Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:44

"Yaradıcılıq fakültəsində dərsimə güdükçülər gəlməyə başladı"


Azad Qaradərəli
Azad Qaradərəli

-

"Bu dəfə elan elədim ki, təyinatı üzrə-filan olmayacaq. Uşaqlar nə istəsələr onlara onu verəcəyəm. Məsələn 16-cı qapı: Mandelştam və Hüseyn Cavid. 17-ci qapı: Platonov və Sabir Əhmədli. 18-ci qapı: Brodski və Əli Kərim. 19-cu qapı V.Belov-Ə.Əylisli (Burada bir az əsəb və əlavə enerji sərf etməli oluram. Uşaqlara Ə.Əylislinin xalq düşməni olmamağını izah etməkçün xeyli zaman gedir)"

Azad Qaradərəli

QIRXINCI OTAĞIN SİRRİ

İllüstrasiya
İllüstrasiya

Söz qəddar şeydir. Səni elə ovudar, elə özünə yavıdar ki, toruna haçan düşdüyünü bilməzsən. Narkomaniya timsalı. Bir də görərsən ki, olmusan sözbaz. (Sözbazın sözbezə dönməyi də var – indi qələm əhlinin onda doqquzu elə sözbazlıqla beyil, sözbezliklə məşquldur. Allah bundan qorusun...)

Söz köpəyoğlu şeydir. Ona gərək düz qulluq eliyəsən. Yəni haram qatmayasan. Su kimidi söz – murdarlıq götürməz...

Bizdə bir mahnı var. “Qalada yatmış idim... Top atdılar oyanmadım... Saz ilə, söhbətilə oyatdılar... (Oyandəm.)” Hə, söz əhlinə top-topxana, silah-sursat təsir eləməz. Onu saz ilə, söz ilə ovudar, (oyadar) məhrəm eliyərsən...

Bizdə bir sənət var, adına güləbətin deyərlər. Naxış-naxış, oyma-oyma, xətt-xətt yazılar, qazılar – tikirlər ağ parça üstündə ornamentlər incə qadın əlləriylə... (Qaynaqlara görə, Avropada barokko üslubunda güləbətindən istifadə olunub.) Hə, hə, yazı sənəti də, söz sənəti də bir az incəlik, bir az lətafət, bir az həqiqət tələb edir. İncəlik, lətafət yerinəcən söz sənəti qadın cildində olur – kişisənsə, qadın hormonuna mübtəla olmalısan o anlarda, yoxsa heç nə alınmayacaq. Axı bu, incə sənətdir...

Həqiqət tələb eliyən yerdə qəfil bir metamorfoza baş verər və sən dönüb kişiləşərsən - əlindəki qələm qılınca dönər, asıb-kəsər, vurub-yıxar, həqiqət aşiqinə çevrilərsən... Hə, söz oyunudu bu, oğlum! Burda qaliblər olmayıb indiyəcən – həmişə söz qalib gəlib. Ayrı-ayrı adlara baxma – mən söz əhlinin hamısını sözə yıxılan gördüm...

Nağıllarda qırx otaq var ha! Sözbazlıq, yazı əhli olmaq elə o 40-cı otağın açarını tapmaq deməkdir. 39-nu tapıb, elə 40-cının qapısında yıxılıb qalanları çox görmüşük. Yazı uğrunda döyüşlərdə belə şil-küt olanlarla doludur o məşum 40-cı otağın qapısı ağzı...

40-cı otaq varmı əslində? Ona vaqif olanlar söyləyirlər ki, yoxdur belə bir otaq, oğlum! Onu sən özün öz xəyallarında yaratmalısan. Hər kəsin bir 40-cı otağı var. 39 otağın açarlarını sənə təqdim edənlər, (əslində sənin qazandığın) elə 40-cı otağın yol-yolağasını bir-bir göstərirmişlər. 1-ci otaq 40-cı otağın zibilliyidir.

(Bura çox vacibdir – abad kənd qəbiristanından bəllidir. Hə, qəbiristan bir növ zibillikdir – iraq olsun!) 2-ci otaq 40-cı otağın bağı-bağçası, xiyabanıdır. 3-cü otaq onun pilləkənləridir. (Çoxları hələ də ordan irəli gedə bilməyib) 4-cü otaq 40-cı otağın özülüdür. 5-ci onun divarlarıdır və sair...

Yəni, 40-cı otaq gözünən görünməz – söz timsalı. Füzuli demişkən: ”...olur yoxdan var söz...”

...Yazıçılıq (bu sözü buracan bilə-bilə işlətməmişdim – söz adamı özünü yazıçı hesab etməyəndir, o, bir həvəskardır, havayi-həvəsə uymuş kafərdir, çün ən böyük söz adamı Tanrıdır – sözü də, adamı da o yaratmışdır; yazıçılıq isə asilikdi, Allaha şəriklik eləməkdir) elə bir peşədir ki, onu nə məktəbdə, nə kitabda, nə ustad qapısında öyrətmək olur. Çün yazıçı doğulur.

Allahın izni ilə, əlini xoş bir saatda üstünə çəkməyilə (peyğəmbər əlini pişiyin üstünə çəkdiyi kimi) səni müqəddəsləşdirir, sözə qail olan, (mail olan) sözə biət edən bir rahibə, bir möminə çevirir...

Haşiyə. Bir neçə il əvvəl məni gənc yazarlara dərs vermək üçün Bakı Slavyan Universitetinin Yaradıcılıq Fakültəsinə dəvət etmişdilər. Elə o dəvət zamanı da demişdim ki, məndən burada xarüqələr yaradacağımı güman etməyin - əgər burdakılar doğulmuşlardılarsa, onları bəzi mətləblərdən agah edərəm. Yoxsa...

“Yansa, yanar aşiq... Yüz ətəklə, yüz püflə... Yanmasa, yanmaz aşiq... Yüz ətəklə, yüz püflə...”

Mən qarşıma məqsəd qoydum ki, bu uşaqlara məlum 39 otağın açarlarını bir-bir verəcəm. Qalar o məlum, o məsum, o məşum 40-cı otaq...

Elə 15 otağı taybatay bu zavallıların üzünə açıb birbəbir sirrindən-sehrindən agah etmişdim ki, sədayi-qayibanədən səs gəldi ki, çox zilə çıxma. Elə həqiqətlər var ki, onlar burda deyilməz!

Əcaba, hələ mən həqiqət mərtəbəsinə çatmamışdım axı... Biz hələ güləbətin naxışları vura-vura gedirdik. Hələ həqiqət hardaydı? Heç onun izi-tozu da görünmürdü...

Hər yerin bir Qaloşu olur. Burda da varmış. Üzümə dir-dir dirəşdi ki, siz təyiinatı üzrə keçmirsiniz dərsinizi... Bunlara (elə belə də dedi: “bun-lar-a...” əşya kimi rəftar edirdi gələcəyin söz adamları ilə) çox üz verirsiniz... Bunlara çox mətləbləri açırsınız – lazım oldu, olmadı. Sizin dərsiniz redəktədir - ədəbi redəktə! Redəktə nədir? Kəsmək, doğramaq, müsəlman eləmək... siz isə bunlara tərsalıq dərsi keçirsiniz... qoymursunuz bunları müsəlman kimi allahlarına bəndəlik eləməyə...

Doğru sözə nə deyəsən? Mən həqiqətən bu uşaqları tərsa kimi, asi kimi, əyilməz kmimi, sınmaz kimi tərbiyə edirdim. Tək bircə sözə yıxılmalarını deməyimi nəzərə almasaq...

Beləcə, üç ayın tamamaında (dekabrın sonlarında) Qaloş dedi ki, sizin dərsiniz bitdi... Xoş gəldiniz... Jurnalı bağlayın... (O məşhur deyimdə necəydi: Qarı nə oldu, qapı nə oldu... Onun kimi)

Uşaqlarla bir vida dərsi keçdim... Pah... Ağlamadılarmı? Qeyzlənmədilərmi? Bozarmadılarmı? Gözlərində cin oynayırdı. Asi-kafir olurdular yavaş-yavaş... Yalvar-yaxar elədim. İnandırmağa çalışdım ki, bu mənim qərarımdır. Mən guya fiziki cəhətdən... Axıracan danışa bilmədim... Qəhər boğurdu...

Və getdim.

Üstündən on-on beş gün keçmişdi ki, Qaloş zəng elədi ki, sizi dərsə çağırırıq, lütfən geri dönün. Dönərəmmi? Olmaz dedim. Qurtardıq.

İndi uşaqların zəngi, yazışmaları, yalvar-yaxar, xahiş-filan. Döndüm. Döndərdilər. Axı sözüm ağzımda qalmışdı. Açarlar cibimdəydi. Belə yarımçıq hara gedə bilərdim...

(Sonradan biləcəm ki, uşaqlar dərsə girməkdən imtina ediblər. Hətta məsələ o yerə gəlib ki, özü BSU-nun rektorluğundan - daha böyük vəzifəyə - getsə də hökmü burda qalmış Kamal Abdullaya şikayət edirlər və o da candərdi söz verir ki, məni qaytaracaqlar.)

Bu dəfə elan elədim ki, təyinatı üzrə-filan olmayacaq. Uşaqlar nə istəsələr onlara onu verəcəyəm. Məsələn 16-cı qapı: Mandelştam və Hüseyn Cavid. 17-ci qapı: Platonov və Sabir Əhmədli. 18-ci qapı: Brodski və Əli Kərim. 19-cu qapı V.Belov-Ə.Əylisli (Burada bir az əsəb və əlavə enerji sərf etməli oluram. Uşaqlara Ə.Əylislinin xalq düşməni olmamağını izah etməkçün xeyli zaman gedir)

Sonrakı qapılarda Markesdən, İsa Hüseynovdan (Muğannaya qədər), Eldar Baxışdan, Pasternakdan, Saromoqodan, İsi Məlikzadədən... söhbət açırıq. AYO-çulardan, müstəqillik dövrünün gənc ədəbiyyatçılarından da xəbərləşirik.

Arada vaxt tapıb məmur ədəbiyyatından, anti-ədəbiyyatdan, AYB ədəbiyyatından – icazəli ədəbiyyatdan, ayıblı ədəbiyyatlardan da söz edirik.

Bunların güləbətinə naxış yox, kölgə saldığını, belə şeylərdən qaça bilmənin yollarını da izah edirik. Qapılar şaqqaşaqq açıldıqca səsi uzaqlara gedib çıxır. Və dərsimə güdükçülər gəlməyə başlayır.

(Bu barədə bir hekayəmdə də dəyişik şəkildə bəhs etmişəm, internetdə var, girib oxuya bilərsiniz: "Kəshakəs” adlanır) Bu fakültənin dekanı şair Salam Sarvan da dərsimə gəlib çıxır. Amma insafən, bu gəliş mənimlə öpüşüb-görüşməkdən o yana keçmir... Yəni gözlənilən ölçü-filan götürülmür. Sadəcə canlarını dişlərinə tutub ilin başa çatmasını gözləyirlər...

...Burada, Yaradıcılıq Fakültəsində məni saxlayan (bilənlər bilir ki, orada əməkhaqqı simvolikdir) bəzi uşaqlardakı yazıya, sözə bağlılıq idi. Buradakı uşaqların əksəriyyəti məsumdu. Amma istedadlısı təbii bu qədər deyildi.

40 uşaqdan 4-ü gələcəyin söz adamı ola biləcəksə, niyə də qapıları bağlı saxlayaq? Ona görə zənn edirəm ki, bu uşaqlara yetərincə qapı aça bildik.

Etel Lilian Voynich
Etel Lilian Voynich

O qapıdan keçənlərdən biri Mübariz Örəndir. Biri Hədiyə Şəfaqətdir. Biri Vəli Efedir. Biri də Çinarə Omraydır...

Bu Çinarənin bircə yazısını bugünlərdə bir saytdan oxuyub, necə deyərlər, ehtizaza gəlmişəm - bu boyda söz-söhbət də oradan doğulub.

George Sand
George Sand

Çinarənin hekayələrini redaktoru olduğum dərgidə çap da etmişəm. Hələ orasını da demişəm ki, nəsr ciddi sənətdir, bax, gör buna gücün, əzmin çatacaqsa, gəl...

Sonra dünyada ciddi nəsrlə məşğul olan üç-beş nasirin də adını çəkmişəm: Voyniç, J.Sand, A.Məsud, Sara Nəzirova(Sara Oğuz) ...

Çinarə bir tut ağacından yazmışdı bir dəfə. Tut silkələnib, gərnəşib adam kimi danışırdı o hekayədə. Mən bu qızı o hekayədən kəşf eləmişdim. Bugünlərdə onun bir hekayəsini oxuyub, anladım ki, 40-cı otaqda şəstlə o baş-bu başa gəzişir bu qız. Hərdən başı gicəllənib bu dam-daşsız otağın divarları ilə kəllələşsə də, hərdən burda yıxılıb qol-qabırğasını sındırsa da... o orada, 40-cı otaqdadır...

Mən tələbəmin yeni hekayəsini oxuyub keyf duydum. O duyğunu sizlərlə də bölüşmək istədim. İzahat-zad lazım deyil. Elə o beş-altı sətrlik hekayəni bura köçürdürəm. Oxuyun. Alacağınız zövq halal xoşunuz olsun, duyduğunuz qəbahətləri isə mənim – müəlliminin ayağına yazın. Çinarənin hələ ayaqları bərkiməyib – 40-cı otağın havası tutub onu.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

Çinarə Ömray

... Xanım, eləməyin

Çinarə Ömray
Çinarə Ömray

Səhər açılır, günəşin ilıq şüaları pərdədən otaga girməyə çalışır.

O, gözlərini güclə açır. Axşamdan qalan güclü başağrı tərpənməyə imkan vermir.

Göz qapaqlarını ayırıb otaga göz gəzdirir. Köynəyi yuyulub ütülənmiş halda stolun başından asılı, şalvarı təmizlənib, ütüsü adamı kəsir, tumbasının üstündə ağrıkəsici və bir bardaq su, bir də zərf var.

Yatağdan qalxır, dərmanını içib, zərfi açır:

“Əzizim, səhər yeməyin mətbəxdə hazırdı, mən bazara gedib gəlirəm. Səni çox sevirəm”.

Nə qədər fikirləşir, ancaq axşamı heç çür xatırlaya bilmir. Çıxıb mətbəxə getmək istəyəndə dəhlizin dağınıq olduğunu görür. Qonaq otağına tərəf gedir – ora da tör-töküntüdü, stullar aşıb, güldan sınıb, döşəmə dağınıq... Nə baş verdiyini anlamır, mətbəxə keçir. Oğlu əyləşib nahar eləyir. “Ev niyə it günündədi? Müharibə-zad olub”, - soruşur.

Oğlu:

- Ata, yəni heç nə yadında deyil?

- Yox. Nə olub axı, de görüm.

- Axşam evə gələndə çox içkiliydin. Ana qapını açanda dəhlizdə yıxıldın. Sonra anam səni sürüyə-sürüyə qonaq otağına gətirdi.

- Sonra?

- Sonra sən hirsləndin, stulları aşırtdın. Sonra qalxmaq istiyəndə güldanı sındırdın.

- Sonra?

- Sonra qonaq otağında qaytardn, ana təmizlədi. Sonra da səni yatağına apardıq.

- Anlamıram, bəs bu ütülü koynək, şalvar? Agrikəsici… Su… Ananın yazdıqları…

- Hə, onu deyirsən? Biz səni otağına apardıq. Ana paltarını əynindən cıxarmağa çalışırdı, imkan vermirdin. Birdən özünü dikəldib dedin: “Xanım, eləməyin, mən evliyəm”.

XS
SM
MD
LG