Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:03

Xaricə istirahətə gedən azərbaycanlıların sayı azalır


Xocalını anım.
Xocalını anım.

-

Xocalı faciəsi ölkə mediasının aparıcı mövzusudur. Bununla belə müstəqil media sosial məsələləri və regional münasibətləri də gündəmdə saxlayır.

AMANSIZ CİNAYƏT

«Bəşəriyyətə qarşı yönəlmiş amansız cinayət». Bu, «Azərbaycan» qəzetində Xocalı faciəsinin 24-ci il dönəminə həsr edilən məqalənin başlığıdır.

Məqalədə oxuyuruq: «1988-ci ilin yanvarından etibarən erməni millətçiləri «Türksüz Ermənistan» siyasətini planlı şəkildə həyata keçirməyə başlamışdılar. Ermənistan hökuməti, «Qarabağ» və «Krunk» komitələrinin, Eçmiədzin kilsəsinin nümayəndələri SSRİ rəhbərliyinin himayəsi ilə azərbaycanlıların qovulması prosesində minlərlə qanlı aksiyalar törətdilər».

Məqalədə qeyd edilir ki, 1992-ci ilin fevralında törədilən bu faciə Azərbaycanın Dağlıq Qarabağ bölgəsini zəbt etmək məqsədilə Ermənistanın apardığı işğalçılıq müharibəsinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı törədilən ən böyük qəddarlıqdır:

«Ermənilərin Xocalı şəhərini hədəfə almaqda məqsədləri bir tərəfdən Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət strateji əhəmiyyətli maneəni aradan qaldırmaq idi. Başqa tərəfdən isə Xocalı şəhərini yer üzündən birdəfəlik silmək istəyirdilər».

Xocalı faciəsi zamanı 613 insan qətlə yetirilib. Minə yaxın insan əlil olub. Həmin hadisələr vaxtı rayonun 1275 nəfər sakini girov götürülüb. Onlardan 150 nəfərin taleyi hələ də bəlli deyil.

«ZƏRGƏR DƏQİQLİYİ» İLƏ KORRUPSİYA

«Bizim Yol» qəzetində isə «Meliorasiya və Su Təsərrüfatı» ASC-də 164 milyon manat dövlət vəsaitinin talandığı yazılır .

Məqalədə qeyd edilir ki, bu qurum dövlət vəsaitlərini hər il eyni şirkətlərə «zərgər dəqiqliyi» ilə ötürür.

«Bizim Yol»da yazılanlara görə, ASC-nin 23 qolundan biri ildə 33 milyon manatlıq avtomobil, inventar və maşın-mexanizm alır. «Bütün mənimsəmələr tender adı altında edilir və 6 rəqəmli məbləğləri əhatə edir»,-deyə məqalədə qeyd edilir.

Turistlər
Turistlər

XOŞ GƏLDİN, XOŞ MƏQAMDA OLUR

«Azərbaycan vətəndaşlarının xaricə ən çox turist səfərləri böyük neft pullarının ölkəyə gəldiyi dövrə təsadüf edir».

Bu fikir isə «Exo» qəzetindən götürülüb.

Məqalədə ekspertlərin fikirlərinə də yer verilib. İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov deyir ki, 2007-2014-cü illər ölkə vətəndaşlarının ən çox xaricə istirahətə getdikləri dövrdür:

«2007-ci ildə bu rəqəm 1 milyon 631 min nəfər təşkil etmişdi. 2014-cü ildə isə bu, zirvə həddinə çatdı- 4 milyon 282 min nəfərə. 2015-ci ildən isə xaricə istirahətə gedənlərin sayı 10 faizə qədər azalıb. 2015-ci ildə istirahətə gedənlərin sayı 3 milyon 700 min nəfər olub. Azalma 2016-cı ildə də davam edəcək. Səfərlərdə vətəndaşların məsrəfləri hər il 1.5 milyard dollar təşkil edib».

İqtisadçının deməsinə görə, xərclər, aviabiletlərin alınmasına, otellərdə yerlərin saxlanmasına, qidalanmaya və ucuz alverə sərf edilib.

Azərbaycanın Dayanıqlı İnkişafını Tədqiq Mərkəzinin rəhbəri Nəriman Ağayev də xaricə turist səfərinə gedənlərin xərclərinə diqqət çəkir:

«Adətən bu məsrəflər adambaşı 2000-3000 manat təşkil edir. 2008-ci ildən iqtisadi böhran səbəbi ilə xaricə gedənlərin sayı əhəmiyyətli dərəcədə azaldı. Yalnız 2010-cu ildən vəziyyət dəyişməyə başladı. Turist səfərləri zamanı bizim vətəndaşlar demək olar ki, bütün pullarını alış-verişə sərf edirlər».

RUSİYANIN ERMƏNİSTANA SİLAH SATMASI...

«Novoye Vremya» qəzeti isə Rusiyanın Ermənistana silah satmaq üçün kredit verməsindən sonrakı vəziyyəti təhlil edir.

Qəzet Azərbaycanın Rusiyaya nota verməsini cavablandıran bu ölkənin XİN rəsmisi Maria Zakharova-nın fikirlərini təqdim edir:

Maria Zakharova
Maria Zakharova

«Ermənistan Rusiyanın müttəfiqidir. Bu ölkə ilə hərbi-texniki sahədə bizim əməkdaşlığımız şəffaf və açıqdır. Hesab edirik ki, Rusiya Azərbaycana və Ermənistana silah və texnika satmaqla regionda güc balansını nəzərdə tutur».

Məqalədə qeyd edilir ki, M.Zakharova bu məsələ ilə bağlı Azərbaycanın nota verməsini Rusiya və Ermənistanın daxili işlərinə qarışmaq kimi qiymətləndirmir. Məqalədə yenə M.Zakharova-dan sitat gətirilir:

«Deməzdim ki, bu ölkənin daxili işlərinə qarışmaqdır. Hər bir dövlət qonşu dövlətlərin atdıqları addımla maraqlanmaq hüququna malikdir. Bizim Ermənistanla hərbi texniki sahədə əməkdaşlığımız şəffaf və açıqdır. Biz bu haqda Azərbaycan tərəfini diplomatik kanallar vasitəsilə məlumatlandırırıq».

ŞOK MÜZAKİRƏLƏR…

«Yeni Müsavat» qəzetində isə yazırlar ki, «Vaşinqtonda iqtidarla şok müzakirələr gedir».

Qəzet belə bir iddianı verərkən Qərbdəki diplomatik mənbələrə istinad etdiyini bildirir. Məqalədə qeyd edilir ki, Azərbaycan hakimiyyəti bu danışıqlarla təzyiqlərdən yayınmağa çalışır: «Vaşinqton isə həbsdə olan siyasi məhbusların azad olunmasını, Milli Demokratiya və ABŞ Respublikaçılar institutlarının Bakıda fəaliyyətinin bərpa edilməsini istəyir».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG