Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 12:03

“İdeal” romanını “Terra Nostra” ilə müqayisə etmək keçir ürəyimdən


İsa Hüseynov
İsa Hüseynov

-

"Bu məqamda özümüzü balaca görmək olmaz. İsa Hüseynov ən azından estetik miqyasda Avropa və Latın Amerikası romançılarından geri qalmır."

"Birincilər İran sərbazlarının, ikincilər ermənilərin."

Ülvi Babasoy

İllüziyalar diyarı və sənətin yenidən doğuşu

Ülvi Babasoy
Ülvi Babasoy

Octavio Paza görə, “yumor” roman sənətinin kəşfidir. M.Kunderaya görə isə, Rable Avropa roman sənətinin ilkin yaradıcısıdır.

“Qarqantua və Pantaqruel” bayağı cəngavərlik macəralarına parodiyadır. Romanda dini fanatizmə kinayə də var. “Qarqantua və Pantaqruel” romanında kilsə birbaşa tənqid edilmir. Rable yumoru kəşf edir.

Rable qələmində yumor uşaqlıq və gənclik dövrünü yaşamır, birbaşa yetkinlik mərhələsinə addım atır.

François Rabelais
François Rabelais

Rablenin yumoru bayağılıq və ciddilik, cəsarət və qorxaqlıq, tanrı və tanrısızlıq, həyat və ölüm arasında incə bir yerdə dayanır.

Yumordan məhrum olanlar roman sənətindən kənarda qalırlar. Boşluqda can verirlər. Səsləri dövrümüzə gəlib çıxmır. Çünki yumor estetik hadisədir. Sənətin ən böyük kəşfidir.

Honore Daumier'in rəsmi
Honore Daumier'in rəsmi

Servantesin Lamançlı Don Kixotla birgə dünya səyahətinə çıxması Avropa ədəbiyyatında “cəngavərlik romanları” sindromuna son qoyur.

“Tanrı kainatı və dəyərlər harmoniyasını idarə etdiyi, yaxşını pisdən ayırdığı və hər şeyə bir məna verdiyi yeri yavaş-yavaş tərk edərkən Don Kixot evindən çıxdı və artıq dünya tanınmayacaq hala gəldi.

Dünya ilahi hökmün yoxluğunda birdən şübhə oyadan bir bulanıqlığın içində qaldı: vahid ilahi həqiqət insanların bölüşdüyü yüzlərlə nisbi dəyərlərə parçalandı. Beləliklə, müasir dövrün dünyası, onunla birlikdə əks olunması və modeli olan roman doğuldu”.

Füzuli
Füzuli

Azərbaycan ədəbiyyatı Avropa roman sənətinin Rable və Servanteslə keçdiyi sınaqdan keçir. Əvvəlcə Füzuli cazibəsi əsrlərcə balaca və utanmaz füzulicikləri heyran edir. Nəhayət, Mirzə Fətəli yeni estetik meyillər gətirir...

Mirzə Fətəli Axundov
Mirzə Fətəli Axundov

Sovet dövründə ədəbiyyatımız vahid yaradıcılıq metodu olan “Sosializm realizmi”nin prinsip və kanonları zindanına həbs edilir.

“Sosializm realizmi” total, senzuralı, ideoloji mahiyyətli yaradıcılıq prinsipləri əasında tələblər irəli sürür:

Ədəbiyyat həyatı realistcəsinə təsvir etməli, amma bütün bunlar inqilabi inkişaf fonunda olmalı. Ədəbiyyatda partiyalılıq, sinfi bərabərliyin mübarizə tarixi “Qəhrəman”(Əli Vəliyev), “Səhər” (Mehdi Hüseyn), “Saçlı”, “Şamo” (Süleyman Rəhimov) romanlarında tərənnüm edilir.

Bu tip romanlar Milan Kunderanın “roman sənəti” tarixindən kənarda qalırlar. Onlar özləri tərəfindən itirilmiş, dəyərsizləşdirilmiş, məhv edilmiş zamana məhkumdurlar: “Bəli, bu romanlar artıq varlığı fəth edə bilmirlər. Yaradılışla bağlı yeni olan ən kiçik qırıntı dəxi kəşf etmirlər. Sadəcə daha əvvəl deyilmiş olanları təsdiqləyirlər, bundan da betəri: yaradılma səbəbləri, zəfərləri, özlərinə aid cəmiyyətə faydaları, deyilənin (deyilməsi lazım olanın) təsdiqlənməsindən ibarətdir. Heç bir şey kəşf etmədikləri üçün mənim roman tarixi dediyim kəşflər həlqəsinin davamlılığına daxil ola bilmirlər. Onlar bu tarixin xaricində qalırlar, yaxud başqa bir deyimlə bunlar, roman tarixinin sonundan sonrakı romanlardır”.

Əli Vəliyev və Süleyman Rəhimov Azərbaycan nəsrinin istedadlı imzalarıdır. Sülyman Rəhimovun poetik istedadı bənzərsizdir. Ancaq Süleyman Rəhimov romanlarında “sovet gerçəkliklərininin” patetik təbliği və “işıqlı gələcəyin” oxucuya zorla inyeksiya edilmə çabası ilə qarşılaşırıq.

Bu dövrdə yazıçı hansı mövzu və dövrdən yazmasından asılı olmayaraq, sinfi bərabərlik və inqilabi mübarizəni təbliğ etməlidir.

Yazıçılar real olmayan, saxta sovet insanı obrazları yaratmaqda yarışırlar. Ədəbi tənqid bədii əsərlərdə qəhrəmanların inqilab mübarizəsi və qələbəsinin qısa vaxt ərzində göstərilməsini müzakirə edir. Sovet insanı şəninə yaraşan bir şəkildə, daha qısa vaxtda inqilabi mübarizə yolu keçməli və zəfər qazanmalı...

İsa Hüseynov
İsa Hüseynov

Ədəbiyyatımızın böhran çağında “Yanar ürək” hərarət və cəsarətinə ehtiyac var idi. İsa Hüseynov “Yanar ürək” romanı ilə saxta və lazımsız tabuları qırma cəsarəti sərgilədi: Raykom katibi Sultan Əmirlinin iyrənc obrazını canlandırdı.

Yüksək vəzifəli sovet məmurunun mənfi obrazını yaratmaq ədəbi ictimaiyyətdə şok effekti yaratdı. Yazıçı hadisələrə səthi yanaşmaqda ittiham olundu. “Yanar ürək” romanı illüziyalar diyarının çürüklüyünü göstərdi. Bir tərəfdə məzlum xalqın güzəranı, qarşı tərəfdə isə zalım vəzifə sahibinin özbaşınalığı, despotizmi ədəbiyyatın predmetinə çevrildi. Sultan Əmirli obrazı sovet idarəetmə sisteminin əxlaq və əqidəsini təmsil edirdi. O, vəzifəsindən istifadə edərək hər kəsi sözsüz itaətə məcbur edən məmurların ümumiləşmiş obrazıdır.

“Yanar ürək” romanının ən böyük uğuru həqiqətin mahiyyətinə varmaq idi. “Yanar ürək” sosialist realizmi ilğımlarında can verən ədəbiyyatımıza həyat verdi. Rablenin roman sənətində kəşf etdiyi yumor mühərriki işə düşdü. “Yanar ürək” Sovet dövründə təbliğ edilən işıqlı cəmiyyət və gələcək xülyalarına gülüşdü. Həmçinin bütün zamanların illüziyasına.

İki yüz kilo

Azərbaycan Sovet nəsrində keyfiyyət dəyişiminin lokomotivi sayılan “Yanar ürək” romanına gedən yol “Arx” hekayəsindən başlayır.

“Arx” İsa Hüseynov nəsrində estetik rüşeymdir. 19 yaşlı İsanın ilk qələm təcrübəsidir. “Arx”da müharibə dövründə əri və oğlu cəbhəyə gedən tənha qadın Nərəm-nəhrənin həyatına işıq salınır.

Ağır müharibə şəraitində gözünü əkdiyi qarğıdalılara dikən Nərəm-nəhrənin bostanını sulamağa adam tapılmır:

“Kişili evlərin adamları gecələr pambığın suyundan oğurlayıb qapılarını sulayardılar. Səhərisi kolxoz sədri ilə cuvar qışqır-bağır salanda kişilər topalama qabaqlarına çıxıb ikisinin də səslərini batırırdılar. Nərəm-nəhrə isə elə həmişə yalvardığına görə, yəni gecələr su oğurlamayıb gündüzlər də hərbə-zorba gəlmədiyinə görə, dediyim kimi, qarğıdalısı yanırdı... Yazıq arvad ac qalacaq...”.

Əlacsız qalan Nərəm-nəhrə pambıq sahəsinə axan arxın içində oturub suyun axınını öz qarğıdalı sahəsinə yönəldir. “İki yüz kilo çəkisi” olan Nərəm-nəhrəni arxdan çıxarmağa kolxoz sədri və cuvarın gücü çatmır:

“Sonra baxdım ki, kolxoz sədri boynunu bir yanda büküb durub, cuvar o biri yanda. Tərpədəmmirik, tərpədəmmirik, - deyirdilər... Gün doğanda sudan çıxıb özünü günə verib ki, titrəməsi kəssin. Kəsməyib. Yazıq elə orda, arxın qırağındaca ölüb”.

Nərəm-nəhrəni yerindən tərpədə bilməyən nədir? İki yüz kilo olmasımı? Bəlkə unudulması?

Bircə səhifəlik hekayə müharibənin doğurduğu böyük fəlakətlər miqyasındadır. Nərəm-nəhrə faciəsi kişiliyin, insaniyyət duyğusunun ölümüdür. Mirzə Cəlildən sonra pafosdan uzaq, həyatın müstəqil bədii təhlilini verən mətnə İsa Hüseynovun qələm məşqində rastlaşırıq. “Arx” nəsrimizin mahiyyət axarını yeni ədəbi kəşflərə doğru yönəldir.

Atamı yaxşı tanıyıram

Oçerklərdə dolğun bədii mənalar, məhrəm hisslərin emosional ifadəsi güclüdür. İsa Hüseynovun ilk çap olunan hekayələri Şolloyun (balaca İsanı cəbhədə vəfat edən atası belə çağırırmış həmişə) dilindən nəql olunur.

Şolloy müharibədən xəbərsiz saf və məsum uşaqdır. “Doğma və yad adamlar”ın taleyindən danışır. Bir uşağın balaca və təmiz dünyası sözün rənginə boyanır. Mövzunun miqyası daraldıqca insanın daxili aləminə nüfuz güclənir. İsa Hüseynov “Ömrümdə izlər” essesində yazır:

“Çap olunmağa başladığım ildən bir fakt. Mehdi Hüseyn: “Səni tənbeh eliyəcəm. Oçerkdə niyə öz atandan yazmısan?” Mən: “Çünki atamı yaxşı tanıyıram”. Bu mükalimə isə mənim bütün yaradıcılığım üçün epiqraf ola bilər. İllər keçir, həyat dəyişir, təbii, mən də dəyişirəm; babamın uzaq dağlar qoynunda sahibsiz qəbri, düşmən gülləsindən həlak olmuş əmilərimin, ömrü boyu, öz dediyi kimi, “el üçün çalışıb” bu yolda həlak olmuş atamın və onunla yanaşı yatan əziz, doğma adamların türbələri məndə zamanlar və adamlar haqqında yeni-yeni düşüncələr doğurur.

Mənim tərcümeyi-halım bu düşüncələrdir. Düşüncələrdən kitablar əmələ gəlir; bu günə qədər nə yazmışamsa, hətta tarixi mövzuda təcrübə etdiyim yazılar da öz tərcümeyi halımdan doğulmuşdur. Yazıçı öz ürəyini, öz beynini yazmırsa, səmimi deyil. Səmimi deyilsə yazıçı deyil”.

Ədəbiyyat üfüqlərində doğan günəş

“Saz” hekayəsi yeni estetik ideal axtarışıdır. “Sazı”ın yanıqlı səsi qəflət yuxusunda olan müasir insanı oyadır. Hekayədə sovet məmuru Qılınc Qurbanla İsfəndiyar kişi xarakterləri qarşılaşdırılır. Hər iki obrazın mənəvi-psixoloji vəziyyəti, insanlarla münasibətləri maraq doğurur. Oğlanlarını cəbhəyə yola salan İsfəndiyar kişi nəvələrinə çox bağlıdır. İsfəndiyar kişi gəlinlərinə də sevgi və qayğı göstərir. Gəlinlər də İsfəndiyar kişiyə doğma ata ehtiramı bəsləyirlər. İsfəndiyar kişi kənd əhalisi ilə də səmimidir.

Sovet sədri Qılınc Qurban isə insanlara öz fikirlərini, öz hökmünü yeritməyə çalışır. Qılınc Qurban vəzifə səlahiyyətlərinə arxalanaraq başqlarının həyatına istədiyi kimi müdaxilə edə biləcəyini düşünür. O, İsfəndiyar kişinin evinə gəlib-gedən, feldşer Hacını namussuzluqla ittiham edir. İddia edir ki, Hacının İsfəndiyar kişinin gəlinlərində gözü var.

(Hacı müharibədən əvvəl İsfəndiyar kişinin oğlanları Rəhmanla Bəhmənin ailə qurduğu qızlarla evlənmək istəyir. Əvvəlcə böyük bacı Pəri ilə ailə qurmaq istəyir ki, İsfəndiyar kişinin böyük oğlu Rəhhman onunla evlənir. Daha sonra kiçik bacıya meyil edəndə kiçik bacı Tubunun dəmirçi İsfəndiyarın kiçik oğlu Bəhmənlə “alışıb-verişdiyini” görür)

İsfəndiyar kişi bu rəzil böhtanı ağlına belə gətirmir. Qılınc Qurban Hacıya namussuz damğası vurub onu kəndin “dustaq damı”na həbs edir. Qılınc Qurbanın böyüklük iddiası insanlara narahat, şübhəli baxışlarında mənalanır. İsfəndiyar sakit və təmkinli davranışı ilə böyükdür. Onun insanlarla xoş rəftarı, təvazökarlığı diqqət cəlb edir.

İsfəndiyar kişi el-obanın hər cür qınaq və tənələrini gözə alaraq feldşer Hacını “dustaq damı”ndan xilas edir. O, kənd əhlinin onu başa düşəcəyinə ümid edir. İsa Hüseynov saflıq, dürüstlük hisslərini İsfəndiyar kişidə təcəssüm etdirir. “Saz” povestində insani hiss və münasibətlər, əxlaq və mənəviyyat məsələləri tədqiq edilir.

Hacı günahsızdır. Yaşı qırxı ötən bu tənha insan kəndi ağcaqanadlardan təmizləmək üçün çalışıb-vuruşur. Hətta bunun üçün suya girib-çıxmaqdan ağır “rematizma” xəstəliyinə tutulur. Hacıya əzab verən cismani ağrıları deyil, namussuz kimi tanınmaq qorxusudur. İsfəndiyar kişinin gəlinlərinə də şər atılır: Ömürlərinin gənclik çağını övladlarına həsr edən Pəri və Tubuya.

İsa Hüseynov nəsrimizdə novatorluğu forma axtarışında deyil, məzmun keyfiyyətində edir. “Saz” hekayəsi əlimizdən çıxıb gedən həyatı yaşamağın iki qütbünü kəşf edir:

Despotluq yaşamaqdırmı? Ömrünü başqalarının həyatına müdaxilə ilə keçirən necə yaşaya bilər ki? İsfəndiyar kişi öz həyatını yaşayaraq başqalarını da yaşatmağın gözəl nümunəsidir.

Güc və zorakılıq, yoxsa, sevgi və sərbəstlik? Sevgi və sərbəstlik bir sazın yanıqlı səsi qədər gözəldir. Güc və zorakılıq bir qılınc kimi kəsicidir, həyatları məhv edir. Müharibənin doğurduğu çətinliklər sazın yanıqlı ifasıtək bənzərsizdir.

Hekayədə saz obrazı qabarıq verilməsə də hər bir cümlədə sazın yanğılı səsini eşidirik. Mətnin poetikası kədərli saz havalarının simləri üstə köklənib. “Saz” hekayaəsi ilə ədəbiyyat üfüqlərində günəş doğdu!

Ekologiya

“Teleqram” hekayəsində ekoloji aləmin, ətraf mühitin qorunması mənəvi ekologiyanın təmizliyi ilə əlaqələndirilir. Bakıda yaşayan jurnalist Zəlimxan qardaşı Qaraxandan atasının xəstə olması ilə bağlı teleqram alır. Zəlimxan kəndə gələndə tamam fərqli bir mənzərə ilə qarşılaşır:

Atası Sabit Mayılov xəstə deyil, Zəlimxanı əvvəllər sevib-ayrıldığı raykom katibi Əziz Mayılovun gözünün ağı-qarası bircə qızı Zümrüdlə evlənməyə çağırıblar. Belə bir yalan da uydurulur ki, Zəlimxan Zümrüdlə evlənməsə, Əziz Mayılov altı qız atası Qaraxanı həbs etdirəcək.

Zəlimxan meşəni gəzdikcə çox dəhşətli hadisələrə şahid olur: O, əvvəllər yamyaşıl, sıx ağaclarla örtülü olan meşənin günü-gündən məhv edildiyini görür. Meşəni məhv edən Zəlimxanın doğma ailəsidir. Zəlimxan maddi-mənəvi ekologiyanın harmoniyasını tənzimləməyə çalışır. O düşünür ki, uşaqkən etdiyi faciəvi əmələ (1942-ci ildə Zəlimxanın əlində açılan beşaçılan Qaraxanın 3 yaşlı oğlunu ölümünə səbəb olur) rəğmən sevilib-əzizlənməsi, adına qoç qurbanlar kəsilməsi, ali məktəbdə oxudulması ona görə idi ki, “bugünkü gün yetişdikdə qaqaşın (Zəlimxanın), etirazı, üsyanı yenə qırx ikinci ili xatırlatsın?!”

Zəlimxan Zümrüdə haram pulla qazanılmış zinət əşyalarını çıxarmasını məsləhət görür. Həyatın dəbdəbəsinə, komfortuna alışmış Zümrüd deyir: “Tək mənəm?! Hamı geyinmir?! Səriyyə bacının, Məryəmin geyindikləri bəs hardandır?!”

Halbuki, Zəlimxan Zümrüdün onu anlaycağını fikirləşir. Bütün ailə xitrdəyəcən rüşvətin içindədir. Bir vaxtlar Zəlimxanın təhsil ala bilməsi üçün həmin doğma adamlar yad əməllərə əl atmışdılar...

İsa Hüseynov
İsa Hüseynov

“Teleqram” hekayəsi kəndin dar, lokal məkanından çıxıb dünyanın, insanın qlobal miqyaslı tragediyası olur.

Hekayə dili, üslubu, həyatın mürəkkəbliyinə lakonik bədii həll verməsi baxımından, ədəbiyyatımıza vurulan örnək “teleqram” siqnalıdır.

Əsərin sonunda Zəlimxan ona təhsil verən, əlinə qələm verən əziz, yad adamlar haqqında nə yazacağını düşünməsi, Zümrüdü fikirləşməsi İsa Hüseynovun həyatı tədqiq edə bilmə ehtiras və bacarığından xəbər verir:

“Zəlimxan Zümrüdün yanında özünü günahkar hiss edirdi. Çünki onun Zümrüdünü dəyişdirib əvəzində başqa Zümrüd gətirən səbəbləri vaxtında görə bilməmiş, Zümrüdü vaxtında xilas edə bilməmişdi. İndi isə...

Əfsanədən doğulmuş Dəli pəri əfsanəyə çevrilib Qarasuyun dumanı ilə ilə birgə ələgəlməz, tutulmaz olmuşdu. Zümrüdlə birgə baba da, Qaraxan da, Böyüktalanın sakit-epik həyatı da, hətta təkqol direktorla müəllimlər də əfsanəyə dönmüşdü. Elə isə, bəs Zəlimxanı bu yol ayrıcında dayanmağa məcbur edən nə idi? O, bloknotu çıxarıb dizinin üstündə açmışdı. Amma qələm başlanğıcda ilişib dururdu. Hardan başlasın, necə yazsın, meşənin, təbiətin, insan gözəlliklərinin, doğruluğun, saflığın düşmənləri haqqında necə yazsın, bütün qəzetləri, jurnalları öz patetik nitqləri ilə dolduran ”Qarğıdalı”nın, əziz, can-ciyər “Əziz müəllimlə yoldaşlıq məhkəməsi”nin haqqında necə yazsın ki, dərdinin böyüklüyü, qəzəbinin, kininin dərinliyi bütün aydınlığı ilə görünsün?”

“Teleqram” mənəvi ekologiyası, genetikası pozulmuş cəmiyyətin aynasıdır. Necə də indiki dövrlə səsləşir.

İsa Hüseynov “Quru budaq”, “Tütək səsi”, “Şəppəli”, “Kollu koxa” əsərlərində də mənəvi ekologiyanı zədələyən amilləri, unudulmuş, tərk edilmiş Azərbaycan insanının taleyini işıqlandırır.

Romantikasız yaşamağın lənəti

Nəsrimizin patriarxı “Bir az (da) romantika”dan danışır. Təzəcə tanış olan iki gəncin arasında keçən romantik ünsiyyəti ədəbiyyata gətirir. Murad yenicə tanış olduğu Şərqiyə qarşı qəribə, məhrəm hisslər duyur. Gecənin zülmət qaranlığında dənizin sahili Muradla Şərqinin şirin romantikasına şahid olur. Bu əsərdə qəlibləşmiş sevgi etirafı dəyişdirilir.

Şərqi Murada evlənmək təklif edir. Hekayənin dili şeirsəldir, təsvirlər məhəbbət dolu anların peyzajıdır:

“Uzaqda dənizin sinəsi qabardı. Yaxında axşamdan birinci dəfə ləpələrin şırıltısı ilə birgə Muradın pıçıltısı eşidildi:

-Şərqi, mən çimmək istəyirəm!

-Nə?.. Dəniz soyuqdur. Çimmək olmaz! – deyə Şərqi etiraz etmək istədi. Lakin etiraz əvəzində birdən uşaq kimi sevindi. – Dayan! Məni də gözlə!..

Payızın orta ayında buz kimi soyuq dənizdə iki nəfər çimirdi. Onlar bir-birinin üzünə su çırpır, sonsuz mavi genişlikdə şaqraq qəhqəhə ilə gülüşürdülər. Qoca balıqçı özünü suda təsəvvür etdi, canından üşütmə keçdi.

-Brrr!..”

İsa Hüseynov
İsa Hüseynov

“Bir az romantika” sırf estetik hadisədir. Həyatın bircə anının estetikası, qoca balıqçının üşüyən bədəninin brrrıldaması. Soyuq dənizlə isti gənclik ehtirasının qovuşması. Həyatın mənası da budur: Heç olmasa bir az romantik olun! Ömür gedir e, gedir...

Romantikadan söhbət düşmüşkən “Dəqiqələr və illər”in romantik(asız) anlarını xatırlayıram. Gənclik duyğuları qəlbində yenidən canlanan Heybət düşür yadımıza.

“Dəqiqələr və illər” hekayəsinin qəhrəmanı Heybət hər gün həyətlərinin qarşısından keçən, gözəl, gənc bir qıza özünün də baş açmadığı hisslərlə tamaşa edir. Heybət qızı gənclik illərində sevdiyi Tutuya bənzədir. Heybətin bu qəribə vəziyyətini arvadı Tükəz gizlincə izləyir. Heybət arvadının gənc qızdan xəbərdar olmasını biləndə peşman olur. O, qıza olan məftunluğuna görə özünü danlayır.

Heybət hələ gənclik illərindən mühafizəkar, dar düşüncəli əxlaq normalarının qatı daşıyıcısıdır. Nişanlısı Tutunu bircə dəfə plyajda açıq-saçıq vəziyyətdə görməsi bəs edir ki, onu ən nalayiq sözlərlə təhqir edib ömürlük ayrılsın. Heybətin bu hərəkəti onu özündən də ömür-billah uzaqlaşdırır.

Heybət məsələyə fanatikcə yanaşır və çox sevdiyi, məftun olduğu qadından üz döndərir. O, qırx yaşına gəlib çatanda anlayır ki, ömür karvanı nə qədər mənasız keçib. Ömrünü mənasız və heç kimə lazım olmayan yazılara, əxlaq normalarına həsr etdiyini dərk edir. Hətta arvadı Tükəzə baxanda illər boyu bu qadına verdiyi “yorğunluqdan və laqeydlikdən başqa heç nəyin” sezilmədiyini görür.

O, mənən şikəst insandır. Heybət daxilən, mənən çürüməyinin, ürəksiz yaşamağının faciəsi ilə sarsılır:

“Şap... şap... şap-dəqiqələr laqeyd, əbədi, rəhmsiz qanunla keçib gedir. Şap, şap-Yoxsan!.. Yoxsan, Heybət! Məhdud, sevgisiz, qanadsız, “ət, süd” yazan bədbəxt! Yoxsan! Ölü! Dayanıb ömür karvanın”.

Heybət mənə Bakı bulvarında rastlaşdığım qoca dilənçini xatırladır. Qoca bir dilənçi yaxınlaşıb pul istəyir. Portmanatımı eşələyib, qəpik-quruş axtarıram. Üzümü turşuda-turşuda dilənçinin ovcuna qəpik atıb ordan uzaqlaşıram. Qəfildən ayaq saxlayıb geri dönürəm: Niyə dilənirsən, ay baba? Təqaüd almırsan? Qoca dilənçinin cavabı məni sarsıdır: “Nə bilim a bala, yaşıyırıx ki, sürünürüh. Günüz gəzişirih ki, axşam gedif yıxılıf yatax”.

Hərçənd, qocanın cavabı çox böyük həqiqətləri ifadə edir. Dövrümüzün həyat tablosudur. Yalanların ifşasıdır. Bu məqamda söz və ədəbiyyata da ehtiyac yoxdur.

Nə bilim a bala, yaşıyırıx ki, sürünürüh. Günüz gəzişirih ki, axşam gedif yıxılıf yatax”.

Biz yenə də Heybətin yanına qayıdaq: Heybət və onun kimilər də gündüz gəzişirlər ki, gecə gedib yatsınlar. Dəqiqələr və illər sutək axıb gedir, şap... şap... şap, şup... şup... şup...

Naməlum, vaxtı-vədəsi bilinməyən ömrü baş qatmaq üçün yaşamaq necə də dəhşətlidir, ilahi. Günü günə qurban vermək. Ömrü puç etmək. Maksimalist “dəyərlərlə” çürütmək. Başqalarının həyatını da məhv etmək.

İtmiş torpaq axtarışında

İsa Hüseynov
İsa Hüseynov

“Məhşər” romanı ədəbiyyatımızın zaman, məkan və məna miqyasını genişləndirir. Nəsiminin həyatını qələmə alan yazıçı fərdin, şəxsiyyətin kamilliyi konsepsiyasını irəli sürür. Hürufilik təriqətinin işıqlı, faydalı yönləri və təriqət mənsubları arasındakı naqis cəhətlər qarşılaşdırılır.

Romanda öz bədii həlini tapan vahid həqiqət budur: Bəşəriyyətin qurtuluşu, işıqlı və firavan gələcəyi fərdlərin kamillik zirvəsinə ucalmasından asılıdır.

“Məhşər” tarixi roman kimi də xüsusi ədəbi hadisədir. Tarixin sirli həqiqətləri, dövrün ictimai-siyasi qarşıdurmaları İsa Hüseynovun təfəkkür süzgəcindən uğurla keçirilib müasir oxucuya təqdim olunur. Nəsimi şeiriyyətinin ağır, fəlsəfi poetikası “Məhşər”in dil və üslubunda müşahidə edilir. “Məhşər” ədəbiyyatımızı dünya səviyyəsində təmsil edən ilk romandır.

İsa Hüseynov “İdeal” romanında “Yanar ürək”də işlədiyi mövzunu yeni formatda qələmə alır. “Yanar ürək”də mənfi obraz kimi canlandırılan Sultan Əmirli “İdeal” romanında müsbətdir.

Burada mövzu qəhrəmanın pis və yaxşı olması deyil. Belə bir bölgü ədəbiyyat üçün heç lazım deyil. Əsas məsələ İsa Hüseynovun yaxşını və pisi, gözəli və çirkini estetik ölçüdə işləməsidir.

Sultan olduqca mürəkkəb, ziddiyyətli xarakterdir. O, bir tərəfdən həyatını xalqa həsr edir, bir yandan da xalq düşmənlərinin çirkin əməllərinə göz yummaqla şübhə doğurur.

Üstəlik, öz qardaşı oğlu Səmədin nişanlısı Gülgəzlə ailə qurması Sultan Əmirli haqında səsləndirilən ittihamlara haqq qazandırır. Səməd Əmirlinin idealı olan Sultan Əmirli xalqın gələcəyi üçün ağır sınaqlara məruz qalır. “İdeal” süjet xəttinin qeyri-adiliyi, xalqın tarixi və taleyi ilə bağlı problemlərə toxunması baxımdan bənzərsizdir.

“İdeal” romanını “Terra Nostra” əsəri ilə müqayisə etmək keçir ürəyimdən.

“İdeal” romanını “Terra Nostra” əsəri ilə müqayisə etmək keçir ürəyimdən.

“İdeal” Carlos Fuentesin “Terra Nostra” (Bizim torpaq) romanına bənzəyir.

Carlos Fuentes
Carlos Fuentes

Fuentes “Terra Nostra” romanında Latın Amerikası xalqlarının mədəniyyət və ədəbiyyatına tarix fonunda səyahət edir.

İsa Hüseynov Fuentesdən fərqli olaraq, tarixə ədəbi-estetik müstəvidə müraciət etmir.

“İdeal”da Azərbaycanın tarixi ilə bağlı fikir və mülahizələr əsassızdır, havadan asılı qalır. Bu barədə konkret predmet yoxdur. İsa Hüseynov subyektiv fikirlərini mətnə yükləyir.

“Terra Nostra”da “XV əsrdən gələn azğınlar və keşişlər, XVI əsrdən gələn fatehlər və rəssamlar, XVII əsrdən gələn şairlər və tacirlər, XVIII əsrdən gələn filosoflar və inqilabçılar, XIX əsrdən gələn fahişələr və fürsətbazlar”ın indiki, müasir həyata təcavüzü canlandırılır. Ölən, keçmişə basdırılan tarix, mifik yaddaş sən demə, yaşayırmış ki. Mövcud olan dünya ilə roman dünyası arasında sərhədlər itir. Keçmiş və indiki zaman vahid vaxt qrafikində hərəkət edir.

“Terra Nostra” romanı vahid bir zaman qrafiki müəyyən edir. Keçmiş yenidən təkrarlanır. Bəs indi baş verən hadiəslər hansı dövrə aiddir?

Carlos Fuentes bəşər tarixini romanların dünyasına səyahətlə tədqiq edir. Ən canlı və təsirli ədəbiyyat tarixinə müraciət maraq doğurur. Romanların sirli aləmi müasir həyata köçürülür. Roman sənəti əsrlər və nəsillər arasında əlaqə yaradır.

Fuentes roman daxilində romanlar yazır. Servantesin “Don Kixot”undan, Markesin “Yüz ilin tənhalığı”na kimi bir çox romanın qəhrəmanları tarixin müəyyən dövrlərində “Terra Nostra”da yaşayırlar. Fuentes fərqli roman qəhrəmanlarından fərqli zamanlara gəzinti üçün istifadə edir.

“Terra Nostra” Polo Febonun yuxusu ilə başlayır. Roman qəhrəmanı Polo yuxusunda ölüb torpağa qarışdığını görür. Fuentes insanın torpaqdan yaradılmasına işarə edir. Polo Febo doxsan yaşlı madam Zaharianın doğumuna kömək edir. Doxsan yaşında bir qadının uşaq doğması mümkün deyil. Fuentes İsa peyğəmbərin doğumunu simvollaşdırır.

Carlos Fuentes
Carlos Fuentes

Romanın proloqunda qoca qarının belində qırmızı xaçı olan uşaq doğması xristian mədəniyyətinin başlanğıc nöqtəsi ilə səsləşir. Məryəmin İsanı doğması da mistik bir hadisədir. Madam Zaharianın doğumu kimi.

Fuentes romanı cinsi əlaqə səhnəsi ilə bitirir. Buterbrod kastyumu geyinib Paris küçələrində gəzişən Polo Febo küçə rəssamı Celestinanı arzulayır. Bu arzunun nəticəsi cinsi əlaqə ən incə detallarınacan təsvir olunur.

“Terra Nostra”nın erotik finalı estetik ehtiyacdır. İnsanın digər yarısını arzulaması kimi. Qadın bədəni Adəmin qabırğasından yaradılıbsa, ona hər zaman ehtiyacımız var. Qadının da kişiyə olan tələbatı eyni səviyyədədir. İkisi də bir-birinin paltarı kimidir. Bir-birlərinə ehtiyacları var.

Fuentes möhtəşəm sonluqla tarix boyu təkrarlanan uğursuz arxetiplərə üsyan edir. Heç olmasa ehtiras və sevgidən yaranan yataq macərasında insanın azad və sərbəst olmasını arzulayır. Heç olmasa yatağımıza heç kim müdaxilə etməsin. Heç olmasa burda həyatı dada-dada yaşayaq. Onsuz da sonumuz yenə torpağa qarışmaq deyilmi? O zaman gücünüz çatanacan sevişin, taqətdən düşəndə isə başqa şeylər barədə düşünərsiz.

İnsanın iki böyük ehtiyacı ədəbiyyat və əbədiyyyətin dəyişməz mövzusudur: Yemək və seks. Buna bir balaca düzəliş edib sevgini də əlavə etsək. Yemək və seks insanın cismini, sevgi ruhunu doyuzdurur. Fuentesin möhtəşəm ədəbi finalı ehtiyaclarımızın əbədi kitabəsidir:

“... sevişmək istəyirsən, uzun, təzə, çevik ilan kimi qıvraq... dodaqlarını açıb həzzlə gözləyən... özünlə sevişirsən, özümlə sevişirəm... bir oğlumuz olacaq, sonra da bir qızımız, onlar sevişəcəklər... onların da oğulları və qızları olacaq, o oğulların və qızların da oğulları və qızları olacaq, o nəvələrin də nəvələri olacaq, sümüklərimdən sümük, ətimdən ət, iki ət bir ət olacaq və zövqlə uşaqlar doğacaqsan, torpaq sənin üçün müqəddəsləşəcək, tikanlar və meyvələr sənin üçün çoxalacaqlar və bir gün yenidən torpağa yıxılmazdan əvvəl üzündə təbəssüm çörək kəsəcəksən, çünki sən ondan yarandın, çünki sən tozdan gəldin və yenidən toza dönəcəksən, günahlardan azad və həzz alaraq...”

Carlos Fuentes itmiş torpaq axtarışındadır. Fərdin torpaq axtarışı torpaqdan yaradılan sivilzasiyanın davamıdır. “Terra Nostra”da yaşayan digər roman qəhrəmanları itən nəsillərin arxetipidir. Fuentes Latın Amerikası xalqlarının kökünü, mədəniyyətini roman sənətinin tarixində axtarır. Cəmiyyət fərdi, fərddə yataq macərasından üzü bu yana dəyişən zivilzasiyanı tapır.

“Terra Nostra”da dəyişməyən bir həqiqət var: Sevgi və ölüm. Sevişmək, törəmək və torpağa qarışmaq. Bu həqiqət həyatın da kədərli və cazibədar görkəmidir.

İsa Hüseynov “İdeal” romanında Azərbaycanın mədəniyyət, tarix və genetika məkanını - torpağını axtarır. Bu axtarış tarix kitablarında olduğu kimi mücərrəd sonluqla bitir.

Tarixçi Ziya Bünyadovun elmi axtarışları nəticəsiz qaldığı kimi, İsa Hüseynovun bədii tədqiqatı da konkretləşmir. Ancaq ciddi maraq doğurur. İtmiş torpaq, soy-kök axtarışna bədii-estetik cəhd kimi yadda qalır.

İsa Hüseynov “İdeal”da modernist roman texnikası işlədir. Paralel zamanlar, hadisələrin geriyə və irəliyə sıçrayışı modernist və postmodernist elementlər dövr üçün yenidir.

Mövlud Süleymanlının “Köç” romanında daha əyani ifadə olunan etnoqrafik yaddaşa “İdeal”da ötəri nəzər salınır.

“İdeal” romanının müasir estetik aurası və maraqlı üslubu var. “İdeal” Yusif Səmədoğlunun “Qətl günü” romanı ilə eyni estetik mündəricəni bölüşür. Hər iki roman ədəbiyyatımızı roman sənətinin “kəşflər həlqəsinə” daxil edir. “Qətl günü” Azərbaycanın bütün dövrlərinə güzgüdür. Ziyalı və xalqın taleyi Yusif Səmədoğlunu narahat edir. Ziyalı və şəxsi mənafe anlayışı bir-birinə zidd olsa da... “Qətl günü”ndə hər kəs öz şəxsi qazancını seçir.

Ağaməhəmməd Şah Qacardan Vaqifin başını istəyən şairlərin nəvələri otuzuncu illər represiyasında danosbazlıq etmədilərmi? Vaqifin edamını gözüyaşlı izləyən qızlarlarla Qarabağda əsir düşənlər arasında nə fərq var ki? Birincilər İran sərbazlarının, ikincilər ermənilərin... Sadəcə zaman və məkanlar dəyişir. Düşüncələr və əqidələr dəyişmir. Dəyişən tarixin daha şiddətli təkrarıdır.

“Ziyasız ziyalılar” şəxsi mənafeyi seçirlər. “Qətl günü” “həqiqətin təntənəli” ifadəsidir. Siçovullaşan mənəviyyatın ədəbi portretidir. “İdeal” ziyalı və onun çarəsiz, ekzistensial vəziyyətini göstərir. İsa Hüseynov “İdeal” romanında ifrat ideal axtarışında olsa da, sənət tarixindən kənarda qalmır. “İdeal” romanı tapa bilmədyimiz idealı, həqiqəti ən azından sözdə, sənətdə axtarır. Ən azından, sözün poetik gücündə tapır.

İsa Hüseynov
İsa Hüseynov

İsa Hüseynov Rable, Servantes, Hüqo, Balzak, Tolstoy, Kundera, Yosa(M.V.Llosa), Markes, Fuentes və başqalarının olduğu böyük sənət tarixində layiqli yerini alır.

Bu məqamda özümüzü balaca görmək olmaz. İsa Hüseynov ən azından estetik miqyasda Avropa və Latın Amerikası romançılarından geri qalmır. Yazdığı hekayələr (povest demək istəmirəm) roman səviyyəsində dəyərlər ifadə edir.

“Dəhşətli div əsrində (XX) doğulan çökük sinəli, ağsümük üzlü, gecə gözlü əzabkeş” qələmində söz metafizik qatdadır. Söz tarixin qədim yaddaşından, Füzulinin poetik dühasından süzülüb Muğanna mərtəbəsinə ucalır.

Müasir Azərbaycan nəsri İsa Hüseynov qələmində formalaşır. Muğannanın ölməz əsərləri “müharibə, aclıq, səfillik və sair bəlalar, yer üzündə nə dərd – azar varsa hamısının” metaforudur.

XXI əsrin tiranları da yenilənən Muğanna qələminə tuş gəlirlər...

Ancaq mən Şərqi və Muradın romantikasını yaşayan, təkrar edən arxetip arzulayıram. Qoy İsa Hüseynovun ədəbi proqnozu yanılsın.

Təki tiranlıq olmasın. Bir az romantika olsun. Bir az dəniz. Bir-iki qağayı. Bir də dürüstlük. Qalanı düzələn şeydi. Əllə toxunulan və hiss edilən romantika hər şeyə dəyər. Bir dəniz suyu kimi şıltaq və azad!

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG