Keçid linkləri

2026, 28 Yanvar, çərşənbə, Bakı vaxtı 17:27

Azərbaycan xəbərləri

Kerry ilə Lavrov Qarabağı müzakirə edib

John Kerry və Sergei Lavrov
John Kerry və Sergei Lavrov

Rusiyanın xarici işlər naziri Sergei Lavrovla ABŞ dövlət katibi John Kerry telefonla Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər.

Bu barədə Ağ evin sözçüsü məlumat verib.

Onun sözlərinə görə tərəflər ATƏT-in vasitəçiliyi ilə Azərbaycanla Ermənistan arasında danışıqların bərpasını müzakirə ediblər.

Məlumata görə liderlər son günlər münaqişənin kəskinləşməsindən narahatlıq bildirib və tərəfləri atəşi təcili dayandırmağa çağırıblar.

Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk qrupuna ABŞ, Rusiya və Fransa həmsədrlik edir.

Martın 5-də Avsriyanın paytaxtı Vyanada münaqişənin həlli yolları müzakirə olunmalıdır.

Son bir neçə gündür ki, təmas xəttində baş verən silahlı toqquşmalarda hər iki tərəfdən onlarla adam ölüb.

Aəzrbaycan tərəfi 16, Ermənistan isə 20dən çox itki verib.

Bütün xəbərləri izləyin

Gömrük büdcə proqnozunu yerinə yetirməyib

Prezident İlham Əliyev Dövlət Gömrük Komitəsinin yeni inzibati binasının açılışında.
Prezident İlham Əliyev Dövlət Gömrük Komitəsinin yeni inzibati binasının açılışında.

2025-ci ildə gömrük xətti ilə büdcə daxilolmaları 6 milyard 369.9 milyon manat təşkil edib.

Bu barədə Maliyyə Nazirliyinin hesabatında bildirilir.

Hesabatda vurğulanır ki, Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə daxilolmalar əvvəlki il ilə müqayisədə 4.2 faiz və ya 278.8 milyon manat azalıb.

Ötən il DGK xətti ilə dövlət büdcəsinə 6.6 milyard manat köçürülməsi proqnozlaşdırılırdı.

Beləliklə, DGK 2025-ci ildə büdcə üzrə proqnozunu yerinə yetirə bilməyib.

Buna DGK rəhbərliyindən münasibət almaq mümkün olmayıb.

Amma ümumilikdə 2025-ci il ərzində dövlət büdcəsinin gəlirləri 39 milyard 131.1 milyon manat təşkil etməklə əvvəlki ilə nisbətən 5.3 faiz və ya 1 milyard 969.3 milyon manat çox icra olunub.

Elvin Mustafayevin həbsdə tibbi yardımdan məhrum edildiyi deyilir

Elvin Mustafayev
Elvin Mustafayev

"İşçi Masası" Həmkarlar İttifaqları Konfederasiyasının həbsdə olan üzvü Elvin Mustafayevin saxlanıldığı Umbakı Penitensiar Kompleksində təzyiqlərə məruz qaldığı və tibbi yardımdan məhrum edildiyi bildirir.

Bu barədə onun yaxınları məlumat yayıblar. Onların vurğulamasına görə, gənc fəal bildirib ki, azadlıqda olduğu kimi, həbsdə də təzyiqlərə və təhdidlərə məruz qalır: "Verilən işgəncələr nəticəsində səhhətimdə yaranan xəstəliklərin müalicəsi ilə bağlı dəfələrlə müraciət etsəm də, qəsdən boyun qaçırıblar...".

Bu açıqlamaya Umbakı Penitensiar Kompleksinin rəhbərliyindən və Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb. Amma Xidmətdən bundan əvvəl oxşar şikayətlərlə bağlı vurğulayıblar ki, cəzaçəkmə müəssisələrində məhbuslarla yalnız qanun çərçivəsində davranırlar. Onlar məhbuslara işgəncə verilməsi ilə bağlı iddiaları qəti yalanlayırlar.

E.Mustafayev 2023-cü ilin avqustunda narkotik ittihamı ilə həbs olunub. Bu ittihamla ona 3 il həbs cəzası kəsilib. O, ittihamı qəbul etmir, üzərindən narkotik tapılması barədə iş materiallarında yazılanları "yalan" adlandırır, ictimai fəaliyyətinə görə cəzalandırıldığını deyir.

E.Mustafayev daha öncə də xırda xuliqanlıq və polisə müqavimətdə suçlanaraq inzibati qaydada 25 sutka həbs olunmuş, o zaman da ittihamları qəbul etməmişdi.

Xatırlatma

Hazırda "İşçi Masası" Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiəddin Məmmədov və daha iki üzvü - Ayxan İsrafilovla Möhyəddin Orucov da müxtəlif ittihamlarla (bıçaqla xəsarət yetirmə, narkotik) həbsdədir. Onlar da işçilərin hüquqlarını müdafiə etdiklərinə görə şərləndiklərini deyirlər.

Hökumət rəsmiləri isə ölkədə heç kimin ictimai-siyasi fəaliyyətinə görə təqib olunmadığını, həbs edilənlərin konkret faktlar əsasında saxlanıldığını bildirirlər.

Umbakıda 13 məhbusun aclıq aksiyası keçirdiyi deyilir

Həbsxana
Həbsxana

Qapalı rejimli Umbakı Penitensiar Kompleksində saxlanılan 13 məhbusun aclıq aksiyasına başladığı bildirilir.

Bu barədə yanvarın 27-də Müsəlman Birliyi Hərəkatı məlumat yayıb.

Adların tam çəkilmədiyi məlumatda bildirilir ki, həmin şəxslər dindar kəsimdəndirlər və, yaxınlarının vurğulamasına görə, onlar son altı–yeddi ay ərzində sistemli şəkildə qanun pozuntularına məruz qalıblar.

Bu məlumata Umbakı Penitensiar Kompleksinin rəhbərliyindən və Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb. Amma Xidmətdən, bir qayda olaraq, vurğulanır ki, cəzaçəkmə müəssisələrində məhbuslarla yalnız qanun çərçivəsində davranırlar.

"Azərbaycanın Siyasi Məhbuslarının Azadlığı Uğrunda İttifaq"ın son siyahısına görə, ölkədə 340 siyasi məhbus var. Onların 192-i dindar kəsimdəndir. İttifaqın bundan əvvəlki siyahısında onların sayı 240 civarında, ümumi siyasi məhbusların sayı isə 400-ə yaxın göstərilirdi.

Ötən ilin sonundan ölkədə Amnistiya Aktı icra edilir və dindar kəsimdən siyasi məhbus siyahılarında yer alan 50-dən çox məhbusun azadlığa çıxdığı bildirilir. Həmin şəxslərin narkotikdə ittiham olunduğu, amma ittihamı qəbul etmədikləri bildirilirdi.

Rəsmilər isə ölkədə, ümumiyyətlə, siyasi məhbusların olması fikrini qəbul etmirlər. Rəsmilərə görə, siyasi məhbus siyahılarında yer alanlar sırf törətdikləri əmələ görə mühakimə ediliblər.

Problemli kreditlər illik artıb, aylıq azalıb

Problemli kreditlər azalmır, artır
Gözlə

No media source currently available

0:00 0:02:34 0:00

2026-ci il yanvarın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 524.5 milyon manat təşkil edib.

Bu barədə bu gün, yanvarın 28-də Azərbaycan Mərkəzi Bankının (AMB) yaydığı hesabatda bildirilir. Hesabata görə, bu göstərici əvvəlki ayla müqayisədə 33.1 milyon manat azdır.

Amma ölkədə problemli kreditlərin məbləği ümumilikdə 2025-ci ildə 16.8 faiz və ya 75.4 milyon manat artıb.

Xatırlatma

Azərbaycanda 2015-ci ildə iki devalvasiya baş vermiş, manat iki dəfədən çox dəyər itirmişdi. Onda problemli kreditlərin 2 milyard manata yaxınlaşdığı açıqlanmışdı. 2019-cu il fevralın 19-da isə prezident fiziki şəxslərin xarici valyutada olan problemli kreditlərinin həlli ilə bağlı fərman verdi. Onda 10 min dollara qədər kredit götürən fiziki şəxslərin borclarında devalvasiyalardan sonra yaranmış fərq dövlət hesabına ödənildi. Bundan sonra problemli kreditlər azaldı. Amma 2021-ci ilin əvvəlində yenidən vaxtı keçmiş kreditlərin artdığı açıqlanmışdı. Bu, onda koronavirus pandemiyası ilə izah edilirdi.

28 oktyabr

'Əhali borcla evinə əşya alır, təhsilhaqqı ödəyir və ya səyahət edir'

Azərbaycanda istehlak kreditlərinin həcmi son bir ildə artıb. Bu barədə Mərkəzi Bankın bu gün, oktyabrın 28-də açıqlanan bülletenində məlumat yer alır.

Kredit portfeli son bir ayda 2 faiz və ya 571.4 mln. manat artaraq 29 mlrd. 276.3 mln. manat olub. Onların 53.1 faizi biznes, 31.4 faizi istehlak, 15.5 faizi isə ipoteka kreditlərinin payına düşüb. Bir il əvvəl ilə müqayisədə isə kredit portfelində artım daha yüksəkdir. (9.6 faiz)

Müstəqil iqtisadçılar kredit portfelində istehlak kreditlərinin artmasına mənfi yanaşırlar. Onların vurğulamasına görə, bu o deməkdir ki, vətəndaş bankdan faizlə götürdüyü pulu müəyyən qədər biznesə yox, məişət avadanlıqlarının alınmasına xərcləyir. Bu, həm də, onların fikrincə, əhalinin güzəranın o qədər də xoş keçmədiyinin göstəricidir: "Yəni borcla evinə əşya alır, təhsilhaqqı ödəyir və ya səyahət edir".

Hökumət Xədicə İsmayılın şikayəti üzrə daha 16 min avro kompensasiya ödəməlidir

Xədicə İsmayıl
Xədicə İsmayıl

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) araşdırmaçı-jurnalist Xədicə İsmayılın Azərbaycanla bağlı şikayəti üzrə qərar qəbul edib. Qərar yanvarın 27-də yazılı şəkildə elan olunub. Məhkəmə işi iki ərizə üzrə birləşdirərək araşdırıb.

Vəkil Fariz Namazlı bildirir ki, söhbət onun məhkum olunması və sonradan qanunvericiliyə olan dəyişikliyə görə cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı verilən şikayətlərdən gedir: "Ərizəçi barəsində ittiham hökmü çıxarıldıqdan sonra 2016-cı il mayın 6-da Cinayət Məcəlləsinin 192.1-ci maddəsinə dəyişiklik edilib və maddədə "dövlət qeydiyyatı" sözlərindən sonra mötərizədə "vergi uçotu" sözləri əlavə edilib. Ərizəçi Bakı Ağır Cinayətlər Məhkəməsinə müraciətində göstərib ki, bu dəyişiklikdən sonra məhkum olunduğu əməllər artıq həmin maddə üzrə cinayət tərkibi təşkil etmir".

Ərizəçi iddia edib ki, dəyişiklik qanunsuz sahibkarlıq cinayətinin tərifində "dövlət qeydiyyatı" anlayışının mənasını dəqiqləşdirərək onu yalnız vergi uçotu ilə məhdudlaşdırıb və o, vergi ödəyicisi kimi lazımi qaydada qeydiyyatdan keçdiyindən dövlət qeydiyyatı olmadan sahibkarlıq fəaliyyəti ilə bağlı məsuliyyətə cəlb oluna bilməzdi: "Buna görə də, ərizəçinin qanunsuz sahibkarlıq cinayətinə görə məhkum edilməsi ilə bağlı Konvensiyanın 7-ci (Qanunsuz cəzalandırılmamaq) maddəsinin pozuntusu baş verib.”

Vəkilin əlavə etməsinə görə, məhkəmə qərara gəlib ki, ərizəçinin ədalətli məhkəmə araşdırması və digər hüquqları da pozulub.

Məhkəmə mənəvi zərərin əvəzi olaraq 12 min avro, məhkəmə xərclərinə görə 4 min avro kompensasiya müəyyən edib.

Qərara Azərbaycanın cavabdeh rəsmi qurumlarının münasibəti bəlli deyil.

Xatırlatma

Jurnalist Xədicə İsmayıl 2014-cü il dekabrın 5-də vergidən yayınma və qanunsuz sahibkarlıq kimi ittihamlarla 7 il yarım azadlıqdan məhrum edilmişdi. Ali Məhkəmə 2016-cı il mayın 25-də bu qərarı 3 il yarım şərti cəza ilə əvəz edərək onu azadlığa buraxıb. Sonradan bu müddət 2 il 3 aya salınıb.

X.İsmayıl ittihamları qəbul etmirdi və araşdırma yazılarına görə əsassız həbs olunduğunu bildirirdi.

Avropa İnsan Hüquqları Məhkəməsi bundan əvvəl də X.İsmayıl ilə bağlı bir neçə qərar qəbul edib. Onun hüquqlarının pozulduğunu tanıyıb, kompensasiyalar müəyyən edib.

DTX: Səfirliyə terror hazırlığında şübhəlilər tutulub

DTX
DTX

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) bildirib ki, xarici ölkənin Bakıdakı səfirliyinə qarşı terror hücumu etməyə hazırlaşan şəxslər həbs olunublar.

Xidmətin yanvarın 27-də yayılan məlumatına görə, Azərbaycan vətəndaşları - 2000-ci il təvəllüdlü, "Əbüzər əl-Mühacir" dini ləqəbli Q.İ.İ., "Əbdürəşid" dini ləqəbli P.A.E. və "Əbdürrəhman əl-Azəri" dini ləqəbli Ə.E.S.-nin dini düşmənçilik zəminində Bakı şəhərində xarici ölkənin (ölkənin adı çəkilmir) səfirliyinə terror hücumu törətməyə hazırlıq görmələrinə əsaslı şübhələr yaranıb.

"Adıçəkilən şəxslər İŞİD terror təşkilatının "Vilayəti-Xorasan" silahlı qruplaşmasının üzvləri ilə cinayət əlaqəsinə girərək... terror hücumu üçün silah qismində istifadə olunan predmetlər əldə edib xarici dövlətin Azərbaycandakı səfirliyinin yerləşdiyi əraziyə yaxınlaşarkən DTX-nin əməkdaşları tərəfindən saxlanılıb", - məlumatda əlavə edilir.

Onlar Azərbaycan Cinayət Məcəlləsinin 28, 214.2.1, 28, 214.2.3 və 28, 214.2.6 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən... dini düşmənçilik zəminində terrorçuluğa hazırlıq) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib, barələrində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Rəsmi açıqlamaya sözügedən şəxslərin vəkilləri və ya yaxınlarından münasibət almaq mümkün olmayıb.

Dünya Bankı Azərbaycanda bu layihələri maliyyələşdirəcək...

Dünya Bankı
Dünya Bankı

Yanvarın 26-da maliyyə naziri Sahil Babayev Dünya Bankının Avropa və Mərkəzi Asiyada İnfrastruktur üzrə regional direktoru Çarlz Kormyerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Maliyyə Nazirliyinin məlumatına görə, Dünya Bankı ilə həyata keçirilən layihələrin icra vəziyyəti barədə fikir mübadiləsi aparılıb: "Qeyd olunub ki,.. "Məşğulluğa dəstək" layihəsi, onun əlavə maliyyələşdirilməsi təşəbbüsləri işsiz əhalinin məşğulluq imkanlarının genişləndirilməsini və işğaldan azad olunmuş ərazilərdə dayanıqlı məskunlaşmanı dəstəkləyir".

Görüş zamanı həmçinin Dünya Bankının krediti hesabına maliyyələşdirilməsi nəzərdə tutulan "Bakı Beynəlxalq Dəniz Ticarət Limanının genişləndirilməsi", "Rəqabətli və dayanıqlı kənd təsərrüfatı və suvarma xidmətləri" və "Yaşanılabilən Bakı" layihələri müzakirə olunub. Layihələrin detalları açıqlanmır.

Azərbaycanda özünüməşğulluq proqramını hökumətlə yanaşı, Dünya Bankı da dəstəkləyir.

Azərbaycan rəsmiləri əvvəllər kredit verən beynəlxalq təşkilatlara ehtiyaclarının olmadığını desələr də, son illər bu yanaşmanı dəyişiblər.

Ekspertlər bunu dünya bazarında Azərbaycanın əsas sərvəti olan neftin ucuzlaşması ilə izah edirlər.

Xatırlatma

Azərbaycanla Dünya Bankı arasında 30 ildən artıqdır əməkdaşlıq davam edir. Bu müddət ərzində Dünya Bankı Azərbaycana dəstək məqsədilə ümumilikdə 54 layihəyə təqribən 5.2 milyard ABŞ dolları məbləğində vəsait ayırıb. Bu əməkdaşlıq ölkədə iqtisadi islahatların həyata keçirilməsi və dayanıqlı infrastrukturun təmin olunmasına mühüm töhfə sayılırdı. Amma bir sıra ekspertlər hesab edirlər ki, alınan kreditlərlə heç də qarşıya qoyulan məqsədə çatılmayıb.

Maliyyə Nazirliyinin ötən ilin oktyabrına olan məlumatına görə, ölkənin xarici borcu 5 milyard dollara yaxındır. Bunun qarşıdakı illərdə artacağı proqnozlaşdırılır.

Əliyev İsrailin xarici işlər nazirini qəbul edib

Prezident İlham Əliyev İsrail Dövlətinin xarici işlər nazirini qəbul edib
Prezident İlham Əliyev İsrail Dövlətinin xarici işlər nazirini qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev yanvarın 26-da İsrailin xarici işlər naziri Gideon Saarı qəbul edib.

AZƏRTAC-ın xəbərinə görə, söhbət zamanı iki ölkə arasında münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi-ticari, enerji, turizm sahələrində uğurlu inkişafı vurğulanıb. Habelə, kənd təsərrüfatı, su resurslarının idarə olunması, yüksək texnologiyalar və süni intellekt sahələrində əməkdaşlıq məsələləri qeyd edilib.

G.Saar onu böyük biznes və işgüzar dairələrin nümayəndələrinin müşayiət etdiyini deyərək səfər çərçivəsində keçiriləcək Azərbaycan-İsrail biznes-forumunun iki ölkə arasında iqtisadi-ticari əlaqələrin inkişafına töhfə verəcəyini vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Ötən həftə, yanvarın 21-də isə Azərbaycan prezidenti Davos İqtisadi Forumunda İsrail prezidenti İsxak Hersoqla görüşmüşdü.

Bu arada Azərbaycan ABŞ prezidenti Donald Trampın Sülh Şurasına təsisçi üzv dövlət olmaq dəvətini də qəbul edib. Bu təşəbbüsün ilkin məqsədi Qəzzada münaqişəni bitirməkdir, sonradan digər münaqişələri də əhatələyə bilər. Bu dəvətin dünyanın bir çox ölkələrinə göndərildiyi açıqlanıb.

Xatırlatma

2023-cü il oktyabrın 7-də ABŞ və Qərb ölkələrinin terror təşkilatı saydığı HƏMAS İsrailin cənubuna hücum edib, təxminən 1200 nəfər həlak olub, 251 nəfər girov götürülüb. Bu hücuma cavab olaraq İsrail Qəzzada hərbi əməliyyatlara başlayıb. O vaxtdan bəri Qəzzada 65 mindən çox insanın öldürüldüyü bildirilir. Girovların bir çoxu isə azad edilib.

Azərbaycan İsrail-Fələstin böhranında, BMT kimi, "iki dövlət" prinsipini müdafiə edir.

Bakıda İran malları bahalaşıb

İrandakı etirazlar Azərbaycan bazarında da hiss olundu
Gözlə

No media source currently available

0:00 0:02:32 0:00

Son həftələr Azərbaycanda, o cümlədən paytaxt Bakıda bir sıra İran mallarının bahalaşdığı bildirilir.

Ayrı-ayrı paytaxt sakinlərinin AzadlıqRadiosuna deməsinə görə, söhbət əsasən İrandan idxal edilən qurudulmuş meyvələr və çərəzlərdən gedir.

"Məsələn mən alça qurusunda, kişmiş və qaysıda bahalaşma gördüm. Alça qurusunu ötən ay 6 manata almışdım, indi 7 manatadır. Kişmiş və qaysıda da təqribən 10-15 faiz bahalaşma var. Satıcıdan soruşdum, o bunu İranda son etirazlardan sonra yaranmış vəziyyətlə izah etdi", - adının çəkilməsini istəməyən paytaxt sakini AzadlıqRadiosuna söyləyib.

Məsələyə rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. Amma ekspertlər deyirlər ki, mövcud bahalaşmada işbazların da rolu var. Ekspertlərə görə, İranda etirazlar artıq həftələrdir başa çatıb və mövcud qiymət artımında başqa səbəblər də yox deyil. Onlar vurğulayıblar ki, mağaza və bazarlarda İran malları ilə yanaşı, digər mallarda da müəyyən bahalaşma müşahidə edilir.

Xatırlatma

Ötən ilin sonu - dekabrın 28-dən etibarən İranın bir çox şəhərində islam respublikası hökumətinə qarşı geniş yayılmış narazılıq və iqtisadi problemlər fonunda kütləvi nümayişlər başlayıb. Bir neçə həftə çəkən etirazlar zorakı üsullarla yatırılıb. ABŞ-də yerləşən HRANA təsdiqlənmiş ölü sayının 5 mindən yuxarı olduğunu, təqribən 10 min də ölümün araşdırıldığını bildirir.

AXCP: 'İki üzvümüz həbs edilib'

Polis
Polis

Müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Binəqədi rayon şöbəsinin üzvü Teymur Salahov və Yevlax rayon şöbəsinin üzvü Şamil Cəfərovun son həftələr inzibati qaydada həbs olunduğu bildirilir.

Bu barədə AzadlıqRadiosuna AXCP-dən məlumat verilib.

Partiyadan deyildiyinə görə, T.Salahov yanvarın 17-də Göyçay rayon polis şöbəsinə çağırılıb. Açıqlamaya görə, bölməyə gedən fəal sosial şəbəkədə yazdığı rəylə bağlı saxlanılaraq 10 sutka inzibati həbs edilib.

AXCP-dən əlavə edilib ki, Ş.Cəfərov isə eyni səbəblə yanvarın 19-da evindən aparılıb. Ona isə 15 sutka verildiyi bildirilir.

Hər iki şəxsin konkret olaraq İnzibati Xətalar Məcəlləsinin hansı maddələri ilə təqsirləndiyi açıqlanmayıb. Məsələni Daxili İşlər Nazirliyi və məhkəmələrdən dəqiqləşdirmək mümkün olmayıb.

Xatırlatma

AXCP-nin hazırda 20-dən çox fəalı uzunmüddətli həbsdədir. Onların arasında AXCP sədri Əli Kərimli də var. Onlar müxtəlif ittihamlarla üzləşsələr də, partiya onların siyasi sifarişlə həbs edildiyini açıqlayıb.

Hüquq müdafiəçilərinin hazırladığı siyahıya görə, hazırda Azərbaycan həbsxanalarında ümumilikdə 340 siyasi məhbus var. Amma rəsmilər, bir qayda olaraq, ölkədə siyasi fəaliyyətə görə həbslərin olması ilə bağlı deyilənləri əsassız sayırlar. Onlar vurğulayırlar ki, həmin şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.

İctimai fəalın 20 sutka həbs edildiyi deyilir

Könül Əhmədova
Könül Əhmədova

İctimai fəal Könül Əhmədova yanvarın 22-də Xəzər rayon Məhkəməsinin qərarı ilə 20 sutka inzibati həbsə məhkum edilib. Bu barədə onun yaxınları məlumat yayıb.

Yaxınlarının sözlərinə görə, Əhmədova yanvarın 23-də onlarla əlaqə saxlayaq qeyd edib ki, o, İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1. (informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsi) maddəsi ilə ittiham olunur.

Əhmədovanın himayəsində 14 yaşına çatmayan iki azyaşlı övladı olduğu vurğulanır.

Yaxınları onunla telefonla danışana qədər ictimai fəalın 10 sutka inzibati həbsə məhkum olunduğunu bildirmişdilər.

Bu deyilənləri Daxili İşlər Nazirliyi və məhkəmədən dəqiqləşdirmək mümkün olmayıb.

Yerli hüquq müdafiəçilərinin son siyahısına görə, Azərbaycanda hazırda uzunmüddətli həbs edilmiş 340 siyasi məhbus var. Amma rəsmilər ölkədə siyasi məhbusların olması ilə bağlı fikirləri qəbul etmirlər. Onların sırf törətdikləri əmələ görə məsuliyyətə cəlb edildiyini vurğulayırlar.

Erkən evliliyə cəhdlə bağlı 28 nəfər cinayət məsuliyyətinə cəlb olunub

16 yaşında ana olan, boşanan Arzu: '80 manatla necə dolanım?'
Gözlə

No media source currently available

0:00 0:04:34 0:00

Ötən il 90 erkən evliliyə cəhd faktı müəyyən edilərək 28 nəfər cinayət məsuliyyətinə cəlb olunub.

Bu barədə Daxili İşlər Nazirliyində (DİN) 2025-ci ilin yekunları ilə bağlı keçirilən kollegiya iclasında bildirilib.

Məlumata görə, beş valideyn və 41 aidiyyəti şəxs barədə inzibati tənbeh tətbiq edilib, daha 57 şəxslə profilaktik iş aparılıb.

Hesabat dövründə 15 qızqaçırma faktı üzrə "adam oğurluğu" maddəsi ilə cinayət işləri başlanılıb, ümumilikdə 32 şəxs barəsində müvafiq tədbirlər görülüb.

Rəsmilər son illər ölkədə erkən evliliyin azaldığını bildirirlər.

Ailə, Qadın və Uşaq Problemləri Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirmişdi ki, Azərbaycanda 18 yaşına qədər nikaha girən qızların sayı ən çox 2011-ci ildə olub: "2011-ci ildə 5 min 138 bu cür hal var idi. O zaman biz təklif etdik ki, Ailə Məcəlləsinə dəyişiklik olsun və nəticədə 2012-ci ildən bu göstərici azaldı".

