-
İndiyə kimi 14 siyasi partiya illik maliyyə hesabatını Mərkəzi Seçki Komissiyasına təqdim edib.
APA-nın xəbərinə görə, bunu MSK sədrinin müavini Natiq Məmmədov deyib.
N.Məmmədov bildirib ki, partiyalar qanunvericiliyə uyğun olaraq aprelin 1-ə qədər illik maliyyə hesabatlarını MSK-ya təqdim etməlidirlər:
«Biz bu ildən başlayaraq hesabatlarını təqdim etməyən partiyalarla bağlı qanunvericilikdə nəzərdə tutulan addımları atacağıq. Bununla bağlı Ədliyyə Nazirliyinə müraciət edəcəyik. Ümid edirəm ki, siyasi partiyalara qarşı sanksiyalara ehtiyac qalmayacaq. MSK partiyalar üçün bu sahədə maarifləndirici xarakterli tədbirlər təşkil edir. Gələcəkdə isə beynəlxalq təşkilatlar da bu sahədə partiyaların maarifləndirilməsinə cəlb olunacaq».
Ancaq Natiq Məmmədov hesabat verməyən partiyaların adını çəkməyib.
Azərbaycanda 50-dən çox siyasi partiyanın dövlət qeydiyyatından keçdiyi bildirilir.
2014-cü ilin oktyabrında «Siyasi partiyalar haqqında» qanuna əlavə və dəyişikliklər edilib. Bundan sonra siyasi partiyaların MSK-ya hesabat verməsi qanuniləşib.