-
«Cenevrədə keçiriləcək sülh danışıqlarında prezident Bashar al-Assad-ın gələcəyi ilə bağlı heç bir danışıq ola bilməz. Assad bizim üçün qırmızı xətdir».
Bunu martın 12-də Suriyanın xarici işlər naziri Walid al-Muallem Dəməşqdə keçirdiyi mətbuat konfransında bildirib.
Mətbuat konfransı Suriyanın dövlət televiziyası ilə canlı yayımlanıb.
W.Muallem BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Mistura-ya işarə edərək bildirib ki, nə onun, nə də başqa birisinin prezident seçkisi haqqında danışmaq hüququ var.
Suriya xarici işlər naziri sülh danışıqları haqqında deyib ki, Suriya rəsmiləri müxalifət heyətinin gəlişini ancaq 24 saat gözləyəcək: «Əks təqdiqdə ölkəyə geri qayıdacaqlar».
Suriya nümayəndə heyəti martın 13-də Cenevrəyə yola düşəcək.
SURİYA BÜTÖV QALMALIDIR
Suriyanın federallaşdırılması ilə bağlı müzakirələrə toxunan W.Muallem bunları deyib: «Federal dövlət haqqındakı danışıqları rədd edirik. Suriya müstəqil, bütöv və birlik içində olan bir dövlət olmalıdır».
Bu ilin fevralında Suriya üzrə Cenevrə sülh danışıqları başlayandan az sonra dayandırılmışdı. Müxalifət Cenevrəyə hökumətin nümayəndə heyətindən 5 saat sonra gələ bilmişdi.
Martın 14-də Cenevrədə Suriya ilə bağlı növbəti sülh danışıqları başlayacaq.
Suriyada 5 ildir davam edən müharibə nəticəsində 250 mindən artıq adam həlak olub. Milyonlarla suriyalı evindən didərgin düşüb.