Amma ekspertlər deyir ki, bir çox hallarda erkən evlilik qeydiyyatdan kənarda baş verir. Onların fikrincə, erkən evliliklə mübarizədən ötrü sərt tədbirlərdən öncə azyaşlıların təhsildən kənarda qalmasının qarşısı alınmalıdır.

Ceyhun Bayramov: Azərbaycan İranda sabitliyə önəm verir

Ceyhun Bayramov Vahid Cəlalzadəni qəbul edir.
Ceyhun Bayramov Vahid Cəlalzadəni qəbul edir.

Yanvarın 23-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikası xarici işlər nazirinin müavini Vahid Cəlalzadəni qəbul edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) məlumatına görə, görüş zamanı ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi, İranda son gərginlik, eləcə də regional məsələlər müzakirə olunub.

Bildirilir ki, V.Cəlalzadə İranda son gərginlik və hazırkı vəziyyət barədə ətraflı məlumat verib. C.Bayramov, öz növbəsində, İranda sabitliyə önəm verdiklərini vurğulayıb, son hadisələr zamanı həlak olanların ailələrinə başsağlığı diləklərini çatdırıb.

"İki ölkə arasında nəqliyyat, kommunikasiya sahələri üzrə əməkdaşlığın perspektivləri müzakirə olunub, xüsusilə Azərbaycan və İran tərəfindən icra olunan bir sıra layihələrin regiondan keçən nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynadığı diqqətə çatdırılıb", - məlumatda vurğulanır.

Cəbrayıl rayonunda Araz çayı üzərində inşa edilən "Xudafərin", "Qız qalası" hidroqovşaqları və su elektrik stansiyaları (SES) iki ölkənin birgə layihələridir. Onların arasında Şimal-Cənub Beynəlxalq Dəhlizi ilə də bağlı əməkdaşlıq var.

Xatırlatma

Azərbaycanın İranla münasibətləri 2023-cü ilin əvvəlində Tehrandakı səfirliyə hücumdan sonra xeyli gərginləşmişdi. Həmin il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə "Kalaşnikov" avtomatı ilə silahlı hücumda səfirliyin bir əməkdaşı həlak olub, ikisi xəsarət almışdı. Amma son vaxtlar iki ölkənin münasibətlərində müəyyən yaxınlaşma müşahidə edilir. Hətta onlar birgə hərbi təlimlər də keçiriblər.

Ötən ilin sonu, dekabrın 28-dən etibarən İranın bir çox şəhərində İslam hökumətinə qarşı geniş yayılmış narazılıq və iqtisadi problemlər fonunda kütləvi nümayişlər başlayıb. Bir neçə həftə çəkən etirazlar zorakı üsullarla yatırılıb. ABŞ-də yerləşən HRANA təsdiqlənmiş ölü sayının 5 mindən yuxarı olduğunu, 9 min 787 ölümün araşdırıldığını bildirir.

İran bundan əvvəl nüvə proqramı və insan haqları məsələsinə görə müxtəlif sanksiyalarla üzləşib.

Azərbaycana gələnlər də azalıb, oradan gedənlər də…

Moskva ilə Bakı arasındakı gərginlik Azərbaycanın turizm sektoruna necə təsir edəcək?
Gözlə

No media source currently available

0:00 0:02:00 0:00

2025-ci ildə Azərbaycana dünyanın 189 ölkəsindən 2 milyon 570 min 200 xarici və ya vətəndaşlığı olmayan şəxs gəlib.

Dövlət Statistika Komitəsi (DSK) bildirir ki, bu, əvvəlki il ilə müqayisədə 2.1 faiz azdır. Gələnlərin 23.9 faizi Rusiya Federasiyası, 17.7 faizi Türkiyə, 8.1 faizi İran, 6.5 faizi Hindistan, 4.3 faizi Gürcüstan, 4.1 faizi Səudiyyə Ərəbistanı vətəndaşları olublar. 2024-cü ilə nisbətən ən çox Çindən (41.7) və Özbəkistandan (34.3) gələnlərdə artım var.

Ötən illə müqayisədə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı da 2.3 faiz azalaraq 2 milyon 109 min 900 nəfər olub: "Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı 20.4 faiz, İrana gedənlərin sayı 9.2 faiz artmış, Rusiya Federasiyasına gedənlərin sayı 31.5 faiz, Türkiyəyə gedənlərin sayı isə 1.6 faiz azalmışdır".

Xatırlatma

Ekspertlər Azərbaycana gələnlərin sayında azalmanı, əsasən, bu ölkədə bir sıra qonşularla müqayisədə turizm imkanlarının əlverişli olmaması ilə izah edirlər. Onlar deyirlər ki, Azərbaycanda turizmlə bağlı qiymətlər qonşu ölkələrlə, o cümlədən Gürcüstanla müqayisədə yüksəkdir.

Ölkədən müvəqqəti (səyahət və s. məqsədlərlə) gedənlərin sayındakı azalma isə əhalinin dolanışıq səviyyəsinin getdikcə ağırlaşması ilə izah edilir. Hərçənd rəsmilər belə dəyərləndirmələri qəbul etmirlər.

2020-ci ilin əvvəlindən koronovirus pandemiyası ilə bağlı Azərbaycanın quru sərhədlərində gediş-gəliş məhdudlaşdırılıb. Pandemiya başa çatsa da, bu məhdudiyyətin götürülməməsini rəsmilər təhlükəsizlik amili, ekspertlər isə hökumətin iqtisadi maraqları (ölkədən valyuta çıxmasın və s.) ilə izah edirlər.

İnsan haqları müdafiəçiləri Avropa Şurasına çağırış etdi

'Münasibətlər rahat bərpa olunmayacaq' - Azərbaycan-AŞPA gərginliyi nə vəd edir?
Gözlə

No media source currently available

0:00 0:04:44 0:00

Bir qrup insan haqları müdafiəçisi Avropa Şurasını Azərbaycana qarşı Birgə Əlavə Proseduru (Joint Complementary Procedure) başlatmağa çağırır. Bu çağırışla yanvarın 22-də "Azərbaycanda repressiyaya son kampaniyası" çıxış edib.

Kampaniya qeyd edir ki, Azərbaycan Milli Məclisinin Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 2025-ci il sessiyasına akkreditasiya təqdim etməməsi Assambleyanın monitorinqi ilə əməkdaşlıqdan aşkar imtinasıdır.

Kampaniya bildirir ki, Azərbaycan son 10 ildə Avropa Şurasının standartlarını, institutlarını və qərarlarını gözardı edib. İnsan hüquqları müdafiəçiləri 2026-cı ilin qış sessiyası ərəfəsində AŞPA-nı Azərbaycandakı insan hüquqları böhranına xüsusi diqqət yetirməyə çağırırlar. Kampaniya bu çağırışı dəstəklədiyini bildirir, AŞPA-nı Nazirlər Komitəsi ilə Birgə Əlavə Proseduru başlatmağa çağırır.

Xatırlatma

Azərbaycanın AŞPA-dakı səsvermə hüququ 2024-cü ildən dondurulub. Buna Azərbaycanın qurum qarşısında insan hüquqları ilə bağlı götürdüyü öhdəlikləri yerinə yetirməməsi səbəb göstərilib. Azərbaycan hakimiyyəti də buna cavab olaraq qurumla əməkdaşlığı dayandırdığını açıqlayıb. Sonradan Bakı həmin müzakirələrdə bu qərara səs vermiş deputatları qara siyahıya salaraq onların Azərbaycana gəlişinə məhdudiyyət qoyub. Rəsmilər bir neçə dəfə bildiriblər ki, nümayəndə heyətinin mandatı bərpa olunandan sonra əməkdaşlığa hazırdırlar.

Azərbaycan prezidenti İlham Əliyev isə bu həftə "Euronews" televiziyasına müsahibəsində deyib ki, AŞPA, Avropa Parlamenti ilə əməkdaşlıq uzun illərdir dayandırılıb: "Biz Avropa Komissiyası ilə əməkdaşlıq edirik və bununla kifayətlənirik".

Avropa Şurası 2020-ci ildə təşkilat qarşısında öhdəliklərini kobud şəkildə pozan üzv-dövlətlərlə bağlı yeni qərar qəbul edib. Əgər üzv-dövlət öhdəliklərini kobud şəkildə pozur, təşkilatın prinsip və dəyərlərinə əməl etmirsə, bu halda, Avropa Şurası Nazirlər Komitəsi o ölkəyə münasibətdə əlavə prosedura başlamaq qərarı verir.

Hüquq müdafiəçiləri Azərbaycanda 340 siyasi məhbusun olduğunu deyirlər. Hakimiyyət isə bu termini qəbul etmir.

Davamı

XS
SM
MD
LG