Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:09

Səhər Əhməd. Birazdan vaqon partlayacaq


Səhər Əhməd
Səhər Əhməd

-

"Sanki bu simadakı kədəri ölən insanların sayına bölüb öz payına düşəni tapmaq istəyirdi."

Səhər Əhməd

PREZİDENTİN ÜZÜNDƏKİ KƏDƏR

Tələbə həmin axşam platformada bu başdan o başa var-gəl edərkən hər şeydən xəbərsiz idi.

Adəti üzrə gurultuyla gələn metro qatarının ən axrıncı vaqonunun ən axırıncı qapısının qarşısında dayandı. O, gəncdi, tələbəydi, ömrünün ən gözəl yaşındaydı, “həyatla zarafatı vardı”, ona görə də həmişəki kimi önündə dayanan vaqonun bir az sonra ən salamat qalacaq axırıncı qapısından arın-arxayın içəri girdi.

Az sonra özünü cəhənnəm zəbanəsi kimi yanan qatarın içində görəndə diksindi. Qatar stansiyadan aralanan kimi, əvvəlcə bir qığılcım görünüb itdi, sonra vaqonun işıqları söndü.

Həmin axşam həmin vaqonda eyni tükürpədən səslə müxtəlif dillərdə qışqıran adamların ünü bir-birinə qarışmışdı: "Ay allah", "Boje moy", "May qaad"...

Tələbə qışqırmırdı, amma qəfildən fərq elədi ki, “Heç nə olmayacaq” - deyən kişinin qolundan bərk-bərk yapışıb.

Yalnız bir kişi “Qorxmayın, heç nə olmayacaq, qurtulacağıq” deyə durmadan təkrar edirdi. Tələbə qışqırmırdı, amma qəfildən fərq elədi ki, “Heç nə olmayacaq” - deyən kişinin qolundan bərk-bərk yapışıb.

Qapını inadla döyəcləyən adamlar get-gedə süstləşirdi. Alov dalğası sonuncu vaqona gəlib qayıdır, hər dəfəsində bir az da yaxınlaşır və içəri dolan tüstü biraz da kəsifləşirdi. Vaqonun divarları get-gedə daha möhkəm uğuldadıqca tələbə insan beyninin təhlükə anındakı sürəti və çevikliyiylə dərk edirdi ki, o nə tüstüdən boğulub, nə alovdan yanıb öləcək, birazdan vaqon partlayacaq (Sonradan öyrənəcəkdi ki, həqiqətən də, axırıncı vaqon adamlar onu tərk edəndən beş dəqiqə sonra partlayıb).

İllüstrasiya
İllüstrasiya

İçində qorxunu belə üstələmiş qəribə bir hiss vardı, bu cür ölmək ona ağır gəlirdi, yerin altında, qaranlıq dünyada tanınmaz hala düşərək... Elə həmin gün ölməyə hazırdı, bununla barışmışdı, amma orda yox, o şəkildə yox, yerin üstündə, insan kimi...

Bu arzu da reallığın qarşısında çox tab gətirə bilmədi və tələbə işindəki ən sonda olan ümidin də ondan tez öldüyünü duydu, gözlərini yumub ölümə hazırlaşırkən qapalı gözlərinə işıq düşdüyünü hiss elədi.

Gözünü açanda qarşısındakı qapı açıq idi, tuneldə divara vurulmuş lampalar yanırdı. Ölümə özünü hazırladığından bir müddət donuq-donuq açıq qapıya baxdı, heç bir həyəcan-filan olmadan özünü qeyri-ixtiyarı qatardan tunelə atdı. İnsan ən son ölən ümiddən sonra necə yaşaya bilərdi, o artıq xilas olmaq arzusuyla yox, marağın təbii axarıyla hadisələri seyr edirdi.

Bayaq “qorxmayın” deyən kişi tuneldə dayanıb çırta-çırtla yanan qatara tamaşa eləyirdi. Onun yanında ayaq saxlayıb o da bu qəribə yanğını - müxtəlif rəngli alovları seyr eləməyə başladı. Kişi acıqlandı:

- Nəyə baxırsan, tez ol, get!

- Bəs siz niyə getmirsiz?

- Mənim uşaqlarım o biri vaqondadı...

Kişi bu sözləri elə dedi ki, sanki uşaqları indicə bu gurhagurla yanan vaqondan sağ-salamat düşüb gələcəkdilər. Ondan aralanıb getdi, sonra yenə qayıtdı, kişiyə nəsə dedi, sonra relslərin üstüylə təzəcə çıxdığı stansiyaya üz tutdu. Platformada adamlar tunel tərəfə yığışmışdılar. İki əl onu qaldırıb yuxarı qoydu, üst-başını yoxladı və tələbə əlin yiyəsinin tanış olmayan, amma təlaşlı səsini eşitdi:

- Yaxşısan? Yaralanmamısan ki?

Donuq-donuq səsin və əlin yiyəsinin üzünə bir müddət baxdı, sonra sakitcə dönüb getdi.

Yerin üstündə isə hər şeydən xəbərsiz hərə öz işindəydi. Tələbə sakitcə bu faciədən xəbərsiz adamlara baxırdı. Biraz əvvəl o da həmin adamlar kimiydi, amma indi tələbəni onlardan nəsə ayırırdı. Sanki cismi indicə yerin altında yanıb kül olmuşdu, yerin üstündəki ruhuydu, sanki indicə tərk etdiyi bu dünyanın özündən sonrakı halına lal bir təəssüflə tamaşa eləyirdi.

Bu cür yarısərxoş vəziyyətdə birtəhər evə gəlib çıxdı. İçəri girib televizoru yandırdı: Ölkə başçısı metroda ölənlərin yaxınlarına və xalqa başsağlığı verirdi.

Televizorun önündə dayanıb şəxsən öz ölümündən dolayı özünə verilən başsağlığını dinləyirmiş kimi ölkə başçısının bütün üz cizgilərinə diqqətlə tamaşa elədi.

Sanki bu simadakı kədəri ölən insanların sayına bölüb öz payına düşəni tapmaq istəyirdi. Özünü, həqiqətən, ölümdən sonrakı həyatdaymış kimi hiss edirdi. Sanki o hadisə yerində ondan bir parça ölmüşdü. Ölən həyata ərkimi, zarafatımı, “cahil cəsarəti”miydi, dəqiq bilmirdi. Anlayırdı ki, həyata ərk-filan boş şeydi, o, heç kimin nazıyla oynamır, həyat film deyil, burda insanlar, həqiqətən, ölürlər.

Başsağlığının ardınca matəm musiqisi başladı. Tələbə yerinə uzanıb matəm musiqisinin sədaları altında yuxuya getdi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG