Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:58

Qursaxanımın üsyanı


Rahim Əliyev
Rahim Əliyev

-

"Dünyanın, gedişatın özü bizim ağlımızdan min qat çoxüzlüdü və biz yaşadıqcca bu üzləri tanırıq, amma hamısını yox."

"Bakı əcnəbi və tərsa nan dolurdu, neftin iyinə gələnlərin say-hasabı yox idi, bunun axırı pis olacaqdı."

Müəllifin yazı üslubu saxlanıb

Rahim Əliyev

Qursaxanımın üsyanı

İllüstrasiya
İllüstrasiya

1903-cü ildə tağ evi sökdürüb yerində Atamoğlan İkimərtəbə tikdi.

Bu, həmin ikimərtəbə idi ki, sovet vaxtı baxça oldu. Ev hazır olan kimi atası Əbdülrəsulu evləndirdi.

Qursaxanım Xilədən idi, Atamoğlan onun atası İbadəli nən cavanlıqda Ağaqayasındakı daş karxanasında işləmişidi. Sonralar İbadəli də arabaçılıq elirdi. Neft quyularının çoxu Səhmannı tərəfdə olduğuna görə köhnə tanışlar tez-tez görüşürdülər.

Qursaxanım İbadəlinin sonbeşiyi idi. Hündür, arıq, qonur gözlü ağ qız iydi. Uşaqlıqda Əbdülrəsul nan görüşmümşdülər, bir-birini tanırdılar. Ailələrinin az da olsa, ged-gəli olmuşdu. Atamoğlan varlanandan sonra bir az uzaqlaşdılar. Amma Əbdülrəsul çün qız axtaranda bir dəfə Suraxana bazarında rastlaşdılar. Atamoğlan bir az ərk nən dostuna dedi:

-Ay İbadəli,Əbdülrəsulu evəndirmək istirəm, qızlardan subayı var?

-Biri var, sonbeşik di, Qursaxanım (1), özümnən çox istirəm onu,– İbadəli yarızarafat dedi, tanırdı Əbdülrəsulu, Atamoğlan üçün də az iş görməmişdi.

İllüstrasiya
İllüstrasiya

Sonra İbadəli dostunu evə dəvət elədi. Qursaxanım yaşmaqsız gəlib Atamoğlana xoşgəldin dedi. Ağ, xırda göz qız kişinin xoşuna gəldi, uşaq yana ürəkdən gülümsədi qonağa. Qız uzun qəhvəyi donda iydi, mehriban sifəti, təbəssümü, sadəliyi istiqanlı idi.

Oturub çay içdilər, anası yaşındığına görə Qursaxanım qulluq elədi, ordan-burdan danışdılar. Gedəndə, həyət qapısında Atamoğlan ərk nən dedi:

-Qız mənim, İbadəli, xətircəm ol.

-Allah xeyir vərsin, – dedi Qursaxanımın atası, amma dostunun üzünə baxıb gülümsədi, Atamoğlan onun üzündə balaca qızartını da gördü. Kişi bu qohumluqdan razı qalsa da, yenə utanırdı, qız vermək ata üçün həmişə ağır di.

İbadəli evə qayıdıb, küçə qapısında qızı Əbdülrəsula verdiyini deyəndə arvadı Məsumə bilmədi sevinsin, yoxsa ağlasın. Onların dörd qızı vardı. Üçünü köçürmüşdülər, sonbeşik gedəndən sonra Məsumə evdə tək qalacaqdı, oğulsuz həyətləri boşalacaqdı. Kişi evdən çıxandan sonra Məsumə qızına dedi:

–Gözün aydın, aton hərini verdi Atamoğlanın oğluna...

–Mən ərə getmirəm, – bir hour key kimi anasına baxab qayıtdı qız, sonra ağlamağa başladı...

Anası güman elədi ki, bəlkə sevinib ağlır. Dedi:

–Əbdülrəsula verib səni, hündür, göygöz oğlandı, sən onu çox görmüsən...

Bağdanqayıdana Atamoğlan oğlu üçün toy elədi. Şirvandan aşıqlar gəldi. Çalışdı ki, xozeyin toyu eləsin. Gəlini zurna-balabannan, faytonda gətirdilər. Təzə ailə tağ evin yerində yenicə tikilmiş mülkün ikinci mərtəbəsində yerləşdi. Atamoğlan allaha çox şükür elədi, axır ki, həyətdən şadlıq səsi çıxdı.

Əbdülrəsul nan gəlin dedikcə mehriban idilər, bunu adam arasında da gizləmirdilər. Bu Atamoğlnın da xoşuna gəlirdi, istirdi ki, balaları gün görsün, onun yetimçə həyatının əvəzini çıxsınlar. Atamoğlan ürəyində gəlini nən fəxr eləyidi. Abtalıb üçün də qız axtarıdı.

Bir il sonra Qursaxanımın ağ, göygöz bir oğlu oldu, adını Əbdülmütəllim qoydu babası. İstədi adı kimi oxuyub böyük adam olsun, yığıncaqlarda rusca danışan müsəlman balaları kimi savadlı olsun. Uşağın beş yaşı olanda Əbdülrəsul xəstələndi, Atamoğlan oğlunu heç bir həkimə aparmadı, tapşırdı ki, qohum-qonşuya da heç nə deməsunlər. Oğlu onun öz atasının xəstə olduğu vaxt dediyi sözləri təkrarlayırdı, çürbəcür təhlükə və qorxulardan danışırdı.

Ata bildi ki, bunu yaymağa dəyməz. Üç ay ev dustağı olub çölə çıxmadı, quru-sümük olub öldü. Atamoğlan soruşanlara dedi ki, Əbdülrəsul yuxuda ölüb.

Körpə uşaq nan gəlin Qursaxanım ikinci mərtəbədə tək qaldılar. Onun cəmi iyirmi iki yaşı vardı. Əbdülrəsulun ölümündən həftələr keçdikcə, ölü yaddan çıxdı. Cavan gəlin nən Mütəllimin dərdi oğul dağından ağır oldu Atamoğlan üçün. Gəliin nən beş yaşında uşaq da onun neft quyularının varisi idilər, onlara atalarının payı düşürdü. O biri tərəfdən Qursaxanım bir üzü qız, bir üzü gəlin idi, onu bu həyətdə nə qədər saxlamaq olardı? Bu, şəriətcə günah idi, ona görə

Qursaxanımın ərə verilməsi labüd idi. Amma o ərə getmək nən Atamaoğlanln neçə illərin zəhməti nən yığdığı mirasın bir hissəsini aparacaqdı. Əbdülrəsuldan sonra arvadı Yaxşıxanım da xəstələnmişdi, Atamoğlan əlini ondan da üzmüşdü. Mütəllibi saxlayıb gəlini atası evinə yollamaq olardı. Şəriət nən boşanmada belə uşaqlar ata evində qalırdı. Xilədə bir dul kişi tapılardı Qursaxanım çün. Amma evdə Mütəllimə baxası adam yox idi.

Atamoğlan belə fikirlər içndə çabalayanda həfətlər keçirdi, arvadının da halı pisləşirdi. Bir-iki kərə arvad nan da dərdləşdi. Arvadın təklifi daş kimi dəydi kişinin başına, amma nə hə dedi, nə də yox. Yaxşıxanım canını tapşırmazdan üc gün qabaq Abtalıbı yanına çağırıb vəciyyət elədi.

–Oğlum, mən ölürəm, Əbüdülrəsuldan sonra yaşaya bilmədim. Onun yetimini sənə tapşırıram. Qardaşının ili çıxandan sonra Qursaxanımı alarsan, qoy gəlin ocaqda qalsın, əllərə düşməsin...

–Ay memə, gic-gic danışma, sən niyə ölürsən...– söhbət iyirmi bir yaşlı Abtalıba qəribə gəldi, heç anasının ölümünə də inanmadı, hələ cavan di, ölümün qaçılmaz üzünü tanımırdı, anasının sözləri ona adi ev söhbəti kimi göründü.

Amma Abutalıb səhv elirdi. Yaxşıxanım sözünü əri nən razılaşmışdı. Üç gün sonra anası öldü və Abtalıb da fikirləşdi ki, bu sözlər təsadüfə oxşamır. Bu söhbət daş olub qaldı onun rəyində. Ataları nan araları açıq deyildi, belə şeyləri müzakirə eləmirdilər. Amma Qursaxanımın davranışından görürdü ki, ona heç nə deməyiblər.

Yaxşıxanımdan sonra Qursaxanım bütün günü aşağıda, xəzri tərəfdəki üç otaqlı evdə olardı, Hüdaxanımın üç, Həsənrzanın altı yaşı vardı. Onlar da yetim idilər, yemək, içmək, qayğı istirdilər.

Anasının vəsiyyətindən sonra Abtalıb pis vəziyyətə düşdü: bir tərəfdən anasız qaldı yetimlər nən. O biri tərəfdən də anasının vəsiyyəti qara daş oldu içində, onun bütün həyat umudlarını dağıtdı. Amma həfətələr keçdikcə söhbət yatdı. Elə bildi ki, daha bu söhbət ortaya gəlməz, yaddan çıxıb gedər.

Qursaxanım da Əbdülrəsulun vəfatının ilk vaxtlarında çox pis olmuşdu, əriyib çöpə dönmüşdü, üzü gülmür, aşağı evə düşmürdü. Amma Yaxşıxanım öləndən sonra yetimlərə görə tez-tez aşağı düşməyə başladı. Amma heç eyni açılmırdı, danışıb gülməyi, evdəki söz-söhbəti tutmağı yox idi. Abtalıb bir az sakitləşdi.

Şirvanda yaylaq vaxtı bir qız gözaltı eləmişdi ,uzaq qohumları idi. Amma Sənaye Məktəbinə daxil olandan sonra qərar vermişdi ki, oxmuş bir qız alsın. Onun xoşbəxt olamaq çün hər şeyi vardi, niyə ruslar və ermənilər kimi yaşamayaydı!?

Atası daim Bakıda ev tikdirmək haqda danışırdı, amma hələ ki, əməl yox idi. O şəhərdə yaşamaq istərdi, hərdən bu barədə cürbəcür xəyallara da dalırdı.

Müsəlmanlar xacpərəstlər kimi yaşamalıdı, bəlkə onlardan da yaxşı yaşamalıdır. “Torpaq, neft hamsı özmüzündür, axı bizim onlardan nəyimiz əskikdi. Məktəbimiz yoxdu...

Axı yaxşı yaşamağı da öyrənmək lazımdı, hər şey gör-götürdü”, atasının bu sözü də xoşuna gəlirdi. Hər yan neft idi, qapqara qızıl idi və bu müsəlmanları ağ günə çıxarmalı idi, onlar çomağı atmalı idilər. Neft allah vergisi idi, yerdən fantan vurub çıxırdı.

Müsəlmanlar yaşamalı idlər, yaxşı yaşamalı idilər, lap erməni çaxırı da içməli idilər. Allahın yaratdığı hər şey yaxşıdı. Müsəlmanlar xilqətə də ayri seçgilik qoyurdular. Niyə? Axı allah nemətlərinin hamısını adamlar üçün yaradıb və bunu Quranda apaçıq göstərib, deyib adamlara, öz bəndələrinə.

O lap erməni qızı almağa da razı olardı, axı allah bir di və ermənilər bunu daim təkrar edirdilər. Amma qəzetlər ermənilərdən çox yazırdı. Onların məktəbi açılan il Qrabağda toqquşmalar olmuşdu, kəndlər yandırılmışdı. Abtalıb bu olanların məntiqini anllamırdı. Axı qonşu o biri qonşunun evini niyə yandırmalıdır? Allaha şükür, Səhmannıda sülh idi. Burada erməni çox deyildi, amma hamısı fəhlə idilər, tikintidə, mədənlərdə işlirdilər. Amma Səhmannıdan qıraq kontorlarda dolu idilər.

Fatimə ona kəbin haqda deyəndən sonra Abtalıb sarsıldı. Bir istədi gedib bir tapança alıb özünü vursun. Amma yetimlərə rəhmi gəldi. Həsənrza, Hüdaxanım, qardaşının yetimi Mütəllim başsız idilər. Anaları Yaxşıxanım öləndən Atamoğlanın həyəti yiyəsiz kimi olmuşdu. Qohum-qonşunun da ayağı kəsilmişdi. Axı onların günahı nə idi? Allah bir parça çörək verib üstündən də bu qədər dərd-sər verirdi?!

“Bu qədər əzab çəkib oxumuşam, adam arasına çıxmaq istirəm. Amma mənə derlər ki, ölmüş qardaşının dul arvadına evlən. Mən bununçun oxuyuram? Hər gün Sənaye Məktəbində müsəlman tələbələri müsalmanların arvadlara zülm eləməyindən danışır, elə o özü də qadın azadlığına tərəfdar olduğunu həmişə deyirdi yoldaşlarına. Bəs indi onlar onun qardaşı arvadına evləndiyini eşitsələr nə deyərdilər ona. Hamısı rişxənd edəcəkdi, onu barmaq nan göstərəcəkdi, bərkdə lap üzünə də çırpacaqdılar. Və haqq eləyəcəkdilər. Belə biqeyrət hərəkət ölüm kimi bir şey olardı onunçün. Qoy atası kəbin kəsdirsin, üzünə ağ olmayacaq, amma o həyətə ayağı da dəyməyəcək!

Belə qəti qərarlar verən Abtalıb atasından xəbərsiz idi. Yaxşıxanımdan sonra o da tək idi və bütün umudunu Abtalıba bağlamışdı. O yaxşı oxuyurdu, dost-tanış ona həsrət çəkirdi. Pul qazanan müsəlmanların çoxunun balaları oxumaq istəmirdi. Əgər övladlar oxumurdusa, onlar da gec-tez çoban olası idilər.

Atamoğlan öz neftini satmaq, müqavilə bağlamaq üçün onun-bunun əlinə baxırdı. Bu əskiylik idi, bunu başa düşürdü. Həm də neft işi böyüdükcə, kontorda işləri aparmaq çətinləşirdi, gündə bir çətinlik çıxırdı.

Yapon nan dava Nikolay hökumətinin pis sifətlərini üzə çıxardı: camaatın pulunu, malını-mülkünü səfərbər edirdi, davaya kömək istirdi. Belə çıxırdı ki, bu mal dövlət heç onu yığanların döyüldü, hamısı Nikolay padşahın idi, onun qaradovoylarının, silah gəzdirən saysız hesabsız adamlarının idi. Əvvəllər bu ağlasığmaz bir iş di.

Padşah da onun bunu əlinə baxar? Amma baxırdı. O hiss elirdi içində ki, pis zamanlar başlır. Ona görə Abtalıbın məktəbi bitirməyin səbirsizlik nən gözlürdü: istirdi bütün işlərini ona tapşırsın, qoy oğlu kağızları özü oxuyub imza eləsin, əsil xozeyin olsun.

Bakı əcnəbi və tərsa nan dolurdu, neftin iyinə gələnlərin say-hasabı yox idi, bunun axırı pis olacaqdı. Ermənilərdən çox danışırdılar, amma onlar sonra gələnlərdən yaxşı idilər.

Kontorlarda müsəlmanca bilən adam qalmamışdı, az Qalırdı Atamoğlan özü nən bir tərcüməçi gəzdirsin. Gözübağlı yaşamaq, pul qazanmaq olmaz, bunu bilirdi Atamoğlan. Belə getsə ayaq altda qalacaqdı müsəlmanlar, bu yaxın idi, bunu apaydın görürdü.

Qursaxanım nan kiçik oğlunun kəbin məsələsi onun da ürəyində yara kimi idi, amma dədə-babadan belə qayda vardı. Amma indi dünya dəyişmişdi.

Cavanlıqda erməni ustaların müsəlmanlara lağ elədiyi yadında idi. Xala, əmi qızına evlənməyə lağ elərdilər və düz də elərdilər. Nə çox dünyada qız! Qəhətliyi yoxdu. O vaxt Yaxşıxanım bu təklifi eləndə onun xoşuna gəlmədi.

Amma bir şey onuncun əsas idi: onun min zəhmətnən qurduğu neft işi bir əldə olmalıdı. O öləndən sonra onun mirasını bölsələr hər şey dağılıb gedər. Bölünüb dağılan tifaqları çox görmüşdü, o bilirdi ki, işin artmağı üçün bir böyük olmalıdı, hərənin ağzından bir avaz gələndə günlər boş söhbətlər nən keçir.

Onun fikrinə görə Abtalıb onun işini qoruyan tək bircə adam olmalı idi, bütün tayfaya rəhbər olmalı idi. O özü belə adam ola bilmədi, çünki savadsız idi, adam arasında danışa bilmirdi, sözü yadından çıxırdı. Amma Abtalıb rusca bülbül kimi ötürdü.

Kiçik oğlu onun eləyə bilmədiklərin hamısını eləyəsi idi, onun kamını alası idi, əsil xozeyin olası idi. Amma allah onun umudlarını dağıtdı: Əbdülrəsulu apardı. O sağ olanda Atamoğlan Bakıda ev tikdirmək, Abtalıb üçün ora gəlin gətirmək arzusunda idi. Əbdülrəsul oxumaq istəmədi, bir az da hövzəki iydi.

Onun ölümü nən onun umudları alt-üzr oldu. O qocalmışdı, yaşı əllini keçmişdi, Abtalıbı şəhərə göçürsə idi, yurdu boş qalardı. Həsənrza nan Hüdaxanım hələ balaca idilər, o özü isə yorulmuşdu. Bakıda təzə ev tikdirsəydi, Səhmannıdaki ikimərtəbə boş, sahibsiz qalardı, necə ki, Əbdülrəsuldan sonra qaldı. Ocağın bütövlüyünə görə Atamoğlan şəhərdə ev tikmək fikrindən daşındı və ürəyini Abtalıba bağladı. Onun həyatda əli çatmayan hər şeyi kiçik oğlu qazanmalı idi.

Qursaxanım nan kəbin Abtalıbı həyətə bağlardı və onun ocağı bütöv qalardı. Bu bütövlük onun ən böyük istəyi idi. Düzdü, bəd ağızlar danışacaqdı. Amma həyat təzə-təzə xəbərlər gətirir. Bir ay, beş ay danışıb yaddan çıxaracaqdılar. Bəlkə də Atamoğlan belə bəhanələr nən çıxış yolu axtarırdi, nəyəcə bəraət qazandırırdı.

Amma o da kor dalana dirənmişdi, özünü məcbur edirdi. Min əzab nan adam arasına çıxmışdı, iş qurmuşdu, bunlar onun nəslini ağ günə çıxarlamı idi.

Atamoğlan dünyanın kasıblığdan və əzablndan keçmıdi, mal-dövləti, yaratdığı şeylərin taleyi onun üçün birinci sırada idi. Bunu hər şeydən vacib sayırdı. Amma içində yaranan vəziyyətdən ağrıyırdı, heç kimimin üzünə baxa bilmirdi. Qacıb getmişdi rus matişgəsinin yatağında gizlənmək istirdi.

Amma həyat hər şeyi yoluna qoydu. Dünyanın, gedişatın özü bizim ağlımızdan min qat çoxüzlüdü və biz yaşadıqcca bu üzləri tanırıq, amma hamısını yox.

Yaxşıxanımın qırxından sonra Atamoğlan həyətdə az göründü. Sonra gecələr də evdə qalmadı. Abtalıb eşitdi ki, atası Sabunçuda ev tutub, bir rus qadını nan yaşayır. Hardasa atasınıı başa düşdü. Yəqin o da gəlinin üzünə baxa bilmirdi, oğlunun cavan ölümünə görə xəcalət çəkirdi, hərcənd ki, bu, allahın işi idi.

Qursaxanım nan onu üç yetimin üstündə tək qoymuşdu. Bu da bir işarəyə oxşurdu. Atasının onda əlli dörd yaşı vardı. Abtalıb özü də evdə az olurdu: hər gün Səhmanıya yanından keçən ququşqa(2) nan şəhərə, Sənaye məktəbinə dərsə gedir, bur də axşam üstü qayıdırdı.

Qursxanımın mehribannığı, qayğıkeşliyi onun içində xəcalət doğururdi. Anası kaş bu vəsiyyəti dilinə gətirməyəydi. Atası evdə qalsaydı, Abtalıb da Bakıda ev tutub orda qalardı. Ətraf kəndlərdən gələn tələbələrin çoxu belə elirdi. Amma Səhmannı başqa idi, ququşqa kəndin yanından keçirdi, şəhərdən qayıtmaq hərdən bir saatdan da az çəkirdi.

Yetimlərə baxmağa Abtalıbın böyük bacısı Fatimə də kömək elirdi. Fatiməni bir necə qapı aralı qonşuya, Xanməmməd kişinin nəvəsinə vermişdilər. İki balaca oğlu vardı Fatimənin, amma onları da yanına salıb hər gün ata həyətinə gəlib yetimlərə baş çəkirdi.

Atamoğlanın o biri qızları Səkinə və Xanımana uzaq idilər, elə getdikləri vaxtdan ata evindən ayaqları kəsilmişdi. Yaxşıxanım da bir az ağır idi, qızlarının evinə çox az hallarda gedərdi, bunun üçün hələ ərindən icazə almalı idi. Amma başı elə qarışıq olurdu ki, bu icazəni də almağa macal olmurdu.

Əbdülrəsulun ili çıxandan sonra Atamoğlan qızı Fatiməni Xiləyə yolladı ki, Qursaxanımın ata-anası ilə danışsın Yaxşıxanımın vəsiyyəti haqqında. Xiləyə gəlib quda nan söhbəti açanda Fatimə hiss elədi ki, Qursaxanımın anası nəsə eşidib bu barədə. Amma Məsumə daş atıb başını tutdu və dedi ki, heç vaxt qızına bu barədə söz deyə bilməz.

–İbadəli də bu işə qarışan halda deyil, öz gününə ölur. Gəlin sizindi, nə bilirsiz eləyin. Dünya malı dünyada qalacaq... Biz uşağımızdan bezməmişik... Atamoğlanın var-halında da gözümüz yoxdur..

Axırıncı kəlmələrin mənasını Fatimə başa düşdü: istirsiz qızı qaytarın. Amma gəlinin anası bu söhbətlərin miras məsələləri ilə bağlı olmağına işarə elirdi. Məsumənin belə əsəbi danışacağını heç ağlına da gətirmirdi. Qayıdıb söhbəti olduğu kimi atasına danışdı. Atamoğlan dedi:

–Allah kərimdi, İbadəlisiz də keçinərik, – qudaların belə davranmağı Atamoğlana bir az toxundu.

O belə cavab gözləmirdi. O vaxtlar ailələrdə belə nigahlar bir adilik idi. Amma dünya malı belə şeydi: o olan yerdə hər şey qəlizləşir, adamların nə pis sifəti var, üzə çıxır. Sayırdı ki, oğul itirdiyinə görə qudalar ona həyan olmalı idilər. Amma başqa şey alındı. Atamoğlan bir az fikirləşib Fatiməyə dedi:

–Abtalıba deginən ki, gələn cümə kəbin kəsdirəcəyik. Qursaxanıma da de...

–Dədə, qardaşıma bir təhər derəm, amma Qursaxanımdan utanıram...Qoy alayı adam desin...

–İt balası it! – Atamoğlan qəzəbləndi, elə bil ölüb dirilirdi.

Onun da vəziyyəti çətin idi, çox çətin idi. Hərdən düşünürdü ki, axı allahın qabağında nə günah eləyib ki, belə şeylər yazılıb alnına? Heç kimlə bu barədə danışa bilmirdi, ağır iydi onun çün. Kimə ağız açaydı? Belə yaxın bildiyi adam yox idi.

Həyətdən çıxıb faytonuna mindi və Sabunçuya yollandı. Çox baş sındırıb qərar verdi. Cümə axşamı məsciddə heç kəsin tanımadığı bir molla tapıb Abtalıb nan Qursaxanım üçün qiyabi kəbin yazdırdı, kağızı alıb mollanln haqqını verdi və rahat nəfəs aldı.

Cümə günü səhər Səhmannıya gəlib Fatimə qızını çağıtdırdı. Kəbin kağızını ona verib dedi:

–Bu kəbin dayı allahın əmridi. Ver Abtalıba qoy versin Qursaxanıma... Savadı var, qoy oxusun...

Atamoğlan kəbin kağızını qıza verib evdən çıxdı, elə bil həyətinə gəlmiş bədbəxtliyin növbəti hadisəsindən kənarda olmaq istədi, öz faytonuna oturub Sabunçuya getdi, məsələni həll elədiyinə görə içində rahatlıq hiss elədi.

Amma xəbəri yox idi ki, kəbin söhbətini bacısı ona deyən gündən Abtalıb şəhərdə kirayə yaşayan bir dostunun evində qalır və Səhmannıya gəlmir. Fəlakət ocağını dağıtmışdı.

Atası gedəndən sonra Fatimə ikinci mərtəbəyə qalxıb Qursaxanımın yataq otağının qapısını bağlı gördü. Dər-divardan urus əlifinin iyi hələ gəlirdi. Qapını açanda Qursaxanımı başı ləçəksiz, saçları dağınınq yükə söykənib oturmuş gördü. Rəngi ağappaq idi. Bir həftə qabaq anası Xilədən gəlib vəziyyəti Qursaxanıma demişdi. Fatimə gördüyündən diksindi:

-Noolub sənə, qaranlıqda niyə oturubsan? –soruşdu gəlindən, yataq otağının qapısı kimi hündür pəncərəsinin taxta qapıları bağlı idi.

Qursaxanım elə bil onu eşitmədi. Fatimə sualını bir də təkrar elədi, ev başına fırlandı, ixtiyarsız xəlçənin üstünə çöküb oturdu. Qursaxanım kəbini allah əmri anayası halda deyildi. Bilmədi gəlinə daha nə desin. Büldümə kimi oturub nə eşidir, na dinirdi. Bir hovur sonra ayağa qalxdı, gördu ki, kəbin kağızı hələ əlindədi. Durduğu yerdə ixtiyarsız gözləri yaşardı.

Amma Qursaxanımın baxışında kin vardı, Fatimə bunu görürdü. Gəlin deyəsən onların evinə nifrət eləməyə başlamışdı. O, ağlamağına toxdaq verib əlindəki kəbin kağızını əzib ovcunda sıxdı. Qardaşı Əbdülrəsul açıq abı bəylik kostyumunda, ağ köynəkdə, başında xurmeyi opapaq gəlib durdu gözünün qabağında.

Köhnə Bakı
Köhnə Bakı

–Atam Abtalıb nan sənə kəbin kəsdirib...– Fatimə bunu dedi, ağlaya-ağalaya yataq otağından şüşəbəndə çıxdı, ikinci mərtəbədən aşağı düşdü. Evin qabağına çıxıb əzik kəbin kağızını quyuya atdı, bir az rahat oldu, elə bildi ki, kəbin yox oldu.

Yetimlər ac idilər, hələ evdə baş verənləri annamırdılar. Həsənrzanın on bir, Hüdaxanımın doğuz, Əbdülmütəlimin altı yaşı vardı. Fatimə bir masqura düyümü südə töküb solyarka maşinkasına qoydu. Həsənrza bacısının ağladığını başa düşdü:

–Nöş ağlırsın? – soruşdu, Fatimə başını buladı, amma heç nə demədi.

Həmin cümə günü Abtalıb Cənaye məktəbində dərsdə idi, ürəyindən qara qanlar axırdı. Bir tərəfdən atasına ağ olmuşdu, o biri tərəfdən azyaşlı yetimləri qoyub Bakıda, Erməni kəndində qalırdı. O, atasının daş karxanasında birinci ustası olmuş erməni Aslanın nəvəsi nən bir otaqda qalırdı.

Atamoğlan Səhmannı ermənilərini özünə yaxın və dayaq bilirdi, onlardan sənət və pul qazanmaq öyrənmişdi. Bakıda dörd illik Sənaye məktəbinin açılmağın da ilk dəfə Atamoğlan ermənilərdən eşitmişdi, özü savadsız idi, Yasini əzbər bilsə də, qəzet oxumurdu.

Bakının Ququşqa vağzalını tikəndə Blaxana yolunun bitdiyi yeri seçdilər. Buranın qərb qərəfi Quba meydanı, gilavar tərəfi Cuhud məhəlləsi, günçıxanı isə Qara şəhər yolu idi.

Sənaye Məktəbi qırmızı kərpicdən tikilmişdi, ikimərtəbəli bana idi. Bu bina Ququşqa vağzalını gilavar təərəfində, Biləcəri örüşündən dənizin qırağınacan gələn dikdirin lap qurtardığı yerdə idi. Dikdir Balaxanı yoluna dirənib bitirdi.

