Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:50

Üçüncü Gənc Ədiblər Məktəbinin ikinci toplantısı olub


Natavan klubu
Natavan klubu

-

Martın 25-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natavan" klubunda III Gənc Ədiblər Məktəbinin (GƏM) ikinci toplantısı keçirilib. Tədbiri AYB-nin katibi Rəşad Məcid açaraq görüşün qonağı haqda məlumat verdi:

"Bizim ilk görüşümüz tanışlıq xarakterli olmuşdu, müzakirələr apardıq, yazılarınızdan xəbərdar olduq. Düşündük ki, ikinci görüş üçün sizin yazılarınızı tənqidçi Əsəd Cahangirə təqdim edək və onun fikirlərini öyrənək."

Əsəd Cahangir gənclərin yazılarını təhlil etməzdən əvvəl onlarla ədəbiyyat və onun pərdəarxası çətinlikləri, yazıçının, şairin gerçək həyat yolu haqda fikirlərini bölüşüb. Tənqidçinin fikrincə, gənclərdə ədəbiyyata ötəri həvəs də yarana bilər. İlk növbədə onların sözə, yaradıcılığa məntiqi münasibətləri aydın olmalıdır:

"Ola bilər ki, yaradıcılıq mənəvi, əxlaqi qüsurlar üzündən, yaxud da müəllif öz üzərində çalışmadığından sönüb getsin. Kitabdan kitaba sönən gənc yazarlar çoxdur. Akutaqava deyirdi ki, yazıçılıq öz qəlbini açıb milyonların qabağına tökmək deməkdir, ehtiyatlı olun, açıq ürəyə tikan batıranlar olur. Bəli, olacaq. Yazıçılıq kef deyil. Bu, mənəvi fədakarlıqdır. Çox əzablı bir yola çıxırsınız. Bundan əmin olun. Ona görə bütün bunları nəzərə almaq lazımdır".

Müşahidələr göstərir ki, adətən gənclər yaradıcılıqda şeirə üstünlük verirlər. Ancaq GƏM-in builki üzvləri arasında nəsr yazanlar da az deyil: Orxan Cuvarlı, Elçin Həsənli, Cəmilə Məmmədli, Ləman Azər, Yadigar Ələkbərov, Hüseyn Məmmədov.

Şeirdə gənclər arasında uğurlu imzalardan biri kimi Rəsul Mirzənin adını çəkən tənqidçiyə görə, təəssüf ki, bəzi gənc müəlliflər isə poetik yaradıcılığın əlifbası sayılan cəhətləri belə, ya bilmir, ya da buna riayət etmirlər.

Bununla yanaşı, öz cümlələrilə desək, "şablon ifadələrlə oxucuları qaçıran", "epitet və obrazları təkrarlayan", "arxaik sözlərdən həddən çox istifadə edən", "yalnız bağdan, güldən yazan" gənc şairlər tənqidçinin iradlarına tuş gəldi:

"Şair və ədəbiyyatçı əslində yeni söz deməli, orijinal üslub yaratmalıdır".

Tədbirdə "Kulis" saytının redaktoru Qan Turalı da çıxış etdi, GƏM-in üzvləri ilə öz yaradıcılıq təcrübələrini, ədəbi düşüncələrini paylaşdı. Yazarın fikrincə, yaradıcılıq ilk növbədə zəhmət və əzmkarlıq tələb edir:

"İnsan az istedadla da şair kimi formalaşa, özünü təsdiqləyə bilər. Buna dünya ədəbiyyatında da nümunələr az deyil. Yəni, yazı-pozu qədər mütaliə də çox vacib məsələdir".

Tədbir müzakirələrlə davam etdi. GƏM-ə yeni qoşulan üzvlər şeirlərini səsləndirdilər.

ayb.az

XS
SM
MD
LG