Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 11:52

Orxan Adıgözəl. Azərbaycanda insanlar kimsəsiz adaya düşmüş kimidirlər


Orxan Adıgözəl
Orxan Adıgözəl

-

"Buna görə də zəhmət çəkmək vacib yox, labüddür. Əks halda, insanı ölüm gözləyir."

Orxan Adıgözəl

Kimsəsiz adaya düşmüş yalqız azərbaycanlı

Ölkəmizdə iş yerləri azdır. Olan yerlərdə də hər kəsi işə götürmürlər.

Robinzonun prototipi
Robinzonun prototipi

Amma özlərini işə vermək istəməyənlərin çoxuna görə bu, səbəb sayılır.

Nə qədər adam tanıyıram ki, nə təhsil alır, nə də bir sənət öyrənirlər. Həvəsləri yoxdur. Yaşamağa heç həvəsləri yoxdur. Valideynlərindən də bunu görüblər, elə valideynlərinin ənənələrini davam etdirirlər.

Bir qohumumuz var, cavan oğlandır, 23 yaşı var. Maddi durumları zəifdir. Ailədə ancaq anası işləyir. Atası evi tərk edib, gedib. İşin olmayan vaxtında atam həmin oğlana iş tapmışdı. Demişdi ki, getdiyin yerə çatanda filan adama zəng edərsən ki, o səni işə yönəltsin.

Həmin oğlan da durub ona tapşırılan yer əvəzinə, başqa yerə gedib. Sonra da atama deyib: “Həmin adamla görüşdüm, soyuq danışdı, məni işə götürmədi”.

Daha sonra yalanı üzə çıxdı. Məlum oldu ki, heç həmin yerə getməyib. Əvəzinə harasa gedib, vaxt öldürüb, evə qayıdıb.

Anası atama zəng edib üzülərək dedi ki, oğlu evdə qırğın salıb, “əl çəkin, işləmək istəmirəm”. Bundan artıq adama nə kömək edəsən?! Tənbəllik!!!

İndi həmin oğlan anasının qazandığı pulla yeyib-içir, avaralanır və günün çoxunu "Whatsapp"da, tanışlıq saytlarında keçirir. Özünə deyəndə ki, bir iş tap, anan yazıqdır, ənənəvi formada cavab verir ki, “iş yoxdur”. Anası da onun bu halına göz yazı tökür. Axı ən azından ofisant və fəhlə işləyə bilər. Hətta o sahədə tanışları var.

Sabah bu adam ailə qurmaq istəyəcək. Bax, bu əsl fəlakət olar. Zəkası tanışlıq saytları, avtoşluq, razborka və sair bu kimi şeylərlə dolu olan, özünü zəhmətə verməkdən qorxan biri ailəsini necə dolandırıb, idarə edəcək?!

Həyatda heç bir zəhmət çəkmədən, şansa, uğura, bəxtə inanıb, onların ortaya çıxmasını gözləyənlər...

Həyatda heç bir zəhmət çəkmədən, şansa, uğura, bəxtə inanıb, onların ortaya çıxmasını gözləyənlər, eynən ölkəmizdə hansısa məmurdan könüllü şəkildə istefa ərizəsi verəcəyini gözləyənlər qədər sadəlövhdürlər.

Ümumiyyətlə, şans deyilən şey zəhmət hesabına meydana çıxır. Səmimi şəkildə özlərini işə verən adamların həyatı bərəkətli olur.

Kimsəsiz adaya düşən insanın alışqanı və kibriti olmadığı təqdirdə o, zərurət və ehtiyacdan ağacın xırda budağını ovucunda ora-bura sürətlə fırlatmaqla alov əldə edə bilir. Bu, müəyyən qədər uzun çəkən və zəhmət tələb edən proses olsa da, axırda həmin adam istilik, işıq və ovunu bişirmək üçün tonqal əldə edir. Əks halda, onu ölüm gözləyir.

İllüstrasiya
İllüstrasiya

Azərbaycandakı insanlar da bir növ kimsəsiz adaya düşmüş kimidirlər. Buna görə də zəhmət çəkmək vacib yox, labüddür. Əks halda, insanı ölüm gözləyir.

Buna qol qoymayanlar ilk olaraq dünyadan ruhən köçürlər. Onların gəzib-dolanmaqlarını saya salmaq lazım deyil. Zombi kimi veyillənməkdən başqa bir şey bacarmırlar. Təbii ki, ətraflarına ən iyrənc şəkildə “nümunə” olub, digərlərini də yoluxdurub, özləri kimi edirlər.

Bir qız dostum var, olduqca fərasətli insandır. Tibb kollecini bitirməsinə rəğmən bu gün turizm və marketinq sahəsində çalışır. Əlavə olaraq peşəkar rəsm kurslarına qatılır. Demək olar, əlindən gəlməyən iş yoxdur.

Etiraf edir ki, əvvəllər turizm sahəsini bəyənməsə də, özünü məcbur edib, bir çox kurs və təlimlərə qoşulub ki, nə vaxtsa yiyələndiyi bacarıq onun xilasına çevirilsin. Buna nail olub. Hətta bu gün işini sevərək, icra edir. Rəsm kursları da onun üçün ehtiyat imkandır. Sabah bu işlərini itirsə, ehtiyatdakı peşəylə özünü idarə edə biləcək.

Təhsilin aşağı səviyyəsi, maarifləndirmənin olmaması, telekanalların şou-biznes və mətbəx qoxusu, valideynlərin özlərinin dayaz tərbiyə üsulları cəmiyyəti gətirib, bu duruma salıb.

Gələcəyimiz dumanlı görünür. Amma Azərbaycan reallığında da çox şey qazanmaq və əldə etmək olar. Yetər ki, bunları ürəkdən istəyə və zəhmət çəkəsən.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG