Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:49

Evi sökülənlərin haqqı olan 20 faizlər hara getdi…


İllüstrasiya
İllüstrasiya

►Mirzağa Əliyev küçəsinin keçmiş sakinləri: Yüzlərlə insan bilgisizlikdən həmin 20 faizləri hökumətə bağışlayıb getdi

“Bakı Şəhər İcra Hakimiyyəti yüzlərlə ailəni aldadıb. Evimizin kvadratına 1500 manat ödəməklə ailələri yola verib. Halbuki, evlərimiz dövlət ehtiyacı üçün alındığına görə, kvadratına görə ödənilən qiymətin 20 faizi də kompensasiya şəklində əlavə ödənməliymiş. Biz də bundan xəbər tutan kimi qurumu məhkəməyə verdik”

“BİZ HACIBALADAN HEÇ NƏ TƏLƏB EDƏ BİLMƏRİK”

Bakı Şəhər icra Hakimiyyətini məhkəməyə verənlər Bakının Nəsimi rayonu, Mirzağa Əliyev küçəsi və həmin ərazidə söküntüyə məruz qalmış digər küçələrin sakinləri olub. Mirzağa Əliyev küçəsinin sakini Həsən Hüseynov AzadlıqRadiosuna danışır ki, məhkəmə azı 100 sakinin quruma qarşı kompensasiya iddiasını təmin edib. Ancaq 1 ildir ki, qurum məhkəmə qətnaməsini icra etmir:

“Yüzlərlə insanın bilgisizliyindən istifadə edib kompensasiyalarını mənimsəyiblər. Aldadıldığını başa düşənlər vaxtında məhkəməyə müraciət edib. Məhkəmə də iddialarımızı təmin edib. Ancaq nə olsun? Bir ildir ki, qalmışıq Ədliyyə Nazirliyi ilə Bakı Şəhər İcra Hakimiyyəti arasında… Məhkəmə icraçıları açıq-aşkar deyirlər ki, “biz Hacıbaladan heç nə tələb edə bilmərik”. Hacıbala Abutalıbov (Bakı şəhər İcra Hakimiyyətinin başçısı – red.) bunlar üçün dövlətin adından çıxan qərardan daha güclüdür. Gedirik qəbuluna, bizə xəbər göndərir ki, “boş yerə bura gəlib getməsinlər”. Bu adam məhkəmə qərarı tanımır”.

20 FAİZ KOMPENSASİYA ÖDƏNMƏLİDİR

Həmin küçənin sakini olmuş Tofiq Qurbanovun sözlərinə görə, əvvəl qurumun işçiləri onlara bildiriblər ki, 20 faiz də elə kvadratı 1500 manatdan ödənilən ümumi məbləğə daxildir:

“Prezident İlham Əliyevin 2007-ci ildə verdiyi Sərəncam var. Həmin Sərəncama əsasən, yaşayış müddətini nəzərə alaraq, sökülmüş evlərin sahiblərinə 20-30 faiz arasında kompensasiya ödənilməlidir. Görün nə qədər adamın üzünə ağ yalan danışıb pullarını mənimsəyiblər. Hamını aldadıblar ki, “20 faiz kompensasiya aldığınız məbləğə daxildir”. Adamların çoxu inanıb. Halbuki, bu kompensasiya mənzilə görə ödənilmiş ümumi məbləğin 20 faizidir və ayrıca ödənilir. Adamların çoxu bunu bilmir və yüzlərlə insan 20 faizləri Bakı Şəhər İcra Hakimiyyətinə, belə deyək, bağışlayıb getdi”.

İki il əvvəl azı 100 sakin Bakı şəhər İcra Hakimiyyətinə qarşı “20 faizlik kompensasiya” iddiası ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib. İddiaçıların sayı çox olduğundan qərara alınıb ki, bu iddiaların bir qisminə Səbail rayon Məhkəməsində baxılsın. Hər iki məhkəmənin qərarı oxşar olub: Bakı Şəhər İcra Hakimiyyəti sakinlərə evlərinin sahələrinə görə ödədiyi məbləğin 20 faizi qədər əlavə haqq ödəməlidir.

QURUMA DEYİL, KONKRET ŞƏXSƏ QARŞI

Səbail rayon İcra Şöbəsindən AzadlıqRadiosuna bildirildiyinə görə, Bakı Şəhər İcra Hakimiyyətinə bir neçə dəfə xəbərdarlıq məktubu göndərilib ki, qurum qərarları icra etsin. Hətta ötən il dekabrın 25-də Səbail rayon icra şöbəsinin icra məmuru Ayaz Nuqaylı Bakı Şəhər İcra Hakimiyyətinin Bakı şəhər məktəbəqədər təhsil müəssisələri və uşaq evləri idarəsinin rəisi, eləcə də İqtisad Komissiyasının sədri Eldar Yunusovun borclu kimi cəlb olunması barədə protokol tərtib edib. Ancaq Səbail Məhkəməsi onun borclu kimi cəlb olunmasını təsdiq edəcək sənədlərin yoxluğunu səbəb gətirərək protokolu icra şöbəsinə qaytarıb.

Qısası, məsələnin daşa dirənməyinə səbəb odur ki, vaxtilə iddia gərək konkret şəxsə qarşı qaldırılaydı, quruma qarşı yox. Elə sakinlərə də belə deyilir: Bakı Şəhər İcra Hakimiyyəti bir qurumdur. Tələbi isə konkret şəxsə qarşı qaldırmaq lazım idi.

Ancaq sakinlər bunu bəhanə hesab edirlər. Məhkəmə qərarı icra olunmazsa, aksiyalara əl atacaqlarını deyirlər.

XS
SM
MD
LG