Azərbaycan xəbərləri
4 mülki şəxs ölüb?
-
Son günlər atəşkəsin pozulması ilə bağlı cəbhə xəttində yerləşən Tərtər və Ağdam rayonlarında ölən və yaralanan mülki insanlarla bağlı rəsmi məlumatlar yayılıb.
Ağdam rayon prokurorluğu və polis şöbəsinin yaydığı məlumatda bildirilir ki, aprelin 4-də Ermənistan Silahlı Qüvvələrinin atdığı mərmilərdən 1 nəfər ölüb, 5 nəfər yaralanıb. Ölən şəxs Əhmədağalı kəndinin 62 yaşlı sakini Qaraş Dadaşovdur. O, qoyun otararkən qəlpə yarası alıb və vəfat edib. Onun 30-a qədər qoyun-quzusunun da tələf olduğu bildirilir. Yaralılardan bir isə Dövlət Yanğın Mühafizə Hissəsinin əməkdaşı Akif Mustafayev olub.
Bu barədə məlumat respublika prokurorluğunun saytında da yerləşdirilib.
Tərtər rayon İcra Hakimiyyəti də aprelin 2-dən bəri həlak olan və yaralanan mülkü insanlarla bağlı məlumat açıqlayıb. Həmin məlumatda Tərtər rayonunun yaşayış məntəqələrinin atəşə tutması nəticəsində ümumilikdə 3 nəfərin öldüyü, 6 nəfərin isə yaralandığı bildirilir.
Hər iki açıqlamaya görə, ümumilikdə aprelin 2-dən bəri bu iki rayonda 4 nəfər ölüb, 11 nəfər yaralanıb.
Ancaq bəzi saytlar xəbər verir ki, son günlər cəbhə xəttində ümumilikdə 18 mülki şəxs yaralanıb.
Tərtər və Ağdamdan başqa digər sərhəd rayonları, hələlik, mülki insanların ölüm və yaralanması ilə bağlı rəsmi açıqlama verməyiblər.
Prezident İlham Əliyev aprelin 5-də bildirmişdi ki, aprelin 1-dən üzü bəri bütünlükdə 300 ev dağılıb, viran qoyulub.
Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Vaqif Dərgahlı aprelin 6-da Azadlıq Radiosuna deyib ki, son günlər Azərbaycan bütünlükdə 31 hərbiçisini itirib.
Aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq cəbhədə atəşkəs ardıcıl pozulmağa başlayıb. Yalnız tərəflər aprelin 5-də əməliyyatların dayandırılması ilə bağlı razılıq əldə ediblər.
Bütün xəbərləri izləyin
Xalq cəbhəsi üzvünə 25 sutka verildiyi deyilir
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Səbail rayon şöbəsinin sədri Ceyhun Novruzova 25 sutka inzibati həbs verildiyi bildirilir.
Partiyadan verilən açıqlamaya görə, O, İnzibati Xətalar Məcəlləsinin (İXM) 510 (Xırda xuliqanlıq) və 535.1 (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə təqsirli bilinib.
AXCP-dən qeyd edilib ki, C.Novruzov 4 gün əvvəl facebook səhifəsində piyadaları qanunsuz şəkildə cərimələyən yol polis əməkdaşlarını tənqid edərək, onların barəsində ölçü götürülməsi tələbini səsləndirib: “Ailəsindən verilən məlumata görə, C.Novruzov yaxın zamanlarda ürək əməliyyatı keçirib və həkim nəzarətində olub. Onun bölmədə də özünü pis hiss etdiyi və ailə üzvlərinə xəbər göndərərək dərmanlarının təcili şəkildə çatdırılmasını istədiyi bildirilrib.”
Partiyadan hesab edirlər ki, ürək əməliyyati keçirmiş C.Novruzov üçün haqsızlıqla dolu belə hadisə təhlükəlidir.
Hələlik,AXCP-nin açıqlamasına rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
.....
Daha əvvəl isə bildirilirdi ki, müxalifətdə olan AXCP Səbail rayon şöbəsinin sədri Ceyhun Novruzovun Bakıda 8-ci polis bölməsinə aparılıb.
Bu barədə də martın 13-ü, günün ikinci yarısı AXCP-dən məlumat yayılmışdı.
"Telefonla bildirib ki, onu yaxın saatlarda məhkəməyə çıxaracaqlar. Hələlik saxlanmanın səbəbi bilinmir", - partiyadan qeyd edilib.
