-
"Kənd içinə çıxdı ki, görsün kimi girinə sala bilir. Biraz kənddə gicəlləndi. Adam tapmadı. Tay-tuşları hərəsi bir işnən məşğuldu. Axır, dənizə tək getdi. Pulu yoxdu avtobusa versin, başmaqlarını çıxartıb tutdu əlində, bağlariçi getdi."
Həmid Piriyev
Qarğalar oturub üzüqibləyə
Zəki evdən çıxan kimi gözü işıq dirəyinə sataşdı. Beş-altı dənə qarğa naqillərin üstündə oturub özlərini günə verirdi. Söydü:
“Ay bicbalalar!”
Sonra da başmağının sağ tayını qamarlayıb qarğalara tolazladı. Qarğalar uçdu.
...Zəkinin onda yeddi yaşı vardı. Babasınan qonşu kəndə getmişdi. Qayıdanda babası yol qırağındakı hündür qovaq ağaclarının budaqlarında oturan qarğaları ona göstərdi.
“Ora bax,” Zəkiyə dedi, “üzüqibləyə oturublar.”
Həmin günün axşamı Zəkinin atası öldü. O vaxt hələ kənddəki elektrik naqillərini təzələməmişdilər. Tez-tez işıqlar sönürdü. O gecə də işıq söndü. Özü də möhkəm yağış yağırdı. Atası kəlbətin götürüb küçəyə çıxdı. Tezliklə qışqırtısını eşitdilər. Onlar çıxanacan atası keçinmişdi.
O vaxtdan qarğalardan zəndi-zəhləsi gedirdi. Ağlına yeritmişdi ki, qarğaların üzüqibləyə oturmağı pis əlamətdi.
Axşamüstüydü. Sərinnənməyə başlamışdı. Təndir çörəyinə oxşayan avqust günəşi dənizin üstünə əyilmişdi.
“Mən kənddəyəm.”
Evə tərəf qışqırdı ki, anası eşitsin. Küçəyə çıxıb başmağını geyindi. Evləri şorun yanındaydı.
Əvvəlcə nənəsigilə getdi. Evə girəndə gördü ki, bibisi içəridədi. Kefi qaçdı, heç bibinən salamlaşmadı da. İstəyirdi nənəsinnən beş manat pul alsın, əli aşağı olan kimi cumurdu nənəsinin üstünə, amma bibisini görüb pul da istəmədi.
- Zəki, acsan? Yemək verim?
- Yox, ay nənə. Sərin su var?
Nənəsigili nən öz evlərinin arasında bir məhəllə vardı. Bir tikə yolu gələnəcən dili damağına yapışmışdı. Suyu içib biraz özünə gəldi. Qapıdan çıxanda gördü babası gəlir. Köhnə 03-ün damında beş-altı paçka saman vardı.
- Zəki, nə yaxşı burdasan. Gəl kömək elə.
Samanları tövlənin qabağına daşıdı.
Bu, Zəkinin ata babasıydı. Atası ölən günün səhəri bu babasıynan nənəsi onnara köçdülər. Yeddi il yetimləri saxladılar. Amma getməkləri biabırçı oldu.
Bibisi – indi nənəsigildə olan – babasına demişdi ki, gəlini, yəni Zəkinin anası onun dalınca "oğraş" deyib. Məsələ böyüdü. Anası özünü öldürdü ki, mən neyçün qaynatamı söyüm? Yeddi il uşaqlarıma baxıb, qoymayıb acınnan ölək. Nəsə, babası inandı gəlininə. Amma Zəkinin bibisi qoymadı araları düzəlsin. Babanı yenə qızışdırdı.
Baba gördü ki, daha burda qala bilməz. Oğlunu bəhanə eləyib öz evinə qayıtdı. Zəkinin əmisigildə də ara qarışıq idi. Əmisi arvadnan yola getmirdi. Açıb-ağartmasalar da, babası bilirdi ki, əmi iki aydan çoxdu evdə yatmır. Hardasa təzə arvad tapıb, onnan yatıb-durur. Evə də ancaq səhərlər gəlir, yeməyə nəsə alıb gətirir.
Amma baba gedəndə sözünü də dedi. Dedi ki, “yeddi ildi mən baxıram, indi də gəlsin o birisi babaları baxsın.”
Sonra üç il də dayıları gəlib onnarnan yaşamışdı. Dayısı da təzə boşanmışdı o vaxt. Nəsə, dərd başlarınnan əskik deyildi.
Amma Zəki çox istəyirdi bu babasını. Axırdakı o həngamə gərək olmayaydı, elə babası da tezliknən peşman olmuşdu, amma tüpürdüyünü yalamağa utandı. Nəsə, bunnar çoxdanın söhbətləridi.
Zəki samanı daşıyıb əl-üzünün tərini yudu, üst-başını çırpdı. Yenə nənəsinnən su alıb içdi, sağollaşıb çıxdı. Getdi Mirzəgilə. Mirzə Zəkinin həmtayıydı, bərk xoruzbaz idi. Zəki tez-tez onnara gedib heyratılarına baxırdı. Amma Mirzə evdə olmadı, harasa getmişdi.
Tini dönəndə gördü Həci gəlir. Onnan siqaret alıb yandırdı.
- Həci, gəl gedəy dənizə.
- Yox e, işim var həyitdə.
- Sənün də işün qurtarmır. Onda axşam gələrəm.
Kənd içinə çıxdı ki, görsün kimi girinə sala bilir. Biraz kənddə gicəlləndi. Adam tapmadı. Tay-tuşları hərəsi bir işnən məşğuldu. Axır, dənizə tək getdi. Pulu yoxdu avtobusa versin, başmaqlarını çıxartıb tutdu əlində, bağlar içi getdi.
Gün əyilirdi yavaş-yavaş. Yolun birazı asfalt idi, gün əyildikcə bağ hasarlarının kölgəsi üstünə düşsə də, asfalt hələ günortanın istisini canında saxlamışdı. Sahilə çatanda balaqlarını da çirmələdi. Topuğunacan narın quma bata-bata gedirdi, arabir sivri çınqıllar pəncəsinə batırdı. Adam çoxdu. Hələ dalı da gəlirdi. Əligilin kafesinə çatanacan sahildə uzanıb özünü günə verən qızlara baxdı. Hansının yanında oğlan vardısa, ona baxmırdı.
Kafeyə çatıb salamlaşdı. Əliynən bir sinifdə oxumuşdular. Uşaq vaxtı da qoyunu bir yerdə otarırdılar. Əli bu il sezonnuğ kafelərdən birini götürmüşdü. Kafe deyəndə ki, bir dənə diktdən balaca köşk idi, altı dənə də həsir kabinet. Köşkdə Əli özü otururdu, gələnnərsə həsir kabinetlərdə. Kabinetlərin dənizə baxan əli açıq idi.
- Pivə içirsən? - Əli soruşdu.
- Ver.
Əli pivəni süzüb qoydu Zəkinin qabağına. Daha “yanında nəsə istəyirsən?” soruşmadı. Bilirdi ki, Zəkinin pulu yoxdu, qoy pivəsini içib cəhənnəm olsun.
Zəki pivəni götürüb çəkdi başına, amma axıracan içə bilmədi. Yarıya çatanda bakalı stolun üstünə qoydu. Gözləri yaşarmışdı. Əlinin siqareti stolun üstündəydi. İcazəsiz-filansız əl atıb birini götürdü. Pivəsini içib soyundu, girdi dənizə.
Toran düşəndə çıxdı. Pivədən sonra kefi kökəlmişdi. Gəlib birini də içdi. Əli siqaret yandıranda birini də ona uzatdı. Onsuz da istəyəcəkdi.
- Fəridəni görürsən? - Zəki soruşdu.
- Yox.
- Onu salaciyam əlimə, görərsən.
Fəridə məktəb tərəfdə olurdu. Ayrılıb gəlmişdi, gələnnən altı ay sonra uşağı da olmuşdu.
- O, hələ qız döyür.
- Kim deyir sənə? Görmürsən, gələnnən sonra doğdu. Fərli adam olsaydı, heç qaytarardılar atasının evinə?
Əli heç nə deməyib çiyinlərini çəkdi.
Zəki geyinib Əliynən sağollaşdı. Çıxdı avtobus dayanacağına. Ayaqnan getməyə heyi qalmamışdı. Bəxtinnən Vüqar kəndə gedirdi. Minib oturdu Zil-in kabinəsinə. Vüqar su maşını sürürdü, buralarda harasa su gətiribmiş.
Kənd içində düşüb dükana girdi. Rəşadnan salamlaşdı. Rəşad dükanda satıcı işləyirdi.
- Rəşad, siqaret ver. Pulunu sonra verəciyəm.
Siqareti alıb çıxdı. Dalana girən kimi birini yandırıb qoydu damağına. Həcigilin qapısını döydü.
- Həci, ay Həci.
Həci başını ev qapısınnan çıxartdı. Çənəsi işləyirdi.
- Gəl çörək yi.
- Yox, ay Həci, nuş.
- Ala gəl içəri.
Zəki həyətə girib qapını bağladı. Girib oturdular, Həcinin anası Zəkiyçün də yemək çəkdi. Yeyəndən sonra çay da gətirdi.
Xoruzquyruğu çay daş stəkanda buğlanırdı. Zəki qənddandakı noğullardan birini götürüb ağzına atdı. Noğulu çeynədi, içindəki keşniş tumu dişinin çürük yerinə girib ilişdi. Çayı içənnən sonra küçəyə çıxdılar. Qarajın qapısında oturub siqaret yandırdılar.
- Yenə tökmüsən tuluğuva?
- Həci, yerün məlum, restarandaydıq. Uşaqlarnan.
- Bizimkilərnən?
- Yox, sən tanımırsan. Yaxşı yeyib-içdik. Qız da gətirmişdilər.
Öz aləmində Həciyə acıq verirdi. Amma Həci Zəkini yaxşı tanıyırdı, bilirdi ki, hamısı gopdu.
- Həci, Fəridəni necə tovlayım?
- Gic-gic danışma. Başuva qız qəhətdi?
- Onsuz da q..bədi də.
- Görmüsən?
- Görməmişəm amma bilirəm.
Həci bilirdi Zəki hardan dəm vurur. Amma Zəki işin əslini bilmirdi. Fəridə qabiliyyətli qızdı. Özü də istədiyi oğlana ərə getmişdi. Amma uşaqları olmurdu. Dörd-beş il müalicə-filan aldılar, xeyri olmadı. Qaynanası başladı Fəridəni burunnamağa. Oğlunu da qaldırdı Fəridənin üstünə. Qaynatası aranı sakitləşdirmək istədi, alınmadı. Axır, ayrıldılar.
Amma ayrılmazdan üç ay qabaq Fəridə uşağa qalıbmış. Elə ayrılmamışdan bilirdi. Amma qaynanasının acığına deməyib. Uşaq olannan sonra əri gəlib başladı yalvarmağa, amma Fəridə qayıtmadı. İndi uşağın yaşı tamam olub. Hərdən qaynatası yanına gəlir, uşaqnan bir az oynayıb gedir.
Həci hamısını bilirdi, amma Zəkiyə demirdi.
Zəki pivənin təsirindəydi, gözlərini yumub başını söykətmişdi qarajın qapısına. Gecə olan kimi qurbağalar quruldamağa başlayırdılar. Həci qurbağalara qulaq asırdı, Zəki Fəridəni fikirləşirdi.
- Yaxşısı, get özüvə iş tap, bəsdi avaralandın - Həci dedi.
Zəki gördü söhbət istəmədiyi tərəfə gedir, durub sağollaşdı. Sakit yay gecəsi başlamışdı. Zəki qaranlığa qarışıb getdi qurbağaların səsinə tərəf...
Aprel 2016