını alıb. La Francophonieadlı səhifə bu absurd vəziyyətin təqsirkarıdır, o, üzvü olan dövlətlər arasında "fransız dilinə və onun humanist dəyərlərinə əsaslanan fəal həmrəylik” təbliğ edir. Əslində isə bu, Britaniyaya məxsus "Commonwealth" ittifaqınını zəif şəkildə təqlid etməkdir.

"Fransız dilini təbliğ etmək ulduzçiçəyini təbliğ etməyə bənzəyir, bu, mövsümi güldür, onsuz da qalıcı olmayacaq".

Fransız dilini və onun humanist dəyərlərini təbliğ etməkdə bir bəd niyyət yoxdur, heç ulduzçiçəyi yetişdirmək də pis deyil, amma, - müəllif yazır - ulduzçiçəyi yetişdirməyin 21-ci əsrdə baş çıxarmaq üsulu olduğunu iddia edən təşkilata şübhəylə baxmağa əsasımız var.

"Fransız hökumətinin pulunu necə xərcləməsi onun öz işidir, lakin bu pulla fransız dili və dəyərlərini təbliğ etməsinin heç bir faydası yoxdur." Bu dil ki öz boyundan irəli tullanmayacaq!

Əcnəbi dil öyrənmək olar, bu, həm hobbidir, həm də beyni inkişaf etdirir. "Amma gəlin özümüzü elə aparmayaq ki, guya Sanskrit dili öyrənməyin böyük praktik əhəmiyyəti var."

Müəllif sözünün yekununda deyir, xarici dil öyrənən ingilisdillilər yaxşı olar ki, Çin, ərəb, ispan dillərini öyrənsinlər. Fransız dilini öyrənmək istəyənlər isə bu dili məhz gözəl dil olduğuna görə öyrənsinlər, qoy özlərinə yalançı mülahizələrdən yük tutmasınlar ki, guya bu dil belə vacib ünsiyyət vasitəsidir. Ünsiyyət vasitəsi kimi fransız dilini öyrənməyə dəyməz.

XS
SM
MD
LG