AXCP-nin açıqlamasına Daxili İşlər Nazirliyindən (DİN) münasibət öyrənmək mümkün olmayıb.
Bundan əvvəl, 2024-cü ilin dekabrında C.Novruzov İnzibati Xətalar Məcəlləsinin 535.1 (Polisin qanuni tələbinə tabe olmama) maddəsi ilə təqsirləndirilərək 10 sutka həbs cəzası almışdı. O, həmin vaxt ittihamı qəbul etməmişdi.
Xatırlatma
Son illər AXCP-nin bir çox üzvləri vaxtaşırı inzibati qaydada həbs edilir. Hazırda partiyanın 20-dən çox fəalı isə uzunmüddətli həbsdədir. Onların arasında AXCP sədri Əli Kərimli də var. Həmin şəxslər müxtəlif ittihamlarla üzləşsələr də, partiya onların siyasi sifarişlə həbs edildiyini açıqlayıb.
Hüquq müdafiəçilərinin hazırladığı siyahıya görə, Azərbaycan həbsxanalarında hazırda ümumilikdə 340 siyasi məhbus var. Amma rəsmilər, bir qayda olaraq, ölkədə siyasi fəaliyyətə görə həbslərin olması ilə bağlı deyilənləri əsassız sayırlar. Onlar vurğulayırlar ki, həmin şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.
Azərbaycanda bir ayda 26 min insan işini rəsmən itirib
Azərbaycanda bir ayda 26 min insan işini rəsmən itirib. Bunu Dövlət Statistika Komitəsinin (DSK) aylıq hesabatlarının təhlili göstərir.
Qurum bu gün, martın 13-də bildirib ki, 2026-cı il fevralın 1-nə ölkədə muzdla çalışan işçilərin sayı 1 milyon 782 min nəfər olub: "Onlardan 861.4 min nəfəri dövlət sektorunda (-0.5 faiz), 920.6 min nəfəri isə qeyri-dövlət sektorunda (-2.3 faiz) fəaliyyət göstərib".
Hələlik rəsmilər və başqa əlaqədar qurumlar bu azalmanın səbəbini izah etməyiblər. Amma müstəqil iqtisadçılar özəl sektorda ixtisarları istisna etmirdilər. Məsələ burasındadır ki, bu ildən Azərbaycanda özəl sektorda çalışanlar gəlir vergisinə cəlb edilir.
Dilənçiliklə məşğul olanlar cərimələnəcək, həbs ediləcək
Azərbaycanda dilənçiliklə məşğul olanlar cərimələnəcək, inzibati həbs ediləcək. Bu, İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni - 523-1-ci maddədə əksini tapıb.
Milli Məclisin mətbuat xidmətinin məlumatında bildirilir ki, sənəddə nəzərdə tutulan dəyişiklikdən biri də dilənçilik əməlinin artıq avaralıq hesab edilməməsidir.
Layihəyə əsasən, dilənçiliyə görə şəxsə xəbərdarlıq ediləcək, yaxud 100 manatdan 200 manatadək cərimələnəcək, işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla bu, kifayət sayılmadıqda 10 sutka inzibati həbs olunacaq.
Mövcud İnzibati Xətalar Məcəlləsində isə avaralığa görə vətəndaşlara xəbərdarlıq edilir. Bu tədbirlər kifayət sayılmadıqda 10 sutkayadək inzibati həbs verilir.
Xatırlatma
Bu ildən buna qədər Azərbaycanda bəzi vergi güzəşti ləğv edilib, cərimə və rüsumlar artırılıb. Müstəqil ekspertlər deyirdilər ki, ölkə iqtisadiyyatı neft və qazdan asılı vəziyyətdədir. Onların vurğulamasına görə, həm Azərbaycanda neft hasilatının azalması, həm də bu aya kimi neftin ucuzlaşması hakimiyyəti həmin addımlara sövq edib. Hərçənd bu ay neftin qiymətində kəskin bahalaşma müşahidə edilir.
Azərbaycanda arı ailələri də azalıb, bal istehsalı da...
Azərbaycanda ötən il bal istehsalı azalıb. Bu barədə Dövlət Statistika Komitəsinin (DSK) bu gün, martın 12-də yaydığı məlumatda bildirilir.
