Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:38

Ağdamda mərmilər can alır


Sərhəddə atəş səsləri gəlir
Gözlə

No media source currently available

0:00 0:01:42 0:00

VİDEO ARXİV. Sərhəddə atəş səsləri gəlir

-

Ağdam rayon prokurorluğu və polis şöbəsi cəbhədəki vəziyyətlə bağlı birgə məlumat yayıblar.

Məlumatda qeyd edilir ki, rayonun Sarıçoban, Əhmədağalı, Orta Qərvənd, Qaradağlı və Səfərli kəndləri aprelin 4-də artilleriya qurğularından intensiv atəşə tutulub:

«Saat 16:00 radələrində rayonun Sarıçoban kəndinin ərazisinə düşmüş 3 ədəd mərminin partlaması nəticəsində kənd sakini, 48 yaşlı İlqar Cəfərov qəlpə yarası alaraq xəstəxanaya yerləşdirilib. Bir qədər sonra, Əhmədağalı kəndinin ərazisində yerləşən məscidin yaxınlığına mərmi düşüb. Nəticədə orada qoyun otaran kənd sakini, 62 yaşlı Qaraş Dadaşov qəlpə yarası alaraq hadisə yerində həlak olub. 30-a qədər qoyun-quzu tələf olub»,-deyə məlumatda bildirilir.

Hüquq mühafizə orqanları həmçinin bildirirlər ki, rayonun Orta Qərvənd kəndinə də mərmilərin atılması faciəyə səbəb olub. 27 yaşlı Rəşad Heydərov və 48 yaşlı Fərhad Heydərov da qəlpə yarası alaraq xəstəxanaya yerləşdiriliblər:

«Saat 20:00 radələrində rayonun Qaradağlı kəndinin ərazisində mərminin partlaması nəticəsində bir ev yanıb. Dövlət Yanğın Mühafizə Hissəsinin işçiləri yanğını söndürməyə başlayıblar. Həmin yerə atılmış digər mərminin partlaması nəticəsində manqa komandiri, 42 yaşlı Akif Mustafayev qəlpə yarası alıb. O da xəstəxanaya yerləşdirilib».

Məlumatda qeyd edilir ki, Səfərli kəndinin ərazisinə düşmüş mərminin partlaması nəticəsində isə 16 yaşlı Pakizə Məhərrəmova qəlpə yarası alıb.

Bütün bu faktlar üzrə Ağdam rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlandığı bildirilir.

Aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq cəbhədə atəşkəs ardıcıl olaraq pozulmağa başlayıb. Hər iki tərəfdən itkilərin olduğu deyilir.

Azərbaycan Silahlı Qüvvələrinin 16 hərbiçisinin öldüyü bildirilir. Mülki əhali arasında da ölən və yaralananların olduğu deyilir. Ancaq əhali arasında itkilərin siyahısı tam açıqlanmayıb.

XS
SM
MD
LG