Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:35

Kadyrov gedəcək, ya qalacaq?


Vladimir Putin və Ramzan Kadyrov
Vladimir Putin və Ramzan Kadyrov

-

«Kremlin aydın bir mənzərəsi yaranan kimi, onu yenidən çalxalayan nəsə baş verir. Həftəsonu Çeçenistan prezidenti Ramzan Kadyrov bu il seçkiyə namizədliyini verməyəcəyini açıqlayıb. O, varisinin adını çəkməyib, ancaq onu da deyib ki, siyasətdən birdəfəlik gedir. Amma Rusiyanı izləyənlər bir şeyi dəqiq bilirlər ki, vəzifəsindən qoparılmayacaq iki nəfər var: Prezident Vladimir Putin və Kadyrov». Bunu «Stratfor» Araşdırmalar Mərkəzi yazır.

Təhlildə vurğulanır ki, Kadyrov Çeçenistanda bütün Rusiyada Putin kimi populyardır. Bu səbəbdən əksər müşahidəçilər, hətta rusların çoxu belə, düşünür ki, Kadyrov getsə, Çeçenistanda qarışıqlıq yaranar. Bəlkə də bu səbəbdən Kreml onun dəcəlliklərinə göz yumub: gah qonşu İnquşetiyanı işğal etməklə hədələyib, gah Qroznıda yüz minlər onu dəstək nümayişinə çıxır. Putin-ə göstərdiyi dəstək də köməyinə çatıb. Ötən il Putin 10 günlüyə «itəndə», Kadyrov həyatını Putin-ə fəda etdiyini açıqladı, Rusiya prezidentinə qarşı çıxa biləcək elitaya meydan oxumuş oldu.

«Stratfor» yazır ki, Kadyrov təkrar seçilməyəcəyini öncə də deyib. Birincisi, bu, bir blef ola bilər. Kadyrov vəzifəsini saxlamaqdan ötrü bir media həmləsi edir:

«Kadyrov-un vəzifə müddəti apreldə bitir, ancaq seçki sentyabrda olacaq. Kremlin qərar verməyə altı ayı var. Putin-in sözçüsü deyib ki, Rusiya prezidenti onun işini hələ də dəyərləndirir və istefa ərizəsi qəbul olunmayıb. Ancaq Putin Kadyrov-un qərarını qəbul etsə, altı ay keçid müddəti kimi istifadə oluna bilər. Hökumətdə əksəri Kadyrov-a bağlı bir neçə çeçen var ki, sabitlik pozulmadan prezident postuna keçə bilər…».

«Bir ehtimal da Putin-in Rusiya xalqını sakitləşdirməkdən ötrü Kadyrov-u uzaqlaşdırmaq istəməsidir. Kremlin Kadyrov-un davranışına imkan verməsi Putin-in populyarlığına təsir göstərir. 2011-2012-ci illərdə hökumətə qarşı kütləvi etirazlar «Qafqazı yedizdirməyi dayandırın!» şüarlı millətçi hərəkatdan doğmuşdu: Bu hərəkat daha sonra Kremlə qarşı nümayişlərə çevrildi, 2011-ci il parlament seçkilərinin nəticələrinə, Putin-in 2012-ci ildə üçüncü dəfə prezidentliyə namizəd olmasına etirazlar səsləndi. Payızda mühüm parlament seçkiləri gəlir. Putin dördüncü dəfə prezidentliyə namizəd ola bilər. İqtisadi problemlərlə eyni vaxtda Kreml də seçicilərdən mümkün qədər çox səs almaq istəyir».

İraqda yezidilər
İraqda yezidilər

YEZİDİ KÜRDLƏR ALMANİYADA

«The Guardian» qəzeti Almaniyada, Baden-Vürtemberqdə gizli sığınacaqlarda yaşayan, İraqdan «İslam Dövləti»ndən (İŞİD) qaçmış qadın və uşaqlardan söz açır.

Bayırdan köhnə qocalar evinə bənzəyən sığınacağın içərisi qaynayır. Yeni çantalar taxmış uşaqlar üzgüçülük dərsinə getmək üçün sıraya düzülüblər. Koridorlarda futbol və konki yarışları keçirilir, körpələrini dizüstünə almış qadınlar isə mobil telefonlarının başına yığışıblar.

Ştutqart kənarında bir kənddə onlarla belə sığınacaq var. Məqsəd İŞİD-dən qaçmış 2 min 500 qadın və uşağa kömək göstərməkdir.

«Onları İŞİD köləyə çevirib. Onlar hərbi cinayətlərin qurbanları və şahidləridir. Missiyamızı gizli və təhlükəsiz şəkildə yerinə yetiririk», - proqram rəhbəri Michael Blume deyir.

Baden-Vürtemberq Almaniyanın ən varlı regionlarından sayılır. Burada, ümumilikdə, 50 minədək kürd yezidi azlığı yaşayır. Onlar da İraqın şimalından gəliblər. Ötən il federal parlament humanitar əsaslarla 1100 rezident vizası açıb, İŞİD-dən xilas olmuş qadın və uşaqların yerləşdirilməsi üçün 95 milyon avro ayırıb.

2014-cü ilin avqustundan İŞİD silahlıları Sincar şəhərini mühasirəyə alıb, 300 minədək insan didərgin düşüb. İŞİD-in yezidi kürdlərə qarşı törətdikləri vəhşilikləri BMT mümkün genosid kimi təsvir edir. Fəallar silahlıların 6 mindən çox qadını və uşağı oğurladığını bildirir.

Sincarda ikiyaşlı oğluyla birlikdə oğurlanmış Noor Murad söyləyir ki, İŞİD onu 10 ay girov saxlayıb. Danışıqlardan sonra azad olunub, noyabrda Almaniyaya gəlib. «Beş qardaşım hələ də itkindir, onları çox düşünürəm», - deyən Murad Almaniyada intensiv fiziki və psixoloji müalicə alacaq.

Hassan Rouhani səs verir
Hassan Rouhani səs verir

İRAN SEÇKİSİ PREZİDENT ROUHANI-Nİ ÖNƏ ÇIXARIR

«The New York Times» fevralın 26-da İranda keçirilən seçkilərdən yazır. Prezident Hassan Rouhani islahatçı və mötədil tərəfdarlarının daha çox yer qazanmasından fəxrlə yazıb. «Tarix yaradan İran xalqına eşq olsun. Yerli istedadlar və qlobal imkanlara dayanaraq yeni fəsil açaq», - o, sosial mediada qeyd edib.

Məqalədə vurğulanır ki, ilkin nəticələr təsdiqlənərsə, bu, mühafizəkar İran isteblişmentinin ciddi geriləməsi sayılar. Eyni zamanda Hassan Rouhani-nin Qərblə işləmək siyasəti qüvvəyə minmiş olar:

«İran demokratiyadan uzaqdır və siyasəti də mürəkkəbdir; İranda bir çox mötədillər həm də asanlıqla sərt-xətt tərəfdarı sayıla bilər. Mühafizəkarlar təhlükəsizlik qüvvələrinə, ədliyyə sisteminə, iqtisadiyyata nəzarət edir və gələcəkdə də belə qalacaq. Nüvə sazişinə baxmayaraq, İranın Yaxın Şərqdə sabitsizlik yaratma rolu, Rusiyayla bağları və İsrailə düşmənçiliyi Birləşmiş Ştatlar və Qərb müttəfiqlərinin Tehranla normal münasibət qurmasını çətinləşdirir».

«Ancaq İran gənclərinin iqtisadi artım, daha artıq azadlıqlar və təcridə son verilməsi arzularından yararlanan Rouhani tədricən ölkə siyasətini yenidən formalaşdırır. İranın Qərbə daha konstruktiv tərəfdaş ola biləcəyi sualı isə, azından, indilik açıq qalır».

XS
SM
MD
LG