-
Avropa Qran-prisinin Azərbaycandakı təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞHƏŞ) «Formula-1» yarışı ilə bağlı hazırlıq işlərini davam etdirir.
Şirkət bildirir ki, paytaxtın yarış trekinin üzərinə düşən mərkəzi küçələrində tikinti işləri son mərhələdədir. Üst lay asfalt qatının çəkilməsi işləri sürətlə davam etdirilir. Bu səbəbdən Neftçilər prospektinin «Azneft» dairəsindən başlayaraq Rəsul Rza küçəsi ilə kəsişməsinədək olan hissəsi aprelin 10-u saat 17:00-dan aprelin 11-i saat 21:00-dək nəqliyyatın hərəkəti üçün bağlı olacaq.
Bundan əvvəl də «Formula-1» yarışlarına hazırlıq məqsədilə aparılan təmir işləri nəticəsində şəhərin başqa mərkəzi küçələri də nəqliyyatın hərəkətinə bağlanmışdı.
Bakıda «Formula-1» yarışları iyunun 17-19-da keçiriləcək. 2021-ci ilə kimi hər il davam edəcək.