Rəsmi açıqlamaya əsasən, 2025-ci ildə arıçılıqla məşğul olan 29 min 456 təsərrüfatda mövcud olan 545.1 min arı ailəsindən 4 min 757 ton bal, 122.9 ton mum, 7.5 ton vərəmum, 14.9 ton güləm və 254 kq arı südü əldə edilib: "İstehsalçılar üzrə balın 1 kiloqramının orta satış qiyməti 28.5 manat, mumun – 17.7 manat, vərəmumun – 135.3 manat, güləmin – 154.6 manat təşkil etmiş, arı südünün 1 qramının orta satış qiyməti isə 6.8 manat olub".
DSK xatırladır ki, 2024-cü illə müqayisədə 2025-ci ildə arı ailələrinin sayı 5.9 faiz, arıçılıqla məşğul olan təsərrüfatların hər birinə orta hesabla düşən arı ailələrinin sayı 2.1 faiz, bal istehsalı 7.9 faiz, mum istehsalı 6.9 faiz, vərəmum istehsalı 12.2 faiz, güləm istehsalı 11.2 faiz azalıb, arı südü istehsalı isə 6.2 faiz artıb.
Rəsmilər bunun səbəbi ilə bağlı hər hansı açıqlama verməyiblər. Amma ekspertlər bunu anormal qarsalayıblar. Onlar deyirlər ki, əslində son illər Azərbaycanın işğaldan azad edilən əraziləri arıçılığın da inkişafına təkan verməlidir. Yeri gəlmişkən, 2024-cü ildə Azərbaycanda bal istehsalının 14 faiz artdığı açıqlanmışdı.
Xatırlatma
Arı mumu bal arılarının şan düzəltmək üçün hasil etdikləri maddədir. Arı şanı toxuduqdan sonra onun içərisinə bal yığır və bala qoyur.
Vərəmum bitkilərin tumurcuqlarından toplanmış qatranabənzər müalicəvi məhsuldur.
Güləmə arı çörəyi də deyirlər. Arı südü isə cavan arılarda xüsusi vəzlərdə yaranır.
Azərbaycan iqtisadiyyatı kiçilməkdə davam edir
2026-cı ilin yanvar-fevral aylarında Azərbaycanda 18 milyard 473.1 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
Bu barədə martın 12-də Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb.
Məlumata görə, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0.3 faiz çoxdur.
"İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1.7 faiz azalmış, qeyri-neft-qaz sektorunda isə 1.4 faiz artmışdır", - DSK əlavə edir.
Halbuki ötən ay DSK bildirmişdi ki, illik artım 1.7 faizdir.
Hələ onda müstəqil iqtisadçılar bunu yetərli saymamışdılar. Onlar vurğulayırdılar ki, Azərbaycan ÜDM-nin artım tempinə görə qonşularından geri qalır.
2025-ci ildə ölkədə 129.1 milyard manatlıq və ya əvvəlki illə müqayisədə 1.4 faiz çox ÜDM istehsal olunmuşdu. Azərbaycan hökumətinin həmin ilin əvvəlinə aid proqnozuna görə, artım 3.5 faiz olmalı idi.
Müstəqil iqtisadçılar Azərbaycan iqtisadiyyatında kiçilməni neft hasilatının azalması və onun ucuzlaşması ilə izah edirdilər.
Bu ilin martında isə dünyada neft bahalaşmaqdadır. Ölkənin ixracının 85 faizi neft və qazın payına düşür.
Putin Əliyevə zəng vurub
Martın 11-də Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevə zəng edib.
Azərbaycan prezidentinin Mətbuat xidmətinin məlumatına görə, Putin Rusiya vətəndaşlarının İrandan təxliyəsində göstərilən operativ köməyə, həmçinin həmin ölkəyə humanitar yardımın keçməsinə yaradılmış şəraitə görə minnətdarlığını bildirib.
Telefon söhbəti zamanı onlar Yaxın Şərqdə hərbi əməliyyatların tezliklə dayandırılmasının və münaqişənin siyasi-diplomatik yollarla həllinin vacibliyini vurğulayıblar.
"Dövlət başçıları ikitərəfli gündəliyin aktual məsələlərini müzakirə ediblər. Strateji tərəfdaşlıq və müttəfiqlik prinsiplərinə uyğun olaraq Azərbaycanla Rusiya arasında fəaliyyətin müxtəlif sahələrdə gələcək inkişafında qarşılıqlı niyyət təsdiqlənib", - məlumatda deyilir.
Dörd il əvvəl, fevralın 22-də Moskvada Əliyevlə Putin iki ölkə arasında "…Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə" imzalayıblar. Sənəddə həm siyasi, həm iqtisadi və həm də bir çox sahələr üzrə əməkdaşlığın gücləndirilməsi vacib sayılır.
2024-cü il dekabrın 25-də "Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətinə məxsus Bakı-Qroznı reysi ilə uçan təyyarənin Qazaxıstanda qəzasından (Qəzada 38 nəfər həlak olub) sonra iki ölkənin münasibətlərində soyuqluq müşahidə edilmişdi. Azərbaycan rəsmiləri deyirdilər ki, təyyarəyə Rusiya ərazisində silahlı müdaxilə olub, qarşı tərəf üzrxahlıq edib kompensasiya ödəməli və təqsirkarları cəzalandırmalıdır. İndiyə kimi bəzi vədlərə baxmayaraq, üzrxahlıqdan başqa Azərbaycanın sadalanan şərtləri yerinə yetirilməyib. Bununla belə, son dönəmlər hər iki ölkənin rəsmiləri əməkdaşlığın gücləndirilməsindən bəhs etməkdədirlər.
ABŞ və İsrail fevralın 28-də İrandakı hədəflərə zərbələr endirməyə başlayıb. İran buna İsrail və regiondakı digər ölkələrdə ABŞ bazalarına raket, həmçinin dron hücumları ilə cavab verir.
İstər ABŞ, istərsə də bir sıra Qərb ölkələri İranın nüvə proqramını təhdid sayır, bu ölkədə azadlıqların silah gücünə yatırılması tənqidlərə səbəb olub. Lakin tərəflərin, əsasən, nüvənin zənginləşdirilməsi proqramının dayandırılması ilə bağlı illərlə çəkən danışıqları nəticəsiz qalıb.
Kartof artıq hər həftə bahalaşır
Son həftələr Azərbaycanda kartofun qiymətində ardıcıl bahalaşma müşahidə edilir.
Bakı sakinlərinin bildirməsinə görə, qiymət artımı, əsasən, martdan özünü göstərməyə başlayıb. Onlar vurğulayırlar ki, ötən ay kiloqramı ortalama 1 manat olan kartof sortları martın əvvəlində 1 manat 20 qəpiyə yüksəlib.
Sakinlərin sözlərinə görə, kartofda qiymət artımı son günlər da davam edib. İndi marketlərdə kartofun ortalama 1 manat 50 qəpiyə təklif olunduğu vurğulanır.
Rəsmilər kartofun qiymətində 50 faizə yaxın bahalaşmanı, hələlik, izah etmirlər. Amma ekspertlər bunu, əsasən, İranda yaranan vəziyyətlə yozurlar. Onlar deyirlər ki, bu ölkə xaricə kartof ixracını müvəqqəti dayandırıb. Üstəlik, Azərbaycana Pakistan kartofu da İran üzərindən gətirilirdi.
Ekspertlər vurğulayırlar ki, Azərbaycan hökuməti son illər kartofçuluğun inkişafına diqqət yetirdiyini açıqlasa da, bu məhsulla bağlı idxaldan asılılığı tam aradan qaldırmayıb.
Azərbaycanda karbamid ixracı 30 faizdən çox azalıb
Azərbaycanın ixracında son illər qeyri neft-qaz malları içində mühüm yer tutan karbamid ixracı azalıb.
Bu ilin yanvarında Azərbaycandan xaricə 14.2 milyon ABŞ dolları dəyərində karbamid göndərilib.
Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) "İxrac icmalı"nın fevral sayında bildirilir.
Məlumata görə, bu, 2025-ci ilin yanvarındakı göstərici ilə müqayisədə 6.8 milyon ABŞ dolları və ya 32.4 faiz azdır.
Bu ilin yanvarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 9 faiz artaraq 268.4 milyon ABŞ dolları təşkil edib. Bu dövrdə yeyinti məhsulları üzrə ixrac 22.6 faiz artaraq 103 milyon ABŞ dollarına bərabər olub.
Rəsmilər karbamid ixracının azalmasını hələlik şərh etməyiblər. 2019-cu ildə fəaliyyətə başlayan SOCAR (Azərbaycan Dövlət Neft Şirkətinin) Karbamid Zavodunun qısa müddətdə regionun ən müasir azot gübrəsi istehsalçılarından birinə çevrildiyi iddia edilirdi. Son illər karbmid ixracı Azərbaycanın qeyri neft-qaz mallarının ixracında mühüm yer tuturdu. 30 faiz azalmadan sonra belə o, xaricə çıxarılan qeyri neft-qaz malları içində qızıl, meşə fındığı, xurma, mis filizləri və konsentratlarından sonra 5-ci yeri tutur.
Azərbaycanda un bahalaşıb
Azərbaycanda son günlər unun qiymətində bahalaşma müşahidə edilir.
Hazırda Bakının topdansatış məntəqələrində 50 kiloqramlıq bir kisə un 30 manata satılır. Halbuki, bundan öncə eyni markalı 50 kiloqramlıq unun kisəsi 29 manata təklif edilirdi.
Rəsmi qurumlar bununla bağlı hər hansı fikir bildirməyiblər.
Son həftələr Azərbaycanda bəzi növ çörəklərin də bahalaşdığı ilə bağlı şikayətlər eşidilir. Ayrı-ayrı Bakı sakinlərinin sözlərinə görə, bəzi növ çörəklərin qiymətində 10-15 qəpik artım var. Amma belə şikayətləri rəsmi qurumlar təsdiqləməmişdilər.
Ekspertlər isə deyirlər ki, Azərbaycan keyfiyyətli buğda ilə özü-özünü təmin edə bilmir, nəticədə də sahibkarlar qiyməti istədikləri formada dəyişə bilirlər.
Elmar Hüseynovun qətlindən 21 il keçir
Bu gün, martın 2-də "Monitor" jurnalının təsisçisi və baş redaktoru Elmar Hüseynovun öldürülməsinin 21 ili tamam olur.
Onu 2005-ci il martın 2-də işdən qayıdarkən yaşadığı evin qarşısında naməlum şəxs (şəxslər) odlu silahla qətlə yetirib. Hadisənin üstündən 21 il keçsə də, qətlin sifarişçi və icraçıları hələ də məsuliyyətə cəlb olunmayıblar.
Ölümündən sonra jurnalistin xanımı və azyaşlı oğlu Norveçə mühacirət edib.
E.Hüseynov 1967-ci il iyulun 17-də Bakıda doğulub. 1992-ci ildə Azərbaycan Mühəndis-İnşaat İnstitutunu bitirib. Bir müddət ixtisası üzrə çalışıb.
O, 1995-ci ildən jurnalist fəaliyyətinə başlayıb və ölümünə qədər bu peşədən ayrılmayıb. 1995-ci ildə "Trend" analitik-informasiya agentliyini, 1996-cı ildə isə "Monitor" jurnalını təsis edib. Həmçinin "Bakinski bulvar", "Bakinskiye vedomosti" qəzetlərinin təsisçisi olub.
2017-ci ilin aprelində Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) E.Hüseynovun qətlinin Azərbaycanda effektiv araşdırılmadığına qərar verib. Bununla bağlı AİHM-ə onun xanımı Ruşaniyyə Hüseynova şikayət etmişdi. Qərara əsasən, Azərbaycan hökuməti mənəvi zərərə görə 20 min, hüquqi məsrəflərlə bağlı isə 10 min avro təzminat ödəyib.
Azərbaycan hüquq-mühafizə orqanları isə bəyan ediblər ki, onlar bu qətlin açılması üçün bütün lazımı səyləri göstəriblər.
Azərbaycanda sosial şəbəkələrə giriş üçün yaş məhdudiyyəti olacaq
Prezident İlham Əliyev "uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalayıb.
Sənəddə Nazirlər Kabinetinə tapşırılır ki, beynəlxalq təcrübə nəzərə alınmaqla, sosial şəbəkələrdə qeydiyyat zamanı yaş məhdudiyyətinin tətbiqi ilə bağlı normativ hüquqi aktların layihələrini üç aya hazırlayıb ona təqdim etsinlər.
Habelə, məktəbəhazırlıq qruplarında, ümumi təhsil müəssisələrində mobil, elektron cihazlardan istifadəyə dair qaydaların müəyyən edilməsi və tətbiqi ilə bağlı tədbirlər görülməsi tapşırılır.
Xatırlatma
Amma belə hal dünyada bir elə də yayılmayıb. Yalnız ötən il dekabrın 10-da Avstraliya yaşı 16-dan az olanların sosial mediadan istifadəsini qadağan edib. Bu, dünyada ilk belə haldır. Bir çox valideynlər və uşaq hüquqları fəalları bu addımı alqışlayıb, böyük texnologiya şirkətləri, söz azadlığı müdafiəçiləri isə tənqid ediblər.
Ardınca Böyük Britaniya da, Avstraliya kimi, uşaqlar üçün sosial media qadağasını nəzərdən keçirir. Hökumət sosial media qadağasının uşaqlar üçün effektiv olub-olmayacağını araşdıracağını bildirib.
Azərbaycanda isə bəzi ekspertlər hökumət orqanlarının bu məhdudiyyətdən sui-istifadə edəcəklərindən narahatdırlar. Onların fikrincə, ölkədə fundamental azadlıqlar qorunmur. Hərçənd, rəsmilər bununla razı deyillər.
Zamin Salayevin də cərimə kamerasına salındığı deyilir
11 saylı Cəzaçəkmə Müəssisəsində saxlanan müxalif Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) fəalı Zamin Salayevin cərimə kamerasına (karser) salındığı bildirilir.
Bu barədə AXCP-dən məlumat verilib. Partiyadan vurğulandığına görə, dünən, fevralın 26-da o, telefon danışığında səhhətinin yaxşı olmadığını deyib: "Əlavə edib ki, onu, deyəsən, karserə salmaq istəyirlər, müəssisə rəhbərliyi tərəfindən problem yoxdur, sifariş başqa yerdən gəlib".
Bu məlumata 11 saylı Cəzaçəkmə Müəssisəsinin rəhbərliyi və Ədliyyə Nazirliyinin məsul şəxslərindən münasibət almaq mümkün olmayıb.
Son günlər Azərbaycan həbsxanalarında cəza çəkən başqa siyasi məhbus sayılan şəxslərdən də bəzisinin cərimə kamerasına salınması ilə bağlı şikayətlər eşidilir. Amma belə məlumatları rəsmilər nə təsdiq, nə də təkzib ediblər.
Hazırda Azərbaycan həbsxanalarına 340 civarında siyasi məhbusun olduğu bildirilir. Lakin rəsmilər siyasi məhbusların olması fikrini qəbul etmirlər.
Z.Salayev 2023-cü il mayın 22-də Qaradağ rayon Məhkəməsinin hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum edilib. Salayev həmin il fevralın 7-də saxlanmışdı, o, Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq – silah və ya silah qisminə əşya tətbiq etməklə) maddəsi ilə ittiham edilirdi. AXCP fəalı ittihamı qəbul etmir.
Xatırlatma
AXCP-nin fəal üzvlərindən (Salyan şöbəsinin sədri) Z.Salayev bundan əvvəl, 2020-ci ilin aprelində Salyan rayon Məhkəməsində 2 il 3 ay azadlıqdan məhrum edilmişdi. Salayev həbsindən bir müddət əvvəl sosial şəbəkələrdə Salyan rayon Polis Şöbəsinin əməkdaşı Həmzə Əzizov ilə mübahisəsinin videosunu yaymışdı. Həmin videoda AXCP üzvü Əzizovu rayonda yaşayan bir qadına qarşı təcavüzə görə ittiham edirdi. Video yayılandan sonra polis əməkdaşı Salyan rayon Məhkəməsində ona qarşı xüsusi ittiham qaydasında iddia qaldıraraq həbsini tələb etmişdi. Videoda haqqında bəhs olunan xanım isə Əzizova bıçaqla xəsarət yetirdiyinə görə 7 il həbsə məhkum edilib. O, polisin zorakı hərəkətlərindən müdafiə olunmaq üçün ona xəsarət yetirdiyini bildirib. Polis əməkdaşı isə onun dediklərinin həqiqətəuyğun olmadığını söyləyib.
Salayev 2022-ci il yanvarın 19-da - Amnistiya Aktı ilə əlaqədar vaxtından bir neçə ay əvvəl azadlığa çıxmışdı.
Bu il Azərbaycanda vaxtı keçmiş kreditlər artıb
Bu il fevralın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 557.5 milyon manat təşkil edib.
Mərkəzi Bankın (AMB) bu gün, fevralın 26-da yaydığı hesabatdan bəlli olur ki, bu, yanvarın 1-i ilə müqayisədə 6.3 faiz çoxdur.
Ölkədə problemli kreditlərin məbləği son 1 ildə isə 17.35 faiz artıb.
Yanvarın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1.7 faiz təşkil edib. Bu nisbət ötən ilin sonuna 1.6 faiz olub.
Xatırlatma
Azərbaycanda 2015-ci ildə iki devalvasiya baş vermiş, manat iki dəfədən çox dəyər itirmişdi. Onda problemli kreditlərin 2 milyard manata yaxınlaşdığı açıqlanmışdı. 2019-cu il fevralın 19-da isə prezident fiziki şəxslərin xarici valyutada olan problemli kreditlərinin həlli ilə bağlı fərman verdi. Onda 10 min dollara qədər kredit götürən fiziki şəxslərin borclarında devalvasiyalardan sonra yaranmış fərq dövlət hesabına ödənildi. Bundan sonra problemli kreditlər azaldı. Amma 2021-ci ilin əvvəlində yenidən vaxtı keçmiş kreditlərin artdığı açıqlanmışdı. Bu, onda koronavirus pandemiyası ilə izah edilirdi. Lakin sonradan vaxtı keçmiş kreditlərdə yenidən azalma müşahidə edilmişdi. Bununla belə, 2024-cü ilin sonlarından yenidən əks proses getməyə başladı.
İqtisadçılar bunu əhalinin maddi vəziyyətinin nisbətən ağırlaşması ilə izah edirlər.
Əliyev Yerevan sammitinə getməyəcək
"Ermənistanda keçiriləcək Avropa Siyasi Birliyinin sammitində müxtəlif səviyyələrdə təmsilçilik nəzərdə tutulmur". Yerli saytların məlumatına görə, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov deyib.
Nazir bildirib ki, prezident İlham Əliyevin çox sıx qrafikində və təqvimində may ayında belə səfər nəzərdə tutulmayıb.
Avropa Siyasi Birliyinin 8-ci sammiti 2026-cı il mayın 4-də Ermənistanda keçiriləcək
Bu qurum 2022-ci ildə, xüsusilə Ukraynadakı müharibədən sonra Avropada təhlükəsizlik və sabitliyi artırmaq məqsədilə təsis edilib.
Onun 7-ci sammiti ötən il Danimarkada keçirilib. Bu ilin yaz sammitinin Ermənistanda, 2028-ci ilin yazında isə Azərbaycanda keçirilməsi planlaşdırılır.
Xatırlatma
Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olmuşdu. 1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi, ətraf yeddi rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatlar nəticəsində Bakı bütün ərazilərində suverenliyini bərpa edib.
Ötən ilin avqustunda isə Vaşinqtonda prezident Donald Trampın vasitəçiliyi ilə 30 ildən çox münaqişədə olan Azərbaycan və Ermənistan arasında sülh sazişi paraflanıb. Paraflanan mətində tərəflər bir-birlərinin ərazi bütövlüyünü tanıyır, habelə qarşılıqlı iddiaların geri çəkiləcəyi vurğulanır. Üstəlik, Azərbaycan Ermənistana onun ərazisindən daşınmaları da bərpa etdiyini açıqlayıb.
Xocalı faciəsindən 34 il keçir
Azərbaycanda hər il fevralın 26-da rəsmi qaydada Xocalı faciəsi yad edilir.
1992-ci il fevralın 25-dən 26-a keçən gecə Ermənistan silahlı qüvvələrinin keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməyi ilə Xocalı şəhərini işğal etdiyi bildirilir. İşğal nəticəsində 613 nəfər dinc sakinin qətlə yetirildiyi, 487 nəfərin yaralandığı, min 275 nəfərin əsir götürüldüyü, 150 nəfərin isə itkin düşdüyü açıqlanıb.
Xatırlatma
Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olmuşdu. 1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi, ətraf yeddi rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatlar nəticəsində Bakı bütün ərazilərində suverenliyini bərpa edib. Elə bundan sonra da Qarabağdan erməni əhali köç edib.
Ötən ilin avqustunda isə Vaşinqtonda prezident Donald Trampın vasitəçiliyi ilə 30 ildən çox münaqişədə olan Azərbaycan və Ermənistan arasında sülh sazişi paraflanıb. Paraflanan mətində tərəflər bir-birlərinin ərazi bütövlüyünü tanıyır, habelə qarşılıqlı iddiaların geri çəkiləcəyi vurğulanır. Üstəlik, Azərbaycan Ermənistana onun ərazisindən daşınmaları da bərpa etdiyini açıqlayıb.