-
Fevralın 29-da Bakıda «Cənub Qaz Dəhlizi» Məşvərət Şurasının ikinci iclası keçiriləcək.
İclasda «Cənub Qaz Dəhlizi»nin iştirakçısı olan ölkələrin energetika nazirləri və müxtəlif qurumları təmsilçiləri iştirak edəcək.
Artıq dünəndən onların bəziləri rəsmi görüşlərə başlayıblar. Bazar günü prezident İlham Əliyev İtaliya Nazirlər Şurasının dövlət katibi Claudio De Vincenti-nin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Nümayəndə heyəti «Cənub Qaz Dəhlizi» Məşvərət Şurasının ikinci iclasında iştirak etmək üçün Azərbaycana gəlib.
İ.Əliyev nümayəndə heyətinin tədbirdə iştirakının önəmini qeyd edib.
K.Vincenti isə «Cənub Qaz Dəhlizi» layihəsinin həm İtaliya, həm də Avropa Birliyi üçün strateji əhəmiyyətindən danışıb. O, ölkəsinin bu layihəyə, xüsusilə Trans-Adriatik boru kəmərinin çəkilişinə böyük dəstək verdiyini qeyd edib.
«Cənub Qaz Dəhlizi» «Şahdəniz» Mərhələ 2 çərçivəsində hasil edilən qazın 3500 kilometr məsafə qət edərək Xəzər dənizindən Avropaya nəqlini nəzərdə tutur.
Bu layihədə əsasən Azərbaycan, Türkiyə, Gürcüstan, Yunanıstan, Albaniya, İtaliya və Bolqarıstan iştirak edir.