Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:11

Azərbaycanın səfiri Kim Kardashian-dan danışdı


Kim Kardashian
Kim Kardashian

-

Kim Kardashian-ın «Instagram»da 66 milyon izləyicisinin olması onu Dağlıq Qarabağ münaqişəsi üzrə ekspertə çevirmir. Azərbaycanın Birləşmiş Ştatlardakı səfiri belə düşünür. Elin Süleymanov «Foreign Policy» dərgisinə müsahibəsində ABŞ-da realiti-şou ulduzu, erməni əsilli Kim Kardashian-la bağlı belə deyib.

AzadlıqRadiosu Youtube Kanalına abunə olun və videoları ilk siz izləyin

«O, çox məşhurdur, izləyiciləri onu sevir. Ancaq hərb və sülh məsələləri realiti ulduzu üçün bir az ciddi məsələdir», - Süleymanov telefon müsahibəsində deyib.

«Məndən də çox pis realiti şou ulduzu çıxardı, ona görə də tanış olmadığım sahəyə girmirəm. Kardashian-ın da hərbi, yaxud siyasi təhlilçi olmasından əmin deyiləm, yaxşı bildiyimiz işi görməliyik», - səfir sözlərinə əlavə edib.

Kardashian bazar ertəsi Ermənistan təhlükəsizlik qüvvələrinə rəğbətini bildirən bir foto yerləşdirib. Ermənistan bayrağı taxılmış hərbi vertolyotlar və tankların fotosunun altında yazıb ki, «Ermənistanda və dünyada hər kəs üçün dua edirəm».

Kardashian ötən il əri Kanye West ilə Yerevana səfər etmişdi. Onun «Instagram» səhifəsindəki #PrayForPeace (Sülh üçün dua et) həştəqi 500 min dəfədən çox bəyənilib.

Səfir Süleymanov müsahibəsində deyib ki, Dağlıq Qarabağ münaqişəsinin bəzən ABŞ-da müsəlman Azərbaycanının xristian Ermənistanı ilə dini savaşı kimi qələmə verilməsindən çaşbaş qalır: «Bu cür yozumlar yanlışdır, çünki bu münaqişənin dini aspekti yoxdur».

TƏRƏFLƏR DƏRS ÇIXARACAQ

«Stratfor» Araşdırmalar Mərkəzi yazır ki, Azərbaycanla Ermənistanın əldə etdiyi atəşkəs sazişi zorakılığın qarşısını əsasən alsa da, təmas xəttində toqquşmalar gedəcək, üstəlik, daha kəskin alovlanma riski qalacaq.

​Təhlil mərkəzi vurğulayır ki, Azərbaycan mübahisəli ərazi üzərində nəzarəti qaytarmaqdan ötrü daha böyük hava qüvvəsindən istifadə edə bilərdi. Ancaq Ermənistanın quruda yerləşən havadan müdafiə sistemi bunu xeyli əngəllədi. Nəticədə Azərbaycan hərbi vertolyotlara və pilotsuz qurğulara əl atdı. Müəyyən uğur qazansa da, bir neçə dronun vurulmasını göstərən videolar yayıldı:

«Hər iki tərəfin hava qüvvəsi məhdudlaşdırıldığından münaqişənin mərkəzində artilleriya zərbələri dururdu. Çətin relyef zirehli maşınların hərəkətini çətinləşdirir deyə, ağır və raket artilleriyası köməyə gəldi».

«Stratfor» yazır ki, tərəflər qələbədən dəm vururlar, ancaq Dağlıq Qarabağ üzərindən qatı müharibə dumanı çəkilməyib. Münaqişənin real dəyəri də hər iki tərəfin itkiləri, qazancları barədə ziddiyyətlər məlumatlar tutuşdurulandan sonra verilə bilər.

«Ancaq Ermənistan və Azərbaycan, yəqin ki, son günlərin döyüşlərindən hərbi dərslərini çıxaracaqlar. Bu nəticə çox vacibdir, çünki atəşkəs qalıcı deyil. Hər halda atəşkəs, son bir ildə olduğu kimi, pozulmaqda davam edəcək. Azərbaycan Dağlıq Qarabağın geri alınması məqsədilə hərbi yollar axtarır. Tərəflər strategiyanı yenidən dəyərləndirincə, əldə edəcəkləri qənaət gələcək döyüşlərə də təsirsiz ötüşməyəcək».

EHTİYATLI OLUN

Böyük Britaniyanın «The Guardian» qəzeti Dağlıq Qarabağ münaqişəsi ilə bağlı redaksiya məqaləsi dərc edib:

«Münaqişənin qızışdırılmasında Azərbaycan, yaxud Ermənistanın maraqlı olması barədə çox arqumentlər səslənə bilər. Bir şey şübhəsizdir ki, bu bölgədə zorakılığın yeni dalğası başlansa, Avropanın daha geniş maraqları riskə atılmış olar. Çünki bu halda böyük güclərin siyasəti asanlıqla yerli fraksiyaları üstələyər».

«Bu cür uzaq, demək olar, unudulmuş münaqişələrin məsələyə dəxli çoxdur. Ermənistanla Azərbaycan geosiyasi qarşıdurmaların yolayrıcında dayanır. Ermənistan Dağlıq Qarabağı maliyyə və hərbi yolla dəstəkləyir. Rusiya da onun arxasında durur. Qarşı cəbhədə isə Azərbaycan və arxasında Türkiyə dayanır. Rusiya-Türkiyə münasibətləri Suriya müharibəsinə görə korlanıb. Emosiyalar səngiməsə, Dağlıq Qarabağda tammiqyaslı müharibə hər iki güc dövlətini münaqişəyə çəkə bilər».

«The Guardian» yazır ki, Dağlıq Qarabağ, regiondakı digər münaqişələr kimi, istənilən an püskürməyə, Rusiya-Qərb münasibətlərini alovlandırmağa hazırdır:

«Bir sıra yerli faktorlar isə odun üstünə yağ tökmüş olar: millətçi əhval-ruhiyyə, hər iki tərəfdə səslənən ədavət şüarları və əlbəttə ki, bu günlərdə açıqlanmış «Panama Sənədləri». Bu sənədlər (Əliyevlər ailəsinin ofşor sərvəti barədə məlumatlar nəzərdə tutulur-red.) Azərbaycan prezidentinə əlavə təzyiq yaratmış olur. Bu halda itirilmiş ərazilərin azad olunması barədə qızışdırıcı söhbətlər diqqətin yayındırılmasına töhfə vermiş olar. Münaqişə tərəflərinin hansı motivasiyaya söykənməsindən asılı olmayaraq, bu təlatümlü böhranın miqyası böyüməmiş, bilinməyən fəsadlar törətməmiş, beynəlxalq diplomatiya təcili müdaxilə etməlidir. Dünya Rusiya və Türkiyənin də əllərindəki kartları ehtiyatla oynayacaqlarına ümid bəsləyir».

Həmçinin bax - AzadlıqRadiosu Youtube Kanalından İzləyin:

XS
SM
MD
LG