Bakının Ququşqa vağzalını tikəndə Blaxana yolunun bitdiyi yeri seçdilər. Buranın qərb qərəfi Quba meydanı, gilavar tərəfi Cuhud məhəlləsi, günçıxanı isə Qara şəhər yolu idi.

Biləcəri örüşündən dənizə enən yolun günçıxan tərəfi Dərnəgülə cən erməni kəndi idi və onların öz qəbristanı nan bitirdi. Ermənilər bura Yuxarı Qarabağdan və Şamaxı ətrafından tikintilərdə işləməyə gəlmişdilər. Abşeronda daş çıxaran və divar tikən əsas olar idi.

–Bacı, bəlkə ürəyin bir şey istir? –Mən Əbdülrəsulu istirəm .

Kəbin söhbətindən sonra Qursaxanım day aşağı evə düşmədi.

Fatimə hər gün ona yemək qoyurdu. Amma axşam təzə yemək gətirəndə görürdü ki, hamısı olduğu kimi qalıb. Qursaxanım da elə bil yükə söykəndiyi yerdən tərpənmirdi.

Deyəsən, danışmağa heyi yox idi. Nəzərləri toqquşanda Fatimə gördü ki, Qursaxanımın gözlərinin içi şüşə kimi təmiz və şəffaf olub, bu şəffaflığda baldızı bir sağlamlıq və qüvvə gördü. Hər dəfə otaqdan çıxanda Qursaxanmdan soruşurdu:

–Bacı, bəlkə ürəyin bir şey istir?

–Mən Əbdülrəsulu istirəm ...– Qursaxanımın səsində bir uşaq yalvarışı və ümidi vardı, amma sağlam düşüncə deyəsən, yox idi.

Fatimə bu sözlərdən sonra otaqdan çıxır, ikinci mərtəbənin eyvanından Ağa qayası tərəfə, boş çöllüyə baxıb ağlıyırdı, toxdayandan sonra aşağı yetimlərin yanına düşürdü. Gözünün yaşını yaxşı-yaxşı silir, quyudan su çəkib üzünə vurudu. Yetimlər onun ağlamağının səbəbini soruşurdular. Amma bu sualları eşitmək istəmirdi Fatimə. O da atası və qardaşı kimi hər şeyi unutmaq, baş götürüb harasa qaçmaq istirdi.

İllüstrasiya
İllüstrasiya

O iki ev arasında qalmışdı, dərdini deməyə adam da yox idi. Nə atası, nə də qardaşı həyətə gəlirdilər. Atası günaşırı həyətə gəlib dolanır, kontora girib prikeşşik nən nəsə danışır və təzədən faytona minib Sabunçiya gedirdi.

Atı qovmayanda bu yol bir saatlıq idi. Kişi gözlərini yumub fikrə gedirdi, bir yol axtarırdı. Atasını tapa bilməyən Fatimə evdə əri Gülüdən xahiş elədi ki, Xiləyə faytonçunun biri ilə xəbər yollasın. Ya lap özü gedib Qurdsaxanımın atasına xəbər eləsin ki, gəlin heç nə yemir, qoy gəlib o nan danışsınlar, başına ağıl qoysunlar.

Gülü arvadının dediyini elədi. Amma Qursaxanımın ata-nası beş gündən sonra gəldilər. Anası Fatiməyə dil-ağız elədi ki, onların ev işlərnə qarışmaq istəmirlər. Gələn kimi də Mütəlliblə görüşüb uşağa şirni verdilər, sonra ikinci mərtəbəyə qalxdılar.

İbadəli qızının halını görəndə rəngi ağardı: onun sümükləri qalmışdı. Onları görəndə yerindən qımıldanmadı. İbadəli annadı: qızın işi bitib. Məsumə yanaçıb qızını öpdü. İbadəli isə gözü yaşlı otaqdan çıxdı, faytonçunu həkim dalınca göndəri, fikirləşdi ki, çıxmayan cana güman çox di.

Otaqda ağır bir qoxu vardı, Qursaxanım necə həftə iydi çimmirdi. Fatimə sükutu pozmaq üçün Qursaxanımdan şikayətini dilə gətirdi:

–Bacı dilinə heç nə vurmur, siz deyin, heç olmasa Mütəllibə görə yesin...

–Qurban olun sənə, evimizi yıxarsan,– Məsumə ehtiyat nan qızına müraciət elədi, – sənin körpə balan var... Allahın əmrindən çıxmaq olmaz, günah dı, başuva dönüm... Biz...

–Allah yoxdu, allah yoxdu... – Fatimə nən anası bu ağlagəlməz sözlərdən diksindilər...

–Əstəğfürüllah de, ay qız, sən nə danışırsan, ağlın çaşıb sənin...– Anası Qursaxanıma çımxırdı.

