Keçid linkləri

2024, 06 Oktyabr, bazar, Bakı vaxtı 18:22

İnsanlar əl tutmadı, heyvanlar tövlədə "yer verdi"


İllüstrasiya
İllüstrasiya

►"Bizi yaddan çıxardılar"

2012-ci il oktyabrın 14-də Azərbaycanın şimal-qərb bölgəsində baş vermiş zəlzələ nəticəsində Balakənin Yeni Şərif kəndində məktəb, məscid və poçt binası, o cümlədən fərdi evlər qəzalı vəziyyətə düşüb.

Bu ailələrin çoxuna təzə evlər tikilsə də, indinin özündə tövlə və çadırlarda yaşayan ailələr var

“İllərlə dişim-dırnağımla çalışıb üçotaqlı evimi təmir etdirmişdim. 2012-ci il oktyabrın 14-də zəlzələ oldu, hamısı dağıldı getdi... Getməyə yerimiz olmadı, ailəmi də başıma toplayıb tövlənin bir gözünə yerləşdik. Hələ də heyvanlarla eyni tövlədə qalırıq”.

Balakənin Yeni Şərif kəndinin sakini Rəcəb Mikayılov belə deyir. Arıq 4 il olar ki, onun evini yeraltı təkanlar darmadağın edib. Altı nəfərlik ailəsinə insanlar əl tutmasalar da, heyvanlar öz tövlələrinin bir hissəsində ailəyə “yer verib”. Üç ildən çoxdur ki, 63 yaşlı təqaüdçü, ailəsiylə birgə, elə dağılmış evin həyətindəki tövləyə sığınıb:

“DEMİŞDİLƏR, TƏZƏ EVLƏR TİKİLƏCƏK, AMMA...”

“Hadisədən sonra gəlib-gedənlər çox oldu... İcra hakimiyyətindən, Fövqəladə Hallar Nazirliyindən dəstə-dəstə gəlir, baxıb, qeydlər aparıb, gedirdilər. Söz vermişdilər ki, evimizin yerində təzə ev tikəcəklər”.

Bir neçə ay sonra kənddəki qəzalı evlərin yerində yeniləri tikilsə də, bu ailə qurumların “yadından çıxıb”. Rəcəb Mikayıl öz cüzi təqaüdü ilə çarəsiz qalıb:

“Burada evlər tikdilər... Elə getdim, dedilər, kişi, get otur, növbə sənə də çatacaq. Üç ildir tövlədə növbə gözləyə-gözləyə qalmışam. Di gəl, deyəsən, bu məsələ çoxdan bağlanıb. Daha ev də tikmirlər. Belə çıxır ki, mən, ailəm həmişəlik tövlədə qalacağıq”.

___________________________________________________________

Bunlara da bax:
"Putinka" arağının gəliri kimə çatır?
Hacıbala Abutalıbovun işində büdcə pozuntuları var

___________________________________________________________

HƏLƏ DƏ ÇADIRDA YAŞAYANLAR VAR...

Üləmətovanın ailəsinin 5 üzvü var. Zəlzələyədək 4 otaqlı evi olub. İndi o evin yerində daşlardan təpəcik törənib. Ailə isə hadisədən sonra FHN-in verdiyi çadırda qalır:

“Evim yerli-dibli dağılıb. Yerində daşlıqdan təpəcik əmələ gəlib. O vaxtdan gətirib çadır veriblər, yay-qış – dördüncü ilə keçib ki, çadırda qalırıq. Bu kənddə ən qəzalı ev mənim evim oldu. Ancaq nədənsə evində bir az çatı olana təzə ev tikib verdilər, mənim kimi çadırda, tövlə qalanları “unutdular”".

Balakən icra hakimiyyətindən yalnız bunu bildirdilər ki, kənddə qəzalı vəziyyətə düşmüş bağça, məktəb və başqa inzibati binalar təzələnib. Dağılmış fərdi evlərin yerində təzələri tikilib. Ancaq işlər hələ də davam edir. Qurum zəlzələ fəsadını yaşayan ailələrin indən belə də səbrli olmasını məsləhət görür.

2012-ci il oktyabrın 14-də Azərbaycanın şimal-qərb bölgəsində baş vermiş 5.7 bal gücündə zəlzələ Balakənin Yeni Şərif kəndindəki məktəb, məscid və poçt binasını, o cümlədən fərdi evləri qəzalı vəziyyətə salıb. Təbii fəlakət nəticəsində 1 nəfər ölüb.

XS
SM
MD
LG