Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:38

“Rusiya sülhməramlıları gəlsə, Qarabağa əlvida”


Gürcüstan - rus sülhməramlısı, 2006
Gürcüstan - rus sülhməramlısı, 2006

►Bunu Zərdüşt Əlizadə deyir.

Fikrət Sadıqovsa düşünür ki, “Azərbaycan buna icazə verməz”

Rasim Musabəyov: “Ermənistana bircə Rusiya təsir göstərə bilər”

Rusiaynın baş naziri D.Medvedev Qarabağ münaqişəsinin həllinə yardım üçün Azərbaycana gəlib.

Bakıya yolunu Yerevandan salan baş nazirin təkliflər qovluğu da var. Hələlik, bu qovluq ictimaiyyətə açıqlanmır, amma Medvedev Azərbaycan paytaxtında keçirdiyi mətbuat konfransında deyib ki, Rusiya sülhün tərəfdarıdır.

O, elə desə də, Azərbaycan cəmiyyəti rahatsızdır, çünki Rusiya Azərbaycanı xeyirsiz sülhə vadar edə bilər.

İstər-istəməz, suallar doğur: Qarabağ münaqişəsinin həllində Rusiyanın ədalətli mövqe tutması mümkün görünürmü? Nəhəng şimal ölkəsinin sülhməramlıları bölgəyə gələ bilərmi?

Politoloq Fikrət Sadıqovun fikrincə, Minsk qrupunun həmsədrləri indiyədək ədalətli davranmadığından münaqişə bu yerə gəlib çıxıb.

Onun sözlərinə görə, həmsədrlər sülhə nail olmaq istəyirdilərsə, Ermənistana çoxdan təzyiq edilməliydi. Rusiyanın son günlər təmas xəttində yaşananlardan əl-ayağa düşdüyünü söyləyən politoloq məhz bu üzdən Kremlin Bakıya, az qala, ən yüksək səviyyədə məmurlarını göndərdiyini düşünür.

“Təkliflər köhnəyə bənzəyirsə…”

Fikrət Sadıqov deyir ki, təkliflər köhnənin bənzəridirsə, yəni 5 rayonun qaytarılması, Kəlbəcər və Laçın məsələsi açıq qalmaqla, Dağlıq Qarabağın müstəqilliyinin tanınması məsələsi masaya qoyulacaqsa, onda münaqişənin həllində irəliləyişdən danışmaq omümkün lmayacaq.

Politoloq Azərbaycana Rusiya sülhməramlılarının gələcəyinə inanmır, onun fikrincə, Azərbaycan buna icazə verməz: “Rusiya müttəfiqi Ermənistana zərbə dəyməsini istəmirsə, bu münaqişənin sülh yolu ilə həllinə çalışmalıdır”.

Fikrət Sadıqov münaqişənin həllində köklü dəyişikliklərin baş verəcəyinə inanmır.

“Təkliflərə baxmaq lazımdır ki, razılaşmaq olar, ya yox”

Millət vəkili Rasim Musabəyov düşünür ki, Ermənistana təsir edə biləcək ölkə yalnız Rusiyadır:

“Minsk qrupu həmsədrlərinin dövlət başçılarına hansısa qərar qəbulu üçün təsir gücü yoxdur. Yalnız dövlət rəhbərləri, xarici işlər nazirləri məsələyə təsir göstərə bilərlər”.

Rasim Musabəyovun fikrincə, Rusiyanın fəallaşmasına qıqanclıqla yanaşmaq lazım deyil, əksinə, bu ölkənin təkliflərinə baxmaq lazımdır ki, Azərbaycanın mənafeyinə uyğundur, ya yox. O, Azərbaycan prezidentinin bu təklifləri maraqlı saydığını və “razılaşmaya getmək olarmı” sualını cavablamaq üçün həmin təklifləri öyrəndiyini də sözlərinə əlavə edir.

“Rusiya Azərbaycanla hesablaşmağa məcburdur”

Millət vəkilinə görə, Azərbaycan əhalisi, maliyyəsi, iqtisadi imkanları, enerji resursları, ordusunun gücü baxımından regionda seçilir və Rusiya da bu reallıqla hesablaşmağa məcburdur:

___________________________________________________________

Bunlara da bax:
Mehriban Əliyeva: «Bir ana kimi qarşınızda baş əyirəm»
Papa geylərə və boşanan cütlüklərə qucaq açır

___________________________________________________________

“Azərbaycansız regionda heç bir siyasət aparmaq mümkün deyil. Ermənistan Rusiyanın cibindədir. Azərbaycanla da xoş münasibət saxlanmalıdır. Azərbaycan Rusiyadan heç nə istəmir ki! Beynəlxalq qanunlar çərçivəsində öz hüquqlarının bərpasını tələb edir”.

Rasim Musabəyov düşünür ki, son günlər cəbhə bölgəsində yaşananlar, Azərbaycanın uğurlu əməliyyatları Rusiyanı rəsmi Bakı ilə hesablaşmağa vadar edəcək. O, Qarabağa Rusiya sülhməramlılarının gələcəyindən narahat deyil. Millət vəkilinin fikrincə, bu, ATƏT-in sülhməramlıları da ola bilər: “Hələ bilmək olmaz ki, bu sülhməramlılar gələcəksə, onların tərkibində Rusiya iştirak edəcək,ya yox”.

“Rusiya Kəlbəcər və Laçını hərbi bazasına çevirmək istəyir”

Siyasi şərhçi Zərdüşt Əlizadə bölgəyə məhz Rusiya sülhməramlılarının gələcəyini proqnozlaşdırır. Onun fikrincə, bu, Azərbaycanın dövlət müstəqilliyinə ciddi təhlükə törədəcək bir prosesdir:

“Elə Rusiyanın da məqsədi budur ki, xalqları münaqişəni donmuş vəziyyətdə saxlamağın artıq mümkün olmadığına inandırsın və formal dəyişikliklər baş versin - 5 rayon qayıtsın, Laçın və Kəlbəcəri öz hərbi bazasına çevirsin. Bundan sonra ona çıx desən də, çıxmayacaq. Necə ki Moldova deyir, Gürcüstan deyir, Ukrayna deyir, amma Rusiya bu dövlətlərin torpaqlarından çıxmır. Indi Azərbaycan Rusiya sülhməramlılarının bölgəyə gəlməsinə razılıq versə, biz sakitcə Qarabağa da və Azərbaycanın müstəqilliyinə də əlvida deyə bilərik”.

Zərdüşt Əlizadə proseslərin məhz bu istiqamətdə inkişaf edəcəyindən narahatdır. Onun sözlərinə görə, Azərbaycan bu məsələdə razılıq verməsə, Rusiya münaqişəni yenidən alovlandıracaq.

Qarabağ münaqişəsinə dair yeni danışıqlarsa artıq Qafqazın sərhədlərini aşıb. İndi hər iki xalq yeni təkliflərin açıqlanmasını gözləyir.

Həmçinin bax - AzadlıqRadiosu Youtube Kanalından izləyin:​

XS
SM
MD
LG