–Rəsul nöş öldü? Nöş oldürdü Rəsulu? Mən belə allahı istəmirəm...– Qursaxanım nazik sümüyə dönmüş barmaqlarını sinəsinə qoymuşdu, göyə baxırdı və kəşf eləmiş adam kimi sakit bir inam nan danışırdı, deyəsən bu sözləri anasına yox allaha deyirdi...

İbadəli nən arvadı görüb eşitdiklərindən sarsıldılar. Qursaxanımın ağlı deyəsən çaşmışdı, heç canı da qalmamışdı. Həkimi gözlədilər, iki saat sonra həkim gəldi, amma xəstə o nan danışmadı. Gedəndə həkim İbadəliyə dedi:

–İbadəli, dərmannıq iş qalmayıb, allahlıq qalıb.

İbadəli istədi qızının allah haqqında dediklərini həkimə danışsın, amma cürəti çatmadı, həkimin pulunu verib yola saldı, heç kimlə kəlmə kəsmədən gözünün yaşını tökən Məsumə nən Xiləyə qayıtdı.

Üç gün sonra səhər balaca duman vardı. Duman cəkiləndə gün xeyli dikəlmişdi. Fatimə balaca podnosda Qursaxanıma yemək aparanda gəlini birinci dəfə yer-döşəkdə uzanmış gördü. Qırmızı gəlinnik yorğanı ayaqlarının üstündə idi. Gözləri bir az aralı iydi, bir nöqtəyə baxırdı. Qız şəkləndi, yaxınlaşıb barmaqlarını gəlinin alnına qoyanda diksindi: gəlin bumbuz idi, barmaqlarında soyuq tər hiss elədi. Qursaxanım yuxuda ölmüşdü.

Aşağı düşüb evlərinə qaçdı, əri Gülüdən başqa gümanı gələn adam yox idi. Qursaxanımın qara xəbəri Səhmannıya yayıldı. Həmin gün qaş qaralanda onu Əbdülrəsulun yanında basdırdılar. Qəbristan Ramana gölünün günçıxanındakı dikdirdə, Qaladan bir az yuxarıda idi. Novruzdan iki üç həftə keçmişdi.

Dəfndə Abtalıb yaxındaki Ramana gölünə, gölün dövrəsindəki qamışlığa baxırdı. Qamışların başındakı pişpişilər küləkdən yırğalanırdı. Uşaqlıqdakı qamış qarğılarından tütək düzəldərdilər. Yadına Füzulinin sızıldayan ney haqqında şeri düşdü.

O ayırd eləmək istirdi ki, Qursaxanımın ölümündə günahi var, yoxsa yox. Amma fikirləşə bilmirdi, ağlına heç nə gəlmirdi. Molla fatihə çağırdı, Abtalıb da qəbrin başında durmuş atasına baxdı, duanı oxumağa başladı.

Atamoğlanın sifəti qapqara idi. Həmin gündən sonra ata nan oğul kəbin söhbətinə heç vaxt qayıtmadı. Qursaxanımın əksinə, hər ikisi allahdan razı idilər, ölüm onların şərəfini qorumuşdu.

Qəbristandan qayıdandə Abtalıb içində rahatıq, bir az da sevincə yaxın bir hiss vardı. ELə bil Qursaxanımın ölümünə sevinirdi. Amma bilirdi ki, düz eləmir.

Onun sevinməyə nə haqqı, nə də əsası vardı, nə də yaxşı əxlaqa uyğun deyildi bu sevinc. Get-gedə isə görürdü ki, içində bu sevinc var, gerçək var. Amma bunu nə qədər istəməsə də bu sevinci yox eləyə bilmirdi içindən. Birinci dəfə düşündü ki, o deyəsən yaxşı adam deyil. Qorxağın biridi. Qardaşı arvadının ölümünə sevinirdi.

Bəlkə qardaşı arvadının yox, öz arvadının? Axı olar uçun şəriət kəbni kəsilmişdi. Ölən həm də onun öz arvadı idi, kəbini allah əmri sayanda belə idi.

Amma çox şükür ki, heç kim bu kəbni görməmişdi, ən əsası da o idi ki, Abtalıbın allah qabağında üzü ağ idi. Onun Qursaxanıma heş əli də dəyməmişdi. Atası bunu bilmirdi, çünki edvə qalmırdı, amma Fatimə şahid idi ki, kəbin kəsilən o qara cümə günündən sonra onun heç həyətə ayağı dəyməmişdi.

Amma Səhmannıda hamı danışırdı ki, Abtalıb Quraxanımın əlindən tutanda o diksinib, qoxub və bu qorxu qırx gün çəkib.

Fevral, 2016

1 - Qolcaxanımın (Gülcə) dialekt variantı.

2 - Buxar mühərriki nən işləyən dəmir yol sərnişin nəqliyyatı. 1880-cı ildən Bakı-Sabunçu-Suraxana arasında işləməyə başlayıb. Sonra Tiflisə də ququşqa yolu çəkilib. 1926-cı ildən elektriklə işləyən dəmir yol lokomotivləri çıxıb və buları əvəz edub.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG