Keçid linkləri

2024, 15 Sentyabr, bazar, Bakı vaxtı 14:52

Erdoğan-a qarşı dövlət çevrilişi olacaqmı?


Prezident R.T.Erdoğan və Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akar.
Prezident R.T.Erdoğan və Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akar.

-

Brüsselə görə matəm saxlayırıq, Ankaraya görə yox; Kürdləri necə idarə etməli – 25 mart Qərb mediasının icmalı.

«Türkiyədə durum pisdir və daha da pisləşir. Səbəb təkcə törədilən terror hücumları, bu sarıdan təhlükəsizlik əndişəsinin artması deyil. Dövlət borcu sabit qala bilər, ancaq özəl sektorun borcu nəzarətdən çıxır, turizm sektoru çökür, milli valyutanın zəifləməsi hər bir vətəndaşın alıcılıq qabiliyyətinə təsirini göstərir». «Newsweek» dərgisində Michael Rubin yazır ki, geniş mənada prezident Recep Tayyip Erdoğan nəzarəti itirməkdədir. Opponentlərini həbsə atdırır, qəzetlərə basqın edir, sultanlara, xəlifələrə layiq kimi saraylar tikdirir. Bu yaxınlarda isə Konstitusiya Məhkəməsini buraxmaqla hədələyib.

Ölkədə korrupsiya tüğyan edir. Hətta hakim partiya üzvləri prezidentin paranoyyası barədə pıçıldaşmağa başlayıblar. Türkiyə ordusu getdikcə daha artıq anlayır ki, Erdoğan ölkəni müharibəyə sürükləyir. Kürdlərlə əvvəlcə danışıqları bərpa edir, daha sonra münaqişəni körükləyir... Erdoğan uzun müddət ordunu diz çökdürməyə çalışıb. İndi ordu Erdoğan-ı devirsə və yaxın ətrafını həbsə atdırsa, bu uğuru əldə saxlaya bilərmi?

Müəllifin fikrincə, cavab «hə»dir. Seçki mövsümü yaşayan Obama administrasiyası çevriliş liderlərini, çətin ki, cəzalandırsın. Özəlliklə də, əgər onlar dərhal demokratiyanın bərpası cığırında yol alacaqlarsa.

«Erdoğan Misir prezidenti Mohammed Morsi kimi rəğbət doğurmayacaq. Morsi devriləndə, hələ də demokratik öhdəlikləri necə yerinə yetirməsi müzakirə olunurdu. Türkiyə lideri barədəsə bunu demək olmaz. Nə respublikaçı, nə də demokrat namizədlər ABŞ-ın nüfuzunun zərbə altında qoyulmasının, status-kvonun bərpasını istəməzlər. Onlar çevrilişə qarşı boş bəyanatlar verər, ancaq yeni rejimlə işləyərlər».

Müəllif yazır ki, çevriliş liderləri həbsdəki jurnalistləri, akademikləri azadlığa buraxmaqla, bağlanmış qəzetləri, televiziya stansiyalarını açmaqla Avropa və Amerikadan insan haqları fəallarının tənqidlərinin də üstünə su səpə bilərlər. Türkiyənin NATO üzvlüyü əngəl yarada bilməz: Türkiyə və Yunanıstan öncəki çevrilişlərdən sonra NATO üzvlüyünü itirmədilər. Yeni rəhbərlik kürdlərlə səmimi işləsə, onlar da yola gələrlər.

«Erdoğan dostlarının onun tərəfini tutacağına ümid bəsləyə bilər, ancaq dostlarından çoxunu onun gücü cəlb edir. Saraydan çıxarılınca, İraqın keçmiş lideri Saddam Hussein kimi tənha qalacaq... Proqnoz vermirəm, ancaq Türkiyədə artan narazılığı, ordunun bundan artığına dözməyəcəyini nəzərə alanda, heç kəs Türkiyənin təlatümlü siyasəti daha da çalxalanarsa, təəccüblənməsin».

Ankarada terror.
Ankarada terror.

BRÜSSELƏ GÖRƏ MATƏM SAXLAYIRIQ, ANKARAYA GÖRƏ YOX. NİYƏ?

Yenə «Newsweek»də Carl Miller Brüsseldə, azı, 31 nəfərin həyatına son qoymuş terror hücumlarının rəqəmsal dünyada törətdiyi əks-sədadan yazır.

Təkcə «Twitter» sosial şəbəkəsində bu hücumlarla bağlı 10 milyon tvit yazılıb. Çoxunda kədər, həmrəylik ifadə olunur, başsağlığı verilir. Kiçik bir hissə terrorçuları deyil, İslam dinini ittiham edir. Bu arqumentə qarşı çıxanlar isə #StopIslam həştəqi ilə mübarizə aparırlar.

Müəllif təkcə sosial mediada deyil, elə ənənəvi xəbər platformalarında da Paris və Brüssel hücumlarının Bağdad, Ankara, yaxud Nigeriyada baş verənlərdən daha artıq pisləndiyini, daha çox emosional reaksiya doğurduğunu yazır. Niyə? Səbəb nədir? Öz laqeydliyimiz? Gizli, sistematik irqçilik? Ancaq bütün bunların terrorçuların əlinə oynaması barədə də fikirlər var.

Müəllif yazır ki, əslində hamımız hər şeydən öncə öz ailələrimizin başına gələnlərə diqqət ayırırıq, sonra ətrafa keçirik. Yaxud Böyük Britaniyada Əmək və Pensiya Departamenti britaniyalılara 175 milyard funt-sterlinq, Səhiyyə Departamenti isə 117 milyard funt-sterlinq xərcləyir. Xaricdə ehtiyac olanlara yardım edən Beynəlxalq İnkişaf Fondunun büdcəsi isə 10 milyard funt-sterlinqdən azdır.

«Brüssel hücumları kimi faciələrdən sonra sosial media ictimai müzakirədən ötrü vacib məkana çevrilir – kimdir günahkar, nə dəyişməlidir, bunun bir də təkrarlanmamasını necə önləyək – bütün bunlar götür-qoy edilməlidir. Mənfilikləri də mövcuddur, bəzi qruplar bölücülük, islamofobiya yayır. Bax, bundan qorunmalıyıq. Onlayn antimüsəlman ovqatı küçələrə çıxarsa, bu, həqiqətən də İŞİD qruplaşmasının və cəmiyyəti parçalamağa çalışan digərlərinin əlinə oynayar».

Suriyada kürd döyüşçülər.
Suriyada kürd döyüşçülər.

KÜRDLƏR: ÇOXLUĞU NECƏ İDARƏ ETMƏLİ

«The Economist» yazır ki, kürdlər regiondakı qarışıqlıqdan faydalansalar da, parçalanmış durumdadırlar. İraq və Suriyada «peşmərgə» adıyla tanınan kürd qüvvələr Qərbin «İslam Dövləti» (İŞİD) silahlı qruplaşmasına qarşı mübarizəsində etibarlı müttəfiqidirlər. İŞİD-in yaratdığı xaos sayəsində kürdlər bu ölkələrdə müstəqillik əldə etməyə həmişəkindən çox yaxınlaşıblar. Amma regionda vahid Kürdüstan dövləti də üfüqdə görünmür. Ötən ay İraqın muxtar Kürdüstan vilayətinin prezidenti Masoud Barzani ilin sonunadək müstəqillik referendumu keçirməyə çağırıb. Ancaq məsələn, Suriyada kürdlərin martın 17-də Rojava adlı federativ regionlarını elan etmələri dəstəklənmədi, buna ölkənin bütövlüyü çərçivəsində baxıldı. Baxmayaraq ki, sülh danışıqlarından kənarda qalan kürd liderləri Rojavanın federallaşmış Suriyadan ötrü bir model ola biləcəyini deyirlər.

Yazıda Suriya kürdlərinin müstəqillik yolunda İraqdakı həmkarlarından bir addım geridə qaldığı qeyd olunur. Ancaq bu, hər iki ölkədəki dominant kürd partiyalarının rəqabəti yanında toya getməlidir. Barzani-nin rəhbərlik etdiyi Kürdüstan Demokratik Partiyası (KDP) Suriyadakı Demokratik Birlik Partiyasını (PYD) kürd millətçiliyinə tam sadiq olmamaqda ittiham edir. PYD-nin Türkiyədə mənzillənən Kürd Fəhlə Partiyası (PKK) ilə sıx əlaqələri var. PKK lideri Abdullah Ocalan isə kürdlərin mövcud sərhədlər daxilində tam müstəqillik deyil, konfederasiyası tərəfdarıdır.

PYD və PKK kapitalizmə qarşıdır, KDP isə, azı, nəzəri baxımdan bunu qəbul edir. Üstəlik, KDP Türkiyə ilə əməkdaşlıq edir. Türkiyə liderləri də KDP-yə PKK-ya alternativ kimi baxırlar, PKK-nı Türkiyədəki hücumlara görə ittiham edirlər.

«İraq və Suriya kürdləri mübahisəli ərazilərdə, məsələn, İraqın neftlə zəngin Kərkük regionunda möhkəmlənirlər. Amma xarici dairələr İraq və Suriyanın parçalanmasına meylli deyillər. ABŞ Suriyada kürd muxtariyyəti - Rojavanı qəbul etmədi. Kürdlər yerlərdə qələbə qazana bilərlər: öz aralarında sülhə bu tezliklə nail olmaları isə çətin məsələdir».

XS
SM
MD
LG