-
Quba-Xınalıq yolunun üstündəki qayalarda uçqun baş verib. Uçqun nəticəsində bir neçə avtomobilə ziyan dəyib.
«Report»un xəbərinə görə, hadisə Quba-Xınalıq yolunun 36-cı kilometrliyində qeydə alınıb. Düşən qaya parçası böyük olduğundan, əraziyə gələn xüsusi texnika onu yoldan kənarlaşdıra bilməyib.
Quba 6 saylı Yol İstismar İdarəsinin baş mühəndis əvəzi Xanlar Qeybullayev bildirib ki, yolların mütəmadi təmizlənməsi işi davam etdirilsə də, uçqun təhlükəsi hələ də qalmaqdadır.
Üstəlik, ötən gün 40 santimetrə qədər qarın yağması kəndə gedən turistlər üçün problem yaradıb. Hazırda Quba-Xınalıq yolunun bəzi hissələrində hələ də buz örtüyü və qaya parçaları müşahidə edilir.