Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:46

Xəzərin «hasar»ları


Nazirlər Kabinetinin iclası.
Nazirlər Kabinetinin iclası.

-

Hökumətin antiböhran tədbirləri, «Cənub Qaz Dəhlizi» ilə bağlı toplantı və sosial problemlər medianın aparıcı mövzusudur.

ANTİBÖHRAN TƏDBİRLƏRİ MÜHÜM NƏTİCƏLƏR VERİR

«Fəal antiböhran tədbirləri mühüm nəticələr verir». «Azərbaycan» qəzeti öz səhifəsində belə bir başlıqlı məqalə dərc edib. Məqalə ölkənin neftdən asılılığına son qoymaq üçün hökumətin apardığı siyasətə həsr edilib.

Qəzet dövlət başçısı İlham Əliyevdən sitat gətirir: «Qarşıya vəzifə qoyulub ki, biz bir neçə ildən sonra neft amilindən asılılığı tamamilə aradan qaldıraq. Əminəm ki, buna nail olacağıq».

Məqalədə neftin qiymətinin enməsinin ölkədə problemlər yaratmasına baxmayaraq, real büdcə öhdəliklərinin tam yerinə yetirildiyi qeyd olunur: «Bu da ölkədə iqtisadi sahədə həyata keçirilən siyasətin kifayət qədər praqmatik olduğunu və reallıqlara əsaslandığını göstərir».

MAAŞI KƏSMƏKLƏ YENİ İŞ YERLƏRİ AÇILIR

«Azadlıq» qəzeti isə ikinci devalvasiyadan sonra hökumətin yaratdığı «yeni iş yerləri» siyasətini tənqid edir. Bu mövzuda dərc edilən məqalədə qeyd edilir ki, devalvasiya kütləvi ixtisarlarla müşayiət edildi. Hökumət isə yeni iş yerləri yaradacağı sözünü verdi.

Gəncədə əmək yarmarkası
Gəncədə əmək yarmarkası

Qəzet «Azərenerji»də baş verənləri gündəmə gətirir.

Məqalədə qeyd edilir ki, işdən azad edilən energetiklər üçün tikinti və abadlaşdırma sahəsi yaradılıb: «Beləliklə aydın olur ki, işçilərin maaşlarını kəsməklə yeni işə götürülənlər əməkhaqqı ilə təmin ediləcək. «Azərenerji»nin rəhbər şəxslərinin maaşları isə yenə əvvəlki həddə veriləcək».

RUSİYANI «OFSAYT»DA QOYAN LAYİHƏ

«Yeni Müsavat» qəzeti bu gün Bakıda «Cənub Qaz Dəhlizi» (CQD) Məşvərət Şurasının toplantısını gündəmə gətirir. Qəzet bu toplantını «böyük güclərin həlledici sammiti» adlandırır. Bu mövzuya həsr edilən məqalədə baş verənlər «dəyişən şərtlərin qaz intriqalarını yeni dönəmə daşıması» kimi dəyərləndirilir: «Azərbaycan-Qərb enerji əməkdaşlığı yüksək mərhələyə keçir, TANAP-ın ardınca TAP-ın da inşası başlanır. İranın da qoşula biləcəyi enerji layihəsi Rusiyanın «ofsayt» statusunu möhkəmləndirəcək».

Məqalədə iddia olunur ki, son iki gündə Rusiya prezidenti Putin-in Bakıya iki dəfə telefon açması da bu ölkənin bu layihələrdən kənarda qalması ilə bağlıdır: «3500 km uzunluğa malik qaz dəhlizi Avropa və Türkiyəni daha çox Rusiyanın qaz asılılığından xilas etmək məqsədi güdür».

Nardaran
Nardaran

XƏZƏRİN ÇOX CİDDİ «HASAR DƏRDİ» VAR

«Adı xalqın, dadı isə məmurların olan Xəzər: Azərbaycanın bu təbii sərvəti hasarlardan xilas ediləcəkmi?».

Müəllif İlkin Murad isə bu sualı musavat.com saytının oxucularına verib. Məqalədə dəniz sahillərinin hasarlanmasından bəhs edilir:

«Xəzərin insan əli çata biləcək hər yerini ya hasarlayıblar, ya da istirahət mərkəzlərinə çeviriblər. Mərdəkanı, Şüvəlanı, Nabranı, Buzovnanı, Pirşağını… İnsan əli çata biləcək hər yeri... Xəzərin çox ciddi «hasar dərdi» var. Bu dərd, bu problem bir neçə dəfə Milli Məclisin də müzakirəsinə çıxarılıb. Amma nəticə yoxdur».

Müəllif dəniz sahillərinin «hasarlardan azad edilməsi» ilə bağlı qərar və sərəncamların kağız parçasına çevrildiyini bildirir. O, bu hasarlanma ilə ölkədə məmurla sıravi vətəndaşın fərqli həyat tərzinin paralellərini aparır: «Məmur o həyatı xalqın görməsini istəmir. Amma vətəndaş istəyir ki, məmurlar onların həyatını görsün, amma görmürlər. Çünki onlar əsasən bir neçə saat kabinetdə, daha sonra isə hündür hasarlar arxasında yaşayırlar».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG