Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:12

Dünya Ticarət Təşkilatına üzvlüyə nə mane olub?


Əfv sərəncamının icrası - 2014
Əfv sərəncamının icrası - 2014

-

Prezidentin əfv fərmanları, dünya ticarət təşkilatı ilə danışıqlar və sosial-iqtisadi vəziyyət medianın aparıcı mövzusudur.

29 ƏFV FƏRMANI...

«Azərbaycan» qəzeti prezident İlham Əliyevin hakimiyyətə gəldiyi dövrdən indiyə kimi verdiyi əfv fərmanlarından bəhs edir. Qəzetdə yazılıb ki, bu 13 ildə 29 əfv fərmanı verilib. Həmin fərmanlarla 6 min 472 nəfər məhbus azadlığa çıxıb: «Prezident İlham Əliyevin bu əfv sərəncamı Novruz bayramı ərəfəsində qohum-əqrəbası həbsdə olan bir çox ailəyə sonsuz sevinc bəxş etdi. Müxtəlif səbəblərdən həbs olunan və artıq cəzalarının müəyyən hissəsini çəkən, islah olunma istiqamətində müsbət nəticə əldə edən insanlar azad cəmiyyətə qovuşdular. Şübhə yoxdur ki, onlar ictimai həyatda öz yerlərini tutacaqlar. Bu şansın verilməsi dövlətimizin humanizm siyasətinin mahiyyətindən və məzmunundan doğur».

19 İLLİK DANIŞIQLAR...

«Azadlıq» qəzetində «Bəs deyirdiniz Dünya Ticarət Təşkilatına üzvlük milli maraqlara ziddir?» adlı məqalə dərc olunub. Yazıda rəsmi Bakının bu quruma üzvlük məsələsində mövqeyi tənqid edilir.

Müəllif bildirir ki, 1997-ci ildən bəri Azərbaycan üzvlük üçün qurumla danışıqlar aparır. Ancaq «milli maraqları» bəhanə edib üzvlükdən yayınır.

Yazıda qeyd edilir ki, az qala 20 illik danışıqlardan sonra hökumətin bu «milli maraqlar» arqumentindən geri çəkilməsi birmənalı yozula bilməz: «Hökumət öz maraqlarını təmin etmək, qeyri-şəffaf fəaliyyəti davam etdirmək üçün demokratik idarəçilikdən qaçıb. Amma neftin qiymətinin kəskin enməsi, valyuta ehtiyatlarının azalması, ölkənin ağır böhranla üz-üzə qalması hökuməti belə addımlar atmağa məcbur edib».

Məqalədə yada salınır ki, 160 ölkə Dünya Ticarət Təşkilatının üzvüdür: «Sadəcə olaraq hökumət inhisarı, korrupsiyanı davam etdirmək, azad sahibkarlığı boğmaq üçün həmişə ondan kənar gəzib».

Dünya Ticarət Təşkilatı
Dünya Ticarət Təşkilatı

Məqalədə hökumətin Dünya Ticarət Təşkilatına keçən illərdəki münasibəti ölkə iqtisadiyyatına böyük zərbə kimi dəyərləndirilir: «Yəqin ki, bu qədər qeyri-ciddi hökumət heç bir xalqın payına düşməyib. Demək istəyirik ki, hökumətin uzun illərdir «dünya bizə paxıllıq edir», «milli maraqlarımız təhdid altındadır», «bizim öz yolumuz var» təbliğatı, sadəcə, demokratik islahatlardan qaçmaq üçün olub. Ancaq hökumət beynəlxalq öhdəliklərinə əməl etsəydi, bu gün Azərbaycanın adı «qara siyahı»ya düşməzdi. Dünya Ticarət Təşkilatına üzv olmaq, siyasi məhbusların bir hissəsini azadlığa buraxmaq problemi həll etmir. Ölkəni düşdüyü bataqlıqdan çıxarmaq üçün köklü islahatlara ehtiyac var».

ABŞ-AZƏRBAYCAN HƏRBİ ƏMƏKDAŞLIĞI

«Görünür, ABŞ yenidən Azərbaycanla hərbi əməkdaşlıq məsələsinə qayıdıb. Bu günlərdə Oklahoma ştatı Milli qvardiyası təmsilçilərinin Azərbaycan işgüzar səfəri belə deməyə əsas verir».

Bu cümlə «Novoye Vremya» qəzetində dərc edilən «Amerika generalları Azərbaycan aerodromları ilə tanış olurlar» adlı məqalədən götürülüb.

Məqalədə nümayəndə heyətinin hərbi-hava bazalarında olmasına diqqət çəkilir. Generalların hərbi təyyarələrin təlim uçuşlarını izlədikləri bildirilir.

Müəllif yazır ki, ABŞ Xəzər akvatoriyasında öz həyati maraqlarını qorumaq üçün qarşıdakı 6 ildə 130 milyon dollar vəsait qoymaq düşüncəsindədir: «Bu proqram «Xəzəri müdafiə təşəbbüsü» adlanır. Xəzərin ayrı-ayrı sahillərində yerləşən Azərbaycan və Qazaxıstan kimi Qərbyönlü ölkələrə fokuslanıb».

Məqalədə qeyd edilir ki, Bakının Qərblə münasibətlərinin yaxşılaşması və generallarının artan səfərləri ABŞ-ın Cənubi Qafqazda yeni planlarından xəbər verir.

Sərdar Cəlaloğlu
Sərdar Cəlaloğlu

S.CƏLALOĞLU: «MSK-NIN TƏLƏBİ KONSTİTUSİYAYA ZİDDİR»

«Siyasi partiyaların seçkilərdən kənar fəaliyyəti ilə bağlı Mərkəzi Seçki Komissiyasına (MSK) maliyyə hesabatı verməsi Konstitusiyaya ziddir».

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu MSK-nın partiyalardan illik maliyyə hesabatı istəməsini «Yeni Müsavat» qəzetinə şərh edərkən belə deyib.

S.Cəlaloğlunun fikrincə, partiyalar bu hesabatı verməsələr belə, bu hər hansı məsuliyyət yarada bilməz: «Ölkənin əsas qanunu Konstitusiyadır və əslində, Konstitusiyaya zidd olaraq «Siyasi partiyalar haqqında» qanuna məlum əlavəni ediblər. Əslində, bu qanunda siyasi partiyaların MSK-ya maliyyə hesabatı verməsini əks etdirən maddənin özü Konstitusiyaya zidd olduğu üçün hüquqi gücə malik deyil».

S.Cəlaloğlu bu tələbi ölkədə hüquqi nihilizmin nümunələrindən biri kimi dəyərləndirib. O, dövlət büdcəsindən maliyyələşməyən partiyalardan maliyyə hesabatı istənilməsini absurd hesab edib: «Dövlət yalnız özünün verdiyinin xərclənməsinə nəzarət edə bilər. Mən öz cibimdən pul xərcləyib partiya üzvləri ilə görüş təşkil edirəmsə, bunun hesabatını niyə verməliyəm?».

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG